Görkəmli ictimai xadim, bacarıqlı təşkilatçı, vətəndaş alim

Azərbaycanda ilk bəşəri idarəçilik ənənələrini, tam müstəqillik və milli dövlətçilik ideologiyasını dünya dövlətlər birliyində məşhur olan ulu öndərimiz Heydər Əliyev yaratmışdır. Müstəqil dövlətimizin yaradıcısı olan Heydər Əliyevin dövlətçilik ideologiyasından dərs alan müasir düşüncəli yeni ziyalılar nəsli milli dövlətçiliyimizin, müstəqilliyimizin, ərazimizin bütünlüyünün qorunması, Azərbaycanın dünya dövlətlər birliyində mövqeyinin möhkəmləndirilməsi, onun Avropanın inkişaf etmiş ölkələri səviyyəsinə ucalması istiqamətində əzmlə çalışır, vicdanlı əmək nümunəsi göstərir, dönməz sədaqətlilik mövqeyi nümayiş etdirirlər. Bu gün Azərbaycanın dövlət strukturlarında müasir düşüncə ilə çalışan yeni idarəçilər nəslinin görkəmli nümayəndələrindən biri ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1997-ci ilin iyun ayında Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsinə təyin edilən istedadlı elm xadimi, səriştəli təşkilatçı, akademik Siyavuş Qarayevdir.

Kadrları yaxşı tanıyan, insanların şəxsi keyfiyyətlərini yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin təyin etdiyi rektor, professor Siyavuş Qarayev qısa vaxt ərzində kollektivdə əmək intizamının möhkəmləndirilməsinə, sağlam psixoloji mühitin yaradılmasına, Neft Akademiyasının uzun illər ərzində yaradılmış ənənələrinin bərpa edilməsinə və təhsilin yüksək səviyyədə idarə edilməsinə nail oldu. Onun əldə etdiyi nailiyyətlər keçən dövrün onillikləri ərzində görülən işlərin həcmini ötüb keçdi. Heç də təsadüfi deyildi ki, o illərdə həyata keçirdiyi irimiqyaslı yenidənqurma fəaliyyətinə görə Neft Akademiyasının kollektivi akademik Siyavuş Qarayevi ulu öndərimizin dövlətçilik məktəbinin ləyaqətli yetişdirməsi kimi qəbul etdi. Çünki o, yüksək intellekti, daxili enerjisi və təşkilatçılıq istedadı sayəsində tədrisin normal inkişafına nail oldu, kollektivin sağlam qüvvələrini birləşdirdi, yaranmış özbaşınalığı birdəfəlik ləğv etdi. Əmək intizamının möhkəmləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlar uğurlu nəticələrini verdi, kompyuter texnologiyalarının tətbiq edilməsi, yeni ixtisasların açılması, tədris-metodiki bazanın möhkəmləndirilməsi və akademiyanın beynəlxalq əlaqələrinin genişlənməsi təmin edildi.

Ulu öndərimizin Azərbaycan Republikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında imzaladığı 13 iyun 2000-ci il tarixli fərmanı ölkəmizdə təhsil sahəsində genişmiqyaslı islahatların aparılması üçün yeni imkanlar yaratdı. Bu fərmanla Azərbaycanın ali məktəbləri sırasında ADNA-ya özünü idarəetmə prinsipi əsasında muxtariyyət hüququ verildi. Bu status Neft Akademiyasının fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev milli təhsilimizin Avropa standartları səviyyəsində qurulması istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsi məqsədilə yeni proqram irəli sürmüş və bəyan etmişdir ki, hər bir ölkənin inkişafı, təkcə onun təbii sərvətləri ilə deyil, elm və biliklə müəyyən edilir. Prezident İlham Əliyevin iqtisadi imkanların insan kapitalına çevrilməsi haqqında məşhur tezisi təhsil sistemində yeni vəzifələr müəyyən etmişdir. Prezidentin bu tezisinə əsasən təhsildə alınan bilik intellektin dərinləşməsini və insan kapitalının formalaşmasını nəzərdə tutur. Bu intellektual proses təhsil sisteminin qarşısında duran ən böyük vəzifədir, çünki elm təhsildə yaranır, yeni informasiya texnologiyaları elmə əsaslanır.

Neft Akademiyası Prezident İlham Əliyevin rəhbərliyi altında tamamilə yeni tərəqqi mərhələsinə qədəm qoymuşdur. Akademiyanın professor-müəllim və tələbə kollektivi bu mərhələni intibah dövrü kimi qiymətləndirirlər. Prezident İlham Əliyevin gündəlik dəstəyinə arxalanan rektor, akademik Siyavuş Qarayevin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən islahatlar uğurlu nəticələr verir, təhsil və elm sahəsində böyük nailiyyətlər əldə edilir.

Prezident İlham Əliyev təhsilin müasir tələblər səviyyəsində qurulması sahəsində imzaladığı ona qədər fərman və sərəncamlara əsasən yeni təhsil müəssisələrinin tikilməsi, yenidən qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, elm və təhsil işçilərinin əmək haqlarının, alimlik dərəcəsinə görə əlavə müavinətlərin, tələbələrin və aspirantların təqaüdlərinin artırılması, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün Dövlət proqramları təsdiq edilmişdir. Prezident İlham Əliyev özünün məşhur tezisini əsaslandıraraq demişdir: “Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.

Təbiətən islahatçı-novator olan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev rəhbərlik etdiyi təhsil müəssisəsində yeni informasiya texnologiyalarının tətbiq edilməsinə, təhsilin Avropa standartları səviyyəsinə yüksəldilməsinə, onun maddi-texniki və metodiki bazasının möhkəmləndirilməsinə və nəhayət Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nüfuzlu neft şirkətlərinin tələblərinə cavab verən müasir düşüncəli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət və qayğı göstərir.

Akademik Siyavuş Qarayev hesab edir ki, xarici ölkələrin tədris müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, onlarla əməkdaşlığın genişləndirilməsi ADNA-da təhsilin Avropa standartları üzrə modernləşdirilməsi istiqamətində təcrübəmizi daha da zənginləşdirir, tələbələrin bilik səviyyəsini daha da artırır, Bolonya sisteminə qoşulma prosesini gücləndirir. Müəllimlərin bir hissəsi xarici ali məktəblərdə xüsusi kurs keçir, yeni ixtisaslar üzrə tədris metodikası və ədəbiyyatlarla tanış olurlar. İnsanın həyat və fəaliyyətində elmin, biliyin həlledici rolunu yüksək qiymətləndirən akademik Siyavuş Qarayev təhsilin yüksək Avropa standartları səviyyəsində qurulmasını, yeni informasiya texnologiyaları əsasında modernləşdirilməsini özünün vətəndaşlıq borcu hesab edir.

Avropa ölkələrinin yanacaq-enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilən Azərbaycanın təhsil sisteminin Bolonya prosesinə qoşulması, kadr hazırlığının iki pilləli strukturuna keçilməsi, kredit sisteminin tətbiqi Neft Akademiyasının Avropa İttifaqının təhsil və mədəniyyət komissiyasının dəstəyi ilə xarici ölkələrin müvafiq tədris müəssisələri və xüsusi ilə Almaniya universitetləri ilə tədrisin modernləşdirilməsi proqramı üzrə əməkdaşlığa başlanması uğurlu nəticələr verməkdədir. 2007-ci ilin oktyabr ayında Köln şəhərində Tətbiqi Elmlər Universitetində mühəndis hazırlığının islahatına həsr edilən Almaniya-Azərbaycan konfransı bu iki ölkə arasındakı əlaqələri yeni mərhələyə qaldırdı.

Xatırladaq ki, Neft Akademiyasının TEMPUS proqramı çərçivəsində Avropa İttifaqı ilə əlaqələri 1998-ci ildə yaranmışdır. Rektor Siyavuş Qarayevin səyləri və həyata keçirdiyi tədbirlər nəticəsində ADNA bir sıra Avropa təhsil müəssisələri ilə birlikdə magistratura pilləsinin yaradılması məqsədilə ilk qrant almağa nail olmuşdur. Bu proqram çərçivəsində 1999-cu ildə Avropa standartları üzrə hazırlanmış proqramlara əsasən “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə magistratura yaradılmışdır. “Azərbaycanın təhsil müəssisələrində müasir mühəndis təhsili” TEMPUS layihəsinin hazırlanmasına ADNA və Azərbaycanın daha üç ali təhsil müəssisəsi cəlb edilmişdir.

1998-ci ildə ADNA və Zigen Universiteti arasında əməkdaşlıq haqqında bağlanmış müqaviləyə əsasən 2002-ci ildə “Xidmət və istehsal sahələrinin iqtisadiyyatı və idarə edilməsi”, “İnformasiya sistemləri” ixtisasları üzrə bakalavr hazırlığına başlanmışdır.

Azərbaycanın bugünkü həyatının bütün sahələrində yüksələn xətlə dinamik inkişaf surəti müstəqilliyimizin iyirmi iki ili ərzində ulu öndərimiz Heydər Əliyevin və onun dövlətçilik ənənələrinin ləyaqətli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri düşünülmüş iqtisadi və siyasi islahatlar nəticəsində əldə edilmişdir. Bu zəmin əsasında artıq Azərbaycan keçid dövrünü başa vurub modernləşmə və intellekt dövrünə qədəm qoymuşdur.

Ölkə iqtisadiyyatının dinamik inkişafında həlledici rol oynayan neft strategiyasının reallaşmasına böyük əhəmiyyət verən istedadlı gənclər təhsil almaq üçün Neft Akademiyasını seçir və qəbul imtahanlarında yüksək bilik nümayiş etdirirlər. Hər il Neft Akademiyasına daxil olan gənclər prezident təqaüdünə layiq görülənlərin 10-12 faizini təşkil edir.
Gənclərin peşə seçimində üstünlüyü Neft Akademiyasına vermələri təhsil müəssisəmizdə qədim və şanlı ənənələrin yenidən bərqərar olması ilə izah edilir. Ulu öndərimiz Heydər Əliyev bizim ali məktəbimizdə oxumuş, yüzlərlə görkəmli dövlət xadimləri, alimlər Neft Akademiyasını bitirmişlər. Bu ənənələri davam etdirmək əzmi bilik yarışına qoşulan abituriyentlərin topladıqları balların ildən-ilə yüksəlməsi, gənclərin intellektual inkişafa və ictimai fəallığa artan marağı ilə bağlıdır.

Akademik Siyavuş Qarayev Neft Akademiyasında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini dövrün əsas vəzifəsi hesab edərək, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, müasir təfəkkürlü yeni insan kapitalının yetişdirilməsinə xüsusi fikir verir. Tələbələrin elmi yaradıcılığa marağını artırmaq və onların elmi-tədqiqat işlərində iştirakını təmin etmək məqsədi ilə rektorun təşəbbüsü ilə hər il Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin elmi-texniki konfranslarının keçirilməsi ənənəyə çevrilmişdir. Konfranslarda çıxış edən ən istedadlı tələbələrin məqalələri toplu halında çap edilir və onlara paylanılır. Konfransın materiallarının təhlili göstərir ki, Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri arasında müasir təfəkkürlü və istedadlı tələbələrin sayı ildən-ilə artır. Konfransların keçirilməsi tələbələrin yaradıcılıq potensialının və istedadının zənginləşməsi üçün zəmin yaradır, təfəkkür tərzinin reallaşdırılmasına imkan verir. Neft Akademiyasında ənənəvi olaraq keçirilən tələbə konfranslarında bizim təhsil müəssisəmizi müxtəlif vaxtlarda bitirmiş dövlət, ictimai və elm xadimləri mütəmadi iştirak edir və tələbələr qarşısında çıxışlarında özlərinin həyat yolu və nail olduqları böyük uğurlar haqqında məlumat verirlər. Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq, Azərbaycan Dövlət Neft Akademiyasında, Moskvanın və dünyanın bir sıra tanınmış universitetlərində magistraturaya daxil olmaq istəyən gənclərin sayı yüksələn xətlə çoxalır. Magistraturanı bitirən tələbələrin böyük əksəriyyəti doktoranturaya daxil olmaq və bütün ömrünü elmə həsr etmək arzusu ilə yaşayırlar.

Ulu öndər Heydər Əliyevin tövsiyəsinə əsasən gənclərdə milli dövlətçilik hisslərinin gücləndirilməsi, vətəni, dövləti, milləti sevmək, müasir dünyagörüşünə malik olmaq, müstəqil yaradıcı düşünən, möhkəm əqidəli gənc nəslin yetişdirilməsi təhsil müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Azərbaycanın dövlət müstəqilliyini qorumaq və onun möhkəmləndirilməsini təmin etmək üçün gənclərimizin dövlətçilik əqidəsi və sağlam düşüncəsi onların aldıqları biliklər qədər əhəmiyyətlidir. Bu müdrik tövsiyələri rəhbər tutan rektor Siyavuş Qarayev gənclərin milli dövlətçilik və vətənpərvərlik ruhunda formalaşdırılmasını, dövlətimizin başçısının ümummilli siyasətinin birmənalı müdafiə edilməsini özünün başlıca vəzifəsi hesab edir.
Rektor Siyavuş Qarayevin fikrincə, təhsil müəssisəsində gənclərə ən mükəmməl bilik verməklə yanaşı, onları həm də yetkin şəxsiyyət kimi formalaşdırmaq lazımdır. Müstəqil dövlətimizi möhkəmləndirmək və əbədi etmək üçün bizə milli köklərimizə, qan yaddaşımıza söykənən, xalqımızın qəhrəmanlıq ənənələrini yaşadan vətəndaşlar gərəkdir. Rektorun idarəçilik fəaliyyətində ADNA-da təhsil alan və çalışan insanların ideya-siyasi səviyyəsinin yüksəldilməsi və milli dövlətçilik mövqeyinin möhkəmləndirilməsi strateji məqsədə çevrilmişdir.

Azərbaycan xalqı özünü elmə, təhsilə həsr edən, ciddi yaradıcılıqla məşğul olan görkəmli ziyalılarla fəxr edir və onları yüksək qiymətləndirir, çünki bu zəka sahibləri soydaşlarını maarifləndirir, onları tərəqqiyə səsləyirlər. Bu ziyalılar arasında layiqli yer tutan akademik Siyavuş Qarayevin rəhbərliyi altında təhsilin səviyyəsi beynəlxalq təcrübə əsasında xeyli yüksəlmiş, onun tədris-metodiki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. O hesab edir ki, tədrisin müasir tələblər səviyyəsində qurulması ən əvvəl tələbkarlığın artırılmasından, daxili intizam qaydalarının və tapşırılan iş üçün məsuliyyət hissinin möhkəmləndirilməsindən asılıdır. Akademik Siyavuş Qarayevin qətiyyətli mövqeyi sayəsində Neft Akademiyasında möhkəm nizam-intizam sistemi yaradılmış, tədrisin təşkilinə tələbkarlıq son dərəcə artırılmışdır.

Akademik Siyavuş Qarayev hesab edir ki, Neft Akademiyasının qarşısında duran ən mühüm məsələlərdən biri elmi – tədqiqat işlərinin tətbiqi istiqamətinin gücləndirilməsi və istedadlı tədqiqatçıların hazırlanmasından ibarətdir. Akademikin həyata keçirdiyi ciddi tədbirlər sayəsində aparılan elmi-tədqiqat işlərinin miqyası xeyli genişləndirilmiş və onların nəticələrinin istehsalatda tətbiq edilməsi prosesi gücləndirilmişdir.

Azərbaycan Dövlət Neft Akademiyasında neft və kimya sənayesinin inkişafının təmin edilməsi istiqamətində fundamental xarakterli elmi tədqiqatların aparılması ənənəyə çevrilmişdir.

Xatırladaq ki, bu ali məktəbdə ilk dəfə olaraq turbin qazıması, maili qazımanın nəzəri və praktiki əsasları, quyuların dərinlik nasos və kompressor üsulları ilə istismarı, neftvermənin artırılması üçün quyuya qazın vurulması, qazkondensat və qeyri-nyuton xassəli neft yataqlarının işlənməsi, karbohidrogenlərin oksidləşdirici dehidrogenləşməsi, doymamış karbohidrogenlərin parsial oksidləşməsi prosesləri üçün yeni katalizatorların seçilməsi, neft avadanlıqları üçün effektiv korroziya inhibitorların yaradılması, nüvəmaqnit karotajın müxtəlif yataqlarda tətbiqi sahəsində uğurlu nəticələr əldə edilmişdir.

ADNA-nın kafedraları və elmi-tədqiqat laboratoriyaları tərəfindən Azərbaycan və digər ölkələrin iqtisadiyyatı üçün mühüm olan, 9 istiqaməti özündə birləşdirən 52 mövzu üzərində elmi-tədqiqat işləri aparılır. Son illərdə yerinə yetirilən tədqiqat işlərinə 130-dan çox patent verilmiş, 19 sona çatmış elmi işlər istehsalata tətbiq edilmişdir. Təkcə neftin tərkibində suyun miqdarını təyin edən “Su-40” cihazın “Balaxanıneft” və “28 May” neft-qazçıxarma idarələrinin obyektlərində tətbiqi belə analizlərin müddətinin bir qrup laborantın həyata keçirdiyi 10-12 gündən 10-15 dəqiqəyə qədər azaldılması hesabına milyon manata qədər, istehsal edilən neft fraksiyaların keyfiyyət göstəricilərinin optimal idarə edilməsi üçün yaradılmış öz-özünə sazlanan avtomatik idarəetmə sisteminin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun neftin ilkin emalı qurğularında tətbiqi isə böyük məbləğdə səmərə vermişdir. Eyni zamanda elmi nəticələrin dərhal tədris prosesinə bilavasitə tətbiq edilməsi də təmin olunmuşdur.

Akademik Siyavuş Qarayev dövlət başçısının ötən il imzaladığı “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamına əsaslanaraq Neft Akademiyasında elmi – tədqiqat işlərinin müasir standartlar səviyyəsində yenidən qurulması və onların nəticələrinin tətbiqi strategiyasını müəyyənləşdirmişdir. Bu məqsədlə elmi kadrların intellekt imkanları səfərbər edilmiş və onların müvafiq müasir texnologiyaları ilə təmin edilməsi prosesi gücləndirilmişdir.

ADNA-nın 90 illik yubiley mərasimində dərin məzmunlu çıxışında Prezident İlham Əliyevin bu ali məktəbin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi haqqında verdiyi tövsiyəyə müvafiq olaraq ADNA-nın rektoru, akademik Siyavuş Qarayev xarici ölkələrin Azərbaycandakı səfirlikləri, elm və tədris mərkəzləri ilə əlaqələr quraraq dünya təhsil məkanına inteqrasiya istiqamətində bir sıra addımlar atmışdır. Qloballaşma və dövlətlərarası inteqrasiya prosesinin genişləndirilməsi şəraitində təhsilin və elmin beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi, müvafiq istiqamətli təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi obyektiv zərurətə çevrilmişdir.

Son illər Azərbaycan Dövlət Neft Akademiyasının xarici ölkələrin təhsil müəssisələri ilə əlaqələri daha da genişlənmişdir. Tədris müəssisələri ilə qarşılıqlı əməkdaşlığın faydasını nəzərə alan Neft Akademiyası Almaniyanın Zigen Universiteti, ABŞ-ın Corciya Dövlət Universiteti, Rumıniyanın Ployeşti şəhərindəki Neft-Qaz Universiteti, Çinin Neft Universiteti, Rusiyanın Dövlət Neft və Qaz Universiteti, Sankt- Peterburq Dövlət Dağ İnstitutu, Türkiyənin İstanbul Texniki Universiteti və Ankara Orta Doğu Texniki Universiteti, Gürcüstanın Texniki Universiteti, Avstriyanın Leoben şəhərindəki Montana Universiteti, Qazaxıstanın Mangistau “Bolaşak” İnstitutu, Kaspiy Dövlət Texnologiyalar və İnjinirinq Universiteti və Qazaxıstan-Britaniya Texniki Universiteti, Norveçin Elm və Texnologiya Universiteti ilə ikitərəfli əməkdaşlıq haqqında müqavilələr bağlanmışdır.

ADNA-da Avropa standartları səviyyəsində tədrisin təşkili sahəsində qazanılan böyük uğurlar TEMPUS proqramı çərçivəsində Avropa İttifaqının ali məktəbləri ilə əməkdaşlıq geniş miqyas almışdır. Azərbaycan Dövlət Neft Akademiyasında Sofiya-Antipolis Universiteti, Nitsa, Fransaj və İtaliyanın Genuya Universiteti ilə tərəfdaşlıq sahəsində ətraf mühit və neft sənayesi ixtisası üzrə Avropa İttifaqı standartları səviyyəsində magistratura yaradılması məhz akademik Siyavuş Qarayevin səyləri nəticəsində mümkün olmuşdur. Artıq neçə ildir ki, bu ixtisas üzrə Azərbaycan Dövlət Neft Akademiyasında yüksək ixtisaslı kadrlar hazırlanır. Keçən illər ərzində bu ixtisas üzrə 115 nəfər magistraturanı başa çatdırıb. Neft Akademiyasının diplomunu almış və onlara bu diplomların Avropa standartlarına uyğun gəldiyini təsdiq edən Sofiya-Antipolis Universitetinin sertifikatları verilmişdir.

Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS layihəsi çərçivəsində yeni ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması digər Avropa ölkələrinin mütəxəssislərinin diqqətlərini cəlb etmişdir. 2002-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyasında Almaniyanın Zigen Universiteti ilə birlikdə “Xidmət və istehsal sferasında iqtisadiyyat və idarəetmə” (maşınqayırma sahəsində), “Məlumat sistemləri”, “Mexatronika” ixtisasları üzrə birgə bakalavrlar hazırlanır. Azərbaycan Dövlət Neft Akademiyasında tədris prosesi burada toplanmış müvafiq ədəbiyyat, Zigen Universitetindən göndərilən monoqrafiyalar və dərsliklər əsasında təşkil edilir. Yaxın gələcəkdə ADNA-nın məzunlarına birgə diplomların verilməsi nəzərdə tutulmuşdur.

TEMPUS çərçivəsində Avropa ali məktəblərilə birgə əməkdaşlıq Qərb təhsil sisteminə qoşulmaq üçün geniş imkanlar yaradır. ADNA-nın rektoru, akademik Siyavuş Qarayev əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və gələcək onilliyin strategiyasını müəyyən etmək məqsədilə Qara dəniz hövzəsi Universitetləri rektorlarının Rumıniyanın Konstansa şəhərində keçirilən növbədənkənar konfransda iştirak etmişdir. 2005-ci ildə Qara Dəniz Hövzəsi Universitetlərinin Assosiasiyasının üzvü seçilən Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir, Avropa Universitetlərinin idarə olunması təcrübəsi ilə tanış olur.

Təhsil müəssisələri arasında yaranmış ənənələri daha da genişləndirmək məqsədilə ADNA ilə Ufa Dövlət Neft Texniki Universitet və Uxta Dövlət Texniki Universiteti arasında qarşılıqlı əlaqələr haqqında müqavilələr imzalanmışdır. Müqavilə bağlayan təhsil müəssisələri arasında ən yüksək ixtisaslı mütəxəssislərin elmi tədqiqatlarının nəticələrinin və informasiya texnologiyalarının qarşılıqlı mübadiləsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə görə ali məktəblər arasında ən yeni sahələr üzrə əməkdaşlığın genişləndirilməsi planlaşdırılmışdır. Misirin Qahirə Universiteti, Helium Universiteti, İsgəndəriyyə Universiteti ilə bağlanan müqavilələrə əsasən müəllimlərin və tələbələrin mübadiləsi nəzərdə tutulmuşdur. Misirdə ADNA-nın filialının açılması barədə işlər davam etdirilir.

Azərbaycan Dövlət Neft Akademiyasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması xarici ölkələr tərəfindən böyük minnətdarlıq hissi ilə qiymətləndirilir. Zəngin tədris və elm ənənələrinə malik olan Azərbaycan Dövlət Neft Akademiyasında Yaxın Şərq, Afrika, Şərqi Asiya, MDB ölkələri üçün 3100 tələbə, 350 elmlər namizədi, 140 elmlər doktoru hazırlanmışdır. ADNA-da Vyetnam Sosialist Respublikası üçün neftçi kadrların hazırlanmasının tarixi kökləri və ənənələri vardır. Bu əlaqələr keçən əsrin 50-ci illərinin sonunda Vyetnam Respublikasının prezidenti Xo Şi Minin Bakıya səfəri zamanı yaranmışdır. Prezident Xo Şi Min Bakı neftçilərinin uğurları ilə tanış olduqdan sonra o vaxtkı, Azərbaycan Sənaye İnstitutunda Vyetnam gənclərinin təhsil alması haqqında ölkə rəhbərinə müraciət etmişdir. Elə həmin il Vyetnam gənclərinin ilk qrupu Azərbaycan Sənaye İnstitutunda təhsil almağa başlamışlar. 1962-ci ildən başlayaraq Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsində və neft profilli fakültələrində çoxsaylı vyetnamlı tələbələrin mütamadi təhsil almasının əsası qoyulmuşdur. Keçən dövr ərzində Neft Akademiyasında Vyetnam Sosialist Respublikası üçün 2000-dən artıq tələbə, 3 elmlər doktoru, 30 elmlər namizədi hazırlanmışdır, Neft Akademiyasının məzunu Tran Le Donq uzun illərdir ki, Vyetnamın Vyetsovpetro Neft Şirkətinin baş direktoru vəzifəsində işləyir. Bu ölkə üçün yüksək ixtisaslı neftçi kadrlarının hazırlanması sahəsində ADNA-nın xidmətlərini yüksək qiymətləndirən Vyetnam Respublikasının rəhbərliyi bu ali təhsil müəssisəsini 4 dəfə “Dostluq” ordeni ilə təltif etmişdir.

Son on il ərzində xarici ölkələr üçün yüksək ixtisaslı kadrların hazırlanmasında, Avropa ölkələrinin tədris mütəxəssisləri və elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsində, gənclərin intellektual səviyyəsinin yüksəldilməsində və təhsilin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsində böyük elm və təhsil təşkilatçısı, akademik Siyavuş Qarayevin xidmətləri olduqca böyükdür.

Akademik Siyavuş Qarayev Böyük Britaniyanın Oksford şəhərində yerləşən Avropa biznes Assambleyası və Avropa rektorlar klubunun Sokrat adına mükafatına, onun başçılıq etdiyi Neft Akademiyası isə Avropa keyfiyyəti medalına layiq görülmüşlər.

Akademik Siyavuş Qarayev artıq 15-ci ildir ki, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışır. O, bu illər ərzində Azərbaycan Dövlət Neft Akademiyasında həyata keçirilən təhsil islahatlarının təşkilatçısı kimi bütün səy və bacarığını qarşıda duran vəzifələrin və problemlərin həllinə sərf etmişdir. Onun ciddi səyləri nəticəsində təhsilin bütün pillələrində yeniliklər həyata keçirilmiş, milli və bəşəri dəyərlər möhkəmləndirilmiş, Avropa təhsil sisteminə inteqrasiya prosesi yeni vüsət almışdır. Keçən 15 il ərzində təhsilin yeniləşməsi və müasirləşməsi sahəsində akademik Siyavuş Qarayevin rəhbərliyi altında atılan bir sıra ciddi addımlar, təhsilin modernləşdirilməsi haqqında dövlət başçısının göstərişlərinin uğurla həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır.

Avropa təhsil məkanına inteqrasiya prosesində ADNA-da tədris planlarının Qərb standartlarına uyğunlaşdırılması və müasir informasiya texnologiyalarının təhsil prosesinə tətbiqi üzrə məqsədyönlü iş aparılır.

Akademik Siyavuş Qarayevin yüksək əxlaqi keyfiyyətləri, dərin intellekti ailəsinin genindən gəlmiş, orta və ali məktəbdə, ictimai həyatda formalaşmışdır. Onun intellekti, möhkəm əqidəli vətəndaş mövqeyi bu zəmində püxtələşmiş, mətinləşmiş, vətənə, xalqa sədaqətlə xidmət etmək amalına çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin yetirməsi olan akademik Siyavuş Qarayev yüksək insani keyfiyyətləri, mədəni və elmi səviyyəsi ilə fərqlənir, əməkdaşlarla münasibətdə etik normaları gözləyir, azərbaycançılıq ideologiyasına birmənalı sədaqət mövqeyində dayanır. O, bütün şüurlu həyatının mənasını ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın möhkəmləndirilməsinə, onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin sivil dövlətçilik siyasətinə sədaqətlə xidmət etməkdə görür. Akademik Siyavuş Qarayev özünün dərin təfəkkürünü, istedadını və zəngin idarəçilik təcrübəsini Prezident İlham Əliyevin düşünülmüş dövlətçilik siyasətinin reallaşmasına həsr etmişdir.

Akademik Siyavuş Qarayevin insanlara təmkinli münasibəti, yüksək daxili mədəniyyəti, nikbinliyi və işgüzar tələbkarlığı müasir sivil normalar səviyyəsindədir. O, yüksək mədəniyyəti, təşkilatçılıq qabiliyyəti, kübar davranışı və müasir intellekti ilə Azərbaycanda formalaşan ziyalı elitanın ləyaqətli nümayəndələri səviyyəsinə ucalmışdır.

Akademik müəllim və tələbələrlə münasibətdə yüksək mədəniyyət nümayiş etdirir, etik normalara riayət edir, həm də tələbkarlıq, prinsipiallıq, birmənalı dövlətçilik mövqeyindən çıxış edir. İşgüzarlıq, təşkilatçılıq, insanpərvərlik onun zəngin mənəvi aləmindən irəli gəlir. O, görüşlərdə, qəbul zamanı demokratik və humanizm prinsiplərinə əməl edir, bütün vacib məsələlərinin həll edilməsində dövlətçilik mövqeyi tutur.

Bütün həyatını elmə həsr edən akademik Siyavuş Qarayev istedadlı tədqiqatçı kimi fundamental elmlər sahəsində bir neçə irihəcmli monoqrafiyaların, çoxsaylı elmi məqalələrin və patentlərin müəllifidir. Siyavuş Qarayev zərif üzvi sintez sahəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmış tədqiqatçı-alimdir. Onun gərgin əməyi sayəsində asetilenlərin heteroatomlu törəmələri əsasında sintez edilmiş yeni üzvi maddələr neft sənayesində, metalların korroziyasına qarşı inqibitorların, flotoreagentlərin alınmasında, tibbdə dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında və kənd təsərrüfatında bitkilərin inkişafının stimulyatorlarının yaradılmasında tətbiq edilir. Üzvi kimyanın mühüm nailiyyətlərindən biri hesab edilən əvəzlənmiş alkinlərin katalitik çevrilmələrində molekuldaxili tsiklləşmənin özünəməxsus yeni reaksiyalarının kəşf edilməsi də Siyavuş Qarayevin adı ilə bağlıdır. Akademik Siyavuş Qarayevin elmi-tədqiqat işlərində endosiklik doymamış gərgin həlqəvarı sistemlərin sintezi probleminin eksperimental yolla əsaslandırılmış həlli prinsipləri xüsusi maraq kəsb edir.
Görkəmli alim Siyavuş Qarayev öz yetirmələri ilə birlikdə yazdığı dünyada analoqu olmayan “Zərif üzvi sintez prinsipləri” dərs vəsaiti mürəkkəb üzvi molekulların alınması probleminə həsr edilmiş ən qiymətli tədqiqat əsəridir. Bir çox alimlər özlərindən sonra zəngin elmi irs qoyub gedirlər, ancaq yeni elmi istiqamətin müəllifi olmaq heç də hamıya nəsib olmur. Akademik Siyavuş Qarayevin tədqiqatlarının əhəmiyyəti ondadır ki, onun nəticələri iqtisadiyyatımızın üstün sahələrində tətbiq olunur və səmərəli nəticələr verir.

Azərbaycanda kimya elminin inkişaf etdirilməsində rektor Siyavuş Qarayevin böyük zəhməti vardır. Hər bir kəşfi, yeni-yeni elmi nailiyyətləri ilə kimya elminin aktual problemlərinin tədqiqində fəal iştirak edən, neçə-neçə ixtiranın müəllifi olan görkəmli alim Siyavuş Fərhad oğlu Qarayev 550-dən artıq elmi əsərin,o cümlədən 250-dən çox məqalənin, monoqrafiya və dərs vəsaitinin, 70-ə yaxın məruzə tezisinin, 65 ixtira patentinin, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Bolqarıstan, Slovakiya, Türkiyə, Əlcəzair və Fransada nəşr olunmuş elmi əsərlərin müəllifidir. O, 70-dən artıq beynəlxalq konqresdə, sinpoziumda məruzələrlə çıxış etmişdir.

Elmi kadırların hazırlanmasına xüsusi diqqət yetirən akademik 22 elmlər namizədi, o cümlədən Suriya, Əfqanıstan, Vyetnam, Konqo, Ekvador və digər ölkələr üçün çoxsaylı yüksək ixtisaslı mütəxəssis yetişdirmişdir.

Onun fundamental xarakterli əsərləri tələbələr, müəllimlər, doktorantlar və tədqiqatçılar üçün zəngin elmi mənbədir. Akademik Siyavuş Qarayev bu gün əzmkarlığı, fitri istedadı və əldə etdiyi fundamental nəticələrə görə haqlı olaraq Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, elmin, təhsilin inkişafında qazandığı böyük nailiyyətlərə görə əməkdar elm xadimi adına layiq görülmüşdür.

Rektor Siyavuş Qarayevin təşəbbüsü ilə Neft Akademiyasında müstəqilliyimizin qorunub möhkəmləndirilməsi və ulu öndərimizin dövlətçilik ənənələrinin öyrənilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Neft Akademiyasında yaradılan “Heydər Əliyev və neft strategiyası” universitetində ulu öndərimizin həyat yolunun, dövlətçilik və idarəçilik irsinin təbliğ edilməsi və qeyri-adi düşüncəsinin öyrənilməsi istiqamətində tələbələr və əməkdaşlar arasında ətraflı izahat işləri aparılır.

Artıq neçə ildir ki, tədris ili başlanan günü rektor, akademik Siyavuş Qarayev tələbələrlə görüş keçirir və ulu öndərimizin demokratik təfəkkürü haqqında onlara ətraflı məlumat verir, bu böyük insanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərini şərh edir. Bu istiqamətdə görkəmli dövlət və ictimai xadimlərin, millət vəkillərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən ictimai-siyasi proseslər haqqında ətraflı fikir mübadiləsi aparılır.

Biz iyirmi beş il ərzində akademik Siyavuş Qarayevlə birgə əməkdaşlıq etdiyimiz, gündəlik ünsiyyətdə olduğumuz və onun xarakterinin ən dərin və hətta görünməyən qatlarını intuitiv dərk etdiyimiz üçün qətiyyətlə deyə bilərik ki, o, vətənə, milli dövlətçiliyimizə, ulu öndərimiz Heydər Əliyevin və onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edən yetkin şəxsiyyət, görkəmli ictimai xadim, tanınmış alim, zadəgan ziyalı, peşəkar təşkilatçı və bütöv insandır. Bütün ömrünü vətənə, xalqa, elmə, təhsilə bağlayan Siyavuş Qarayev haqlı olaraq özünün xeyirxahlıqla dolu zəngin həyatı və mənalı əməyi ilə fəxr edə bilər.

Bütün kollektivimiz milli dövlətçiliyimizi, Prezident İlham Əliyevin daxili və xarici siyasətini dönməz əqidə ilə dəstəkləyən insan kimi, Siyavuş Qarayevin şəxsiyyətinə, yüksək insani keyfiyyətlərinə, zəngin dünyagörüşünə, prinsipial mövqeyinə və ədalətli tələbkarlığına böyük hörmətlə yanaşır. Onunla bir yerdə işləmək, təmasda olmaq hər birimiz üçün məktəbdir.
Prezident İlham Əliyevin dövlətçilik siyasətini birmənalı müdafiə edən akademik Siyavuş Qarayevin humanizmə, demokratik prinsiplərə və sivil etik normalara söykənən rəhbərliyi altında zəngin tarixi ənənələri olan Azərbaycan Dövlət Neft Akademiyasının professor-müəllim və tələbə kollektivi təhsilin və elmin Avropa standartları səviyyəsində təşkil edilməsi üçün əzmlə çalışır. Neft Akademiyasının bütün kollektivi adından akademik Siyavuş Qarayevin anadan olmasının 70 illiyi və “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə onu səmimi qəlbdən təbrik edir, bu görkəmli elm və təhsil xadiminə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

 

İmran CƏFƏRZADƏ,

ADNA İctimai fənlər kafedrasının

müdiri, fəlsəfə elmləri doktoru,

professor.

 

Respublika.- 2012.- 29 aprel.- S.4.