AZƏRBAYCANIN HƏRBİ QÜDRƏTİ DAHA DA ARTIR

 

Hazırda Azərbaycan Respublikası sürətlə, hərtərəfli inkişaf edir. Təbii ki, bu inkişafın kökündə dövlətimizdə aparılan uğurlu iqtisadi siyasət dayanır. Çünki bildiyimiz kimi, qüdrətli iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir. Məhz bu iqtisadi inkişafın nəticəsində həm dünya dövlətlərinin Azərbaycana olan marağı artır, həm də ölkəmiz beynəlxalq arenada olan nüfuzunu daha da artırır.

Onu da unutmamalıyıq ki, Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir. Adətən müharibə şəraitində olan dövlətlərin iqtisadiyyatı çox zəif təsir bağışlayır. Bunun əsas səbəbini maliyyə resurslarının birmənalı şəkildə hərbi xərclərə ayrılması ilə izah edə bilərik. Amma bunun tam əksinə olaraq, Azərbaycan öz iqtisadi inkişaf tempinə görə dünyanın lider dövləti hesab olunur. Bununla paralel olaraq dövlətimizin hər il hərbi məsələlərə dair büdcəsi daha da artır. Bu isə Azərbaycanı çox qüdrətli bir dövlətə çevirir. Bununla bağlı, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirmişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Bundan başqa, mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir”.

Müharibə şəraitində yaşamağa məcbur olan Azərbaycanda milli ordu quruculuğu və güclü müdafiə sənayesinin formalaşdırılması olduqca vacibdir və bu sahədə xalqımızın böyük oğlu Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu öndərimizin hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-1980-ci illərdə həmin istiqamətdə çox böyük işlər görülüb, müstəqillik illərində isə sözün həqiqi mənasında ölkəmizdə güclü milli ordu formalaşdırılıb. Milli ordumuzun hərbi-texniki bazasının gücləndirilməsi məqsədilə 2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib və bu proqram hərbi müdafiə sahəsində yeni mərhələnin əsasını qoyub. Hazırda ulu öndərimizin siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycanın və regionumuzun yeni parlaq lideri Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Azərbaycanın hərbi qüdrətinin və müdafiə qabiliyyətinin gücləndirilməsi dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub. 2005-ci ildə dövlətimizin başçısının sərəncamı ilə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Nazirliyin tabeliyinə verilmiş istehsal müəssisələrinin yenidən qurularaq istifadəyə verilməsi üçün geniş proqramlar işlənib və təxirə salınmadan icrasına başlanılıb. Qısa müddətdə ölkəmizdə müdafiə sənayesinin inkişafında ciddi dönüş yaranıb. Hazırda Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üzrə cariperspektiv proqnozların hazırlanması, tətbiqi işi uğurla davam etdirilir və Azərbaycanın hərbi və müdafiə qüdrəti daim yüksəlir. Ötən il Prezident İlham Əliyev ölkəmizin hərbi müdafiə qabiliyyətinin əhəmiyyətini önə çəkərək deyib: “Həmişə olduğu kimi, ordu quruculuğuna diqqət çox yüksək səviyyədədir və bu ilin iyununda keçirilən hərbi parad bizim gücümüzü, Azərbaycan dövlətinin, ordusunun qüdrətini göstərdi. Silahlı Qüvvələr güclənir və bildiyiniz kimi, bu məqsədlər üçün böyük vəsait ayrılır. Bütövlükdə hərbi xərclərimiz 3,3 milyard dollara bərabərdir. Bu, yoxsulluq içində yaşayan Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur. 3,3 milyard dollar, əlbəttə ki, böyük rəqəmdir. Bu, həm çoxdur, həm də azdır. Çoxdur ona görə ki, bu, böyük rəqəmdir. Azdır ona görə ki, biz diqqətimizi bu məsələlərə daha da çox yönəltməliyik. Mən hesab edirəm ki, ilin sonuna qədər biz çalışıb vəsait tapmalıyıq ki, hərbi xərclərimizi daha da artıraq”.

Təbii ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe Azərbaycanı öz siyasətinə müəyyən düzəlişlər etməyə vadar edir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan ya sülh yolu ilə, ya da hərbi yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bu gün Ermənistan istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Azərbaycan inkişaf etdikcə bu fərq daha da artır və artacaqdır. Çünki Ermənistanın inkişaf etməsi üçün heç bir imkanı yoxdur. Onlar bütün beynəlxalq regional layihələrdən təcrid olunmuşlar. Əhali Ermənistanı tərk edir, canlı qüvvəsi çatışmadığından, hətta təmas xəttinin qorunmasında da çətinlik çəkirlər. Tam müstəqil siyasət yürüdən Azərbaycan isə dünyanın ən aparıcı, qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar ölkəmizin hər cəhətdən üstün olduğunun əyani təsdiqidir.

Azərbaycanın daim artan siyasi, iqtisadi-sosial qüdrəti bütün sahələrin, o cümlədən müdafiə sənayesinin inkişafına güclü stimul verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini ikiqat üstələyir. Bununla bərabər Azərbaycanın özünün silah, sursatmüasir hərbi texnika istehsal etməyi ölkəmizin hərbi və döyüş gücünü daha da artırır. Ermənistan nəhayət başa düşməlidir ki, o bizimlə hərbi sahədə də duruş gətirməyə qadir deyil.

Bakıda keçirilən və müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycanın hərbi gücünü və müdafiə potensialını bütün dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrin 93-cü ildönümü münasibəti ilə Bakıda keçirilən təntənəli hərbi paraddakı nitqində Prezident İlham Əliyev ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görüldüyünü xüsusi vurğulayıb:Bu gün keçirilən paradda hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcəkdir. Biz müasir silahlar, sursatlar, hərbi texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son illər ərzində hərbi potensialımız yüksək dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır və ordumuzun hərbi gücü artır… Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır!”

Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnika istehsal olunurproses daim təkmilləşdirilməkdədir. 2009-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə olaraq Azərbaycanda istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilmişdir. Azərbaycan istehsalı olanİstiqlaltipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin hərbi mütəxəssislərində belə xüsusi maraq doğurmuşdur. Təsadüfi deyil ki, ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların satışı ilə bağlı bir sıra xarici dövlətlərlə danışıqlar aparılır. Göründüyü kimi, ölkəmiz artıq müdafiə sənayesi sahəsində də ixrac imkanlarını genişləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müdafiə sənayesi yaradılanda əlbəttə ki, ilk növbədə öz daxili tələbatımızın ödənilməsini nəzərdə tuturduq. Bu günbu prioritetdir, ordunun və hərbi qüvvələrin ehtiyacları ilk növbədə ödənilməlidir. Ancaq əgər ixrac üçün əlavə imkanlar olarsa, əlbəttə ki, bu, ancaq alqışlanacaqdır. Bu, həm yerləridir, həm yeni sənaye obyektləridir, həm də ki əsas məsələmizi—Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bizə çox lazım və vacib olan sahədir.

Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın 60-dan çox ölkəsi ilə əməkdaşlıq edirbu əməkdaşlıq sayəsində ölkəmizdə ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı uğurla həyata keçirilir. Eyni zamanda Azərbaycanda hazırda kosmik sənaye də sürətlə inkişaf edirbu həm də hərbi və müdafiə qüdrətimizin daha da gücləndirilməsinə gətirib çıxaracaqdır.

Yuxarıda göstərildiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə daha da artır. Azərbaycan diplomatik arenada söz sahibi olan dövlətlər sırasına yüksəlir. Amma onu da bilməliyik ki, hər bir güclü diplomatiyanın arxasında dövlətin qüdrətli silahlı qüvvələri dayanmalıdır. Əks halda, aparılan diplomatik münasibətlər heç bir fayda verməz. Məhz bu səbəbdən də Azərbaycanın silahlı qüvvələri, hərbi sənayesi, hərbi büdcəsi daha da artacaq, daha da qüdrətlənəcək. Bununla bağlı olaraq Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni — ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağdaişğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır”.

 

 

Nihad MUSTAFAZADƏ

 

Respublika.- 2012.- 29 aprel.- S.1