Səhnəmizin
Leylası
Rəsmi
titulları çox idi Leyla xanımın Azərbaycan
Respublikasının xalq artisti, SSRİ Dövlət
mükafatı laureatı, Azərbaycanın Dövlət
mükafatı laureatı və sair. Ancaq böyüyüb
boya-başa çatdığı Azərbaycanında hamı
onu Azərbaycan gözəli kimi tanıyırdı.
Azərbaycan
gözəli Leyla xanım 1920-ci ildə Bakıda anadan olub.
Atası Ağalar bəy, anası Bikə xanım Şəmkir
bəyzadələrinin nəslindən idilər. Belə bir nəcabətli
ailədə dünyaya göz açan Leyla xanım
ömrünün sonuna kimi nəcibliyini,
xanımlığını saxlaya bildi. Böyük
yaradanın ona bəxş etdiyi gözəlliyi isə
Tanrı özü qorudu. İlk dəfə səhnəyə
çıxanda balaca Leylanın 8 yaşı var idi. Anası
Bakıda Mərkəzi kəndçilər evi deyilən mədəniyyət
evinin tibb məntəqəsində işləyirdi. O, tez-tez
balaca Leylanı özü ilə iş yerinə aparardı,
Leyla da həvəslə aktyorların məşqlərinə
baxardı.
Bir dəfə
dərnəyin rejissoru Əlisəftər Babayev bu balaca
qıza diqqətlə nəzər salıb ded:
"Görürəm səhnəyə həvəsin var. Gəlsənə
özün kimi balaca bir rol tapşırım sənə".
Beləcə balaca Leyla ilk dəfə "Coşqun"
tamaşasında Coşqunun bacısı rolunda səhnəyə
çıxdı.
Leyla
Bədirbəyli kinoya da çox erkən gəlib. O, hələ
yeniyetmə ikən moskvalı rejissor D.Vertovun "Lenin
haqqında üç mahnı" sənədli filmində
pioner qız rolunda çıxış etmişdi. Bundan sonra
1937-1942-ci illərdə Azərbaycan Dövlət
Filarmoniyasının Mahnı Rəqs Ansamblının solisti
oldu. Gənc solist bu ansamblda "Bir dənəsən",
"Naz eləmə", "Tərəkəmə" rəqslərini
elə məharətlə ifa edirdi ki, neçə on illər
keçməsinə baxmayaraq, sənət adamları bu barədə
fəxrlə danışırlar.
Böyük
sənətkar peşəkar teatr səhnəsinə gəlməzdən
əvvəl 1937-ci ildə "Dəcəl dəstə"
fılmində pioner dəstə rəhbəri, 1941-ci ildə
"Səbuhi" filmində Tubu, 1942-ci ildə
"Sovqat" fılmində Ayna rollarında oynayıb.
"Dəcəl dəstə" uşaq fılmi 70 ildir ki,
göstərilmirdi. Çünki surəti yox idi. Dövlət
Film Fondunun təşəbbüsü ilə bu film Moskva kino
arxivindən alındı. Bu gün bizim həmin filmdə
çox gənc, 17 yaşlı Leyla Bədirbəylini görmək
imkanımız var.
Leyla
Bədirbəylinin teatrda ilk çıxışı
M.İbrahimovun "Məhəbbət tamaşasında Zəhra
rolu olub. Bunun ardınca A.Ostrovskinin "Tufan" əsərində
Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində
"Pəri Cadu" tamaşasında Pəri, "Vaqif'"də
Gülnar və Xuraman, "Xanlar"da Mehriban, "Solğun
çiçəklər"də Sara, "Almaz"da Almaz,
"Şərqin səhəri" əsərində Dilarə,
"Xoşbəxtlər”də İncə, "Əliqulu evlənir"də
Qumral, "Kəndçi qızı"nda Göyərçin,
"Şeyx Sənan"da Zöhrab, "Uzaq sahillərdə"də
Anjelika, "Otello"da Dezdemona, "Canlı meyif"də
Liza və digər rollar ifa edib. Leyla xanım tamaşalarda əsasən
baş rolların oynayıb, kinoda olduğu kimi.
Sənətkarın
həyatında ən əlamətdar il 1945-ci il oldu. Həmin il "Arşın
mal alan" filmi çəkildi. Filmin qəhrəmanı Gülçöhrə zərifdir,
gözəldir və həssasdır. O, Öz
həmyaşıdlarından azad seçim və əsl məhəbbət arzusunda
olması ilə fərqlənir. O, öz hissləri ilə sanki bütün cəmiyyətə meydan oxuyur. Axı o gözəl arşınmalçını
sevib. Atasının hədə-qorxusuna baxmayaraq, Gülçöhrə
öz məhəbbətindən
imtina etmir, əksinə, axıracan öz məhəbbətini
müdafiə edir.
Leyla
xanımın oyununda Gülçöhrənin hisslərindəki
cəsarətsizliklə qətiyyət o qədər təbii,
səmimi alınıb ki, uzun illər aktrisanın adı bu qəhrəmanın
adı ilə uyğun səslənib.
"Arşın
mal alan" qısa vaxt ərzində dünya şöhrəti
qazandı və dünyanın bir çox xalqların bəstəkarın
sehrli musiqisinə, mənalı yumoruna heyran qaldılar.
"Arşın mal alan"a görə yaradıcı qrup, o
cümlədən Leyla Bədirbəyli 1946-cı ildə
SSRİ Dövlət mükafatına layiq gorüldülər.
Leyla
Bədirbəyli yaratdığı Gülçöhrə
obrazı ilə əlaqədar dünyanın müxtəlif
ölkələrindən məktublar almışdı.
Bolqarıstandan gənc qadının ona göndərdiyi məktub
bu sözlərlə qurtarır: "Mən beş oğulun
bir bacısına məharətlə oynadığınız
Gülçöhrənin adını verdim.
Bolqarıstanın Gülçöhrəsi sizin kimi
şöhrət qazansa, özümü xoşbəxt
sayaram".
Aktrisanın
"Səbuhi" fılmində iştirakı ilə
bağlı bu sözlərə rast gəlirik; "Film
üçün aktyor seçmək rejissorları çox
düşündürürdü. Onlar filarmoniyaya getdilər.
Məqsədləri Leyla Bədirbəylini bir daha rejissor
gozü ilə yoxlamaq idi. Nəhayət, milli paltar geymiş
Leyla səhnəyə gəldi. Azərbaycan xalq
çalğı alətləri üçlüyünün
müşayiəti ilə "Tərəkəmə" rəqsini
elə məharətlə oynadı ki, rejissorlar dərhal səhnənin
arxasına keçib Leyla ilə görüşdülər".
Leylanın boy-buxunu, incə rəqsləri rejissorları valeh
etmişdi.
Leyla
Bədirbəyli "Səbuhi" filmində M.F.Axundovun səmimi
və mehriban həyat yoldaşı Tubu xanımın
obrazını yaratdı. Məhz "Səbuhi" filmindən
sonra Leyla Bədirbəyli teatrda işləmək
üçün dəvət aldı. Aktrisanın özü
həmin dövrü belə xatırlayırdr. "Xalq
yazıçısı Mirzə İbrahimov, Ənvər Məmmədxanlı,
Rəsul Rza, Rza Təhmasib və Adil İsgəndərov kimi sənətkarların
təsiri ilə mən günlərin bir günü
fılarmoniya səhnəsindən Akademik Dram Teatrının səhnəsinə
dəvət olundum. Bu dövrü mən
yaradıcılığımın ikinci və daha
mühüm dövrü hesab edirəm".
Qeyd
etmək lazımdır ki, Leyla Bədirbəylinin kinoda aktyor
taleyi olduqca uğurlu olub. O, öz
yaradıcılığında həmişə yüksək
insani keyfiyyətlərə malik milli koloritli qadınların
bədii obrazlarını təcəssüm etdirib. Leyla
xanımın çəkildiyi filmlərin tematik dairəsi
geniş, qəhrəmanları müxtəlifdir. O, əlliyə
yaxın bədii, bədii-televiziya, qısametrajlı bədii
filmdə çəkilib, bacılarımızın,
analarımızın, nənələrimizin obrazlarını
yaradıb. Onun "Fətəli xan" və
"Koroğlu" filmlərində yaratdığı Tuti
Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin
nəzakətli, incə və etibarlı arvadları deyil, həm
də igid, cəsur məsləkdaşlarıdır.
Tuti
Bikə Fətəli xanın həyat yoldaşıdır. O,
sədaqətli qadın, fədakar ana, cəsarətli
döyüşçüdür. Leyla xanım qəhrəmanını
bu keyfiyyətləri ilə bizə təqdim edir və yadda
qalır.
Məşhur
"Koroğlu" xalq dastanının eyniadlı variantı
olan kino dastanında Leyla Bədirbəyli Koroğlunun sevgilisi,
Həsən xanın qızı Nigarın surətini
yaradıb. Nigar xan qızı olsa da, Rövşəni həqiqi
məhəbbətlə sevir. Atasının zülmkar əməlləri
onu bərk narahat edir. Buna görə o, əzab çəkir,
saray mühiti onu sıxır. Nəhayət, Nigar imkan tapan
kimi qaçıb Çənlibelə-Koroğlunun yanına
gedir. Aktrisa Nigarın keçirdiyi iztirablarını, həyəcanlarını,
daxili gər-ginliyi bacarıqla göstərə bilib.
"Onun
böyük ürəyi" filmindəki Xalidə rolunu qeyd
etmək yerinə düşərdi. Burada aktrisa böyük
psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini
və inamsızlıq hissini açıb göstərə
bilib. Xalidə və Rəcəb bir-birlərini sevirlər.
Böyük Vətən müharibəsi başlanandan sonra Rəcəb
cəbhəyə gedir. Xalidə onun qayıdacağına
inanmır. O, öz həyatını yaşamağa
başlayır. Rəcəb döyüşlərin birində
ağır yaralanır, gözləri tutulur. Rəcəbi bu vəziyyətdə
görən Xalidə birdəfəlik ondan uzaqlaşır.
Xalidədə əziz adama olan inam hissi yox olur. Xalidə
obrazı aktrisa L.Bədirbəylinin xarakterinə, təbiətinə
uyğun olmasa da, bu rolun öhdəsindən layiqincə gəlib.
Azərbaycan
və Özbəkistan pambıqçılarının ənənəvi
dostluğundan bəhs edən "Görüş"
kinokomediyasında məhəbbət mövzusu ilə bağlı
bir neçə sujet xətti var. Bunlardan biri Bilqeyis-Musa xəttidir.
Filmdə gənc pambıqçı Bilqeyisin obrazını
Leyla Bədirbəyli yaradıb. Bilqeyis qabaqcıl
pambıqçı olmaqla yanaşı, həm də
qayğıkeş bacıdır. Qardaşı Kamilin
avaralığına göz yummayan bacı onu hər cür
cidd-cəhdlə düz yola qaytarmağa
çalışır. Leyla xanımın ifasında Bilqeyis
ismətli, həyalı, mehriban, işgüzar, müasir Azərbaycan
qızlarının ümumləşdirilmiş
obrazıdır. Biz bunu Bilqeyisin sevgilisi Musaya olan münasibətində
də aydın görürük.
Leyla
Bədirbəyli müxtəlif illərdə çəkilmiş
"Kölgələr sürünür" filmində Leyla,
"İntizar"da Ana, "Sevil" film-operasında Tafta,
"Gilas ağacı”nda nənə, "Bizim küçənin
oğlanları"nda Leyla, "Çarvadarların izi ilə"də
Məfruzə, "Vulkana doğru"da Gülsüm,
"Kişi sözü"ndə ana, "Dərviş Parisi
partladır"da Şəhrəbanı xanım, "Asif,
Vasif, Ağasif"də nənə, "O dünyadan
salam" filmində Kəblə Fatma və başqa filmlərdə
maraqlı surətlər yaradıb.
Leyla
xanım bu filmlərdə gənc qadın, ana, nənə
rollarının hamısında məlahətlidir, gözəldir,
istər bisavad Kəblə Fatma, Şəhrəbanı
xanım olsun, istərsə də müasir nənələr.
Hərənin öz xarakteri, öz həyat tərzi var.
Leyla
Bədirbəyli milli teatr və kinodakı fəaliyyəti ilə
uzun illər Azərbaycan incəsənətinə, mədəniyyətinə
öz töhfəsini verib. O, "Azərbaycanfilm"
kinostudiyasının aktyor şöbəsində işləyərkən
istedadlı gənclərin inkişafına
çalışır, onlara dəyərli məsləhətlərini
verirdi.
Leyla
Bədirbəyli eyni zamanda Azərbaycan Milli
Televiziyasının göstərdiyi bir çox televiziya
tamaşalarında da müxtəlif rollar ifa edib, uzun illər
televiziyanın "Aktyor, kino, rol" verilişinin aparıcısı
olub.
Böyük
sənətkar həyatı ilə bağlı ona verilən
suala vaxtilə belə bir cavab verib: "Mənim həyatımı
uzun bir yola bənzətsək, bu yol heç də həmişə
hamar olmayıb. Sevinc dolu günlərim də olub, kədərli
günlərim də. Bir sözlə, məşəqqətli
və ilhamlı günlər yaşamışam. Amma heç
vaxt sızıldayıb, ah-uf eləməmişəm".
"Leyla
xanım nəcib olduğu qədər də mərd, alicənab
insan idi. O, çox xoşbəxt insan idi. Ona görə ki, o
vaxtlar doğulan qız uşaqlarının adını Leyla
qoyardılar və gənc bir qızın gözəlliyini
Leyla xanımla müqayisə edərdilər. Qızları
ona oxşadardılar. Leyla xanımda insan əxlaqı, insani
keyfiyyətlər çox yüksək idi, işıqlı,
nurlu qadın idi. Qadın, sənətkar, şəxsiyyət.
Bu üçlük Leyla xanımı ilahiləşdirmişdi.
Onun haqqında nə qədər danışsaq
yorulmarıq". Bu sözlərin müəllifi Adil İsgəndərovun
çəkdiyi "Əhməd haradadır" filmindəki əsas
rollardan birini ifa edən sürücü Əhməd, yəni
Elxan Qasımovdur. Ömrünün 47 ilini kinoya həsr edən
Elxan müəllim sənətdə Leyla xanımla
çiyin-çiyinə çalışıb. Onu həm sənətkar
kimi, həm nəcib bir insan kimi sevib, hörmət edib. Deyir
ki, səhnəmiz Leylasız qalıb. O, səhnəmizin
Leylası idi. Onun həm teatrda, həm kinoda
yaratdığı obrazlara indi də tamaşa edəndə
düşünürsən ki, doğrudan da, Leyla xanım səhnə
üçün yaranmışdı, Azərbycan mədəniyyətinin,
incəsənətinin səhnəsi üçün.
Fəxrəddin MUSTAFAYEV
Respublika.- 2011.- 1 yanvar.- S. 8.