Yetmiş beş yaşın ucalığında
Yarım əsrdən
çox oxucusu və uzun illər müəlliflərindən
biri olduğum "Savalan" (keçmiş "Azərbaycan
pioneri") qəzetinin redaktoru Eldar Əliyev zəng eləmişdi.
O, Ramazan bayramı münasibətilə təbrikini yetirib,
sonra da dost istəyilə:
- Bilirsinizmi, bu günlərdə
yığışacağıq, - dedi. - Bayramı bayrama
qatacağıq. Akif müəllim 75-in arxasını yerə
vurur. Əlli ilə yaxındır ki, qələm əlindədir.
Bizim qəzetdə işləməyinin də 49 ili tamam olur.
- Bu, bir igidin ömrünə bərabərdir
ki!
- Bax, Akif müəllim belə
jurnalistdir, - deyə sözümə qüvvət verdi və
tezcə də qayıtdı ki, bilirik, tələbəliyiniz
bir vaxtda keçib. İkiniz də Azərbaycan Dövlət
Universitetini bitirmisiniz. Siz filologiyanı, o isə
jurnalistikanı. Tanışlığınız dostluğa
çevrilib, sonra da illərin sınağından
çıxıb. Ona görə də biz savalançılar
çox istərdik ki, onun haqqında düşüncələrinizi
bölüşüb, dost sözü deyəsiniz.
Eldar müəllimin
dediklərini dinləyə-dinləyə ürəkdən:
- Mən də sizin istəyinizə
qoşuluram, - dedim. - Qələm dostum, əməkdar mədəniyyət
işçisi, qabaqcıl maarif xadimi, "Qızıl qələm"
mükafatı laureatı və daha neçə-neçə
fəxri adlar, fərmanlar daşıyan, öz fədakarlığı
ilə çoxlarını heyrətləndirən Akif Quliyev
haqqında yazmaq mənim həm mənəvi borcum olacaq, həm
də fəxarət duyğularımın səsi, ifadəsi...
Beləcə, Eldar
müəllimlə söhbətimiz başa çatdı.
Elə həmin gün
Akif müəllimin həyat tarixçəsini bir də vərəqlədim.
Saysız-hesabsız görüşlər xəyalımdan
keçdi, qəlbimdə bir-birindən xoş duyğular, xatirələr oyandı.
Əlim qələmə
uzandı...
Ağlıma gələn
ilk sözlər, cümlələr: "İnsanlar doğulduğu
torpağa çox oxşayır". Bu sözlər xəyalımdan
elə-belə keçməyib. Akif Quliyevin timsalında bunun
böyük mənası var. O, barlı-bərəkətli
Quba torpağında dünyaya göz açıb. Körpəlikdən
bu füsunkar yer-lərin işığı, günəşi
və bütün gözəllikləri qəlbinə
axıb, varlığına hopub və ömürlük onunla
olub. Doğulduğu yurd həmişəlik qəlbinə
köçüb.
O, 1935-ci il sentyabrın
23-də bu şəhərdə dünyamızı
salamlayıb. Həmişə də kökü, nəsli ilə
qürurlanıb, fəxr edib. Yeri düşəndə ürəkdən
gələn səslə deyir: "Biz Qubada, bütün Azərbaycanda
ziyalı ailəsi kimi tanınmışıq. Ot kökü
üstə bitər, deyiblər. Bu ənənə
yaşayır. İnanıram ki, həmişə də
yaşayacaqdır".
Atası Aslan Quliyev kimya
elmləri namizədi, əməkdar müəllim kimi böyük
nüfuz sahibi olub. Qardaşı Həsən Quliyev tarix elmləri
doktoru, professor və Azərbaycanın ilk etnoqraf alimi kimi
tanınırdı. Bacısı Xavər Aslan filologiya elmləri
namizədi və jurnalistdir. O, uzun illər “Amerikanın səsi”
radiosunda Azərbaycan redaksiyasına rəhbərlik etmiş və
Türkiyədə çıxan "Xəzər" jurnalının
yaradıcısı olmuşdur. İki bacısı isə
müəllimdir, talelərini təhsillə
bağlamışlar.
Həyat onu körpə
yaşlarından sınağa çəkmişdir. Hələ
3 yaşında taleyin amansızlığı bioqrafiyasına
"ikinci qrup əlil" sözlərini həkk etmişdir.
Bu, onu həyat sevinclərindən ayırıb-aralaya bilməmişdir.
Qəlbində həyat eşqi, gur günəş
işığı baş-başa vermiş, həmişə
onu gələcəyə qanadlandırmışdır.
Tələbəliyi,
universitetdə oxuduğu illər yadıma gəlir. O, 1961-ci
ildə ali təhsilli jurnalist kimi həyatın qoynuna
atıldı, iki ilə yaxın "Uşaqgəncnəşr"də
çalışdı. Burada kollektiv qayğısını,
sevgisini hiss etdi. Günlər keçdikcə ilk redaktənin,
qələmdən çıxan qazancın dadını,
şirinliyini duydu.
Günlərin birində
Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin birinci katibi,
xatirəsi hər birimizin qəlbində yaşayan unudulmaz Məsud
Əlizadənin bilavasitə qayğısı və kö-məyi
sayəsində "Azərbaycan pioneri" qəzetində
yeni işə başladı. Bu, həyatında, yaradıcılıq
taleyində bir dönüş, bəlkə də onu sabaha səsləyən,
bütün varlığını işığa
bürüyən bir qüvvə idi. Elə bil Akifin
üstünə yenidən gün doğmuşdu. Gənc
jurnalist yeni həyatın qoynuna atılmışdı. Qəlbində
yazmaq, yaratmaq duyğuları coşub-çağlayır,
taleyinə yazılmış çətinlikləri,
sınaqları ona unutdururdu...
Orta məktəbdə
oxuyanda, həm də universitet tələbəsi olanda öz
ağlı-kamalı, düşün-cəsi ilə
seçilirdi. İstedadına, təşkilatçılıq
bacarığına çoxları qibtə edirdi. Təbii ki,
bu da Akifin qəlbini xoş duyğularla pərvazlandırırdı.
O, hələ orta məktəb şagirdi olarkən Qubada
"Sülh prospektinin uşaqları" adlı idman klubu
yaratmışdı. 1953-56-cı illərdə bu klub təkcə
rayonda deyil, həm də bütün Azərbaycanda məşhurlaşmışdı.
Respublika, həm də Moskva mətbuatının səhifələrində
ondan tez-tez yazırdılar.
Akif Quliyev narahat təbiətli
insandır, həmişə axtarışlar, yeniliklər
sorağındadır. 1963-cü ildə "Azərbaycan
pioneri"ndə işə başlayandan sonra uşaqlar və
yeniyetmələr arasında çox sevilən, şöhrətli
"Sevinc" futbol klubunu yaratmışdı. O, artıq
yüksək dairələrdə belə tanınırdı.
Həyat onu hələ
körpə vaxtlarından çətin sınağa çəkmişdi.
Lakin o, bütün ağrı-acılara sinə gərərək
öz həyatsevərliyi, qaynar təbiəti, yaşamaq
eşqi ilə ətrafındakıları həmişə
heyran etmiş, təəccübləndirmişdir.
Həmin illərdə
o, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin nəzdində
yaradılan idman və hərbi-vətənpərvərlik
üzrə Respublika Qərargahının məsul katibi
seçilmişdi. Rəhbərlik etdiyi komandalar SSRİ məkanında
şöhrətlənmiş, böyük şəhərlərdə,
müttəfiq respublikaların paytaxtlarında keçirilən
ümumittifaq "Dəri top" yarışlarından
qızıl, gümüş və bürünc medallarla
qayıtmışdır. Bunu da xatırlamaq xoşdur ki,
"Dəri top" klubu məhz Azərbaycanda ilk
addımlarını atmışdır. Sonralar "Sevinc"
yarışlarının təcrübə-sindən istifadə
etməklə, 1965-ci ildə Moskvada yaradılmışdır.
Akif Quliyev yeniyetmələrin,
gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində
mühüm rol oynayan "Üfüqdə parıltı"
və "Qartal balası" hərbi-idman yaradıcılıqlarından
sayılır. O, 25 ilə yaxın bu oyunları təşkil
edən generalların, yüksək rütbəli zabitlərin
daxil olduğu Respublika Baş Qərargahının da məsul
katibi olmuşdur. Uzun müddət ümumittifaq
"Qızıl top" (basketbol), "Gümüş
top" (voleybol), yüngül atletikanın dörd
növü üzrə beynəlxalq "Dostluq"
oyunlarının və Azərbaycanda çox məşhur
olan "Ağ top" şahmat yarışlarının əsas
təşkilatçılarından biri kimi
tanınmışdır.
Xəyalımdan illər
gəlib keçir. Mən 60-cı illərin sonunda Azərbaycan
Televiziyasında "Gənclik" baş redaksiyasının
baş redaktoru idim. Akif isə "Azərbaycan pioneri" qəzetində
çalışırdı. Kollektivimiz onu istedadlı
jurnalist, bacarıqlı təşkilatçı və həssas
insan ki-mi tanıyırdı. O, "Pioner və məktəblilər"
redaksiyasının əməkdaşlarıyla birlikdə
ölkənin müxtəlif yerlərində keçirilən
"Üfüqdə parıltı" hərbi-vətənpərvərlik
oyunlarından baxımlı verilişlər
hazırlayırdı. Yazdığı ssenariləri oxuyarkən
hadisələrə bələdçiliyinə, peşəkarlığına,
jurnalist həssaslığına heyran olurdum.
O, gənc nəslin təlim-tərbiyəsində
fəal iştirakına, mətbuat sahəsində
böyük xidmətlərinə görə üç dəfə
Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif
olunmuşdur. Mükafatlar, təltiflər, fəxri
fərmanlar bir deyil, beş
deyil, on deyil... Bunları gözdən keçirəndə,
qələm dostumuzun şərəfli ömür
yolunu, yaradıcılıq
uğurlarını, yüksək
təşkilatçılıq istedadını, bacarığını
göz önünə
gətirəndə adamın
qəlbini sevinc bürüyür.
Akif Quliyev keçib gəldiyi ömür yoluna ötəri də olsa nəzər salanda iftixarla xatırlayır ki, dəfələrlə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin, SSRİ Maarif
Nazirliyinin, SSRİ Bədən
Tərbiyəsi və
İdman Komitəsinin,
Ümumittifaq
Futbol Federasiyasının, eləcə
də respublikanın bir çox idarə və müəssisələrinin fəxri
fərmanlarına, diplomlarına,
qiymətli hədiyyələrinə
layiq görülmüşdür.
Bunların sayı çoxdan
yüzü ötmüşdür.
Bu sırada üç
dəfə Sovet İttifaqı Qəhrəmanı,
aviasiya marşalı,
SSRİ Orduya, Aviasiyaya,
Donanmaya Könüllü
Yardım Cəmiyyətinin
sədri Aleksey Pokrışkinin,
SSRİ Müdafiə Nazirliyi
Baş Qərargahının
rəisi, ordu generalı Y.Getmanın imzaladığı diplomlar
və döş nişanları vardır.
Akif Quliyev publisistik yaradıcılığında vətəndaşlıq mövqeyinə,
sənətkarlıq uğurlarına,
hərbi-vətənpərvərlik və idman mövzularında
yazdığı sanballı,
çoxsaylı yazılarına
görə bir çox media mükafatları
da almışdır. 2010-cu il
ərəfəsində isə
o, Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına
Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqədə "idmanın
inkişafı-gənclərin fiziki və mənəvi kamilliyinə
aparan yol" nominasiyası üzrə qalib adına layiq görülmüşdür.
Mətbuatda çalışdığı illərdə onun müxtəlif qəzet və jurnallarda saysız-hesabsız oçerkləri,
məqalələri, publisistik
yazıları dərc
olunmuş, televiziya və radioda yüzlərlə verilişləri
səslənmişdir. Bunların hamısını
yığıb çap
etdirsək, cildlərin
sayı, həcmi çoxlarını heyrətləndirər.
Son illərdə istedadlı jurnalistin "Savalan" qəzetində "Hərb
tariximizdən" rubrikası
altında dərc etdirdiyi məqalələri
oxucular arasında geniş maraq doğurmuşdur. "Olimpiya
salnaməsindən səhifələr"
də Akif Quliyevin istedadlı jurnalist qələminin, qaynar yara-dıcılığının
uğurlu səhifələrindəndir.
O, həmişə
düşüncələr aləmindədir. Təmkinlə arayıb-axtarır, yazıb-yaradır,
tez-tez yarım əsrə yaxın könül verdiyi, qəlbən bağlandığı
doğma qəzetinin oxucularını sevindirir.
O, bu günlər şövqlə,
ürək sevincilə,
inamla yetmiş beş yaşın əlini sıxır. Bu halal haqqı,
ömrün ona bəxş etdiyi ucalıq zirvəsidir.
Ürəyimizdən qopan
hərarətli, gur səslə deyirik: "Mübarəkdir, var olsun bu zirvə!".
Əziz dost! Başını qaldır bu zirvədən üfüqə bax. Keçib gəldiyin yol, arxada qalan mə-nalı, şərəfli illər nə qədər gözəldir. Qarşıda ömrün təzə səhifələri açılır. Gələcək illər səni çağırır, səni səsləyir. Uğurlu yol, qardaş!
Nahid HACIZADƏ
Respublika.- 2010.- 24 sentyabr.- S. 3.