Azərbaycan memarlarının uğurları

 

Müasir Azərbaycan memarları respublikanın zəngin memarlıq ənənələrini layiqincə davam etdirərək beynəlxalq müsabiqələrdə uğur qazanmış, xarici ölkələrin elmi dairələrində yüksək nəticələrə nail olmuşlar.

Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının 2011-ci ilin oktyabr ayında Minsk şəhərində keçirdiyi MDB ölkələrinin və bir neçə Avropa ölkəsi memarlarının işlərinə baxış müsabiqəsində Azərbaycan memarları böyük müvəffəqiyyət qazanaraq müxtəlif dərəcəli 8 diploma layiq görülmüşdür. Müsabiqədə iştirak edən ölkələrin memarları birlikdə cəmi 14 diplom almışlar. Bizim memarların nəticəsi ayrı-ayrı götürüldükdə bütün iştirakçıların hər birinin nəticəsindən qat-qat üstün olmuşdur. Respublika memarlarının layihələrinə verilmiş bu yüksək qiymət müasir memarlarımızın çox güclü yaradıcılıq imkanlarına malik olmasından xəbər verir. Memarlarımızdan Elbəy Qasımzadə, Nəriman İmaməliyev, Nazim Vəliyev, Kamal Musaxanov Cahangir Axundov, İlqar İsbatov, Zaur Qafarov, Elçin Əliyev müxtəlif nominasiyalar üzrə diplomlara layiq görülmüşlər.

Bu günlərdə respublikanın görkəmli memarı Ənvər Qasımzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Memarlar İttifaqı İdarə Heyətinin sədri Abbas Ələsgərov müsabiqədə fərqlənmiş memarlara diplomları təqdim etmişdir. Memarlarımızın bu uğuru Memarlar İttifaqının 75 illiyinə layiqli töhfə olmuşdur.

Eyni vaxtda Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş Rusiya Memarlıq və İnşaat Akademiyasının illik yığıncağında Azərbaycanın tanınmış memarı, pedaqoq və alim Ramiz Əbdülrəhimov uzunillik elmi yaradıcılıq və memarlıq fəaliyyətinə görə bu akademiyanın üzvü seçilmiş və ona akademiyanın diplomu, qızıl suyuna çəkilmiş döş nişanı təqdim edilmişdir.

R.Əbdülrəhimovun layihələri əsasında Rusiyanın bir neçə şəhərində möhtəşəm binalar tikilmiş, tanınmış memar elmi konfranslarda aktual mövzulara dair maraqlı məruzələrlə çıxış etmişdir.

Respublikamızın Memarlıq Cəmiyyətinə şərəf gətirən Azərbaycan memarlarının qazandığı bu uğurlar həm də zəngin memarlıq ənənələrimizin ölkəmizdən kənarda, beynəlxalq aləmdə təntənəsi, qələbəsidir.

 

 

Yaşar Bağırlı

 

Respublika.- 2012.- 29 aprel.- S.8.