Unudulmaz pedaqoq, nəcib insan
Yaşadığımız
həyat özünün ziddiyətli,
ağrılı-acılı günləri ilə
yanaşı, hər birimizin yaddaşında həkk olunan
hadisələri, sevincli anları ilə də əzizdir. Həyat
bizə həm də ona görə əzizdir ki, onun bir-birinə
oxşamayan maraqlı və qeyri-adi istedada malik insanları
var. Xoşbəxtlikdən biz qələm sahiblərini digər
peşə sahiblərindən fərqləndirən
başlıca cəhət də belə insanları həyatda
ictimaiyyətə tanıtmağımızdır. O kəslər
xoşbəxtdirlər ki, sözün həqiqi mənasında,
özündən sonra yaxşı ad, iz qoyub bu dünyadan
gedirlər. Haqqında söhbət
açdığımız Ediliya xanım Cəbrayılzadə
kimi.
O, 1938-ci ildə
Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1961-ci ildə
Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini
bitirdikdən sonra Layihə İnstitutunda, 1963-cü ildə isə
Bakı Politexnik Texnikumunda çalışmışdır.
Ediliya Cəbrayılzadə
1964-cü ildə aspiranturaya daxil olmuş və 1968-ci ildə
namizədlik dissertasiyasını uğurla müdafiə edərək
texnika elmləri namizədi alimlik dərəcəsi
almışdır. Onun tədqiqatlarının nəticəsi
olaraq Gəncə alüminium zavodu tullantılarının ilk
dəfə tikintidə istifadəsinin tətbiqi həyata
keçirilmişdir. 1975-ci ildə indiki Azərbaycan
Memarlıq və İnşaat Universiteti müstəqil ali məktəb
kimi fəaliyyətə başlayanda Ediliya xanım fəaliyyətini
burada — İnşaat materialları kafedrasında davam
etdirmişdir. Onun "İnşaat materialları və məmulatları"
fənnindən oxuduğu mühazirələri tələbələr
həmişə maraqla dinləyər, laboratoriya məşğələlərinə
həvəslə gələrdilər. O, tələbə və
magistrlərin elmi-praktik
konfranslarında, universitet Elmi Şurasının
iclaslarında və digər kütləvi tədbirlərdə
həmişə aktual mövzularda çıxış edib.
Ediliya Cəbrayılzadə
40-a yaxın elmi əsərin, 1 dərs vəsaitinin və
müəlliflik şəhadətnaməsinin müəllifidir.
O, 35 il
çalışdığı Azərbaycan Memarlıq və
İnşaat Universitetinin təlim-tərbiyə sahəsi ilə
yanaşı, Qadınlar Şurasının, sonralar isə YAP
qadınlar təşkilatının sədri kimi onun ictimai həyatında
da fəal rol oynamışdır. Respublikamız müstəqillik
qazandıqdan sonra Ediliya xanım Azərbaycan qadınlarının
I, II və III qurultaylarının nümayəndəsi, habelə
qadın problemləri ilə bağlı bir çox
yığıncaq və tədbirlərin
iştirakçısı olmuşdur.
Ediliya xanım
ömrünün 40 ilini, demək olar ki, respublikamızda
qadın problemlərinin həllinə həsretmiş ziyalı
qadındır. O, respublikamızın qadınlardan ibarət
olan işçi qrupunun tərkibində ali və orta ixtisas məktəblərində
təhsil alan tələbə qızların problemləri ilə
yaxından tanış olar, onlara öz kömək əlini
uzadardı.
Ediliya xanım öz fəaliyyətində
qonşu ölkələrin qadın cəmiyyətləri ilə
də sıx əlaqə yaratmağa səy göstərərdi:
Bunu universitetimizin Qadınlar Şurası ilə
Gürcüstan Texniki Universitetinin Qadınlar Şurası
arasında yaranmış dostluq əlaqələri
timsalında da aydın görə bilərdik. Bu gün ali təhsil
müəssisələrində fəaliyyət göstərən
qadın şuraları arasında bəlkə də yeganə
bizim universitetin Qadınlar Şurasıdır ki, ən fəal
iş aparır. Mərhum yazıçımız Əzizə
Cəfərzadə hələ öz sağlığında
demişdir ki, MDB ölkələri arasında ən fəal
iş aparan qadın cəmiyyətləri Azərbaycandadır.
Burada isə ən nümunəvi qadınlar təşkilatı
Azərbaycan Memarlıq və İnşaat Universitetindədir.
Şübhəsiz ki, bu da təşkilata rəhbərlik edən
Ediliya xanımın yorulmaz əməyi və fəaliyyətinin
nəticəsi idi.
Yeri gəlmişkən
onu da xatırladaq ki, 1986-cı ildə universitetin tələbə
qızlardan təşkil edilmiş "Sevinc" rəqs qrupu
da Ediliya xanım Cəbrayılzadənin təşəbbüsü
ilə yaradılmışdır. Hazırda bu qrupun adı
"Buta"dır.
Ediliya xanımın əməyi
hökumətimiz tərəfindən də layiqincə qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2006-cı il
tarixli Sərəncamına əsasən o, "Tərəqqi"
medalı ilə təltif olunmuşdur.
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində xatirəsi ehtiramla anılan İnşaat materialları kafedrasının dosenti, universitet Qadınlar Şurasının sədri, gözəl insan Ediliya xanım Cəbrayılzadə cismən aramızda olmasa da, ruhən bizimlədir.
Akif HACIYEV
Respublika.- 2010.- 9 sentyabr.- S. 4.