Davamlı tərəqqi göz önündədir

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında aparılan müzakirələr ölkənin son illər ərzində çox sürətlə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirmişdir.

Ümumilikdə respublikaya xas olan inkişafın templərini Neftçala rayonunun timsalında da aydın görmək olar. Rayonun sakinləri quruculuq işlərində əllərindən gələni əsirgəmir, yaşayış məntəqələrinin iqtisadi və sosial tərəqqisində var qüvvələrini sərf edirlər. Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov iqtisadi və sosial quruculuq sahəsində həyata keçirilən tədbirlər həqqında geniş məlumat verərək söylədi ki, Nazirlər Kabinetinin iclasının materialları rayonda canlı və işgüzar şəraitdə müzakirə olunmuşdur. Görülən tədbirlərə və onların nəticələrinə bir daha qiymət verilmiş, gələcək vəzifələr müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasəti ləyaqətlə yerinə yetirən Neftçala sakinləri dövlətimizin rayonun inkişafına, neftçalalıların həyat və məişətinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirirlər. Vətəndaşlar hər bir sahədə ölkə başçısı cənab ilham Əliyevin təşəbbüsləri ilə sosial-iqtisadi inkişaf planlarının necə ardıcıllıqla həyata keçirildiyini görür və alqışlayırlar.

Rayon rəhbəri gostərdi ki, həmişə olduğu kimi, bu il də Neftçala rayonunun sosial-iqtisadi və mədəni həyatında uğurlu nəticələr əldə olunmuş, əhalinin rifahının yüksəldilməsi sahəsində səmərəli tədbirlər həyata keçirilmişdir. "2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində bütün sahələrdə inkişaf tempi bu il daha yüksək olmuş, əldə olunan istehsal göstəriciləri və gəlirlər əvvəlki ildəki səviyyəni xeyli ötüb keçmişdir. Cari ilin ötən dövründə əsas makroiqtisadi göstərici olan ümumi məhsul istehsalının həcmi çoxalmışdır. Müxtəlif xidmətlərin göstərilməsində, tikinti-quraşdırma işlərində də artım müşahidə olunmuşdur ki, bunlar rayon əməkçilərinin yüksək əmək fəallığına; ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün səylərini artırdıqlarına dəlalət edir.

Aqrar sahədə çalışanlar arasında böyük ruh yüksəkliyi hökm sürür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında fermerlərə güzəştli şərtlərlə mineral gübrələr, buğda toxumu satılmış, pul yardımı göstərilmişdir. Bu tədbirlərin faydası böyük olmuşdur. 2010-cu ilin məhsulu üçün taxıl əkinləri sahəsi xeyli artırılaraq təqribən 40 min hektara çatdırılmışdır. Məhsul yığımı qısa müddətdə başa çatdırılmış, 100 min tondan çox məhsul istehsal edilmişdir. Heyvandarlıqda ciddi nailiyyətlər qazanılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1431 baş, davarların sayı 6184 baş çoxalmış, ət istehsalı 305 ton, süd istehsalı 111,7 ton, yumurta istehsalı 8 min ədəd, yun istehsalı 10,2 ton artmışdır. "Aqrolizinq" ASC-nin rayon filialı kənd təsərrüfatı işçilərinin yaxın köməkçisinə çevrilmişdir. Burada inzibati bina, gübrə anbarları, kənd təsərrüfatı texnikalarını saxlamaq üçün talvar və təmir emalatxanası tikilmiş, müxtəlif növ texnikanın sayı 83-ə çatdırılmışdır. Əkinlərin məhsuldarlığını artırmaq məqsədilə suvarma sistemlərinin sahmana salınmasına diqqət artırılmışdır. Cari ilin birinci yarısında 171 kilometr suvarma kanalları, 68 kilometr kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 32 ədəd, kollektor-drenlərdə 35 ədəd hidrotexniki qurğu və nasos aqreqatları təmir edilmişdir.

Neftçalada tikinti-abadlıq işləri gündən-günə genişlənməkdədir. Rayonda hər gün təmizlik işləri görülür, küçələrin, yolların abadlaşdırılması və təmiri işləri aparılır, yaşıllıqlar salınır. Əvvəllər mövcud olmuş qanunsuz tikililər sökülərək yerində milli memarlıq üslubunda obyektlər inşa olunur. Cari ilin birinci yarısında tikinti-quraşdırma işlərində 2663,5 min manatlıq investisiyadan istifadə edilmişdir. Bütün maliyyə mənbələri hesabına 254 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın inkişafı üçün 2 milyon 909 min manatlıqdan çox əsas kapitala investisiya yönəldilmişdir. Rayon ərazisində tikinti, təmir, yol çəkilişi və kommunal xidmətlərin həcmi 926,5 mih manat olmuşdur ki, bu da ötən ildəkindən 61,5 min manat çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 2162 kvadratmetr olan, dəyəri 240 min manat məbləğində fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.

Rayon ərazisində olan magistral və daxili yolların çəkilişi, bərpası və yenidən qurulması, yol kənarlarında səkilərin təzələnməsi, yol nişanlarının qurulması, bu səpkidə olan digər işlər yüksək səviyyədə icra edilmişdir. Şəhərin Heydər Əliyev, Y.Hacıyev, 28 May, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyov küçələrində, Bankə, Xıllı, Həsənabad qəsəbələrində, kəndlərin bir çoxunda yolların asfaltlaşdırılması tədbirləri həyata keçirilmişdir. 39 saylı Yol istismar idarəsi tərəfindən cari ilin 6 ayı ərzində 496,7 min manatlıq yol-təmir işləri görüimüşdür.

Özəl bölmənin inkişaf etdirilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir. "Vahid pəncərə" sistemi uğurla tətbiq olunur, yeni sahibkarlıq subyektləri yaradılır. Hazırda istehsal olunən ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 95 faizə çatmışdır. 2003-2010-cu illərdə yüzlərlə kiçik sahibkarlıq obyekti tikilmiş, istehsal sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlamışdır.

Cari ildə xidmət sahələrinin inkişaf etdirilməsinə və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xüsusi fikir verilmişdir. Rayon əhalisinin rabitə sistemlərindən istifadəsini yaxşılaşdırmaqdan ötrü xeyli iş görülmüş, əhaliyə ötən ildəkindən 10,2 faiz çox xidmət göstərilmiş, ATS-lərin işi sahmana salınmış, peyk avadanlıqları quraşdırılmışdır. Nəqliyyatda yük daşınması 7,2 faiz, sərnişin daşınması 7,1 faiz artmışdır. İlin əvvəlindən bəri əhaliyə 47 milyon manatlıq istehlak malları satılmış və müxtəlif xidmətlər göstərilmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilmişdir.

Dövlətimizin və onun başçısının apardığı siyasətə uyğun olaraq əhalinin sosial şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin əsas fəaliyyət sahəsidir. Nominal pul gəlirləri 15675 min manatı ötüb keçmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,5 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri isə çoxalaraq 100 manatı keçmişdir. Hər bir işçinin orta aylıq əmək haqqı 187,1 manat təşkil edir ki, bu, keçən ildəkindən 3,8 faiz çoxdur.

Təhsil, səhiyyə və mədəni quruculuq sahələrində xeyli iş görülmüşdür. Pedaqoji kollektivlərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına daha yüksək səviyyədə diqqət yetirilmiş, xüsusilə buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsi rayon təhsil şöbəsinin və məktəb rəhbərlərinin gündəlik nəzarətində saxlanılmış, buraxılış imtahanları uğurla başa çatdırılmışdır. Buraxılış imtahanlarında rayonun müvəffəqiyyət faizi 84-ə çatdırılmışdır ki, bu da ötən ildəkindən 15 faiz, respublika səviyyəsindən 5 faiz artıqdır. Tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilib. Yarım ildə məktəblərə 78764 manatlıq inventar verilmişdir.

Səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilmiş, mərkəzi xəstəxanada, poliklinika şöbəsində, doğum-terapiya korpusunda, Xıllı qəsəbə həkim məntəqəsində təmir işləri aparılmışdır. Tibb xidməti müəssisələrinə 18832 manatlıq bərk, 14820 manatlıq yumşaq inventar verilmişdir, təmir işlərinə 18882 manat vəsait sərf olunmuşdur. Rayonda sakinlərə mədəni xidmətin gücləndirilməsi, mənəvi irsin mühafizəsi, tarixi abidələrin qorunması daim diqqət mərkəzində saxlanılır. Gənclərin fiziki tərbiyəsində, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində xeyli yeniliklər vardır.

Neftçalanın əməksevər insanları ölkə başçısının irəli sürdüyü vəzifələrin mahiyyətini gözəl anlayırlar, yaxşı başa düşürlər ki, görülmüş işlərlə əsla kifayətlənmək olmaz, regional inkişaf Dövlət Proqramının həyata keçirilməsi rayonun tərəqqisində yeni bir mərhələdir. Həmişə olduğu kimi, qarşıdakı illərdə də bütün qüvvələr sosial və mədəni quruculuq tədbirlərinin intensivləşdirilməsinə yönəldiləcəkdir.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2010.- 17 sentyabr.- S. 5.