F.Köçərli adına kitabxana yeni binada

 

Bu günlərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni binada açılış mərasimi olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin Nəsimi Rayon İcra Hakimiyyəti başçısının, ayrı-ayrı kitabxana işçilərinin, oxucuların, KİV nümayəndələrinin iştirakı ilə keçən tədbiri "Canbala" uşaq qrupu gözəl mahnıları ilə daha da rövqnəqləndirdi.

Ana təbiəti qorumaq missiyasını həyata keçirmək arzusu ilə məktəblilər simvolik olaraq yaşıl rəngdə-təbiət rəngində geyinmişdilər. Tədbiri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, yarım əsrdən artıq kitabxana sahəsində çalışan, Əməkdar Mədəniyyət işçisi Fizurə Quliyeva açaraq qonaqları salamladı və hər cür şəraitlə təmin olunmuş kitabxananın açılışına göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə kollektiv adından öz minnətdarlığını bildirdi. F.Quliyeva qeyd etmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi bütün kitabxanalara olduğu kimi, bizim kitabxanaya da hər zaman öz köməyini, qayğısını əsirgəmir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək kitabxanaçıları bu əlamətdar gün münasibətilə təbrik etmişlər.

Sonra qırmızı lent kəsilmişdir. Qonaqlar kitabxananın yeni binası ilə tanış olmuşlar. Onlar "Nağıl otağı"nda danışan "nağıl kitabları"na qulaq asmaqla nağıl qəhrəmanları ilə sanki canlı ünsiyyətə girmişdilər. Onu da bildirək ki, "Nağıl otağı"nda Böyük Britaniyanın OXFAM beynəlxalq humanitar təşkilatı kitabxananın oxu zalında bir çox kitabların, qəzetlərdə dərc olunmuş maraqlı hekayələrin, nağılların audio kassetlərindən ibarət fondunu təşkil etmişdir. Kitabxananın "Biləyən" multimedia zalından kiçikyaşlılar, ibtidai sinif müəllimləri istifadə edə bilərlər. Burada onlar Azərbaycan, rus, ingilis və digər dillərdə olan nağıl və hekayələr oxuya, internetdən istifadə etməklə maraqlarına uyğun materiallardan bəhrələnə bilərlər. Kitabxana direktoru F.Quliyeva qonaqlara onu da bildirdi ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də yaradılmışdır. O, Azərbaycanda fəaliyyət göstərən bütün uşaq kitabxanaları üçün metodik mərkəz və milli uşaq ədəbiyyatının saxlayıcısıdır. Hazırda kitabxananın fondunda 238 min nüsxədən artıq ədəbiyyat saxlanılır. İl ərzində buraya gələn oxucuların sayı təxminən 20 minə yaxındır. Kitabxananın 8 şöbəsi, 4 bölməsi, 2 oxu zalı var. Üç filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir. Kitabxana 1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin üzvüdür.

Qonaqları geniş əhatəli məlumatlandıran direktor tədbir iştirakçılarına təsisçisi baş redaktoru olduğu, 2006-cı ildən nəşr olunan, 32 səhifədən ibarət "Göy qurşağı" jurnalını hədiyyə etdi.

 

 

Rauf  İLYASOĞLU

 

Respublika.- 2010.- 28 sentyabr.- S. 8.