TURİZM SAHƏSİ
SÜRƏTLƏ İNKİŞAF EDİR
Azərbaycan
turizm sənayesinin inkişafı üçün zəngin
ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl onun
çox əlverişli iqtisadi–coğrafi mövqeyə malik
olmasıdır. Belə ki, Azərbaycan iki dünya
sivilizasiyasının qovşağında Transqafqaz nəqliyyat
dəhlizinin mərkəzində yerləşir ki,
bütün infrasturuktur – Avropanı, Qafqaz və Mərkəzi
Asiya ölkələri ilə birləşdirən hava və
dəniz daşımaları, magistral avtomobil və nəqliyyat
yolları buradan keçir.
Öz
dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikasının qarşısında olan strateji məqsədlərdən
biri — ölkənin bazar iqtisadiyyatına keçməsindən
sonra qarşıya çıxan bir sıra sosial–iqtisadi məsələlərin
həllində onun mütərəqqi formalarından səmərəli
istifadə yollarını müəyyən etməkdir. Bu
baxımdan turizm bazarı əsaslarının bərqərar
edilməsinə yönəldilmiş dövlət siyasətinin
prinsiplərin işlənib hazırlanması, turizm fəaliyyətinin
əsas istiqamətlərinin müəyyən edilməsi və
turizm sahəsində meydana çıxan münasibətlərin
tənzimlənməsi, eləcə də sosial–iqtisadi
inkişafı təmin edən vasitələrdən biri kimi
turizm ehtiyatlarından səmərəli istifadə olunması
ölkəmizin iqtisadiyyatı üçün çox
böyük əhəmiyyətə malikdir.
Turizm
və sosial–mədəni servis xidməti fəaliyyət
növü kimi əhalinin asudə vaxtının səmərəli
istifadə edilməsinə, ekskursiya, səyahət və
turist marşrutlarının təşkilinə, həmçinin
turistlərin başqa xidmət növlərindən istifadəsinin
gücləndirilməsinə təkan verir. Turizm xidmətləri
bilavasitə turist təşkilatlarının fəaliyyətinin
nəticəsidir. Bu sfera əməyin spesifik xüsusiyyətlərini
və məzmununu müəyyənləşdirən milli
iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək
məhsuldarlığının artım sürəti
üçün xidmətin səviyyəsinin yüksəldilməsi,
əməyin təşkili və
stimullaşdırılmasının forma və
üsullarının təkmilləşdirilməsi, turizm və
sosial–mədəni servis xidmətlərinin təşkilinin
yenidən qurulması istiqamətində dövlətimiz tərəfindən
bir çox layihələr həyata keçirilir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Mən
hesab edirəm ki, bu gün Azərbaycan və Bakı artıq
dünyada sürətli inkişaf edən ölkə və
şəhər kimi tanınır. Yüksək səviyyəli
infrastrukturun mövcudluğu imkan verir ki, biz daha çox
yüksək səviyyəli turizm imkanlarımızı təqdim
edək və edirik”.
Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin yaradılması və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlərdə planlı şəkildə genişmiqyaslı işlər görülür. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən keçən 2011–ci ilin “Turizm ili” elan edilməsi turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlərə təkan vermiş, ölkənin müxtəlif regionlarında, o cümlədən Qəbələ, Balakən, Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran və Lerikdə yeni turizm və mədəniyyət obyektlərinin açılışı olmuşdur.
Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın on bir iqlim qurşağından doqquzunun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə on iki təbii və tarixi qoruq, on yeddi müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövcuddur. Müxtəlif regionlarda altı mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan “İçəri şəhər”, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məşhurdur. Bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirmək məqsədilə turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq, turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək, turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək, turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq, turizmin infrastrukturunu, onun maddi–texniki bazasını möhkəmləndirmək, turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək kimi əsas vəzifələr uğurla yerinə yetirilir.
Azərbaycan Respublikası nadir təbii–iqlim xüsusiyyərlərinə malik bir ölkədir. Bazardüzü, Şahdağ, Babadağın qarlı zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, büllur kimi şəffaf Göy–Göl, Maral gölün firuzəyi səthi, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri – bütün bunlar Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.
Flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə gələn turistləri məftun edir. Burada Qafqaz florasının, demək olar ki, bütün növlərinə təsadüf edilir. Son 13 milyon ildə dünyada baş verən relyef və iqlim dəyişikliklərinə duruş gətirən Eldar şamı yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır. Azərbaycanda 1200–dən çox irili–xırdalı çay axır. Dağlardan axan bir çox çaylar səsli–küylü, əzəmətli şəlalələr yaradır.
Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq–hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında Naftalan müalicəvi nefti xüsusi yer tutur.
Abşeron yarımadasının Bakı şəhəri ətrafında yerləşən dünyada misli–bərabəri olmayan qumsal çimərlikləri turistlər arasında geniş şöhrət qazanmışdır. Eyni zamanda respublikanın şimal–şərq sahilində, Yalama–Xaçmaz zonası çimərlikləri birbaşa sahil zolağında bitən enli yarpaqlı meşələr özünün sərtliyi ilə turistləri cəlb edir.
Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli amil — Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.
Ölkəmizin zəngin turizm resurslarını təhlil etdikdə aydın olur ki, respublikamızda, xüsusilə yaxın gələcəkdə, dağ–xizəkçilik turizmi, qolf turizmi, müalicəvi–balneoloji turizm, ixtioloji turizm (balıqçılıqla bağlı turizm), ornitoloji turizm (quşların inkişafı ilə bağlı turizm), elmi turizm (elmi–sualtı müşahidələr, nadir dəniz florası və faunası ilə tanışlıq, elmi–vulkanoloji turlar), konqres turizmi, speloturizm (mağara turizmi), etnoqrafik turizm (müxtəlif xalqların mədəniyyəti və məişəti ilə tanışlıq), ovçuluq turizmi, raftinq turları (coşğun dağ çaylarında qayıqla üzmə) kimi turizm növləri inkişaf etdiriləcəkdir.
Azərbaycanda turizm sahəsi üzrə dövlət siyasəti həyata keçirilən zaman beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə — Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir.
Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicə nefti və palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, Quba–Xaçmaz, Lənkəran–Astara, Şəki–Zaqatala, Gəncə–Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Ümumiyyətlə, son illər Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı çoxalmışdır. Ötən il ölkəmiz ilk dəfə iki milyondan çox, yəni 2 milyon 239 min nəfər əcnəbi qəbul etmişdir. Bu, 2010–cu ilə nisbətən 14 faiz çoxdur. Respublikamızda 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010–cu illə müqayisədə 16,3 faiz artmışdır, onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır. Xüsusi qeyd olunmalıdır ki, 5 il əvvəl ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300–dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilmişdir. Hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir. Ölkəmizdəki turistlərin əksəriyyətini Avropa ölkələrindən, qonşu dövlətlərdən və ABŞ–dan gələnlər təşkil edir. Cənab Prezident demişdir: “Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir. Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır”. Azərbaycanda dövlət tərəfindən turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur.
Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin dünya turizm bazarına inteqrasiyası istiqamətində həyata keçirilən ardıcıl və uğurlu siyasətin bariz nümunəsidir.
Emin QASIMOV
Respublika.- 2012.- 18 avqust.- S. 1; 3.