| İnformasiya cəmiyyəti və Polis Akademiyası

 

Azərbaycan Respublikasında informasiya cəmiyyətinin qurulması dövlət siyasətində prioritet istiqamətlər sırasındadır. Sosial-hüquqi təsisat kimi dövlətin əsas vəzifələrindən olan vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin səviyyəsini artırmaq üçün elektron vasitələrdən istifadə nəticə etibarı ilə məhsuldarlığın artması ilə xarakterizə olunur.

2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya (2003-2012-ci illər)” Elektron Hökumətin yaradılmasının bünövrəsi olmuşdur. Adıçəkilən Milli Strategiya çərçivəsində bütün dövlət-hakimiyyət orqanlarının fəaliyyətində yeni müstəvi olan — elektron idarəçilik fəaliyyəti artıq günümüzün reallığıdır.

Cəmiyyətin idarəedilməsində vacib olan təhsil sahəsinin də məzmunu informasiya-kommunikasiya texnologiyalarından istifadə hesabına genişlənir.

Milli təhsil konsepsiyasının müasirləşdirilməsi, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsi, mənəvi-intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsi dövlətimiz üçün prioritet olan sahələrdəndir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil islahatları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Həmin uğurlar milli təhsil sistemində müasir standartlara cavab verən informasiya-kommunikasiya texnologiyası və ondan istifadə edilməsinin təşkilini zərurətə çevirir. Bu sahədə görülən işlər yetişməkdə olan gənc nəslin intellektual fəaliyyət imkanlarını artırmağa şərait yaratmaqla, informasiya və kommunikasiya texnologiyalarından istifadənin müasir cəmiyyətdə təhsilin vacib ünsürlərindən birinə çevrilməsinə zəmin yaradır. Son dövrlər informasiya texnologiyalarının inkişafı tədris prosesində əvvəlki texnologiyalardan fərqli olaraq yeni imkanlar yaratmışdır. Bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyətinin formalaşmasında, ilk növbədə onların İKT-dən səmərəli istifadəsi dominantlıq təşkil edir.

Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması diqqətdə saxlanılan istiqamətlərdən olmuşdur. Təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir. Adları çəkilənlər milli təhsildə aparılan islahatların çox vacib hissələrindən biri olmaqla, təhsil müəssisələrində İKT infrastrukturunun qurulmasına yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” milli təhsil sisteminin dünya təhsilinə, habelə təhsilin bütün sahələrinə aid olan məlumatları özündə cəmləşdirən virtual dünyaya inteqrasiya yönümündə xüsusi əhəmiyyət kəsb etmişdir. Həmin proqramın həyata keçirilməsi nəticəsində ölkənin təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasında yüksək dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin İKT əsasında qurulması üstünlük təşkil etmişdir.

Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri İKT-ni tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Dövlət siyasətində təhsilin prioritet istiqamətinin nəticəsidir ki, müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq olunması ilə vahid ümummilli təhsil mühitinin yaradılmasını təmin edən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təhsil sektorunun inkişaf strategiyasını müəyyən etmişdir. Adıçəkilən Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)” əsasında hazırlanmışdır. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkə təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.

Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirmiş, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoymuşdur. Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Birləşmiş Millətlər Təşkilatı XXI əsri “təhsil əsri” elan etmişdir. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında xüsusilə ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir.

Akademik Ramiz Mehdiyev “Modernləşmə xətti yenə də gündəlikdədir” adlı elmi məqaləsində haqlı olaraq qeyd edir ki, bəşəriyyət artıq öz inkişafının informasiya cəmiyyəti deyilən mərhələsinə qədəm qoymuşdur. İnformasiya cəmiyyəti tədricən post-modernin, adət etdiyimiz norma və dəyərləri sürətlə dəyişdirən postindustrial cəmiyyətin bir hissəsi kimi həyatımıza daxil olur. Kompyuter texnologiyalarının, kosmik rabitənin, informasiya yeniliklərinin misli görünməmiş inkişafı, digər oriyentlərində aksentlərin dəyişməsi, yeni bio və nanotexnologiyaların kəşfləri və s. buna əyani sübutdur.

“2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı təhsil sistemində köklü dəyişikliklərin əsasını qoymaqla, ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya deklarasiyasının prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması siyasətini müəyyənləşdirmişdir.

Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri hesab olunur. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşdirilə bilər.

İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.

Qeyd olunan dövlət proqramlarının icrası

na dair Polis Akademiyasında ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca modernləşməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, tədris prosesində mühazirə dərsinin əyaniliyini artırmaq, multimedia texnologiyalarını tətbiq etmək məqsədilə mühazirə zallarında interaktiv lövhə texnologiyası quraşdırılaraq istifadəyə verilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının daha dərindən mənimsənilməsi məqsədilə DİO-da idarəetmənin təşkili və ixtisasartırma fakültəsinin dinləyiciləri üçün müasir tələblərə cavab verən kompyuter sinfi təşkil olunmuş, akademiyanın ümumi kitabxanasında AİY sayı artırılmaqla köhnə kompyuterlər yeniləri ilə əvəz olunmuş və müvafiq proqram təminatları ilə təchiz edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”), “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” 10 aprel 2008-ci il tarixli sərəncamı elm konsepsiyasının işlənməsi və həyata keçirilməsi məsələlərini aktuallaşdırmışdır. Dünyanın bir çox dövlətlərində olduğu kimi, elm layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində respublikanın elmi qurumlarının virtual elmi informasiya məkanının yaradılmasını və onun dünya elminə inteqrasiyasını nəzərdə tutur. Virtual informasiya sistemlərinin ənənəvi təhsil sisteminə tətbiqi nəticəsində yaranan yeni təhsil sistemi insanların intellektual imkanlarını dəfələrlə artırır, daha çox informasiyanı məkan fərqi olmadan az vaxt ərzində, keyfiyyətli mənimsəməyə, virtual təhsil və s. bu kimi müasir təhsil texnologiyalarını tətbiq etməyə imkan verir. Bu məqsədlə DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi ilə birgə Polis Akademiyasında virtual sinif (telekonfrans texnologiyası) sistemi təşkil olunmuşdur.

Müasir pedaqoji praktikada texnoloji təlim metodikası çərçivəsində, elektron təlim vasitələrinin tətbiqi müasir təhsil sisteminin inkişaf etdirilməsində aparıcı tendensiyadır. Bu baxımdan, qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq internet texnologiyalarının təhsil imkanlarından təlim prosesində istifadə olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Bu baxımdan internet texnologiyalarının təlim prosesində tətbiqinin didaktik-metodoloji və metodik əsaslarının tədqiq edilməsi, elektron tədris sistemlərinin effektivliyinin artırılması nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə Polis Akademiyasının kafedra, şöbə və bölmələri, eləcə də ümumi kitabxana genişzolaqlı yüksək sürətli internet şəbəkəsinə qoşulmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 17 fevral 2003-cü ildə imzaladığı “2003-2012-ci illərdə Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” Azərbaycanda İKT sektorunun inkişafına güclü təkan verdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Hökumət) Azərbaycanda elektron hökumətin qurulmasına dövlət tərəfindən xüsusi əhəmiyyət verildiyini bir daha sübut etdi. XXI əsrdə dünyada hökumətin fəaliyyətini asanlaşdıran, bürokratik əngəlləri aradan qaldıran elektron hökumətin normativ-hüquqi bazası Azərbaycan Respublikasında da formalaşmışdır.

Bu gün qlobal cəmiyyət mövcud problemləri həll etmək üçün yeni ictimai quruluş tipinə keçid almaqdadır. Bu da bütün sahələrdə ənənəvi dəyərlər sisteminin, təşkilatlanma formalarının, inkişaf strategiyalarının sistemli şəkildə, kökündən yeniləşməsini tələb edir. Formalaşmaqda olan yeni cəmiyyət tipini superindustrial, elmi, informasiya, bilik, intellekt cəmiyyəti, texnotron era və s. kimi adlandırırlar.

Təsadüfi deyil ki, artıq vətəndaş cəmiyyəti, hüquqi dövlət quruluşu kimi qlobal tarixi vəzifələr sırasına daha biri–innovasion elm cəmiyyəti qurmaq vəzifəsi də əlavə olunmuşdur. Daha dəqiq desək, demokratik cəmiyyətin uğuru və tərəqqisi həm də innovasion inkişaf modelinin nə dərəcədə müəyyənləşdirilməsindən, uğurlu həyata keçirilməsindən də asılı olmuşdur.

Azərbaycanda innovasion cəmiyyət quruculuğunun ictimai, mədəni, elmi əsaslarının qurulması dünya birliyinə inteqrasiyanın mühüm şərtlərindəndir. Məhz bu səbəbdən də dünya elminə və informasiya cəmiyyətinə inteqrasiya dövlət siyasətimizin mərkəzində durur.

Müasir dünyanın inkişaf etmiş ölkələrində, qabaqcıl müəssisələrdə “intellektual kapital üzrə direktor” kimi peşə sahibləri geniş fəaliyyət göstərir. Tükənən təbii sərvətlərlə müqayisədə, tükənməyən, əbədi sərvət–insan zəkası enerji və güc mənbəyinə, inkişafın təkanına çevrilir. Başqa sözlə, qüdrətli Azərbaycan dövlətinin, demokratik cəmiyyət quruculuğunun, xalqın maddi və mənəvi rifahının başlıca qarantı rolunda çıxış edən məhz cəmiyyətin intellektual potensialıdır.

Daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasında, beynəlxalq əlaqələrin təşkil olunmasında, əhalinin maarifləşdirilməsində, eləcə də polisin fəaliyyətinə dair vətəndaşların informasiya tələbatlarının və bu sahədə hüquqlarının, həmçinin nazirliyə və onun tabeli qurumlarına müraciətlərin göndərilməsi məqsədilə istifadə olunan Polis Akademiyasının veb-saytı akademiyada keçirilən tədbirlərin mütəmadi olaraq, internet səhifəsində yerləşdirilməsi və ictimaiyyətə çatdırılması tərəfimizdən təxirə salınmadan həyata keçirilmişdir.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət alması ölkəmizdə də prioritet sahələrdən hesab olunur. Ölkə Prezidentinin “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiya”ya dair imzaladığı sərəncam bu sahənin inkişafına göstərdiyi diqqətin əlamətidir. İKT-nin tətbiqinin sürətlənməsi, Elektron Hökumətin qurulması istiqamətində atılan addımlar sırasına Daxili İşlər Nazirliyində tətbiq olunan Elektron Sənəd Dövriyyəsini (ESD) misal göstərmək olar. Hazırda bu sistem DİN-in Polis Akademiyasinda da tətbiq edilməkdədir. ESD sisteminin təşkil edilməsi ilə əlaqədar Polis Akademiyasında zəruri tədbirlər görülmüş, 60 iş yeri kompyuter və digər avadanlıqlarla təchiz edilmiş, hər bir istifadəçiyə ESD-la işləmək üçün istifadəçi kitabçası verilmişdir.

Son zamanlar daxili işlər orqanlarının praktiki fəaliyyətində, cinayətkarlıqla mübarizə sahəsində informasiya texnologiyalarının tətbiq edilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. “DİN sistemində yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı görülən işlərin vəziyyəti və bu sahədə müvafiq İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası DİN-in 25 sentyabr 2007-ci il tarixli KQ-5/1 nömrəli kollegiya qərarına əsasən informasiya texnologiyalarını tətbiq etməklə informasiya təminatının effektivliyinin artırılması, informasiyanın toplanması, emalı, mübadiləsi, istifadəsi və avtomatlaşdırılmış idarəetmə sahələrinin təşkil edilməsi ilə bağlı DİO fəaliyyətinin strateji xətti müəyyən edilmişdir. Bu istiqamətdə Polis Akademiyasında müasir kompyuter texnikasından istifadə etməklə gələcək xidməti fəaliyyətdə hüquq pozuntularının müəyyənləşdirilməsində və araşdırılmasında kriminalistik bilik və elmi-texniki vasitələrin tətbiqi ilə bağlı müdavimlərdə peşəkar vərdişlərin aşılanması məqsədilə “Fotorobot proqramından istifadə etməklə şifahi portretin tərtib edilməsi və şəxsiyyətin eyniləşdirilməsi” rubrikası altında praktiki məşğələlər keçirilir.

Müasir informasiya-kommunikasiya texnologiyalarının daxili işlər orqanlarının idarəçilik fəaliyyətinin və iş üslubunun mühüm tərkib hissəsi olduğunu nəzərə alaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində müasir tələblərə cavab verən peşəkar polis kadrlarının hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası DİN-in “Daxili işlər orqanlarında peşə hazırlığının təkmilləşdirilməsi üzrə əlavə tədbirlərə dair” əmrinin tələblərini rəhbər tutaraq sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşlardan kompyuter bilik və vərdişləri üzrə məqbullar qəbul edilmişdir. Hazırda sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşlarla ilkin hazırlıq tədbirləri davam etdirilir.

Tədrisin keyfiyyətinin yüksəldilməsi, müdavim və dinləyicilərin bilik səviyyələrinin artırılmasında əsas şərtlərindən biri də fənlərarası əlaqənin təşkil edilməsidir. Bu istiqamətdə kriminalistika kafedrası ilə birgə “Zahiri əlamətlərə görə şifahi portretin tərtib edilməsi” mövzusunda kompyuter texnikasını və müvafiq proqram təminatını tətbiq etməklə təcrübə dərsləri təşkil olunmuşdur.

Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması istiqamətində həyata keçirilən islahatlar təhsilin keyfiyyətinin yüksəldilməsində informasiya və kommunikasiya texnologiyalarının rolunu bir daha təsdiqləyir. Təhsil sistemində yeni informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirilən dövlət siyasəti İKT infrastrukturun inkişaf etdirilməklə, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, kadr potensialının gücləndirilməsi, tədris prosesinin idarəedilməsi və interaktiv tədris sisteminin təşkil olunması istiqamətində çoxsaylı yeni imkanlar yaradır. Bu istiqamətdə kafedrada tədris olunan fənlər üzrə tədris və didaktik materialları özündə birləşdirən tədris modulu və mövzular üzrə test proqramları hazırlanmışdır.

Son zamanlar Polis Akademiyasında kompyuter parkının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Kafedra, şöbə və bölmələrin kompyuterləşdirilməsi, avtomatlaşdırılmış işçi yerlərinin yaradılması, eləcə də istismarda olan texniki vasitələrə profilaktiki baxışın keçirilməsində kafedra əməkdaşları yaxından iştirak etmişlər.

Akademiyada təlim-tərbiyə işi kafedraların, professor-müəllim heyətinin fəaliyyətinin əsas növlərindən birini təşkil edir. Kafedra müəllimləri tədris prosesində, eləcə də kənar vaxtlarda müdavim və dinləyicilər arasında milli-mənəvi dəyərlərə hörmət, dövlətçilik ənənələrinə sadiqlik, xidməti vəzifələrin icrasına məsuliyyətlə yanaşma və digər məsələlər üzrə təbliğat aparırlar. Bu istiqamətdə kafedra əməkdaşları tərəfindən akademiyada fəaliyyət göstərən Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji informasiya mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən yeni sənədlər, müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda, keçirdiyi görüşlərlə bağlı qısa oçerklər, həmçinin onun həyat və fəaliyyətindən bəhs edən disk və videokasetlər toplanıb, kompyuterin yaddaş bazasına daxil edilmişdir.

Beləliklə, informasiya cəmiyyətinin qurulmasını prioritet məsələ elan edən dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin tam, hərtərəfli və vaxtında icrası məqsədilə tədris ocağı kimi DİN-in Polis Akademiyası İKT-nın inkişafı sahəsinə öz töhfələrini verərək informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prosesinə aktiv şəkildə qoşulur.

 

 

Səməd HÜMBƏTOV,

Polis Akademiyasının

DİO-da idarəetmənin təşkili

kafedrasının rəisi,

polis polkovniki, dosent.

 

Respublika.- 2012.- 29 aprel.- S.7.