İşıqlı ömür dastanı

 

Altay Məmmədov Azərbaycan milli nəsrinin lirik təcrübəsini, poetik təhkiyə ənənəsini davam etdirmiş dəyərli yazıçılarımızdandır.

Altay Məmmədov nəsrinin özəlliyi ondadır ki, müəllif "məni" eşidilən görümlüdür. Təhkiyə - süjet boyu müəllif obrazının "görümlü" olması mətnə ayrıca romantik aura gətirir.

Mətnlərin içinə səpələnmiş lirik ricətlər dil-üslub ekspressivliyini artırır. Məsələn: "Geri qaytarılması mümkün olmayan, həmişəlik itirilmiş aləmin xatirələri. Zilnur, sakit küçə mən ..." - bu, təhkiyəyə müəllif müdaxiləsidir.

Bu nəsrin pafosu simvolik oxucuyla (həmsöhbət, dinləyici ilə ) paylaşmaq zərurəti ilə şərtlənmişdir, çünki xatirə möhürü vurulur, unudulmaq təhlükəsi olan günlərin bədii hesabatı kimi təqdim olunur. Yazıçını qadın personajların bioloji təbiəti deyil, mənəvi mahiyyəti maraqlandırır -bu, yaddaşda lirik başlanğıcın üstünlüyündən irəli gəlir.

A.Məmmədov üçün yaddaşın funksiyası vəzifəsi şahidlik etməkdir, özünün təbiri ilə desək, "qaranlıq ulularının keçdiyi yola baxmaqdır". Qəhrəmanların taleyi səbəb-nəticə müstəvisində verilir.

"Yadigar bulaq" povestinin poetik girişi göstərir ki, lirika epos olmağa, eposa çevrilməyə qədər çalışsa da, poeziya ilkinliyindən qətiyyən qurtula bilmir. Epik təhkiyə "peyzaj xatirəsinin" ritmi ilə köklənir. Diqqət yetirək:

"Yollar, dağ yolu. Aşağıda, lap aşağıda, dərənin dibi ilə, başlanğıcını çeşmələrdən alan çay qıjıldayır, yuxarıda, lap yuxarıda, uca dağın boyunca sarılmış dolay-dolay yol ağarır".

"Səs həmişə keçmişdən gəlir, Bu, yaddaşın səsidir, əcdadların səsidir". Əslində deyimlər sistemi, dialoqlar, müəllif ricətləri keçmişin səsləridir.

Göz-baxış personajların yaşını göstərmir, həm tale əlaməti kimi çıxış edir. Göz taleyin metonimiyasıdır. "Baxışlarım xırnik ağacının yarasında dondu. Az sonra onun yerində topa-topa buludlar göründü. Xatirələr dünyasının üfüqlərindən mənə sarı on üç yaşlı bir qız yüyürürdü... Gözləri dumduru, gözləri mavi dəniz..." Narıncın taleyi gözlərindən oxunur: "Narınc sanki nəzərlərini səfərbər elədi, bulanıq gözlərinə azacıq parıltı gəldi. Hələ məni tanıya bilmirdi. Gözlərinin altı qırışlarla örtülmüşdü..."

Bu nəsrin təhkiyəsində Gəncə "impressionizmi" "hakimi-mütləq"dir. Elə burdaca qeyd edim ki, nədənsə Gəncə şairləri ömrün şeiriyyətini melanxolik ovqatda verirlər ( Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Nigar Rəfibəyli poeziyasının melanxolik havası hələ yadımızdadır).

Altay Məmmədovun təhkiyəsinə keçən günün nostaljisi kədəri hopubdur. Ancaq bu kədər işıqla qarışıqdır. Kədər halal olanda xatirə yazıçı təhkiyəsi işıqlı olur. Müharibə dövrünün sıxıntıları, məişət çətinlikləri, uşaqlıq qayğıları pozitiv-işıqlı fonda verilir. Bu işığı pozitivliyi gətirən ümid hissidir.

Bəlkə hər şeyi, hər bir hadisəni melanxolik ovqatda hiss etdiyindəndir ki, dünya başqa cür-işıqda görünür. Bir kitabının "Xatirələr işığında" adlanması təsadüfi deyil.

Yazıçı hekayələrində, xatirələrində fərdi mifoloji təfəkkürü, tarixi araşdırmalarında etnik mifoloji təfəkkürü bərpa edir. ("Oğuz səltənəti", "Kəngərlər")

Altay Məmmədovun bütün əsərləri (hekayələri, povestləri, dramları) lirik ömür dastanının, "ailə sədası"nın fraqmentləridir, boyları-qollarıdır.

Bu lirik dastanın havası onun tarixi araşdırmalarına da təsir etmiş, etnik keçmişə yanaşmanın "metodologiyasını" müəyyən etmişdir.

A.Məmmədov "Kəngərlər"i dövlət kimi bəyan təqdim etsə , araşdırmanın içindən şəcərə tarixi boylanır.

A.Məmmədov üçün tarixi-mifik əcdadların şəcərəsi etnik özünüdərkin, tarixi bilginin ilkin qeydiyyat formasıdır. Qohumluq-doğmalıq münasibətləri soy-nəsil əlaqələr sistemini formalaşdıran əsas kateqoriyalardır. Ata-oğul, qadın-kişi münasibətləri nikah (evlənmə) münasibətləri bir-birinə bağlı olmasa da, həm zaman üzrə nəsillərin əlaqəsini yaradır, həm məkanda bütövlüyün əsas şərtidir.

Türk soylarının mənşəyi tarixi ilə bağlı mifoloji tarixi hadisələrin, faktların seçimi təqdim prinsipi yazıçı fəhmi araşdırmanın daxili məntiqi gerçəkləşib. Bu məntiq həm mifoloji, hətta deyərdim ki, nostaljilirik xarakterə malikdir.

Mifik əcdadlar, sülalə əlaqələri, tayfa-nəsil tarixində baş vermiş mühüm hadisələr təhlilə cəlb edir, paralellər aparır, nəsil-sülalə tarixini dövlətçilik tarixi ilə (müharibələr, sosial ierarxiyanın dəyişməsi s.) əlaqələndirir. Etnosun taleyi fərdin, konkret bir ailənin taleyi kimi araşdırılır.

Oğuz əcdad arxetipinin daşıyıcısı kimi oğuz səltənətini mifik statusdan azad edib, ona tarixi gerçəklik statusu verməyə çalışır.

Tarixçi-filoloq A.Məmmədovun üslubunu bir tərəfdən tarixi faktların konkretliyi, xronoloji dəqiqlik formalaşdırırsa, digər tərəfdən ritorik tonallıq, poetik obrazlılıq bu əsərləri oxunaqlı edir. Məsələn: "Dədə Qorqud" eposu tarix okeanının ən dərin qatlarına enə bilən batiskafa bənzəyir. Onun vasitəsilə müəyyən qatları aydınlaşdırmaq, onun hansı dövrlərlə bağlı olduğunu öyrənmək mümkündür" ("Oğuz səltənəti").

Yazıçı fəhmi tarixi duyumu, landşaft həssaslığı türk tayfalarının yerini, yürüş istiqamətini görməyə imkan verir. "Kerçdən, Azov sahillərindən Zaqafqaziyaya kimmerlərin keçdiyi yol nisbətən çətin olsa da, daha yaxındı. İşquzlar onları izləsəydilər hətta 30-40 il sonra onların ardınca gedəsi olsaydılar belə qısalığına görə həmin yolu seçməli idilər. Lakin İşpakanın başçılığı altında işquzlar uzaq, təhlükəsiz bir yol seçmişlər. Onlar Qara dəniz sahilinə yaxın yola da, Xəzər boyu yola da eyni dərəcədə bələd idilər". ("Oğuz səltənəti")

Qəribədir: Altay Məmmədovun xronotop (zaman) - dəyər fəlsəfəsində ilk görüş müsbət dəyərə malikdir. "İlk görüş" həmişə yadındadır. N.Hikmətə həsr olunmuş xatirə-povestində bir detal diqqəti cəlb edir. "Axırıncı görüşün ili, ayı yadımda deyil. "İNTURİST"in birinci mərtəbəsində görüşdük..."

Etnosların tarixi eyni zaman ilə eyni dəyəri ilə yaşanılır. Etnosun tarix səhnəsinə gəlişini sanki bilir, ("İki min dörd yüz il əvvəl" Kəngərlərin tarixi belə başlayır) ancaq "səhnədən getdiyini unutduğundan, bu tarixi bərpa etmək istəyir.

Hər şeyin mahiyyəti mütləq işıqla vəhdətdədir. Bir-iki misal gətirək: "amma mən görmüşəm, mənim anamın saçları qara işıq idi, gündüzün özü qaranlıq, anamın qara, zil saçlarısa işıq idi, gözqamaşdıran işıq. O qara saçlarda elə parlaqlıq, elə işıltı, elə şəfəq vardı ki, indiyə qədər onları heç bir maddədə           görməmişəm..."

("Anam qocalmışdı"), yaxud: "Bir dəfə işıq keçəndə hörüyün birinin ucunu gül dəstəsi kimi burnuma yaxınlaşdırdım... İşıq yanan kimi mən hörüyü iki partanın arasına saldım. Pəncərədən bir cüt qara göz baxdı, təmiz işıqlı... " ("Narınc")

Altay Məmmədovun ən çox sevdiyi metafora "işıq" metaforasıdır. O, Üzeyir bəyin ömrünü işığa bənzədir: "Üzeyirin qəlbində bu işıq el üçün yanmışdır... Bu işıq xalqa verilməli idi, lakin bu işığı bəsləmək, daha da böyütmək istəyirdi..."

Altay Məmmədovun "Ömür dastanı" da beləcə işıqlıdır.

 

 

Rüstəm KAMAL

 

Respublika.- 2011.- 6 yanvar.- S.3.