Sadə insan, bacarıqlı pedaqoq

 

Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə təhsilin rolu daha da artmaqdadır. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan etmişdir. Eyni zamanda, dövlətimiz 2010-cu ildə təhsil sahəsinə 1 milyard 276,7 milyon manat vəsait ayırmışdır. Əsas məqsəd yüksək intellektə malik insan kapitalı formalaşdırmaqdır. Gənc nəslin təlim-tərbiyəsində böyük əməyi olan ziyalılardan biri də Saatlı Rayon Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən metod-kabinənin direktoru Seyidağa Kazımovdur.

S.Kazımov 1955-ci ildə Saatlı rayonunun Aşağı Hacıqasımlı kəndində anadan olmuşdur. 1975-ci ildə ADPU-nun tarix fakültəsini bitirmiş və elə həmin il ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. O, müxtəlif illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb direktoru olmuş, 1985-1991 -ci illərdə Azərbaycan Kommunist Partiyasının Saatlı rayon komitəsində bir sıra məsul vəzifələrdə çalışmış, 1991-1993-cü illərdə rayon İH başçısının humanitar məsələlər üzrə müavini işləmişdir. 1993-2001-ci illərdə rayonun poçt rabitə sahəsində fəaliyyətini davam etdirmiş, 2001-ci ildən isə rayonun təhsil şöbəsi nəzdindəki metod-kabinənin direktorudur.

Təhsil Nazirliyinin tərtib etdiyi mövcud əsasnaməyə uyğun olaraq müəllimlərin peşə-karlıq səviyyəsinin artırılması, fənlərin tədrisi sahələrində yeniliklərlə tanış olması, tədris metodikasının təkmilləşdirilməsi, onların ixtisasartırma ehtiyaclarının müəyyənləşdiril-məsi, ümumi təhsil sistemində metodik xidmətin təşkili rayon təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən metodiki kabinetlər tərəfindən həyata keçirilməlidir. Öz peşəsinə daim məsuliyyətlə yanaşan Seyidağa müəllim metodiki şöbənin üzərinə düşən vəzifələrin öhdəsindən həmişə bacarıqla gəlməyə çalışır. Bir mütəxəssis kimi tədrisin metodikası üzrə işləri ardıcıl və sistemli şəkildə həyata keçirməyə müvəffəq olur. Bunun nəticəsində son vaxtlar rayonun təhsil sistemində dönüş yaranmışdır.

Təcrübəli metodist son illərdə ümumi təhsil müəssisələrində metodik xidmətin, təlimati seminarların təşkili, dayaq məntəqələrinin işinin istiqamətləndirilməsi, pedaqoji innovasiyalar və onların tətbiqinə dair tövsiyələrin hazırlanması, məktəblərdə monitorinqlərin keçirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi yeni dərsliklərin müzakirəsi və bu kimi məsələlər sahəsində uğurlu nəticələr əldə etmişdir. O, hazırda yeni tədris planının, kurrikulumun Saatlı rayonunun ümumtəhsil məktəblərində də uğurla tətbiq edilməsi üçün böyük əmək sərf edir. Bacarıqlı metodist kurrikulumla işləyəcək ibtidai sinif müəllimlərinin treninqlərə cəlb olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Xü-susilə son illər metodkabinənin əməkdaşları şagirdlərin faktiki biliklərini aşkara çıxarmaq məqsədi ilə IV sinifdən başlayaraq bir çox siniflərdə monitorinqlər keçirmiş, nəticələr ŞTŞ-də və məktəblərdə müzakirə edilmişdir. Eyni zamanda, müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədi ilə ibtidai sinif və fənn müəllimləri arasında monitorinq keçirilərək nəticələr metodbirləşmə yığıncaqlarında müzakirə edilmiş, zəif nəticə göstərən müəllimlərin elmi-nəzəri səviyyələrinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Yeri gəlmişkən, qeyd edək ki, Saatlı rayonunda milli kurrikulumu tədris edən birinci sinif müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə iyulun 26-dan 31-nə kimi birhəftəlik təkmilləşdirmə kursu təşkil olunmuşdur. Bu kursda 84 nəfər birinci sinif müəllimi iştirak etmişdir.

S.Kazımov metodik xidmətin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli istiqamətində  məqsədyönlü  işlər həyata keçirməkdədir. Bu gün metodkabinənin qarşısında duran əsas vəzifələrdən biri də metodistlərin pedaqoji fəaliyyətlə məşğul olmasını təmin etməkdir. Etiraf etmək lazımdır ki, müəllim kimi fəaliyyət göstərməyən, bilavasitə məktəblərdə pedaqoji prosesdə iştirak etməyən, müəllimin hansı qaydalarla işlədiyini bilməyən metodist uğurlu nəticələr əldə edə bilməz. Belə metodistlər müəllimlərə məsləhət vermək, onları istiqamətləndirmək, innovasiyaların mənimsənilməsində onlara kömək etmək missiyasını dalayiqincə yerinə yetirə, müəllimlərin etibarını qazana bilməzlər. Seyidağa müəllim bu amilləri nəzərə alaraq yeni tədris ilində metodkabinənin bütün əməkdaşlarını pedaqoji fəaliyyətə cəlb etməyi planlaşdırmışdır.

S.Kazımovun metodik işi real təcrübəyə əsaslanmaqla obyektiv xarakter daşıyır. O, fəaliyyətinin nəticəsi kimi meydana çıxan nəzəri-metodik müddəaları bacarıqla həll etməyə çalışır.

Təhsil naziri M.Mərdanov bu ilin mayında keçirdiyi müşavirədə müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən metodik xidmət haqqında mülahizələrini söyləmişdir. Nazir ölkənin 73 şəhər və rayonundakı təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən metodik kabinələrin   uğurlarını  sadalamaqla yanaşı, nöqsanlarını da göstərmişdir. S.Kazımov nazirin iradlarına və bu istiqamətdə verdiyi tövsiyələrə ciddi yanaşaraq yeni tədris ilindən etibarən onları aradan qaldıracağını da bildirmişdir.

M.Mərdanov həmin müşavirədə metodik xidmətin təkmilləşdirilməsindən danışarkən razılıqla vurğulamışdır ki, bu sahədə dünya təcrübəsinin öyrənilməsi, həmin istiqamətdə gedən prosesləri, müsbət nailiyyətləri və tendensiyaları mənimsəmək vacib idi. Bu məqsədlə ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya, Türkiyə, Finlandiya, Rumıniya, Rusiya, Litva və digər ölkələrin metodik xidmətin təşkili sahəsindəki təcrübələri öyrənilmişdir. Seyidağa müəllim metodkabinənin işinin təkmilləşdirilməsində respublikamızla yanaşı, həmin ölkələrin metodik təcrübələrindən də yararlanmağa çalışır. O, metodik xidmətin müasir tələblər səviyyəsində təşkil edilməsi, bu sahədə ortaya çıxan mövcud nöqsanların aradan qaldırılması məqsədilə bütün qüvvə və bacarığını sərf etməkdədir.

Rayon miqyasında təşkil olunmuş tədbirlərdə, yığıncaqlarda dolğun və məzmunlu çıxışları ilə seçilən Şeyidağa müəllim, eyni zamanda, novator ziyalı kimi diqqəti cəlb edir. O, həm də obyektivliyi, səmimiliyi, düzlüyü ilə təhsii işçilərinin böyük etimadını qazanmışdır.

Ömrünün yarıdan çoxunu Azərbaycan təhsilinin inkişafına, yüksək intellektə, hərtərəfli dünyagörüşə və savada malik gənc nəslin yetişdirilməsinə sərf edən Seyidağa müəllimin bu yaxınlarda 55 yaşı tamam olur. O, bacarıqlı metodist kimi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməklə yanaşı, həm də fəal ictimaiyyətçidir. YAP siyası şurasının üzvü olmaqla partiyanın işlərində fəal iştirak edir. 2005-ci ildən məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışır. Bütün növ seçkilərin ədalətli, demokratik və şəffaf keçirilməsi üçün əlindən gələni edir. Qarşıdan növbəti deputat seçkiləri yaxınlaşmaqdadır. Seyidağa müəllimin də o ərəfədə məsuliyyəti birə beş artacaqdır.

Sadə və təvazökar insan, bacarıqlı metodist Seyidağa müəllimə pedaqoji fəaliyyətin-də uğurlar diləyirik.

 

 

Adilə QOCAYEVA

 

Respublika.- 2010.- 30 sentyabr.- S. 8.