Təlim-tərbiyə işləri müasir tələblər
səviyyəsinə qaldırılır
Respublikamızın hər
yerində olduğu kimi, Beyləqan rayonunun təhsil
işçiləri də 2010-2011-ci dərs ilinə
qazanılmış uğurları davam etdirmək əzmi ilə
başlamışlar. Rayonda həyata keçirilən təhsil
islahatları həm keyfiyyətcə, həm də kəmiyyətcə
yeni məzmun daşıyır, milli təhsilin yüksək səviyyəyə
qaldırılması üçün bütün imkanlardan səmərəli
istifadə olunur. Bölgə müxbirimiz rayon Təhsil
Şöbəsinin müdiri Tofiq Sadıqovla görüşərək
bu sahədə görülən işlər barədə
oxuculara məlumat verməyi xahiş et-mişdir. T.Sadıqov
demişdir:
-Ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu və 1999-cu ildən bəri
uğurla həyata keçirilən "Azərbaycan
Respublikasının Təhsil sahəsində islahat
Proqramı" ölkəmizin təhsil quruculuğunda
taleyüklü əhəmiyyətli hadisə olmuşdur.
Proqramda təhsilin gələcək inkişafı
konsepsiyası və strategiyası müəyyənləşdirilməklə,
mərhələlər üzrə təhsil sisteminin
strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki
bazasında islahatların aparılması uğurla davam
etdirilir. Bu baxımdan Beyləqan rayonunun pedaqoji kollektivləri
də öz səylərini əsirgəmirlər.
Hazırda rayonda 54
ümumtəhsil məktəbi fəaliyyət göstərir və
məktəblərdə 13644 şagirdin təlim-tərbiyəsi
ilə 1982 pedaqoji işçi məşğul olur. Şagirdlərin
qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə
3 məktəbdənkənar müəssisəyə 4556
şagird cəlb olunmuşdur. Bundan başqa, rayonda 30 məktəbəqədər
tərbiyə müəssisələrindəki 43 qrupda 825
uşaq tərbiyə alır.
Təhsildə müvəffəqiyyət
əldə etmək üçün birinci növbədə
keyfiyyətə fikir verir, qabaqcıl təcrübələrin
üzə çıxarılması və tətbiqi,
açıq və nümunə dərslərinin təşkili
sahələrində ardıcıl iş aparırıq.
Şagird nailiyyətlərinin dəqiq qiymətləndirilməsi,
hər bir gəncin və yeniyetmənin fərdi
hazırlığına, şəxsən nəyə qadir
olduğuna diqqət yetirilməsi təhsilin keyfiyyətinin
yüksəldilməsinə, ədalətliliyin bərqərar
olmasına, şəffaf tədris şəraitinin
yaranmasına müsbət təsir göstərir. Qiymətləndirmə
metodlarının daha şəffaf, daha qüsursuz olması
normal təhsil üçün vacib şərtdir. Şagird
görəndə ki müəllim onun əməyini dəqiq
qiymətləndirir, şişirtməyə, yaxud qərəzçiliyə
yol vermir, onda daha da həvəslənir, daha yaxşı
oxuyur, öz üzərində daha yaxşı
çalışmağa başlayır. Mən bu sözləri
deyərkən ulu öndərimiz Heydər Əliyevin bir kəlamını
xatırlayıram: "Ədalət hər yerdə
lazımdır, amma məktəbdə ədalət
hamısından çox lazımdır... Əgər məktəbdə
gənc, uşaq ədalətsizliklə
qarşılaşırsa, onda belə təsəvvür
yaranır ki, elə bu dünya ədalətsiz dünyadır.
Buna yol vermək olmaz".
Milli Kurrikulumla əlaqədar
rayonun ümumtəhsil məktəblərində bu sahədə
əvvəlcədən zonalar üzrə ibtidai sinif, ana dili,
riyaziyyat müəllimləri və məktəb rəhbərlərinin
treninqi keçirilmiş, 75 ibtidai sinif müəllimi
xüsusi kurslara cəlb olun-muşdur. İl boyu
buraxılış siniflərində sınaq-test
yoxlamaları aparılmış, nəticələr ətraflı
təhlil edilərək pedaqoji kollektivlərə
çatdırılmışdır. Ötən dərs ilində
988 şagird buraxılış imtahanlarrında iştirak
etmiş, onlardan 881-i orta təhsil haqqında attestat
almışdır. 161 məzunumuz ölkənin ali məktəblərinə
qəbul olunmuş, 13 nəfər 500-dən yuxarı bal
toplamışdır. Şəhər 1,3 və 4 saylı
lisey, Dünyamalılar kənd 1 saylı, İkinci Şahsevən,
Soltanbud, Bünyadlı, Günəşli, Şəfəq kənd
orta məktəblərinin yetirmələri bu sırada daha
çox fərqlənmişlər.
Məktəblərimizdə
təlim-tərbiyənin səmərəliliyini artırmaq məqsədilə
müxtəlif məzmunlu müsabiqə və
yarışların keçirilməsi sistem halını
almışdır. Xüsusi istedada malik olan yeniyetmə və
gənclərlə aparılan işə ayrıca diqqət
yetirilir. Bu sahədə xüsusi Dövlət Proqramı ilə
bağlı istedad bankı yaradılmış, istedadlı
uşaqlarla mükəmməl iş sistemi qurulmuşdur. Bunun
nəticəsində şəhər 4 saylı və Araz qəsəbə
orta məktəblərinin şagirdləri məktəblilərin
fənn olimpiadalarının respublika mərhələsində
qalib olmuşlar. Uşaqların respublika Forumunda 3 nəfər
rayon məktəblisi uğurla iştirak etmişdir.
"Şahin" və "Cəsurlar" hərbi-idman
oyunlarının keçirilməsinə diqqət əvvəlki
illərdəkinə nisbətən xeyli
artırılmış, nəticələr pis
olmamışdır.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi
haqqında" sərəncamında irəli
sürülmüş müddəalara uyğun olaraq ümumtəhsil
məktəblərinə kompyuter dəstləri verilmişdir.
Məktəbdənkənar
müəssisələrin fəaliyyəti də qənaətbəxşdir.
Uşaq-gənclər İdman Məktəbinin işləri
haqqında təkcə rayonda deyil, respublikamızda da
yaxşı sözlər eşidirik. Son bir neçə ildə
məktəbdə xeyli idman ustası və dərəcəli
idmançılar yetişdirilmiş, 6 nəfər müəllim
"Əməkdar məşqçi" adına layiq
görülmüşdür. Rayon uşaq
yaradıcılıq mərkəzində uşaq və yeniyetmələrin
yaş xüsusiyyətləri və maraqları nəzərə
alınmaqla 12 dərnək fəaliyyət göstərir.
Burada şagirdlərin sənətə və fəal əmək
vərdişlərinə istiqamətləndirilməsi
üçün ən müasir metodlar bacarıqla tətbiq
olunur, müxtəlif sərgilər, müsabiqələr,
kütləvi tədbirlər təşkil olunur.
Məktəblərin
maddi-texniki bazası getdikcə möhkəmləndirilir. Yeni dərs
ili ərəfəsində Yeni Mil, Hərami, Təzəkənd,
Bolsulu kənd orta məktəblərinin binaları təmir
olunmuş, hazırda 360 yerlik şəhər 3 saylı orta məktəbində
tədris korpusu inşa olunur. Şəhər məktəblərində
istilik sistemləri yenidən qurulmuşdur. Cari tədris ilində
məktəblər üçün 140 adda əyani tədris
vəsaitləri, 530 dəst şagird masası, 65 müəllim
masası, 187 müəllim stulu, 53 yazı lövhəsi, digər
inventar və avadanlıqlar alınmışdır. 81 adda
42582 nüsxə dərslik pulsuz olaraq təhsil müəssisələrinə
çatdırılmışdır.
Təhsil millətin gələcəyidir.
Rayonun pedaqoji kollektivləri tədrisin keyfiyyətinin yüksəldilməsi
istiqamətində yeni tədris ilində də ardıcıl
və məqsədyönlü iş aparacaq, təlimin səviyyəsini
hər vasitə ilə yüksəldəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.- 2010.- 25 sentyabr.- S. 6.