Oğuz turizm diyarına çevrilir

 

Rayonun təbiəti, yerləşdiyi coğrafi mövqe turizm üçün tam imkanlı və əlverişlidir. Bu imkanlardan illərcə çox primitiv qaydada istifadə edilib. Hətta turizm pərdəsi arxasında bu potensialı nəyin və kimlərinsə xeyrinə başqa istiqamətlərə yönəldənlər də olub. Lakin artıq bir ildən çoxdur ki, təbiətin bu ecazkarlığının elin, obanın, dövlətin xeyrinə doğru istiqamətləndirilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ilin ölkəmizdə Turizm ili elan olunması Oğuz üçün can yandıranlara qol-qanad vermiş, rayonun bu potensialının möhkəm bünövrə üstündə daha da gücləndirilməsinə başlanmışdır. Bir sözlə, Oğuzu turizm diyarına çevirmək üçün bütün sahələrdə əsaslı şəkildə işlər görülməyə başlanmışdır. Ən başlıcası, tikinti, abadlıq, quruculuq, yenidənqurma işləri daha geniş vüsət almışdır. Bəli, rayonun həmin sahələrdə bugünkü vəziyyəti deməyə tam əsas verir ki, Oğuz sanki yenidən qurulur. Tarixi bünövrəyə və köklərə söykənərək burada ölkənin digər regionlarında olduğu kimi, turizm adlı məşəl yandırılıb.

Biz bu qənaətə icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunan məruzəsinə əsaslanaraq gəldik. Sözün həqiqi mənasında, Oğuzda çox güclü və hərtərəfli işlər görülür. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi birinci rübdə 12368 min manat təşkil etmişdir. Oğuz şəhərinin H.Əliyev küçəsinin təmiri, abadlaşması işlərinə başlanılmışdır. Küçənin genişləndirilməsi, divarların və su arxlarının yenidən qurulması, elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi prosesləri davam etdirilir. Şəhərin 13 küçəsində aparılacaq təmir işləri üçün də lazımi tədbirlər görülmüşdür. S.Vurğun küçəsində hasarların yenilənməsi, işıqlandırma və su arxlarının qurulması, yolun genişləndirilməsi ilə əlaqədar işlər uğurla aparılır.

Şəhərin Babək küçəsində təməli 2010-cu ildə qoyulmuş Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün yeni inzibati binanın tikintisi başa çatmaq üzrədir. Rayon maliyyə idarəsinin yeni inzibati binasının tikintisində də işlər sürətlə davam edir. 2010-cu ildən Oğuz şəhərində su-kanalizasiya sisteminin yenidən quraşdırılmasına başlanmışdır. Şəhərin girişində birinci dərəcəli yolun inşası davam etdirilir. Həmin yol yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 aprel 2012-ci il tarixli sərəncamına əsasən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qumlaq-Xalxal avtomobil yolunun tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondunun Oğuz Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat vəsait ayrılmışdır. Şəhər və kənd ərazisində vətəndaşlar tərəfindən fərdi yaşayış evlərinin, sahibkarlıq və xidmət obyektlərinin tikintisi işləri davam edir.

Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması məqsədilə 2012-ci ilin birinci rübündə kanal və arxlarda 64 min kubmetr lildəntəmizləmə işləri görülmüş, daşqın və selə qarşı Muxas kəndinin müdafiəsi məqsədilə tikilmiş daş-beton bəndlərində 181 kubmetr təmir-bərpa işləri aparılmış, çay sistemlərində 42 kubmetr qabion bəndi quraşdırılmışdır.

Əhalini fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə Kərimli kəndində qaz xətləri 155 metrdən bir yeni dayaqlar üzərinə qaldırılmış və təmir edilmiş. Şəhərin H.Əliyev, S.Vurğun, Xətai küçələrində yeni xətlərin çəkilməsi və qaz xətlərinin kənara çıxarılması işləri görülmşüdür. Hesabat dövründə 7 yeni mənzil təbii qazla təmin olunmuşdur.

2012-ci ildə rayonun Padar, Dəymədərə, Yemişənli, Calud və Bayan kəndlərinə qaz xəttinin çəkilişi nəzərdə tutulmuşdur.

Oğuz Elektrik Şəbəkəsi tərəfindən əhalinin enerjiyə olan tələbatının ödənilməsi sahəsində 2012-ci ilin birinci rübü ərzində 17 ədəd transformator şiti təmir olunaraq şəbəkəyə qoşulmuşdur.

Oğuzun iqtisadiyyatında aqrar sahə önəmli yer tutur. Rayonun ümumi torpaq sahəsinin 36,5 faizi kənd təsərrüfatına yararlı sahədir. 2012-ci ilin məhsulu üçün 17285 hektar payızlıq taxıl səpilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3718 hektar çoxdur. Yazlıq bitkilər isə 1079 hektardır. İribuynuzlu mal-qaranın sayı 28 min 778 baş, qoyun və keçilərin sayı isə 61 min 855 başdır. Birinci rübdə rayonda 848 ton ət, 2791 ton süd, 662 min ədəd yumurta istehsal edilmişdir. Bunlar da keçən ilin müvafiq dövrünə nisbətən çoxdur.

“Aqroservis” tərəfindn 200 ton azot gübrəsi gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə satılmış, aqrar sahənin müasir texnika ilə təchizatı yaxşılaşdırılmışdır.

Rayonun sənaye müəssisələri tərəfindən ilin birinci üç ayında faktiki qiymətlərlə 785 min manatlıq sənaye məhsulu istehsal edilmiş, ümumi məhsulun həcmi isə 12614 min manata çatdırılmışdır. Torpaq islahatının ikinci mərhələsinin başa çatdırılması üçün rayonun bütün kəndlərində vətəndaşların istifadəsinə yazılan torpaq sahələrinə torpağın mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, Şirvanlı, Kərimli, Astraxanovka və Qarabaldır kəndlərində isə torpaq sahəsinin planı və ölçüsü hazırlanıb dövlət qeydiyyatına alınaraq vətəndaşlara paylanılmışdır.

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində də xeyli işlər görülmüşdür. 2012-ci ilin birinci rübü ərzində ünvanlı dövlət sosial yardımı almaq məqsədilə 146 ailə müraciət etmiş və onlardan 143 nəfərinin sənədləri qeydiyyata alınmışdır. 139 nəfərə sosial yardım verilmişdir. Həmin müddətdə 3 nəfər ehtiyacı olan əlilin protezlərinin dəyişdirilməsi üçün Protez Bərpa Mərkəzi ilə əlaqə saxlanılmış və onlara köməklik göstərilmişdir.

2012-ci birinci rübündə respublikamızın hər yerində olduğu kimi, Oğuz rayonunda da sosial struktur inkişafı sahəsində mühüm irəliləyişlər əldə edilmiş, iqtisadi, mədəni, sosial, o cümlədən təhsil sahəsində nəzərəçarpan uğurlar qazanılmışdır. Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, inventar və avadanlıqlarla, əyani-texniki və didaktik təlim vasitələri ilə təchizi sahəsində bir sıra tədbirlər həyata keçirilmişir. Filfilli, Sincan, Ərmənət, Dəymədərə kəndlərində yeni məktəb binalarının, Oğuz şəhərində yeni uşaq bağçası binasının tikintisinin reallaşdırılması istiqamətində görülən tədbirlər təhsil sisteminə dövlətin göstərdiyi yüksək diqqət və qayğının parlaq təzahürüdür.

Son illər Oğuz rayonunda müasir xəstəxana kompleksinin istifadəyə verilməsi rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına böyük imkanlar yaratmışdır. Xəstəxana kompleksində bütün şöbələr yeni tibbi avadanlıqlarla, istilik sistemi ilə təmin olunmuşdur. 2012-ci ilin birinci rübü ərzində ambulator poliklinika müəssisələrinə 67 min 496 müraciət olmuşdur.

Oğuzda icra hakimiyyəti ilə vətəndaşların canlı əlaqəsinin qurulmasına xüsusi önəm verilir. Yerlərdə keçirilən səyyar qəbullar zamanı onların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması diqqət mərkəzində saxlanılır. İlin birinci üç ayında 11 kənddə keçirilən səyyar qəbulda 1073 nəfər iştirak etmiş, 53 təklif irəli sürülmüşdür.

İclasda digər sahələrdəki mövcud vəziyyətdən də geniş danışıldı.

Yığıncaqda millət vəkili Aqiyə Naxçıvanlının, mərkəzi xəstəxananın baş həkimi Sunay Balakişiyevin, mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışovanın, Kərimli kənd ərazi icra nümayəndəsi Firuz Əlibabayevin, su-kanal idarəsinin rəisi Abdulla İsmayılovun çıxışları dinlənildi.

Axırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Rasim AMANOV

 

Respublika.- 2012.- 29 aprel.- S.3.