Milli Kitabxanada tədbir

 

Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, Mədəniyyət və Turizm Nazirliyinin və KİV nümayəndələrinin, Xocalı sakinlərinin iştirakı ilə keçirilmiş tədbiri kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Kərim Tahirov açmış və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

K.Tahirov "Xocalı soyqırımı" və "Soyqırım siyasəti" kitablarının da, eyni zamanda təqdimat mərasiminin keçirilməsini vurğulamışdır.

Slavyan Universitetində 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki, Qarabağ müharibəsi veteranı Sadir Məmmədovun "Xocalı soyqırımı" kitabı gənclərimizin və xarici qonaqların bu barədə məlumatlandırılması məqsədilə tərtib edilmişdir. On bir dilə tərcümə olunması nəzərdə tutulmuş bu kitab Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşmuş, qana susamış erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görmüş cəsur, igid polkovnik S.Məmmədov tərəfindən dəqiq faktlarla yazılmışdır. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu nəşrdə 26 fevral 1992-ci ildə ərazisi 930 kvadratkilometr, əhalisi isə 7 mindən artıq olan Xocalının erməni faşistləri tərəfindən yerlə-yeksan edilməsindən, dinc əhalinin vəhşicəsinə, xüsusi qəddarlıqla qətlə yetirilməsindən, istintaq komissiyasının tibbi ekspertizasının rəylərindən bəhs olunur.

Təqdim olunan digər kitab isə Natiq Abdullayevin "Soyqırım siyasəti" adlanır ki, bu da elmi əsaslarla oxuculara çatdırılır.

Sonra söz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verilmişdir. Vaqif müəllim məzmunlu və əhatəli çıxış etmiş, Xocalı faciəsinin təkcə azərbaycanlılara deyil, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliam olduğunu bildirmişdir.

Natiq sözünə davam edərək demişdir:

—Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gəlmişdir. Zaman-zaman azərbaycanlılara qarşı törədilmiş bu ağır, dəhşətli cinayətləri unutmaq olmaz. Əgər o vaxtkı rəhbərlər bu faciəni xalqdan gizlətməsəydilər, bütün dünya bu soyqırıma vaxtında siyasi qiymət verərdi.

İlk dəfə soyqırıma siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Artıq dünyanın bütün xalqları Xocalı həqiqətlərini dərk edir, anım günləri keçirilir, şəhidlərimizin xatirələri yad edilir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə təqdirəlayiqdir. Fondun bilavasitə təşkilatçılığı ilə Avropanın və dünyanın əksər ölkələrində Xocalı faciəsini əks etdirən sərgilər təşkil olunur, kitablar, bukletlər beynəlxalq təşkilatlara çatdırılır, o dəhşətləri əks etdirən filmlər göstərilir.

Tədbirin aparıcısı Kərim Tahirov bildirmişdir ki, 1993-cü illərdə Xocalı faciəsini əks etdirən bir kitab da tapa bilmirdik. Sərgidə nümayiş olunan kitablar artıq bizim qələbəmizdir. Hər bir vətəndaş, hər bir qələm sahibi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında bacardığını etməlidir. Kitabxanaya təqdim olunan kitabların hər biri elektron kataloqda yerləşdirilir və dünya ictimaiyyətinə çatdırılır.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2011.- 3 mart.- S. 6.