Əhalinin sosial rifahı dövlət qayğısı ilə əhatə olunur

 

Xalqımızın rifah halı ildən-ilə yaxşılaşır. Dövlət başçımız cənab İlham Əliyevin son günlərdə imzaladığı sərəncamlar bunu bir daha sübut edir. Həmin sərəncamlara əsasən müəllim və həkimlərin, dövlət qulluqçularının, büdcə təşkilatlarında çalışan digər işçilərin əmək haqqı artırılmış, bu artım təqaüdlərin və sosial müavinətlərin baza hissəsinə də şamil edilmişdir. Ölkə Prezidentinin sərəncamları geniş kütlələr tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Sosial müdafiəyə daha çox ehtiyacı olan qocalar, əlillər, şəhid ailələri, müharibə veteranları, bu kateqoriyadan olan insanlar dövlətimizin qayğısını yüksək qiymətləndirir, ölkədə baş verən iqtisadi yüksəlişin real nəticələrini görürlər. Bölgələrdə fəaliyyət göstərən əhalinin sosial müdafiəsi mərkəzləri dövlətimizin vətəndaşlara göstərdiyi yüksək qayğıya həyat vəsiqəsi vermək, bu qayğını əməli işlə reallaşdırmaq üçün bütün imkanlardan istifadə edirlər. Belə mərkəzlərdən biri də Sabirabad rayonunda yerləşir. İlk öncə qeyd edək ki, may-iyun aylarında Kür və Araz çaylarında baş vermiş daşqınların yaratdığı təbii fəlakətdən Sabirabad rayonu daha çox zərər çəkmişdir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin   direktoru   Bariz Mehdizadə ilə söhbət zamanı məhz təbii fəlakətin törətdiyi fəsadları xatırlamalı oluruq. Bariz müəllim deyir ki, təbii fəlakətdən rayonun 24 kəndi zərər çəkdi. Fəlakət günlərində 6166 evdən 30881 nəfər insan müxtəlif ünvanlara köçürüldü. Onlar müvəqqəti olaraq Moranlı çadır düşərgəsində, Saatlı rayonunda, Şirvan şəhərində məskunlaşdılar. Kollektivimizin üzvləri əhalinin məskunlaşdığı yerlərdə oldu, fəlakətə düçar olmuş rayon sakinləri ilə görüşüb söhbətlər apardı. Zərər çəkmiş əhalinin sosial müavinətlərinin və təqaüdlərinin ödənilməsini təmin etmək üçün bütün imkanlardan istifadə etdik. Belə ki, qarşıya çıxan bütün problemlər vaxtında öyrənilib aradan qaldırıldı. Müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar plastik kartlar vasitəsi ilə ödənildiyindən vətəndaşlar müvəqqəti əraziyə yaxın olan bankomatlar vasitəsilə öz pullarını gecikmədən, maneəsiz ala bildilər. Plastik kartları su altında qalmış üç nəfərin kartı sifariş verilərək yenisi ilə əvəz olundu. İki nəfərin pulu poçt müəssisəsi vasitəsilə ödənildi. Pulların ödənilməsi tam yerinə yetirilmişdir. Şıxsalahlı kəndində evi uçmuş tənha qadın Şərəf Hüseynova qohumlarının evində yerləşdirilmiş, digər tənha və kimsəsizlərə müvəqqəti yaşadıqları yerlərdə xidmət göstərilmiş və indi də göstərilməkdədir.

İnsan dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu gördükdə onun qəlbində həyata inam hissi güclənir. Rayon ƏSMM bu səbəbdən də bizə müraciət edən bütün insanlara xoş münasibət göstərir, onların arzu və istəklərini yerinə yetirmək üçün əlimizdən gələni əsirgəmirik. Aydın məsələdir ki, dövlətdən sosial müavinət, təqaüd, digər yardımlar almaq istəyən şəxslər ilk növbədə mərkəzə lazımi sənədləri təqdim etməlidirlər. Bu sənədlərin hazırlanmasında vətəndaşlara hər cür köməklik göstərir, onlara məsləhət verir, izahat işləri aparırıq. Mərkəzdə nə rəhbərliyin, nə də ayrı-ayrı əməkdaşların qəbul saatları yoxdur. Biz günün bütün vaxtlarında adamlarla görüşür, onları dinləyir, bu sahədə heç kəsə problem yaratmırıq. Bunun nəticəsidir ki, ölkəmizin-sosial siyasəti rayonumuzda tam icra olunur. Bu ilin I yarısında 9487 müavinət alan vətəndaşa xidmət göstərmişik. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə hər şəhidə görə 100 manat olmaqla 181 şəhidin 255 ailə üzvünə aylıq 16875 manat təyin edilmişdir. Bu ailələr hər ay öz təqaüdlərini alırlar. Rayonumuzda 2 milli qəhrəman ailəsi, 20 yanvar şəhid ailəsi, müharibə əlilləri və bu kateqoriyadan olan digərlərinə müavinətlər vaxtlı-vaxtında ödənilir. Şəhid əilələrinə, Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, ahıl-tənha və kimsəsizlərə qayğı dövlətin daima diqqət mərkəzində olmuşdur. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində yaşayan 216 nəfər tənha-ahıl və əlildən 172 nəfərinə evlərdə sosial məişət xidməti göstərilir. Xidmətlə əhatə olunmuş həmin insanlardan 20 nəfərinə Novruz bayramında daxili imkanlar hesabına ərzaq bağlaması vermiş, 2 əlil ailəsinə hər ay 80 manat yardım, 1 nəfərə birdəfəlik maddi yardım, 3 nəfərə isə elektrik enerjisindən istifadəyə görə yaranan borcun ödənilməsində köməklik göstərmişik. 8 nəfərə diş protezi hazırlamaq üçün stomatoloji poliklinikaya, 5 əlilə növbəlik əsasında pansionata yollayış vərəqələri verilmişdir. 2010-cu ilin I yarısında nazirlik tərəfində 6 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz olaraq Slavuta maşınının açarı təqdim olunmuşdur. Rayonun kəndlərində yaşayan 9 nəfər Qarabağ müharibəsi əlilinə torpaq sahəsi ayrılmış və bu sahədə fərdi evlərin tikintisinə başlanmışdır. Daha 2 nəfər Qarabağ müharibəsi əlilinə fərdi evlər tikilməsi nəzərdə tutulmuşdur.

Respublikamızın hər yerində olduğu kimi Sabirabadda da əlillərin problemlərinə tam kompleks yanaşma təmin edilmişdir. Fərdi reabilitasiya planı əsasında tibbisosial tələblər ardıcıl surətdə həyata keçirilir. Əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının və mərkəzin işçilərindən ibarət komissiya yaradılmışdır. Mərkəzə gəlmək imkanları məhdud olanlar istisna olmaqla əlillərə çağırışlar göndərilmiş, sorğu anketləri doldurulmuşdur. Həmin sorğu anketinə əsasən əlillərdən bir qrupu təkrar müayinəyə göndərilmişdir.

Bir faktı da göstərim ki, bu il şikayət və müraciət xarakterli ərizələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalmışdır. Deməli, ən başlıca vəzifə-əhalinin razılığını qazana bilmək vəzifəsində yaxşı göstəricilər əldə edə bilmişik. Razılıq hissi ilə deməliyəm ki, bu göstəricidə respublika Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sabirabad Rayon icra Hakimiyyətinin kollektivimizə göstərdiyi qayğı və diqqət xüsusi qeyd olunmalıdır. Rəhbər təşkilatlar qarşıya çıxan problemlərin həllində, əhalinin sosial rifahının yaxşılaşdırılması naminə qəbul olunan qanunların icrasında bizə yardımçı olurlar.

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2010.- 25 sentyabr.- S. 6.