Ekoloji layihələr uğurla həyata keçilir

 

Respublikamızın sürətli dinamik inkişafı bütün sənaye sahələrinin, o cümlədən neft-qaz hasilatının yüksək göstəriciləri ilə müşayiət olunur. Ötən dövr ərzində ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli inkişaf fonunda digər sahələrlə yanaşı ekoloji problemlərin həlli də ön plana çəkilmişdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edildi. 14 aprel 2009-cu il tarixdə isə dövlət başçısının fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olundu. Qeyd olunan sənədlərdə digər dövlət qurumları ilə yanaşı ARDNŞ-nin də üzərinə mühüm vəzifələr qoyuldu. Dövlətin ekologiyaya olan diqqəti 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə özünü daha qabarıq şəkildə büruzə verdi. Məhz bu dövrdə ölkənin hər bir bölgəsində ətraf mühitin qorunması istiqamətində əsaslı tədbirlər görülməyə başlandı.

Neft sənayesi sahələrində uzun illər yığılıb qalmış ekoloji problemlərin aradan qaldırılması, xüsusilə mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənərək reabilitasiya olunması və yaşıllaşdırılması istiqamətində ARDNŞ davamlı olaraq genişmiqyaslı tədbirlər həyata keçirir. Bu layihələrin həyata keçirilməsində 2006-cı ilin mart ayında ARDNŞ (51 faiz) və “Lancer Servicess S.A.” Şirkətinin (49 faiz) təsisçiliyi ilə yaradılmış “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rolunu xüsusi olaraq qeyd etmək lazımdır.

2006-cı ildən başlayaraq “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin fəaliyyət sahələrində ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələrin əsas iştirakçılarından birinə çevrilib. QSC-nin 2011-ci ildəki fəaliyyətinə qısaca nəzər yetirməklə bunu bir daha görmək mümkündür. Ötən il QSC-nin fəaliyyətini həyata keçirən və əsas struktur vahidləri olan müvafiq departamentlər yüksək templə fəaliyyət göstərmiş və qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmişlər.

QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) ötən il “Azneft” İstehsalat Birliyinin “28 May”, “Neft Daşları”, “Balaxanıneft”, “Abşeronneft” və N.Nərimanov adına NQÇİ-nin, eləcə də “Kompleks Qazma İşləri” Trestinin “Abşeron” Qİ-nin, “Qazmaservis və Loqistika” İdarəsinin, “Qobustan” KQİİ-nin və Tamponaj İdarəsinin istehsalat sahələrində analitik nəzarət və monitorinq işlərini müntəzəm olaraq yerinə yetirmişdir.

2011-ci ildə normativ-texniki sənədlərin işlənib hazırlanması da yüksək səviyyədə və təqvim planına uyğun icra edilmişdir. EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Şirvan və Lənkəran Müalicə Diaqnostika Mərkəzlərinin, Mənzil Kommunal Xidmətləri Departamentinin, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft”, “Neft Daşları”, N.Nərimanov adına NQÇİ-nin, həmçinin Qaraçuxur və Muradxanlı İriləşmiş Neft Mədənlərinin, eləcə də “Bahar Energy Operating Company Limited”in 20-yə qədər ekoloji normativ texniki sənədlərinin işlənib hazırlanması sahəsində məhsuldar fəaliyyət göstərmiş və şöbənin qarşısında duran vəzifələrin həllinə nail olmuşdur.

EMD-nin Kompleks tədqiqatlar laboratoriyasının (KTL) fəaliyyəti də qənaətbəxş olmuşdur. KTL istər QSC-nin, istərsə də “Sifarişçi” təşkilatların istehsalat sahələrində nümunələrin götürülməsi və analitik təhlillərin aparılması vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.

Ötən il QSC bütün fəaliyyət sahələrində uğurlu nailiyyətlər əldə etmişdir. Tullantıların Emalı Departamenti də (TED) “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir. TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nin 9-cu sexinin ərazisi) BNEZ-nin 10 milyon 466 min kubmetr sənaye çirkab suları və “BP Exploration (Caspian SEA) LTD-dən daxil olan 125 tona qədər ərsin parafini təmizlənmiş, texnoloji proseslər nəticəsində formalaşan 18 min tona qədər neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. TED-nin 7-ci sahəsində isə (“Azərneftyağ” NEZ-nin 8-ci sexinin ərazisi) 11 milyon 826 min kubmetr sənaye çirkab suları təmizlənmiş, 10 min tondan çox neftşlam emal edilmişdir.

Hesabat ilində TED müqavilə əsasında “AA service”, AAS-ATE” MMC, “Suraxanı OİL Operation Company S.A.”, ARDNŞ-nin Ekologiya İdarəsi, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Qaz Emalı Zavodu, “AAS-Ekol” MMC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. İl ərzində bu təşkilatlardan qəbul edilmiş 4 min 364 ton şlam, 8 min 369 kubmetr yağlı su, 1.3 min ton yağlı torpaq, 1.4 min kubmetr döşəməaltı-lyal axıntı suları, 26 min 144 kubmetr mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilmişdir .

Bununla yanaşı TED ötən il Neft Kəmərləri İdarəsi ilə olan müqaviləyə əsasən Dübəndi neft terminalında 392 kubmetrə qədər neftlə çirklənmiş axıntı sularının və 585 kubmetr məişət-təsərrüfat çirkab sularının təmizlənməsi üçün mühəndislik xidmətləri göstərmişdir.

2012-ci ildə “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi üçün TED zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.

2011-ci ildə də “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İB-nin Neftqazçıxarma idarələrinin mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində də bir sıra aktual ekoloji layihələr həyata keçirmişdir. Bu layihələr QSC-nin Torpaqların rekultivasiyası Departamenti (TRD) tərəfindən layiqincə icra olunmuşdur.

Ötən il TRD H.Z.Tağıyev adına NQÇİ-nin köhnə Qala yatağının Qala gölü ətrafında 24 hektar sahədə rekultivasiya işləri apararaq ərazidən 120.4 min kubmetr şlam çıxarılaraq müvafiq qaydada anbarlaşdırılmış, həmin sahəyə 25.2 min kubmetr ştib və 101.5 min kubmetrdən çox torpaq daşınaraq hamarlama işləri görülmüşdür. Şağan sahəsinin neftyığma məntəqəsində təmizləmə işləri yerinə yetirilmiş, məntəqədən 3 min kubmetrdən çox neftşlam xüsusi sahəyə daşınmış və ərazi abadlaşdırılaraq sifarişçiyə təhvil verilmişdir.

2011-ci ildə TRD-nin həyata keçirdiyi layihələrdən biri də H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna və Maştağa sahələrində aparılan genişmiqyaslı rekultivasiya işləridir. İcra müddətində NQÇİ-nin Buzovna sahəsinə 293.6 kubmetrdən çox torpaq və 522 min kubmetr ştib daşınaraq ərazi hamarlanmış və nəticədə 124 hektar sahə çirklənmədən təmizlənmişdir. Maştağa sahəsində isə 70.7 kubmetr torpaq daşınmış və 8 hektara qədər ərazi reabilitasiya olunmuşdur.

TRD “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində də layihələrin icrasının yüksək templə və keyfiyyətlə yerinə yetirilməsinə nail olmuşdur. NQÇİ-nin 4-cü mədən ərazisindən 50 minkubmetr-ə qədər şlam çıxarılmış və əraziyə 52 min kubmetrdən çox torpaq, 3 min kubmetrə qədər ştib yayılaraq 10.5 hektar sahədə rekultivasiya işləri aparılmışdır. NQÇİ-nin 7-ci mədən ərazisində də 12.5 hektar sahə yararlı hala salınmış əraziyə 160.2 min kubmetr torpaq daşınmışdır.

Ötən il TRD-nin “Azneft” İB-nin Qaraçuxur sahəsindəki İNMM-nin ərazisində yerinə yetirdiyi rekultivasiya işləri nəticəsində 16.2 hektar sahə çirklənmədən təmizlənmiş, əraziyə 415.9 minkubmetr torpaq və 82.3 min kubmetr ştib yayılmışdır. Bakı Ağ Şəhər layihəsi üzrə də işlərə təqvim planına uyğun əməl edilmiş, ərazidən 732 min kubmetrədək neftlə çirklənmiş torpaq daşınmışdır.

2011-ci ildə TRD-nin operativ fəaliyyəti nəticəsində “Abşeronneft”, “Balaxanıneft” və Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərindən ümumilikdə 52 min kubmetrə qədər şlam çıxarılaraq 17 hektar sahədə aqrotexniki qaydada bioremediasiya olunmuşdur.

Hesabat ilində TRD yaşıllaşdırma sahəsində də müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir. İl ərzində “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası məqsədilə ərazidə 10220 ədəd müxtəlif ağac növləri, 2000-ə qədər isə gül kolları əkilmişdir. “Bibiheybətneft” NQÇİ-nin ərazisində ümumilikdə 48 min 366 ağaca aqrotexniki xidmət göstərilmişdir.

Ötən mövsümdə ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində bərpa üçün əlavə 1400 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 1762 ədəd, “Abşeronneft” NQÇİ-nin ərazisində isə 1000 ədəd müxtəlif ağac növləri əkilmişdir. Hazırda TRD tərəfindən QEZ-in ərazisində 9010 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 11712 ədəd, “Abşeronneft” NQÇİ-nin ərazisində isə 7950 ədəd ağac və gül kollarına aqrotexniki qulluq göstərilir. Bitkilərin su təchizatının yaxşılaşdırılması məqsədilə ötən il “Bibiheybətneft” NQÇİ-nin yaşıllaşdırma sahəsində və H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində mexaniki suvarma sistemləri (damcı üsulu ilə) quraşdırılmışdır.

Hazırda QSC Torpaqların Rekultivasiyası Departamenti neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması istiqamətində məqsədyönlü ekoloji layihələrin icrasını uğurla davam etdirir.

2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-də ekoloji layihələrin vaxtında keyfiyyətlə yerinə yetirilməsində və istehsalat proseslərinin fasiləsizliyinin təmin edilməsində QSC-nin digər struktur bölmələri ilə yanaşı Nəqliyyat Sexi (NS) də operativ fəaliyyət göstərmişdir. Ötən il lilsovuran nəqliyyat vasitələri ilə QSC-nin “Sifarişçi” təşkilatlarından olan “Suraxanı OyL Operation Company S.A.” şirkətinin, İxtisaslaşmış Dəniz Neft Donanması İdarəsinin, Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin və ARDNŞ-nin Ekologiya İdarəsinin istehsalat sahələrindən QSC-nin təmizləyici qurğularına 27.5 min kubmetrə qədər çirkab suları daşınaraq təmizlənmişdir.

Ötən il QSC-nin “Abşeronneft”, “Balaxanıneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində və “Azneft” İB-nin Qaraçuxur İNMM-də həyata keçirdiyi ekoloji layihələrin icrasında, NS-in xüsusi texnikalarından yetərincə istifadə olunmuş və uğurlu nəticələr əldə edilmişdir. İl ərzində lilsovuran nəqliyyat vasitələri ilə ARDNŞ-nin Neft Kəmərləri İdarəsinə 252 maşın/saat xidmət göstərilmişdir. QSC-nin H.Əliyev adına BNEZ-nin və “Azərneftyağ” NEZ-in istehsalat sahələrində istismarda olan dekantor qurğuları ilə şlamın emalı proseslərində formalaşan 27.8 min ton torpağın NS-in texniki vasitələri ilə xüsusi sahələrə daşınması təmin olunmuşdur. Yeni alınmış Ford Truck (su maşını) vasitəsilə H.Z.Tağıyev adına NQÇİ-nin Qala və Buzovna sahələrinə, eləcə də A-4 sahəsinə 217 kubmetrə qədər su daşınmışdır.

2011-ci ildə Nəqliyyat Sexinin texniki bazasının gücləndirilməsi sahəsində də məqsədli tədbirlər görülmüşdür. İl ərzində 1 ədəd çoxfunksiyalı ekskavator, 1 ədəd ağır yük qaldıran avtoyükləyici, 5 ədəd isə “Chevrolet/Colorado” markalı Pikap avtomobillər alınaraq istismara verilmişdir. Texniki-normativ qaydalara uyğun olaraq avtomobillərə texniki xidmət göstərilməsi, onların xəttə saz və təmiz çıxması, gündəlik yanacaq və yol vərəqələri ilə təmin olunması işləri də vaxtında və lazımınca yerinə yetirilmişdir.

Qeyd olunanlarla yanaşı öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq, maddi-texniki bazasını və kadr potensialını gücləndirmək istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Fəaliyyəti ekoloji yönümlü olduğundan QSC ilk növbədə 2007-ci ildə İSO-14001 standartlarını qəbul etmiş və fəaliyyətini bu standartlar səviyyəsində qurmuşdur. Cari ilin aprel ayından isə İSO-9001 və İSO-18001 standartların qəbul olunması məqsədilə Türk Standartları İnstitutunun auditorları tərəfindən QSC-də audit keçirilmişdir. Yaxın aylarda bu standartlar da qəbul edilərək istehsalata tətbiq olunacaqdır.

“Ekol Mühəndislik Xidmətləri” QSC dünyanın qabaqcıl ölkələrinin müasir texnika və texnologiyalarının əldə olunması və istehsalata tətbiqi istiqamətində də ardıcıl tədbirlər görür. Xeyli vaxtdır ki, QSC-nin istehsalat sahələrində bir çox ölkələrin müasir texnika və texnologiyalarından uğurla istifadə olunur. Hazırda QSC illərdir ki, əməkdaşlıq etdiyi İsveçrənin “Alfa-Laval” şirkətindən “FOX-15” separatorunun alınıb quraşdırılması ərəfəsindədir və bu tədbirlər davamlı olacaqdır.

Modern bir şirkət kimi özünü təsdiq etmiş “Ekol Mühəndislik Xidmətləri” QSC respublikamızda, xüsusilə ARDNŞ-nin fəaliyyət sahələrində həyata keçirilən genişmiqyaslı və davamlı ekoloji layihələrin həyata keçirilməsində bundan sonra da yaxından iştirak edəcək və öz layiqli töhfələrini verəcəkdir.

 

 

Ramil ƏLİYEV,

“Ekol Mühəndislik Xidmətləri”

QSC-nin baş direktoru.

 

Respublika.- 2012.- 29 aprel.- S.6.