Təhsil sahəsi strateji
fəaliyyət meydanıdır
Təməli 1991-ci ildə qoyulmuş Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
bazasında yeni tədris ocağı — Azərbaycan Müəllimlər
İnstitunun Şamaxı filialı
yaradılmışdır.
Filialın
direktoru təcrübəli pedaqoq, respublikanın əməkdar
müəllimi Mayıl Alıcanov bizimlə
söhbətində tədris müəssisəsində son
vaxtlarda görülən işlərlə bağlı ətraflı
məlumat verərək bildirdi ki, ölkəmizdə
iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı
üçün də əlverişli şərait yaratmışdır.
Mütərəqqi elm və təhsil ənənələri
uğurla davam etdirilmiş, yeni dövrün tələbləri
əsasında xeyli dərəcədə zənginləşdirilmiş,
Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm
qoymuşdur.
Müasir mərhələdə təhsilin
inkişafı məsələsi öz məzmununu dəyişərək
Azərbaycanın gələcək inkişaf modelini
formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş,
insan kapitalının formalaşmasına xidmət edən
ümumtəhsil hərəkatı genişlənmişdir. Təcrübə
göstərmişdir ki, təbii sərvətlərin
bolluğu dövlətin inkişafının əsas göstəricisi
deyil, başlıcası bu sərvətlərin cəmiyyətin
hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsini təmin etməkdir. Azərbaycanın hər
sahədə dinamik inkişafı onun iqtisadi
potensialının intellekt potensialına çevrilməsinə
hərtərəfli zəmin yaratmışdır.
XX əsrin sonlarında müstəqillik
qazanan Azərbaycan Respublikası iqtisadi, sosial, mədəni
inkişafı üçün dövlət səviyyəsində
siyasətini müəyyənləşdirdi və təhsilə—cəmiyyətin
ən ümdə problemlərini özündə
daşıya bilən bir sosial prosesə xüsusi önəm
verdi. Təhsilin məzmunu və strukturu elə
hazırlanmışdır ki, cəmiyyətin gələcəyi
ondan aslıdır. Heç də təsadüfi deyildir ki, ulu
öndərimiz Heydər Əliyev təhsili millətin gələcəyi
kimi qiymətləndirərək demişdir: “Təhsil millətin
gələcəyidir… təhsil sahəsi müqəddəs bir
sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri
hazırlayıb gələcəyə əsl vətəndaş,
yüksək səviyyəli mütəxəssis etmək
üçün mövcuddur” . Bu dəyərli fikirlər
Respublikamızın təhsil sahəsindəki fəaliyyətlərin
əsasını təşkil edir .
2010-cu ildə Azərbaycan təhsilinin
tarixində tamamilə yeni bir dövr başlandı. İlk dəfə
olaraq müstəqil Azərbaycan Respublikasında Təhsil
İslahatının həyata keçirilməsinə zərurət
yarandı. “Azərbaycan Respublikasında təhsil sahəsində
İslahat Proqramı” təsdiq edildi və bu islahat ölkədəki
təhsil həyatının bütün tərəflərini
əhatə etməyə başladı.
Azərbaycan Respublikası Təhsil
sistemi milli, mənəvi və ümumbəşəri dəyərlərə
əsaslanır və Bolonya prosesində yaxından iştirak
etməklə ümumdünya təhsil sisteminə inteqrasiya
yolu ilə inkişaf etməkdədir.
Tədris ocağımızda bu gün
Riyaziyyat və informatika, Tarix və coğrafiya, Azərbaycan
dili və ədəbiyyatı və İbtidai təhsilin
pedaqogika və metodikası Riyaziyyat və informatika müəllimliyi,
Tarix və coğrafiya müəllimliyi, Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi və İbtidai sinif
müəllimliyi fakültələrində 467 tələbə
8 istiqamət üzrə təhsil alır.
Filialımızda birinci kursa qəbul
olunmuş bakalavrların qeydiyyatı və şəxsi
işləri təlimata uyğun tərtib olunmuşdur.
2011-2012-ci tədris ilində filialın I kursuna 4 ixtisas üzrə
125 nəfər nəzərdə tutulmuş, lakin 9 nəfər
tələbə qeydiyyatdan keçmədiyi üçün
116 nəfər tələbə qəbul olunmuşdur.
Bolonya prosesinə qoşulan filialın
“Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi”
kabineti tərəfindən hər bir tələbənin
ayrıca kodu, qruplaşma əmrinin surəti, müqavilə ,
fərdi iş planı, tədris planı, qeydiyyat forması və
tələbələr haqqında ümumi məlumatın
elektron versiyası işlənib hazırlanmışdır.
Azərbaycan Müəllimlər
İnstitutu rektorunun 12.02.2011-ci il tarixli əmrinə
müvafiq olaraq 06.02.2012-ci il tarixdən ödənişli əsaslarla
təkrar dinləmələr təşkil edilmişdir. 6 fənn
üzrə təşkil olunmuş təkrar dinləmələrdə
55 nəfər tələbə akdemik borclarını ləğvi
üçün iştirak edir.
Filialımızın əməkdaşlarının
elmi-axtarış işlərini də günün tələbləri
səviyyəsində qurmağa səy göstəririk. Elmi
işlər verilən tələblər səviyyəsində
yerinə yetirilmişdir. Bu zaman tədqiqat işlərinin
aktuallığı, müasirliyi, praktik əhəmiyyəti
xüsusi olaraq diqqət mərkəzində
saxlanmışdır. Elmi-tədqiqat işlərinin bir
qisminini nəticələri müxtəlif elmi jurnallar və məcmuələr
də dərc olunmuşdur.
Məlumdur ki, pedaqoji ali məktəblərdə
tələbələrin pedaqoji təcrübəyə
hazırlığı elmi -nəzəri və metodik biliklərə
dərindən yiyələnməsi və xüsusən də
tədrisin humanist və demokratik əsaslarla
aparılmasından başlayır. Artıq son illər ali təhsil
müəssisələrində fəal təlim metodları
interaktiv təlim üsullarından istifadə olunmaqla yeni
pedaqoji ideyalar həyata keçirilir. Bu məqsədlə də
pedaqoji təcrübə müddətində gənc müəllimlər
şagirdlərin fəallığına, humanistləşdirilməsinə,
demokratikləşməsinə diqqəti
artırmışlar.
Pedaqoji kadrların ixtisasının
artırılması təkcə kurslar vasitəsilə deyil,
digər təkmilləşdirmə yolları ilə də həyata
keçirilir. Bu yollardan biri və mən deyərdim ki, ən əhəmiyyətlisi
dayaq məntəqələri ilə aparılan işdir. Bu
baxımdan ixtisasartırma, təkmilləşdirmə, dayaq məntəqələri
mexanizmi öz aktuallığı ilə seçilir. Bunun nəticəsidir
ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 6 sentyabr 2010
-cu il tarixli qərarı ilə “Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı
istiqaməti üzrə təhsil almış şəxslərə
müvafiq sənədlərin verilməsi Qaydaları” adlı
mühüm sənəd qəbul etmişdir. Həmin dövlət
proqramına uyğun olaraq Təhsil Nazirliyində müvafiq əmr
verilmiş və həmin sənəd filialda Direktor
şurasında müzakirə edilmişdir.
Dislokasiyaya daxil olan rayonlarda 320 dayaq məntəqəsi
yaradılmışdır. Dayaq məntəqələri
yaradılarkən müəllimlərin təkmilləşdirilməsi
prosesində Təhsil Nazirliyinin “Dayaq məntəqələri
mexanizminin tətbiqi barədə” 17 oktyabr 2000-ci il tarixli 953
saylı və “İxtisasartırma təhsilində yeni mexanizmə
keçid və müəllimlərin təkmilləşdirilməsi
işinin təşkili barədə” 21 fevral 2002-ci il tarixli
164 saylı əmri ilə təsdiq edilmiş qaydalar əsas
götürülmüşdür. Bu zaman müvafiq fənn
müəllimləri və konkret problemlər ətrafında
müzakirələrin keçirilməsinə, yeni təlim
texnologiyaları barədə informasiyaların
toplanılmasına, aktual mövzuların dinlənilməsi
üçün qabaqcıl müəllimlərin dayaq məntəqələrinə
dəvət olunmasına, fikir mübadiləsinə,
diskusiyalara daha geniş yer verilir. Hər bir müəllimin
fasiləsiz təkmilləşdirilməsinin daimi
iştirakçısına çevrilməsini təmin etmək,
müzakirələr aparmaq, ümumiləşdirmək və
yaymaq dayaq məntəqələrinin əsas vəzifəsi
kimi qarşıya qoyulmuşdur.
Təhsil sistemində müasir
yanaşmalar və fəal interaktiv metodlara əsaslanan tələblər
baxımından əlavə təhsil üçün nəzərdə
tutulan tədris tematik planları təhlil edilərək elmi
araşdırmalar aparılmış, müzakirə
edilmiş və yekun təkliflər hazırlanmışdır.
Belə ki, əlavə təhsildə interaktiv və fəal təlim
üsullarının tətbiqi vəziyyətini
yaxşılaşdırmaq məqsədi ilə “Dayaq məntəqələri
ilə iş” mexanizminə əsaslanan təhsilin daha effektli
olması üçün Şamaxı, Kürdəmir,
Ağsu, İsmayıllı və Qobustan rayonlarında müəllimlərin
ümumi siyahıya alınması tam başa
çatdırılmış, dayaq məntəqələrinin
tərkibi tam dəqiqləşdirilmişdir.
Rektorumuz, professor Aqiyə xanım
Naxçıvanlının rəhbərliyi ilə Azərbaycan
Müəllimlər İnstitutunun və onun filiallarında ali
təhsilin inkişafına, həmçinin maddi- texniki
bazanın möhkəmləndirilməsinə yönəldilən
diqqət və qayğı yüksək ixtisaslı, pedaqoji
kadrların hazırlanmasında,gənclərin sağlam ruhlu,
dövlətçiliyimizə cədaqətli vətənpərvər
şəxsiyyətlər kimi formalaşmasında önəmli
rol oynayır.
Bu gün təhsil sahəsi əsl vətəndaşlıq
mövqeyi nümayiş etdirən strateji fəaliyyət
meydanıdır. Qəlbində Vətən sevgisi, millət təəssübkeşliyi
olan hər bir təhsil işçisi bu meydanda əzmkarlıqla
çalışmalıdır.
Söhbəti
qələmə aldı: İlham PƏnahov
Respublika.- 2012.- 29 aprel.- S.5