Milli bayrağımız bütün azərbaycanlıların
qürur mənbəyidir
Dövlətimizin
başçısı cənab İlham Əliyev milli-mənəvi
dəyərlərimizə, mədəniyyətimizə,
dövlət atributlarına daima xüsusi diqqət və
qayğı göstərir. Gündən-günə
inkişaf edən, gözəlləşən
paytaxtımız Bakı şəhərinin ən görkəmli
yerində, böyük bir ərazidə Dövlət
Bayrağı Meydanının açılışı bunu
bir daha əyani şəkildə təsdiq etmişdir. Bununla
bağlı Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də
Bakıda Dövlət Bayrağı Meydanının
yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə
Dövlət Bayrağı Gününün təsis edilməsi
haqqında sərəncamlar imzalamışdır. Eyni zamanda,
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində,
Hərbi Dəniz Qüvvələrinin bazası
yaxınlığında dövlət
başçısının iştirakı ilə Dövlət
Bayrağı meydanının təməli qoyulmuşdur.
Bayraq qülləsinin layihəsini Amerika Birləşmiş
Ştatlarının "Trident Support" şirkəti
hazırlayıb. Azərbaycanın "Azenko" şirkəti
isə layihənin icrasını həyata keçirib. Qısa
zaman kəsiyində müasir standartlar səviyyəsində
inşa olunən qüllənin açılış mərasimi
sentyabrın 1-də olmuşdur. Mərasimdə iştirak edən
Prezident İlham Əliyev Dövlət Bayrağı
Meydanının əhəmiyyətindən danışıb.
Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə yüksək
imicə malik ölkəyə çevrildiyini, dövlətin
yürütdüyü siyasətin əsas məqsədinin
respublikamızın daha da güclənməsinə
xalqımızın firavan həyat sürməsinə yönəldiyini
vurğulayıb.
"Bayraq Meydanı
Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın
bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin
mərkəzi olan Bakı şəhərində belə
möhtəşəm meydanın yaradılması doğrudan
da böyük hadisədir" -deyən Prezident İlham Əliyev
bir daha bəyan edib ki, bizim bayrağımız qurur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır, ürəyimizdir!
Həqiqətən də
bayrağımız tariximizin şanlı səhifəsidir. Ona
görə ki, milli həmrəyliyin yaradılması və
qorunmasında, ölkəmizin beynəlxalq müstəvidə
tanınmasında milli bayrağımız mühüm əhəmiyyət
kəsb edir.
Bu baxımdan Dövlət
Bayrağı Meydanının qurulması tarixi hadisədir.
162 metr hündürlüyündə olan qüllə öz əzəməti
və möhtəşəmliyi ilə hər kəsi heyran
qoyur, və dünyanın ən yüksək bayraq qülləsi
kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Ginnes dünya
rekkordlar təşkilatı Azərbaycan Dövlət
Bayrağı qülləsinin dünyada ən hündür
bayraq qülləsi olduğunu təsdiq etmişdir. Eyni zamanda,
Bayraq Meydanında qurulmuş Azərbaycan Respublikasının
gerbi, dövlət himninin mətni, qızıl suyuna
salınaraq bürüncdən hazırlanmış ölkəmizin
xəritəsi meydana xüsusi gözəllik,
füsunkarlıq verir.
Dövlət
Bayrağı Meydanının açılışı
dünya dövlətlərində yaşayan həmyerlilərimiz
tərəfindən hədsiz sevinc və qürur hissi ilə
qarşılanıb. ABŞ-da yaşayan həmyerlilərimiz
Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət
Mərkəzinə toplaşaraq, bu tarixi hadisəni mavi ekran
qarşısında izləmişlər. Fərəhli
haldır ki, dünyanın bir çox aparıcı və
nüfuzlu telekanallar ölkəmizdə həyata keçirilən
islahatları, yenidənqurma işlərini, sosial-iqtisadi
inkişaf strategiyasını yüksək qiymətləndirirlər.
BBC telekanalı da
ölkəmizdəki dinamik inkişafı yüksək qiymətləndirərək,
Dövlət Bayrağı Meydanının
açılışı haqqında süjet
hazırlamışdır. Böyük Britaniyanın BBC
telekanalının hazırladığı bu süjetdə
dünyanın ən hündür bayraq qülləsinin məhz
Azərbaycanda ucaldıldığı önə çəkilir,
eyni zamanda bildirilir ki, Bakıda tikilən bayraq qülləsi
Misirdəki Xeops piramidası və Londondakı "Londonun
gözü" adlı mənzərə çarxından
hündurdur. Süjetdə 2,5 min kvadratmetr ərazini əhatə
edən qüllənin Ginnesin
rekordlar kitabına düşdüyü barədə də məlumət
verilib.
Dünyanın maraq dairəsinə
çevrilən bu tarixi hadisə onu göstərir ki, daima
yüksək zirvələrdə dalğalanan üçrəngli
bayrağımız gün gələcək ki, işğal
altında qalan torpaqlarımızda əzəmətlə
dalğalanacaqdır.
Prezident İlham Əliyevin
vurğuladığı kimi, "Azərbaycan ərazi
bütövlüyünü bərpa edəndən sonra milli
dövlət bayrağımız bu gün hələ də
işğal altında olan torpaqlarda qaldırılacaqdır.
Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada dalğalanacaqdır. O günü biz hər an
öz işimizlə yaxınlaşdırmalıyıq.
Eşq olsun Azərbaycan bayrağına!
Yaşasın Azərbaycan!
Tural ASİFOĞLU
Respublika.- 2010.- 14 sentyabr.- S. 3.