Sumqayıt: 2012-ci ilin
I rübü yüksək nailiyyətlərlə
yekunlaşıb
Aprel
ayının 26-da respublikamızın iri sənaye mərkəzi
olan Sumqayıt şəhərində 2012-ci ilin I
rübündə Sumqayıt şəhərinin sosial-iatisadi
inkişafının yekunları haqqında şəhər
icra hakimiyyətinin hesabatına həsr edilmiş tədbir
keçirilmişdir. Hesabatın dinlənilməsi və
müzakirəsi üçün yerli müəssisə və
təşkilat rəhbərləri, şəhərin fəalları
və sakinləri Sumqayıtın Tarixi Muzeyinin salonuna
yığışmışdılar.
Tədbiri
giriş sözü ilə Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov
açdı. O, ölkəmizdə son 8-9 ildə gedən hərtərəfli
inkişaf proseslərininin yüksək səviyyədə
davam etməsindən danışdı.
Dünyada gedən və gah artan, gah da səngiyən
maliyyə böhranı fonunda 2012- ci ilin I rübündə
Azərbaycanda ümumi daxili məhsul 0,5 faiz artmış,
qeyri-neft sektorunda isə artım 7,7 faiz olmuşdur. Həmin
dövrdə ümumi sənaye istehsalında 0,3 faiz artım
qeydə alınmışdırsa, qeyri-neft sənayesində
bu rəqəm 16,5 faiz olmuşdur. Əhalinin gəlirləri
14 faiz artaraq inflyasiyanı 10 dəfədən çox üstələmişdir.
Bu rəqəmləri söyləməklə E.Əzizov bu il
aprel ayının 16-da Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda dövlət başçısı
İlham Əliyevin nitqindən bəzi məqamları bir daha
tədbir iştirakçılarının nəzərinə
çatdırdı.
Sonra E.Əzizov Sumqayıtda gedən
geniş quruculuq-abadlıq işlərindən
danışdı və qeyd etdi ki, möhtərəm
Prezidentimiz bizim qarşımızda tələb qoyub ki,
Sumqayıt qısa zamanda Bakı səviyyəsinə
çatmalıdır. Bunun üçün cənab Prezident
bizə hər cür köməklik də göstərir.
Sumqayıtın inkişafı naminə gördüyü bu
işlərə görə biz cənab Prezidentə öz dərin
minnətdarlığımızı bildiririk.
Bundan sonra Sumqayıt
ŞİH başçısının müavini Sahib Quliyev
2012-ci ilin I rübünün yekunu ilə bağlı
geniş məruzə etdi. Məruzəçi dedi ki, cari ilin
birinci rübü ərzində Sumqayıtda şəhər həyatının
bütün sahələrində uğurlar əldə
olunmuş, abadlıq və quruculuq işləri geniş
vüsət almış, insanların rifah halının daha
da yaxşılaşdırılması istiqamətində bir
çox infrastruktur layihələr həyata
keçirilmişdir.
Şəhər üzrə ümumi məhsul
buraxılışı 153.0 milyon manat olmuş, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 102,0 faiz
təşkil etmişdir. Sosial-iqtisadi sahələrdə
çalışan işçilərin orta aylıq əməkhaqqı
ötən ilin müvafiq dövrü ilə müqayisədə
1,2 faiz artaraq 350 manat olmuşdur. Sənaye sahələrində
istehsal olunmuş məhsulun həcmi 101.4 milyon manat təşkil
etmiş, ötən ilin müvafiq dövrü ilə
müqayisədə artım 31,7 faiz olmuşdur. Energetika məhsulları
3,4 dəfə, yüngül sənaye məhsulları 2,6 dəfə,
yeyinti sənayesi məhsulları 46,1 faiz, tikinti materialları
istehsalı 33,3 faiz artmışdır.
Əhaliyə göstərilən pullu
xidmətlər 34.1 milyon manat təşkil etmiş, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 42,6 faiz
artmışdır. Şəhər büdcəsinin gəlirlər
proqnozu 14.8 milyon manata qarşı 15.2 milyon manat olmuş və
yaxud 103,1 faiz yerinə yetirilmişdir.
Şəhərin kimya və neft-kimya
müəssisələrinin enerji təchizatı sahələrində
xeyli təmir-bərpa işləri aparılmış, əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir. Etilen-polietilen
zavodunun “Polimir-120” istehsalatında ilk dəfə olaraq robot
sistemli paketləmə kompleksinin quraşdırılması
uğurla başa çatdırılmışdır. Ötən
ilin sonunda təməli qoyulmuş Azot gübrəsi – karbamid
zavodunun inşası ilə əlaqədar zəruri işlər
görülməkdədir. Birliyin “Səthi Aktiv Maddələr”
zavodunun ərazisində “Azərsu” Səhmdar Cəmiyyətinin
sifarişi əsasında “Hidromakina” MMC tərəfindən
plastik və polad borular istehsalı müəssisəsinin yaradılmasına
başlanılmışdır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin “Sumqayıt Kimya Sənaye
Parkının fəaliyyətinin təmin edilməsi ilə
bağlı tədbirlər haqqında” məlum sərəncamının
icrası ilə bağlı hazırlıq işləri davam
etdirilməkdədir. Parkın yaradılması
çoxsaylı iş yerlərinin açılmasına imkan
verəcəkdir.
“Azərboru” ASC-də boru
istehsalının genişləndirilməsi istiqamətində
tədbirlər davam etdirilmişdir. Müəssisədə
işləyənlərin sayı ötən ilin müvafiq
dövrü ilə müqayisədə artmışdır.
“İntertekstil” ASC-də pambıq iplik və
trikotaj məhsullar istehsalı davam etdirilmişdir. Hazırda
müəssisədə işləyənlərin sayı 400 nəfərdən
çoxdur və bunların əksəriyyətini qadınlar
təşkil edir.
“Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri
üzrə müəyyən olunmuş tədbirlər icra
olunmaqdadır. Sumqayıtın mövcud sənaye
potensialından səmərəli istifadə edilməsi və
gücləndirilməsi baxımından cari ilin əvvəlindən
bir sıra yeni istehsal sahələrinin tikintisi istiqamətində
əhəmiyyətli işlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev son bir ildə 3 dəfə
Sumqayıta gəlmişdir. Onun diqqət və
qayğısı sayəsində Sumqayıtda elektroenergetika
sahəsində yeni infrastruktur layihələrinin həyata
keçirilməsi davam etdirilməkdədir. Ən müasir
avadanlıqlarla təchiz olunmuş Sumqayıt Texnologiyalar
Parkında artıq 15 iri, müasir istehsal sahələri fəaliyyət
göstərir, bir neçə zavodun tikintisi isə davam
etdirilməkdədir.
“Bismak” Qida Sənaye Kompleksi MMC-də
karamel istehsalı sahəsi istifadəyə verilmiş, istehsal
gücü gündə 120 ton olan Çörək zavodunun
inşası davam etdirilməkdədir. “Delta Qrup” MMC tərəfindən
tutumu 4000 ton, ümumi sahəsi 8900 kvadratmetr olan soyuducu anbar
kompleksinin inşası yekunlaşmaq üzrədir, həmin ərazidə
“Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən
Kağız və karton istehsalı kombinatı və Yağ
istehsalı fabrikinin inşası davam etdirilir.
Sumqayıt Elektrik Stansiyası rüb ərzində
638,8 milyon kv/saat elektrik enerjisi istehsal edilərək zəncirvarı
enerji sisteminə ötürmüşdür ki, bu da keçən
ilin eyni dövrü ilə müqayisədə 109 faiz təşkil
etmişdir.
Rüb ərzində şəhərdə
genişmiqyaslı abadlıq, quruculuq,
yaşıllaşdırma işləri davam etdirilmişdir.
Şəhərə
dəvət olunmuş görkəmli
memarların iştirakı ilə ümummilli
lider Heydər Əliyevin adını
daşıyan parkda “Heydər Əliyev Mərkəzi”nin,
“Nəsimi” adına mədəniyyət və istirahət
parkının, “Bələdiyyə parkı”nın
abadlaşdırılaraq yenidən qurulması, yeni yaşıllıqların salınması, dekorativ
kol və bitkilərin əkilməsi məqsədilə
tərtib edilmiş layihələr üzrə
işlər davam etdirilir.
Şəhər icra hakimiyyəti inzibati binasının fasadının yenidənqurulması
və binanın əsaslı təmiri həyata keçirilməkdədir,
“Bələdiyyə parkı” ərazisində Sumqayıt
Şəhər Polis
İdarəsinin inzibati binasının tikintisi və mövcud
obyektlərin müasir üslubda
yenidən qurulması işləri başa
çatmaq üzrədir, Sumqayıt
Cümə məscidində əsaslı təmir-bərpa,
yenidənqurma və abadlıq işləri davam
etdirilir, Heydər Əliyev prospektində
34 və 36-cı məhəllələrin arasında
yerləşən mövcud obyektlərin
sökülərək buranın müasir
üslubda yenidən qurulması işləri
aparılır. “Kimyaçı” Mədəniyyət
Sarayında əsaslı təmir işləri, ətraf ərazinin
və qarşıdakı meydanın yenidən qurulması,
M.Hüseynzadə adına şəhər stadionunun
yenidən qurulması üçün
layihələndirmə işlərinə
başlanılmışdır. Bundan başqa, Heydər Əliyev və
Koroğlu prospektlərinin, N.Nərimanov və
Sülh küçələrinin
abadlaşdırılaraq mövcud tikililərin
tərtib edilmiş layihələr üzrə
yenidən qurulması, sıxlıq yaratmış obyektlərin
digər əraziyə köçürülməsi, bordür və işıq
sütunlarının yenidən
qurulması, 36, 4, 16 və 17-ci məhəllələrdəki
binaların dam örtüklərinin və
fasad hissələrinin təmiri işləri
aparılır. Şəhərətrafı ərazilərin
abadlaşdırılması, çimərliklərin bərpa
edilməsi qısa müddətdə şəhərin paytaxt standartlarına uyğunlaşdırılması
üzrə aparılan işlərin tərkib hissəsidir.
Şəhərdə
iri miqyasla
başlanılan abadlaşdırma və yenidənqurma işlərinin
tərkib hissəsi olaraq Sülh
küçəsi, Azərbaycan və Heydər Əliyev
prospektlərində yeni səki
daşlarının qoyulması, yaşıllıq sahələrinin
salınması ilə bağlı işlər həyata keçirilmişdir. Səki və piyada
yollarına, meydança və xiyabanlara 5000 kvadratmetr üzlük plitələr döşənmiş,
Heydər Əliyev prospektində yol və
ayırıcı zolaqların yanlarına 3800 p/metr qranit səki
daşları qoyulmuşdur. Heydər Əliyev prospekti və
Sülh küçəsindəki
yaşayış binalarının fasadlarının üzlənməsi,
Azərbaycan prospekti və S.Vurğun
küçələrinin kəsişməsində yerləşən
yaşayış binalarının fasadlarında və dam örtüklərində kompleks
təmir, bərpa və yenidənqurma işləri davam etdirilir. Şəhərin küçə, park və xiyabanlarında, məhəllə və
mikrorayonların ərazilərində 7 min
kvadratmetrə yaxın yeni qazon
sahələri salınmış, sahələrə 700
kubmetrdən çox münbit
torpaq verilmişdir.
3500 ədəd dekorativ gül,
1000-dən çox dekorativ
kol və 2000-dən artıq ağac əkilmişdir. “Heydər
parkı” və “Nəsimi parkı” ərazisində, Heydər Əliyevin
abidəsinin ətrafında kompleks şəkildə
yenidənqurma, abadlaşdırma və
yaşıllaşdırma işləri aparılmış və
həmin işlər hazırda davam etdirilir.
Möhtərəm
Prezidentimizin tapşırıq və
göstərişlərini rəhbər tutaraq
əhali ilə işi, onların
qayğıları ilə yaşamağı, son
nəticədə sakinlərin rifah
halının günü-gündən daha
da
yaxşılaşdırılmasını, sosial-məişət
problemlərinin həllinə nail olmağı biz
öz fəaliyyətimizdə prioritet istiqamətlər kimi
müəyyənləşdirmişik və bu
yolla da fəaliyyətimizi
davam etdiririk.
Hesabat dövrü ərzində əhaliyə
elektrik enerjisı, təbii qaz, su və digər kommunal xidmətlərin göstərilməsi
sahəsində bir sıra tədbirlər
həyata keçirilmiş,
ayrı-ayrı avadanlıqlar yeniləri ilə əvəz olunmuş, əlavə xətlər çəkilmiş,
müasir sayğaclar
quraşdırılmışdır. Bütün
bunların nəticəsidir ki, sərt
keçən builki qış
mövsümündə şəhər və qəsəbələrin
sakinləri enerjidaşıyıcılarla təminatla bağlı
ciddi problemlərlə üzləşməmişlər.
Şəhərdə
əhalinin gündəlik istifadə etdiyi
xidmət sahələrindən biri də
nəqliyyatdır. Son illər ərzində sərnişinlərə xidmət
səviyyəsinin yüksəldilməsi məqsədilə müasir, estetik
baxımdan yaraşıqlı və
işıqlandırılmış dayanacaqlar
quraşdırılmış, eləcə də şəhərdaxili
bir neçə marşrutlara
iritutumlu və rahat avtobuslar buraxılmışdır.
Hesabat dövründə Telekommunikasiya
Qovşağı tərəfindən tarif
gəliri proqnozu 105 faiz
yerinə yetirilmiş, abonentlərin
sayı 380 ədəd artırılaraq istifadə tutumu 57,7 minə
çatdırılmışdır. Genişzolaqlı internet istifadəçilərinin sayı artaraq 4300-ü ötmüşdür.
Cari ilin birinci
rübündə şəhərin təhsil müəssisələrində
tədrisin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində bir sıra mühüm
işlər görülmüş, maddi-texniki baza möhkəmləndirilmiş,
istedadlı şagirdlərin aşkara
çıxarılması ilə bağlı tədbirlər
həyata keçirilmişdir.
Rüb ərzində şəhər əhalisinə göstərilən
səhiyyə xidməti işi bütün sahələr üzrə
yaxşılaşdırılmış, xəstəliklərin
profilaktikası, əhaliyə, o cümlədən
ana və uşaqlara
göstərilən tibbi xidmətin keyfiyyətinin
artırılması, əlilliyin azaldılması və
reabilitasiyası sahəsində
müvafiq tədbirlər həyata keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
2012-ci ilin “İdman ili” elan edilməsilə əlaqədar
“Azərikimya” İstehsalat Birliyilə birgə
şəhərdə fəaliyyət göstərən idarə,
müəssisə və təşkilatlar arasında
idmanın şahmat, dama,
stolüstü növləri üzrə
yarışlar təşkil olunmuşdur.
Şəhər
idmançıları respublika və beynəlxalq
səviyyəli yarışlardan 252 medal əldə
etmişlər. Bunlardan 81-i qızıl,
81-i gümüş, 90-ı bürünc medaldır.
İdman növləri üzrə milli yığma komanda heyətlərində
beynəlxalq səviyyəli yarışlarda iştirak
edən idmançılarımız tərəfindən
qazanılmış 24 medaldan 2
qızıl, 2 gümüş, 1 bürünc medal Dünya, Avropa çempionat və birincilikləri, kubok yarışlarında əldə olunmuşdur. Bu medallardan 2 qızıl, 2 gümüş
medal Olimpiya
oyunlarının proqramına daxil olan idman növləri
üzrədir.
Bu ilin əvvəlindən
ötən ildən başlanılmış irimiqyaslı
layihələrin həyata keçirilməsi davam
etdirilmiş və şəhərin
siması günü-gündən dəyişməkdədir.
Sumqayıtı müasir sənaye şəhərinə
çevirmək, yeni texnoparklar
yaratmaq istiqamətində də işlər
uğurla həyata keçirilməkdədir.
Son nəticədə bu
işlərin hamısı şəhərimizin görkəmini
dəyişməklə gözəl şəhərlərindən
birinə çevirmək, şəhər sakinlərinin rifah halını əsaslı şəkildə
daha da
yaxşılaşdırmağa istiqamətlənmişdir.
Sonda tədbir
iştirakçıları Azərbaycan Prezidentinə
müraciət ünvanladılar.
Söhrab SƏFİYEV
Respublika.- 2012.- 29 aprel.-
S.3.