Folklor fədaisi, görkəmli
pedaqoq
Elm və təhsil nəşriyyatı tərəfindən
görkəmli Azərbaycan
folklorşünası, filologiya
elmləri doktoru,
professor Mürsəl Həkimovun
həyat və yaradıcılığına həsr olunmuş kitab işıq üzü görmüşdür.
Bir vaxtlar tələbəsi olmuş Ramil Əliyevin yazdığı
"Sabaha məktublar"
kitabı müəlliminə
olan mənəvi borc kimi qələmə alınmışdır.
Ramil Əliyev professor Mürsəl
Həkimovun ömür yoluna-gənclik dövrlərinə,
təhsil illərinə,
müəllimlik fəaliyyətinə
və yaradıcılığına
işıq salmış
və bu barədə dolğun məlumatlar toplamış,
folklorumuzun "Məcnunu"
olan M.Həkimovun nəcib keyfiyyətlərindən
söhbət açmışdır.
Mürsəl Həkimov 1929-cu ildə
may ayının 20-də Qazax
rayonunun Kəmərli
kəndində anadan olmuşdur. 1937-1947-ci illərdə
doğulduğu kənddə
orta təhsil almışdır. Böyük
Vətən müharibəsinin
dəhşətli illərini,
acısını yaşamış
Mürsəlin yaşı
az olsa da,
ataları cəbhədə
olan bu uşaqlar
ata yurdunda, ata çırağını
yandırmaq üçün
özlərini atalarına
oxşatmağa çalışırdılar.
1947-ci ildə M.Həkimov Qazax İkiillik Müəllimlər İnstitutunun
dil-ədəbiyyat fakültəsinə
qəbul olmuşdur. İnstitutda oxuduğu illərdə də idmanla məşğul olmuş və pəhləvan kimi ad çıxarmışdır. Neçə-neçə
adlı-sanlı idmançıların
kürəyini yerə
vurmaqla I dərəcəli
idmançı adına
layiq görülmüşdür.
1949-cu ildə Mürsəl Həkimov institutu bitirərək əvvəl
Basarkeçər rayonunun
Babacan kənd yeddiillik məktəbində
müəllim, tez bir zamanda dərs
hissə müdiri,
1950-ci ilin yanvar ayından isə Gürcüstan Respublikasının
Marneuli rayonunun Aşağı Saral kənd orta məktəbində müəllimlik
peşəsini davam etdirmişdir.
İşlədiyi dövrdə
də ayrı-ayrı
bölgələrin folklorunu,
nağıl, dastan və rəvayətlərini
toplayaraq dil-ədəbiyyat
müəllimi kimi şagirdlərinə
həvəslə öyrətməkdən
şərəf duyardı.
Onda elmə həvəs sonsuz idi. Odur ki,
1955-ci ildə Azərbaycan
Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə
daxil olmuş və ikinci ali təhsil ocağını fərqlənmə
diplomu ilə bitirmişdir.
Son dərəcə hazırcavab,
savadlı olduğunu nəzərə alıb rektorluq ona institutda
müəllim işləməyi
təkidlə təklif
etmişdir.
Kənddə işlədiyi illərdə
folklor toplayıcısı
kimi yetişmiş M.Həkimov, eyni zamanda aşıq ədəbiyyatının gözəl
bilicisi idi.
Professor Paşa Əfəndiyev onun ilk ali məktəb
müəllimlərindən biri olmuşdur. Paşa müəllim o illəri belə xatırlayırdı:" 1955-ci ildə birinci kursun ilk dərs günlərindən Azərbaycan
şifahi xalq ədəbiyyatı fənnindən
seminar məşğələsi aparırdım. Məşğələlərin
mövzusu klassik aşıq poeziyası idi, klassik Azərbaycan
aşıq şeirlərinin
imtahan üçün
əzbərlənməsi zərurətini
xatırladır və
həmin şeirlərin
yerini göstərirdim.
Həmişə mühazirələrə
diqqətlə qulaq asan, seminar məşğələlərində
fəal iştirak edən nisbətən yaşlı görünən,
qaynarsözlü birtələbə
əlini qaldırdı:
—Müəllim, olarmı imtahanda mən öz bildiyim şeirlərdən əzbər
deyim?
Həmin
sualı verən indi folklorşünas kimi respublikamızda tanınmış Mürsəl
Həkimov idi.
M.Həkimov laborant işlədiyi
illərdə elmi iş də götürmüşdü. Onun
namizədlik işinin
mövzusu belə adlanırdı: "Aşıq
Hüseyn Cavanın həyat və yaradıcılığı". O üzü Göyçədən başlamış
Qazağa, Gədəbəyə,
Şirvana uzanan yolların yolçusu olmuşdu. Harda qədim el havası, saz havası var idisə, Mürsəl müəllim
ora tələsirdi.
Feyzulla Qasımzadə kimi şöhrətli alimin Mürsəl Həkimova elmi rəhbər olması ikiqat xoşbəxtlik idi.
Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən elm fədaisi yazmaqdan yorulmur, qazandığı
uğurlarla kifayətlənmir,
yeni tədqiqatlara baş vururdu.
Tələbə və müəllimlərin
sevimlisinə çevrilən
Mürsəl Həkimov
1966-cı ildən 1980-ci ilə
kimi filologiya fakültəsinin dekan müavini, dekan vəzifələrində şərəflə
işləmişdir.
O, 1973-cü ildə
"Orta əsrlər
aşıq ədəbiyyatı"
mövzusunda doktorluq işini müdafiə etmiş və professor adına layiq görülmüşdür.
Mürsəl Həkimov eyni zamanda vətənpərvər
ziyalı idi. Vaxtilə görkəmli yazıçımız İsmayıl
Şıxlıya ünvanladığı acıq məktub onun cəsarətindən,
məsuliyyətindən, ən
nəhayət, vətəndaşlığından,
torpağına, elinə,
dilinə, dininə bağlı bir insan olduğundan xəbər verirdi: "Bizə elə gəlir ki, respublikaya rəhbərlik edən yadelli cənablar (erməni məmurları nəzərdə
tuturdu-R.İ.) bilməlidirlər
ki, milli mədəniyyətinə, ədəbiyyatına,
incəsənətinə, dilinə
xor baxan gələcəyinə xor
baxar".
Biganəliyə dözə bilməyən
M.Həkimov Sumqayıt
hadisələri fonunda
"genosid" uydurmasına
qiymət verir: "Sumqayıt qırğınını
rusların köməyi
ilə ermənilərin
özləri yaratdıqları
halda, rus havadarlarının fitvası
ilə onu "genosid" adlandırırlar.
Təkcə Qriqoryan familiyalı bir cani özü 7 erməni öldürmüşdü".
Professor Mürsəl Həkimovun elmi yaradıcılığının
ana xəttini aşıq yaradıcılığı
təşkil edirdi.
Bu cəhətdən onun
1982-ci ildə çap
olunmuş "Azərbaycan
klassik aşıq yaradıcılığı" kitabını vərəqləmək,
oxumaq bunu deməyə əsas verir ki, professor nə qədər gərgin axtarışlar,
yorulmadan tədqiqatlar
aparmışdır.
Professor Mürsəl Həkimovun biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimova ilə birgə yazdığı "Yuxuyozmalar,
türkəçarələr, inam və etiqadlar"
kitabı mənəvi
dəyərlərimizi, adət
və ənələrimizi
yaşadan dəyərli
tədqiqat əsərlərindəndir.
Mürsəl Həkimovun qızı
Nübar xanım elmi işçidir. O, atasının əlyazmalarını toplayaraq
çap etdirmək ərəfəsindədir.
77 il ömür sürmüş görkəmli
alim Mürsəl Həkimovun zəngin irsi qalmışdır. O, Azərbaycanın
tarixi etnoqrafiyasını,
əfsanələrini, atalar
sözlərini və
digər folklor nümunələrini toplamış,
gələcək nəsillərə
miras qoymuşdur. M.Həkimov öz canlı tarix idi.
R.ALLAHVERDİYEV
Respublika.- 2011.- 14 aprel.- S. 5.