Azərbaycanda kənd turizminin perspektivi
böyükdür
27 sentyabr Beynəlxalq Turizm Günüdür
Böyük turizm
potensialına malik olan ölkəmizdə bu sahə 2001-ci ildən
başlayaraq sürətli inkişaf yolundadır. Müstəqil
respublikamız həmin ilin sentyabrında Ümumdünya Turizm
Təşkilatına tamhüquqlu üzv qəbul olunmuşdur.
"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı"
ümummilli lider tərəfindən təsdiq edildikdən
sonra ölkəmizdə turizm sektorunun inkişafı
üçün münbit şərait yaradılmış,
beynəlxalq turizm bazarına inteqrasiyanın əsası
qoyulmuşdur. 2002-ci ildən başlayaraq hər il Azərbaycanda
beynəlxalq turizm sərgisi təşkil olunmaqla, həm də
ölkəmiz dünyada baş tutan belə mötəbər
tədbirlərdə iştirak edir.
Statistik rəqəmlər
də son 8 ildə respublikamızda turizmin inkişaf
tendensiyasını göstərir. 2002-ci ildə paytaxtda və
bölgələrdə fəaliyyət göstərən
mehmanxana və bu tipli müəssisələrin sayı 4 dəfə
artaraq 370-ə çatmışdır. Bu obyektlərdə
ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə
təxminən 3 dəfə çoxalmışdır. Bu
istiqamətdə işlər davam edir, belə ki, 50-ə
yaxın bu cür obyektin tikintisi aparılır.
Bunun sayəsində Azərbaycana
gələn turistlərin sayı ilbəil artmış,
ölkədə fəaliyyət göstərən turizm
şirkətlərinin şəbəkəsi genişlənmişdir.
Hazırda 123 turizm şirkəti lisenziya əsasında işləyir.
Bu sahənin ixtisaslı kadrlarla təmin olunması da diqqət
mərkəzindədir. 2006-cı ildə Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm institutu
yaradılmış və bu il ali məktəbin məzunlarının
ilk buraxılışı olmuşdur.
Sahənin
inkişafına diqqət yetirən Azərbaycan Prezidenti cənab
İlham Əliyev bu ilin aprel ayında "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nı təsdiq
etmişdir. Sözsüz ki, bu proqram turizmin ölkə
iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahələrdən
birinə çevrilməsini sürətləndirəcəkdir.
Onu da qeyd edək ki, Dövlət Proqramında kənd
turizminin (yaşıl turizm) inkişaf etdirilməsi və
perspektivləri də ön plana çəkilmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin turizm şöbəsindən verilən məlumata
görə, son illər dövlət səviyyəsində
daxili turizmə yönəlmiş tədbirlər bu sahənin
intensiv surətdə inkişafına imkan yaradır.
Hazırda əyalətlərdə müasir tələblərə
uyğun mehmanxanalar, kottec kompleksləri, digər istirahət mərkəzləri
tikilib turistlərin istifadəsinə verilir. Lakin ölkəmizin
iri sənaye mərkəzlərindən və xaricdən gələn
insanlarda təbii kənd evində yaşayıb istirahət
etmək arzusu var. Belə turistlər kənd həyatını
dadmaqla yanaşı müvafiq səviyyədə xidmətin
olmasını da istəyir.
Turistlərin istəyinə
uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin
göstərilməsi müəyyən xərclər tələb
edir. Əlbəttə, bu xərclər yaxın gələcəkdə
artıqlaması ilə ev sahibinə qayıdacaq-dır. Belə
ki, kənd evinin sahibi turistlərə hər cür
rahatlığı olan ev (evin bir hissəsini, 1-2 otaq və ya
bütünlüklə ev) və yemək (turistlərin istəyi
ilə) təqdim etməklə bərabər, onlara bələdçilik,
tərcüməçilik, nəqliyyat xidməti göstərmək,
ev heyvanları və quşları bəsləmək
üçün qısamüddətli imkan yaratmaqla əlavə
xidmət haqqı əldə edə bilər.
Əyalətlərdə
kənd turizminin (yaşıl turizmin) inkişaf etdirilməsində
kənd əhalisinə yardımçı olmaq, onları
müəyyən stereotiplərdən
uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda
çıxışlar etmək, insanlarla birbaşa ünsiyyətdə
kənd yaşıl turizminin onlara və yaşadıqları ərazilərə
maddi və ekoloji cəhətdən xeyirli olmasını
mütəmadi izah etmək gərəkdir.
Yoxsulluğun aradan
qaldırılmasında, kənd icmalarında mütəşəkkilliyin
artmasında və onların işgüzar fəaliyyətinin
canlandırılmasında bu kimi layihələrin həyata
keçirilməsi böyük əhəmiyyət kəsb
edir.
Respublikamızın Lənkəran,
Astara, Masallı,
Yardımlı, habelə Qəbələ və Göygöl
rayonlarında 2006-2008-ci illərdə fərdi surətdə
turizmə və turistlərə olan münasibət sorğusu
keçirilmişdir. Sorğuda kənd əhalisində turizmə
olan münasibət müsbət olduğu və turistlərin
kənd evlərində qalmaqları üçün heç
bir etirazları olmadığı bəlli olmuşdur. Turistləri
kənd evlərində kortəbii yerləşdirmək
düzgün olmazdı. Bu səbəbdən kənd ev sahibləri
və onların ailə üzvləri turistlərə
müvafiq xidmətlərin göstərilməsinə
hazır olmalıdırlar. Bunun üçün isə kənd
sakinlərinə elementar turizm təhsilinin keçilməsinə,
daha doğrusu, maarifləndirməyə böyük ehtiyac
vardır. Turistlərin qəbulu, onların evlərdə yerləşdirilməsi,
yataq dəstləri ilə təminatı, qida ilə təmin
edilməsi, eyni zamanda, ətraf ərazi, yerli adət-ənənələr
barədə məlumatların düzgün
çatdırılması, onlara əlavə xidmətlərin
(nəqliyyat, bələdçilik, tərcüməçilik,
ovçuluq və s.) göstərilməsi, həyətyanı
təsərrüfatda sərbəst hərəkət etmələrinə
şərait yaradılması, fiziki və əmlak təhlükəsizliyinin
təmin edilməsi qaydaları barədə təlimlər
keçirilməlidir.
Kənd yaşıl turizminin Azərbaycanda sürətli
inkişaf etdirilməsi
üçün əsas
maneə sanitariya qovşaqlarının pis halda olmasıdır. Turistləri qəbul
etmək istəyən
evlərdə sanitariya
qovşaqları və
mətbəxlərin müvafiq
səviyyədə təmir
olunması üçün
kiçik kreditlərin
verilməsi əsas yer tutur. Bu cür kreditlər 3-5 il müddətinə
verilə bilər. Turistləri qəbul etmək arzusunda olan evlərə kredit ayrıldığı halda
qısa müddət ərzində təmir-bərpa
işlərini yerinə
yetirmək olar. Paralel olaraq kənd əhalisi arasında kənd yaşıl turizmi barədə maarifləndirmə işinin
aparılması, turizm
marşrutlarının hazırlanması
mühüm əhəmiyyət
kəsb edir.
Ölkədə 4253 kənd yaşayış məntəqəsi vardır
ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar
qoynunda və ya dağlıq ərazilərdə yerləşir. Bu baxımdan qeyd etmək alar ki, Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün
potensial vardır.
Azərbaycan Respublikasında
turizm sektorunun davamlı inkişafını
təmin etmək və turizmin ölkə iqtisadiyyatının
aparıcı sahələrindən
birinə çevrilməsinə
nail olmaq məqsədilə
ölkə prezidentinin
6 aprel 2010-u il tarixli müvafiq sərəncamı ilə
təsdiq olunmuş Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət Proqramı"nın 2.3.8 bəndində
kənd, idman, ai-ləvi, xüsusi maraq kəsb edən və digər turizm növlərinin inkişafına
dair tədbirlər həyata keçirilməsi
qeyd olunur.
Qeyd olunan bəndin icrası ilə əlaqədar Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
müvafiq ictimai birliklər və turizm şirkətləri ilə görüş keçirilmiş yə ilkin mərhələdə
kənd turizminin inkişafına dair layihələrin həyata
keçirilməsi təklif
olunmuşdur.
Kənd turizmi layihəsinin icrasının Türkiyənin
TİKA və Almaniyanın
GTZ təşkilatı ilə
birgə həyata keçirilməsi nəzərdə
tutulub.
Qlobal iqtisadi böhrana baxmayaraq, ölkə daxilində bir çox sahədə baş verən bariz inkişaf hər gün davam edir. Bu vəziyyət turizm sektoru nümayəndələri
üçün də
son dərəcə sevindiricidir.
Müasir dünyada inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına çox
ciddi təkan verən, ictimai və mədəni dəyərləri qlobal potensiala çevirən,
"bacasız sənaye"
olaraq adlandırılan
turizm sektoru Azərbaycanın inkişaf
prosesində çox mühüm rol oynamaqdadır. İstər
qısa, istərsə
də uzun müddətdə turizm Azərbaycan üçün
son dərəcə böyük
əhəmiyyətə malikdir.
Bu inkişaf prosesində
turizmin böyüməsi
üçün lazımi
infrastruktur və insan əməyinin qənaətbəxş səviyyəyə
çatdırılmasında həm investorlara, həm də turizm idarəçilərinin
üzərinə çox
böyük məsuliyyət
düşür.
Ranıiz YUSİFLİ
Respublika.- 2010.- 25 sentyabr.- S. 7.