Türk ədəbiyyatı tarixi

 

 

Ədu qırdı qapıyı, biz evdə

bixəbəriz,

Nə başqa-başqalarız, nə

ittihad edəriz,

 

Əli bəy HÜSEYNZADƏ.

 

Bəli, möhtərəm doktor çox haqlıydı! Nə başqa-başqa olmağı istədik, nə də birlik olmağı bacara bildik. Tarix boyu aramıza gah iran girdi, gah da Rusiya... Bəzi zamanlar sərhədlər ayırdı bizi, bəzi zamanlar siyasətlər... Lakin bizi daim birləşdirən şey eyni türk atanın övladı olmağımız və eyni türk anadan öyrəndiyimiz dili danışmağımız idi. Bizim birləşmə nöqtəmiz bax məhz elə buradaydı: türk olub türkcə danışmaq və bu dillə eyni kültürün ədəbiyyatını yaratmaq... Dil və ədəbiyyat bizim tək və eyni olduğumuzun ən qüvvətli dəlili idi. Bizi ayrı düşünmək istəyənlər daima bəlkə də bu səbəbdən öncə dilimizi, əlifbamızı, ədəbiyyatımızı təhdid etməyə çalışdılar. İşin pis tərəfi də odur ki, biz hamımız bu tələyə düşdük.

Bundan neçə-neçə illər əvvələ dair iki xatirə... İsmayıl Hikmət (Ərtaylan) bəyin Bakıda müəllimlik etdiyi dövrdə qələmə aldığı və yenə orada 1925-1926-cı illər arasında Azərnəşrdə çap etdirdiyi dörd cildlik bir "Türk ədəbiyyatı tarixi" vardır. Bundan iyirmi beş il əvvəl Ankaradakı Milli Kitabxanada Ərtaylanın həmin , əsərini axtarıram. Kataloq fişlərinə görə kitab kitabxanada var, lakin məmurlardan aldığım cavab belədir: "yasaq yayın" siyahısında olduğu üçün oxucuya verilmir. Etiraz edirəm: necə ola bilər ki, ədəbiyyatdan bəhs edən bir tədqiqat sadəcə olaraq Azərbaycanda nəşr edildiyinə görə yasaqlansın? Bunu heç cür anlaya bilmirəm. Onlar mənə "dəmir pərdə"dən, "kommunizm"dən bəhs edirlər, mən də onlara Azərbaycan türkünün qardaş olduğun-dan, ədəbiyyatın yasaq tanımadığından...

Bir dəfə isə Mirzə Fətəli Axundzadənin İstanbula gəlişini araşdırarkən onun Osmanlı torpaqlarındakı dostlarına yazdığı məktublarını oxumaq istəmişdim. Lakin nə mümkün!.. Azərbaycan Elmlər Akademiyası tərəfindən 1960-cı illərdə kitablaşdırılan məktubları nə Türkiyədə tapa bildim, nə də Azərbaycandan gətirdə bildim. Təxminən il yarım aradıqdan sonra çarəsiz qalıb kitabı Vaşinqtondakı Konqres kitabxanasından istədim. Oradan sadəcə bir həftə ərzində kitabı mənə çatdırdılar. O gün duyduğum utancı bugün belə təsvir etməkdən acizəm. Düşünün ki, soyuq savaş illərində "dəmir pərdə"nin ən böyük düşməni olan Amerikada belə Azərbaycanda nəşr olunan kitablar kitabxanalara girdiyi halda, mən Türkiyədə doğma qardaşımın yazdıqlarını oxuya bilmirəm. Sərhəd qonşumun nəşrlərini ancaq minlərcə kilometr uzaqda yerləşən Amerikaya sifariş edib oxuya bilirəm. Bundan böyük ayıb olarmı? Bax, birliyimizə qarşı qurulmuş bir tələ kimi qiymətləndirdiyim vəziyyət budur! Mənə yasaq olanı amerikalı rahatça oxuya bilir. Mənim oxumamdan doğacaq "təhlükə" onlar üçün keçərli deyil.

Azərbaycan cəbhəsindən baxınca, durumun heç də fərqli olmadığı görünür. Onlar da Türkiyədə nəşr olunan kitabları ancaq sovet ideologiyasına uyğun sayılan və rus dilinə tərcümə edilən, yaxud azərbaycancaya çevrilən ədəbiyyat mətnlərindən izləyə bildilər. Nazim Hikmət, Orxan Kamal, Əziz Nesin kimi bir neçə müəllifin əsərləri ilə kifayətlənmək məcburiyyətində qaldılar. Siyasətin əngəl olammadığı yerdə əlifba fərqliliyi, əlifbanın əngəl olammadığı yerdə isə maddi imkansızlıqlar üzündən bir-birimizin ədebiyyat nümunələrini lazımi səviyyədə oxuyub anlaya bilmədik. Nəbzimiz qoşa vursa da, hissiyyatımızın və fikriyyatımızın kökü bənzər olsa da, bu bənzərliyi sadəcə qəlbən hiss etdik, lakin ədəbi əsərlər yoluyla oxuyub doğrulaya bilmədik. 1990-cı illərdən bəri bu toqquşmazlığı, bir-birimizə olan həsrətimizi ədəbiyyat vasitəsilə aradan qaldırmaq imkanı tapdıq. Nəhayət, aradan keçən illərin yerini doldurmağın və ayrı düşdüyümüz zamanın ədəbi haqq-hesabını  çıxarıb  yekunu bir-birimizə təqdim etmənin də vaxtı gəldi.

Sizə təqdim olunan bu tədqiqat belə bir həvəs və qeyrətlə meydana gətirilmişdir. Azərbaycan toprağındakı qardaşlarımızdan uzaqda keçən illərimizin ədəbi səmərəsini qısaca və sürətli xülasə etməkdən muradımız bir-birimizdən xəbərsiz keçdiyimiz yolu bir küll halında göstərdikdən sonra yolun bundan sonrasını əl—ələ yürüməkdir.

Hər biri öz sahəsinin mütəxəssisi olan alimlər tərəfindən qələmə alınan bu müstəqil məqalələrin XVIII əsri və sonrakı dövrü əhatə etdiyi, ondan əvvəlki dövrün isə sadəcə geniş bir yazının mövzusu olduğu dərhal gözə çarpacaqdır. Belə bir tərcihin iki önəmli səbəbi vardır. İlk səbəb kimi Azərbaycan və Türkiyə arasındakı ənənəvi ədəbiyyat kültürünün eyniliyi diqqətə alındıqda, keçmiş əsrlərin ədəbi mirasını bir kərə daha xatırlatmanın "məlumi-elam" olacağı düşünülmüşdür. Qorqud Atadan Koroğluya, Qazı Bürhanəddindən Nizamiyə, Nəsimidən Füzuliyə qədər bir çox müştərək isim ətrafında birləşmiş tək bir ədəbi zövq, tək bir ədəbi ənənə mövcud ikən keçmiş əsrləri yadlara başa salırmış kimi təkrarlamaq bizə xoş gəlmədi. Bundan dolayıdır ki, Osmannın Qərbə yönələrək ədəbi kültürünü dəyişdirməyə başladığı ilk illərdən 1960-a qədərki macərasını nəql etməyi daha məqsədəuyğun gördük. İkinci səbəb də tam bu nöqtədə ortaya çıxdı. Osmanlının gözünü Qərbə çevirməyə başladığı tarixlər Azərbaycanda da xanlıqların öz istiqlalını elan etdiyiMolla Pənah Vaqiflə birlikdə yeni bir ədə-biyyatın başladığı zamana uyğun gəlir. XIX əsrin ilk illərindən etibarən Rusiyanın Azərbaycanı parça-parça öz hakimiyyəti altına alma təşəbbüsü aramızdakı münasibətləri zəiflədərkən, XX əsrin ilk rübündən sonra başlayan sovet basqısı müştərək göbək bağımızı tamamən qoparır. Bir başqa deyimlə, Osmanlının üzünü Qərbə çevirdiyi tarixlər Azərbaycanın da zatən Osmanlı ilə olan ədəbi rabitəsinin zəiflədiyi tarixlərdir, sonrakı illərin "dəmir pərdəli" və "dəmir pəncəli" idarəsi isə zatən bu münasibətin davamına izin verməyəcəkdi. O halda belə bir ədəbiyyat tarixində yollarımızın ayrılmaya başladığı və bir-birimizin ədəbi fəaliyyətlərini yaxından izləyə bilmədiyimiz son 250 ilin ədəbiyyatından bəhs etmək ən isabətli və faydalı tərcih olacaqdı. Biz də elə etdik.

Çalışmamız bir "əl kitabı" səciyyəsi daşıdığı üçün Azərbaycanda buna maraq duyan və bağlı olan qardaşlarımıza başlanğıcından bugünə uzanan bir türk ədəbiyyatı tarixi təqdim etmənin iki yolu vardı: ya bir neçə min səhifəlik cildlər hazırlanmalı, ya da həcmi, daraldaraq hər bəhs üzrə daha az bilgi verməklə daha yığcam bir kitab hazır-lanmalı idi. Bu baxımdan ən uyğun yolu seçdiyimizi düşünürük. Üstəlik, bir "əl kitabı"nda veriləcək məlumat ilə kifayətlənməyəcək olanlar üçün yeni tamamlanmış bir ədəbiyyat tarixininmövcud olduğunu müjdələmək istərəm. 1996-cı ildə Ankaradakı Atatürk Kültür, DilTarix Yüksək Qurulunun nəzdindəki Ata-türk Kültür Mərkəzində Prof. Dr. Sadıq Turalın şəxsi təşəbbüsü ilə bir "Türk dünyası ədəbiyyatı tarixi" layihəsi həyata keçirilməyə başlanmışdı. Bu çərçivədə bütün türk dünyasının mümtaz alimlərindən toplanan ədəbiyyat tarixi materialı 2001-2007-ci illər arasında səkkiz cildbeş min səhifə olaraq nəşr edilmişdir.

Bu müştərək əsərə gəlincə, Azərbaycanda Türkiyə türklərinin ədəbiyyatını bir küll olaraq tədqiq edən, asan daşınıb asan oxuna bilən bir çalışmanın bugünə qədər ortaya çıxarılmamış olması böyük qüsur idi. Azərbaycan Yazıçılar Birliyinin möhtərəm sədri Anar bunun fərqinə vardı. Onun təşəbbüsü ilə ortaya çıxan layihəni həyata keçirmək işini Ankaradakı Avrasiya Yazarlar Birliyinin dəyərli idarəçiləri öz öhdələrinə götürdülər. Bu cür ciddi bir çalışmanın planlaşdırılması, müəlliflərin seçilməsi, g-lən mətnlərin dəyərləndirilməsi, redaktə işləri üçün məni yeganə məsul şəxs olaraq seçdikləri üçün onlara təşəkkür edirəm. Ədəbiyyat tarixinə mütəvazi töhfələrimi mübaliğəli şəkildə qiymətləndirdiklərini, buna bənzər layihələrdə çalışaraq təcrübə qa-zandığıma inandıqlarını düşünsəm də, belə bir layihəyə dəvət etmələri mənim üçün böyük şərəf və səadət oldu. Bu çalışmaya dair bütün qüsurlar mənə, uğurlar isə onun müəlliflərinə məxsusdur.

Dos. Dr. M.Qayaxan ÖZGÜL.

 

* * *

 

Azərbaycanda türk (Türkiyə) ədəbiyyatı kifayət qədər bilinir, sevilir, oxunur. Bakı Dövlət Universitetinin şərqşünaslıq və filologiya fakültələrində türk ədəbiyyatı geniş şəkildə tədris və tədqiq edilir, bu işlə bir neçə kafedra, onlarca yüksək ixtisaslı müəllim məşğul olur, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun türk xalqları ədəbiyyatı şöbəsində müxtəlif dövrlərə mənsub şair və yazarların həyatı və sənəti laqqında dissertasiyalarmonoqrafiyalar yazılır. Bəzi ali məktəblərin ədəbiyyat fakültələrində yeni açılmış regionşünaslıq bölmələrində də türk ədəbiyyatı öyrədilir.

Məxəz baxımından mütəxəssislər üçün elə bir ciddi problem olmasa da, tələbələrin, ədəbiyyatsevərlərin istifadə edəcəkləri mükəmməl bir türk ədəbiyyatı tarixinə ehtiyac duyulurdu. Uzun illərdən bəri akademik çevrələrdə bu ehtiyacın ödənməsi barədə söhbətlər gedir, müxtəlif fikirlər irəli sürülür, Türkiyədə çap olunmuş bəzi kitabların tərcümə edilməsi təklif olunurdu. Lakin belə əsərlərin həcmcə böyük olması, yaxud bizim tədris proqramlarına uyğun gəlməməsi bu problemi aradan qaldırmağa mane olurdu. Bu məsələ ötən il Ankarada Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu arasında da müzakirə olundu. Yaqub bəy belə bir vəsaitin hazırlanması üçün təşəbbüsə keçdi. Dos. Dr. M. Qayaxan Özgülün koordinəsi altında bir qrup türk alimi (səkkiz professor, on dosent) bu kitabı hazırladı. Təkcə onu demək kifayətdir ki, müəlliflər arasında professorlardan Hülya Arqunşah, Abidə Doğan, Sevda Şənər, Muhsin Məcid, Ramazan Qorxmaz, Kazım Yetiş, Əhməd Qartal, Nurullah Çətin kimi adlı—sanlı ədəbiyyatşünaslar vardır. Kitabdakı ayrı-ayrı bölmələr Yunus Balçı, Yaqub Çəlik, Məhmət Önal, Ömür Ceylan, Cəfər Qəribər, Cəfər Şən, Nəsimə Ceyhan, Qiyasəddin Aytaş, Məhmət Can Doğan, Sürəyya Qaracabəy Çəlik kimi hər biri öz sahəsinin tanınmış mütəxəssisi olan dosentlər tərəfindən qələmə alınmışdır.

Türkcə iki cild halında hazırlanan bu vəsaiti mən Bakıya gətirdim və vaxt itirmədən Azərbaycan türkcəsinə uyğunlaşdırdım.

Bu zaman orijinala imkan daxilində sadiq qalmağa çalışdım. Müəlliflərin üslubunu, xüsusilə ədəbiyyatşünaslıq terminlərini olduğu kimi saxladım...

Kitabı iki cild halında Ankarada bu ilin aprel ayında təşkil edilən Avrasiya Tərcüməçilər Birliyi seriyasından ilk əsərlər olaraq nəşr etməyi qərara aldıq Əyanilik naminə bəzi fəsillərin sonuna türkcə orijinalda örnək mətnlər (şeirlər və kiçik hekayələr) yerləşdirdik. Onu da qeyd edim ki, bu kitab xüsusi olaraq Azərbaycan üçün hazırlandığından əvvəlcə Bakıda, sonra isə Ankarada nəşr olunması qərara alındı.

Annotasiyada da qeyd edildiyi kimi, bu kitabda türk ədəbiyyatı başlanğıcdan 1960-cı ilə qədər bütün dövrləri (Səlcuqlu, Osmanlı və cümhuriyyət), dönəmləri (tənzimat, milli ədəbiyyat və s.), məktəbləri (sərvəti-fünun, fəcriati, ara nəsil, qərib, I yeni, II yeni), janrları və növləri (özəlliklə hekayə, roman, dram) və istisnasız olaraq bütün nümayəndələrinin sənəti ilə birlikdə geniş şəkildə təhlil edilir. Zəngin türk ədəbiyyatı tarixini Azərbaycanda ilk dəfə toplu halda təqdim edən bu araşdırma universitetlərin fılologiya fakültələrinin tələbələri, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Ümid edirik ki, "Türk ədəbiyyatı tarixi" kitabı bu sahədəki boşluğu qismən də olsa dolduracaq, ölkəmizin elmidəbi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanacaq. Bu layihədə iştirak edənlərin yeganə arzusu da məhz budur.

 

 

Ramiz ƏSKƏR

 

Respublika.- 2010.- 29 sentyabr.- S. 6.