Qax uğurlu inkişaf yolu keçir

 

Regionların sosial-iqtisadi inkişafı

 

Onun dəlisov dağ çaylarının, dişgöynədən bulaqlarının suyundan içəndə, ecazkarlığı ilə ürəklərə hakim kəsilən İlisuda bircə axşam qonaq olanda, "Ulu dağ"ı, "Yaşıl park"ı gəzəndə Qaxın, sözün həqiqi mənasında, əsl gözəlliklər diyarı olduğunun canlı təsdiqini tapırsan. Bu qənaətə gəlirsən ki, doğrudan da, bu yerlərə böyük ürəkli qüvvətin, qüdrətin əli ilə başdan-başa sığal çəkilmişdir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamıza rəhbərliyə qayıdışı bütün Azərbaycan kimi Qaxın da bu gözəllik, inkişaf estafetini daha da sürətləndirdi, Sovetlər Birliyinin dağılması ilə müstəqillik illərinin başlanğıcı arasındakı vaxtda yaranan boşluq, hərc-mərclik dövrlərində ölkənin hər yerində olduğu kimi, rayonumuza da vurulan yaralar artıq sağalmağa başladı. Ötən hər il rəssama çevrilib rayonumuzun sosial-iqtisadi simasında bir-birindən yaraşıqlı, mənalı və məzmunlu tablolar yaratdı. Ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi estafetin böyük coşqunluqla, vətənpərvərliklə, təşəbbüskarlıq və prinsipiallıqla davam etdirilməsi sayəsində Qax da özünün ən uğurlu inkişaf yoluna qədəm qoydu. Qaxın dünənini yaxşı bilənlər onun bugünkü iqtisadi, tikinti, quruculuq, abadlıq baxımından necə sürətlə inkişaf etdiyini konkret faktlarla söyləyirlər. Onlar ümumi daxili məhsulun, o cümlədən sənaye, kənd təsərrüfatı üzrə məhsul istehsalının 2-3 il bundan əvvəlkinə nisbətən xeyli artdığından, yerli büdcənin proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirildiyindən iftixarla danışır, bütün bunların rayonda daxili imkanlar hesabına böyük işlər görülməsinə real təkan yaratdığını söyləyirlər. Belə bir fakt diqqəti cəlb edir ki, təkcə bu ilin ötən dövründə tikinti təşkilatları tərəfındən görülmüş iş və xidmətlərin həcmi 503 min manat, yəni ötən ilin eyni dövründəkindən 2 dəfə çox olmuşdur. Bu ilin sonuna kimi qaxlıları tikinti, abadlıq, quruculuq sahəsində bir-birindən gözəl hədiyyələr gözləyir. İlin axırına kimi rayonun Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış binası istifadəyə veriləcəkdir. Fövqəladə Hallar Nazirliyinin vəsaiti hesabına qəzalı vəziyyətdə olan 3 kommunal mənzilin yenidən bərpası, hər birinin ümumi sahəsi 100 kvadrat-metr olan fərdi yaşayış evinin tikintisi, rayonun 9 kəndinin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanmasının başa çatdırılması, ilin sonunadək Marsan, Almalı və Əlibəyli kəndlərinin qazlaşdınlmasının plana salınması, Ləkit, Kötüklü, Ləkit-Malax, Tanqıt kəndlərində yeni avto-mattelefon stansiyalarının istifadəyə verilməsi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə podratçı təşkilat olan "Azərkörpü" ASC tərəfındən Kürmük çayı hövzəsi boyunca şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə selə qarşı mühafizə, dəmir-beton bəndlərinin tikintisi, Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına idman kompleksinin inkişafı Qaxın sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı kimi dəyərləndirilir. Qaxbaş kəndi ərazisində tikilən "İş mərkəzi"ni, İlisu kəndi ərazisindəki "Səngərqala" istirahət mərkəzini, həmçinin Qarabaldır kəndi ərazisində inşa olunan süd məhsulları emalı müəssisəsini, şəhərdəki yeni avtovağzalın tikintisini şəhərdəki "İçəri bazar"ın yenidən bərpasını və onlarca başqa obyektləri də bura əlavə etsək, rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əsl sıçrayış olduğu aydın görünür.

Yüksək işgüzarlığın, təşkilatçılığın belə gözəl bəhrələr verməsinin  mərkəzində  bir ünvan durur: o da rayon icra hakimiyyəti tərəfındən bütün icra strukturlarına məqsədyönlü nəzarət və rəhbərlikdir. İctimaiyyətlə əlaqənin möhkəmlənməsi, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların rayondakı nümayəndələrinin fəaliyyətinə dövlət və dövlətçiliyə dəstək baxımından dəstək verilməsi, onlarla qarşılıqlı dialoqlar qurulması ümumi inkişafa sanballı təkan verir. Qarşıdan çox əlamətdar bir siyasi kampaniya—parlament seçkiləri gəlir. Əlbəttə, bu işə icra orqanlarının qarışması qəti qadağandır. Amma seçkilərin normal keçirilməsi üçün məntəqə və dairə seçki komissiyaları üçün normal iş şəraiti yaradılmasında köməklik göstərilməsini təmin edirik. Kollektivlərdə ötən seçkilərdən sonrakı dövrdə qazanılan uğurlar təhlil olunur, onların daha da artırılması üçün yeni yollar müəyyənləşdirilir. Hər yandakı xoş əhval-ruhiyyə, daha işıqlı sabaha inam qarşıdan gələn parlament seçkilərinin demokratiyanın əsl təntənəsinə çevriləcəyinə, rayonun sosial-iqtisadi gücünün daha da möhkəmlənməsinə etibarlı bünövrə qoyacağına əminlik yaradır.

 

 

Məhərrəm MƏHƏRRƏMOV

 

Respublika.- 2010.- 30 sentyabr.- S. 5.