ADINI DOĞRULDAN “NƏQŞİ–CAHAN”IM

 

Son illərdə yaradıcılığımla bağlı olaraq Bakıda yaşasam da tez–tez doğma Naxçıvanımıza gələrək könlümün ayrılmadığı bu yerlərdə rahatlıq və dinclik tapıram. Belə vaxtlarda bəzən aylarla öz arxivimdə çalışır, doğma yurdu qədəm–qədəm gəzir, ağrılı–acılı və xoş xatirələrlə görüşürəm.

Bu dəfə niyyətim Hz. Nuhun Türbəsini və həmişə olduğu kimi doğmalarımın məzarlarını ziyarət etmək, “Şəhidlər Xiyabanı”nda olub Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın xatirəsini yad edərək “Əcəmi seyrəngahı”na gəlib ümummilli liderimizin müqəddəs büstü önündə baş əymək, sonra isə əsrlər yadigarı olan “Möminə xatun”un önündən keçib “Xan Evi”nin həyətindən Arazın o taylı–bu taylı sahilini seyrə dalmaq idi. Bu kövrək duyğularla gəzərkən elə bir aləmə düşdüm ki, sevinc kədəri üstələyə bildi. Şəhərimizin gözəllikləri önündə az qala donub qalmışdım. Qədim yurdum, yollarında məni çaşdıracaq qədər dəyişmişdi. Binaların yeni görkəmi, yeni tikililər, hər yerdə göz oxşayan səliqə–sahman məni heyrətdə qoyaraq sonsuz sevinc bəxş edirdi. Hələ yaşıllıqlar, gül–çiçəklər!

Mən belə yaradan, quran əllərə könlümdə təşəkkürlər deyə–deyə gəzdikcə dilimdən şeirimin sətirləri süzülürdü:

 

Gözəllik içində gördüm yurdumu,

Ona bəzək vuran əllərə alqış!

Bir anda könlümdən qovdu dərdimi,

Məni ovunduran yollara alqış!

 

A yurdum, qurbanam bu vüsalına,

Bu gözəl çağına, bu cəlalına.

Axır ki, qovuşdun istiqlalına,

Sabaha aparan ellərə alqış!

 

Düşündüm ki, hər guşəsi pir–ocaqlı, Əs–habül–kəhf ziyarətgahlı qədim Nuh yurdu, Atabəylərin Nəqşi–Cahanı elə beləcə bəzənməli idi. Bu zaman gəncliyimdə yazdığım “Əcəmi yadigarı” şeirimi xatırladım:

 

Atabəylər zamanının

Yaraşıqlı yadigarı!

Bir hekayət söylər mənə,

Göy kaşılar üzərində

Atabəylər zamanının

Yaraşıqlı yadigarı!

Bir hekayət söylər mənə,

Göy kaşılar üzərində

O memarın yazdıqları.

Sən bu sakit görkəminlə

Yaşadıqca zaman–zaman,

Bir sənətkar əllərinin

Qüdrətini yaşadırsan.

 

Sonsuz düşüncələrlə böyük babam Miriş ağanın yurdunda ulu öndərimizin təşəbbüsü ilə ucaldılmış “Həzrəti–Zəhra Məscidi”nin qarşısına nə vaxt çatdığımı bilmədim. Onun açılışı münasibətilə burada —qadınlar salonunda şirinlik paylamağım yadıma düşdü. Bu ocağın da şəhərimizə payladığı bərəkətə şükürlər olsun!

Böyük Vətən müharibəsindən qələbə sevincilə qayıdan atamın vaxtaşırı əlimdən tutub gəzdirdiyi “Böyük bağ”ın sanki məni tanıdıqlarını yarpaqlarının xəfif xışıltısı ilə bildirən əzəmətli ağaclarının yanından ötüb Muxtar Respublika Ədəbiyyat Muzeyinin yeni binasına fərəhlə tamaşa etdikdən sonra bir az da irəliləyib şəhərimizin baş meydanına yetişdim. Burada yenidənqurmadan sonra yaraşıqlı görkəm almış Heydər Əliyev Muzeyinə, onun qarşısında ucalan ümummilli liderimizin əzəmətli heykəlinə və göylərdə dalğalanan üçrəngli, ay–ulduzlu bayrağımıza qürurla baxdım. Bir neçə addım irəliləyib indi “Azadlıq meydanı” adlanan bu yerləri seyr edərkən ötən illər kino lenti kimi gözlərim önündə “canlandı”. Nə qədər çal–çağırlı, təm–təraqlı, təntənəli günlərin, rəsmi bayramların, tarixi hadisələrin şahididir bu meydan. Bu zaman müstəqil Naxçıvanımızın bu meydandakı ən möhtəşəm, şərəfli və unudulmaz günü —1992–ci ilin 9 oktyabrı yadıma düşdü. Milli Ordumuzun MR Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən qəbul edilən ilk hərbi paradı. Düşündüm ki, belə bir təntənənin təkrar olunacağı gün —bu meydanda Qələbə paradının gerçəkləşəcəyi gün o qədər də uzaqda deyil.

Bu nikbin duyğularla meydanın o biri başına adlayıb böyük Mirzə Cəlilin dərin mənalı heykəlilə qarşılaşanda onun açılışı münasibətilə yazdığım misralar yenidən fikrimdən keçdi:

 

Alqış, el dərdini daşıyanlara!

Həyatdan getsə də o yaşayarmış.

Hələ də sirdaşdır bu insanlara,

Demə, heykəlin də ürəyi varmış

 

Odur, fikirlərə qərq olub yenə,

Görür öz torpağım, öz elim mənim.

Heyranam sənətin bu qüdrətinə.

Hələ də düşünür Cəlilim mənim.

 

Heykəlin yanından ötüb istifadəyə verildiyi gündən bu dahinin adını daşıyan qocaman sənət ocağının—Naxçıvan Dövlət Musiqili Dram Teatrının qarşısında durdum. Muxtar respublikanın ən böyük teatrsevəri —Ali Məclis sədrinin xüsusi diqqəti və himayədarlığı sayəsində bu qədim məbədə yeni həyat verilirdi, binada tamamilə yenidənqurma ilə əlaqədar əsaslı təmir işləri aparılırdı. Bu mənzərənin sevincilə məni uzaq illərə aparan qəhərin göz yaşları qarışdı. İlk xatırladığım 1964–cü ilin bir xoş payız axşamı oldu —bu möhtəşəm binanın əzəmətli sütunları arasındakı qapılarının, yeni səhnənin pərdələrinin ilk tamaşaçıların üzünə açıldığı gün. Özü də mənim dramaturgiyada ilk qələm təcrübəm olan “Məhsəti” mənzum pyesinin ilk tamaşası ilə. Beş gün ardarda anşlaqla (tamaşa zalı dopdolu) gedən bu tamaşa həm də teatrın yeni adına tam uyğun olaraq təzə səhnədə göstərilən ilk musiqili–dram əsəri kimi yaddaşlarda yaşamaqdadır. O unudulmaz gündən bir neçə il sonra özümün də burada qədim sənət ocağının ilk ədəbi hissə müdiri kimi 22 il uzun müddət teatrın baş rəssamı olmuş ömür–gün yoldaşımla, neçə–neçə korifey sənətkarla bərabər çalışdığım dövrlər, həmin müddətdə bu səhnədə tamaşaya qoyulmuş daha üç pyesimin premyera günləri xəyalımdan keçdi. Bu xəyallar içərisində sanki yenə də işə gedirəmmiş kimi teatrın arxa—xidməti qapısı önünə gəlib çatdım. Çox kövrəldiyimdən buradan tez uzaqlaşmaq məqsədilə geriyə qanrılanda bir az aralıda “Cavidlər” türbəsini gördüm. H.Cavidin Ev–Muzeyilə məqbərə arasındakı əraziyə çatanda “yağışdan çıxıb yağmura düşdüm” —artıq göz yaşlarımı saxlaya bilmədim. Mən doğulub böyüdüyüm məhəlləmdə —Əlixan məhəlləsində idim.

 

Bu yerlərə elim baxsın doyunca,

Cavidimiz gəzən yerdi bu yerlər.

Həsrət qaldıq ona illər boyunca,

Bu həsrətə dözən yerdi bu yerlər.

 

Məqbərəyə daxil olub Cavidlərə Ulu Tanrıdan rəhmət dilədikdən sonra ev–muzeyin dəmir çəpərinə yaxınlaşaraq qızıl güllərlə dolu həyətini seyrə daldım. Bir anda insanların məni əhatəyə aldığını hiss etdim. Dönüb baxarkən onların məhəllə sakinləri olduqlarını anladım. Aralarında mənimlə daha səmimi görüşən yaşlı nəslin nümayəndələrini və qohumlarımızı tanıya bildim. Bu il Bakıda yenicə nəşr olunmuş “Əlixan məhəlləsi” kitabımın çantamda olan bir neçə nüsxəsini onlara və birini də Cavidin Ev–Muzeyinə bağışlayaraq xudahafizləşib evimizin səmtinə doğru yoluma davam etdim. İndi ulu öndərimizin adını daşıyan Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin yerləşdiyi üçmərtəbəli, yaraşıqlı binanın arxa hissəsi bizim evin və böyük həyətimizin yeridir. Buraya çatan kimi yenidən doluxsundum. Bir zamanlar düz həyətimizdən axıb gedən Bazarçayın şırıltısı və sahil boyu o baş–bu başa qaçan uzun hörüklü balaca qızın şaqraq gülüşü qulaqlarımda əks–səda verirdi. Gözlərimdə gilələnən göz yaşı məni keçmiş uşaqlıq xatirələrimdən bu günə qaytardı. Burada çox ləngimədən məni tam 35 il müəllim kimi məktəbimizə aparan küçə ilə üzü yuxarı irəlilədim.

Bu da Heydər Əliyev adına Hərbi lisey! Onun tamamilə yenilənmiş, yaşıllığa, gül–çiçəyə qərq olmuş ərazisinə, təzə tikilmiş, yaraşıqlı korpuslarına valeh olmamaq mümkün deyil. Yenə düşüncələrə dalıram. Təxminən 50 il öncə, elə bu ərazidə Naxçıvan Şəhər İnternat–Məktəbin açılışı oldu. İlk gündən buranın pedaqoji kollektivinə biz də —mən və ömür–gün yoldaşım da daxil olmuşduq, müvafiq olaraq fransız dili və rəsm–rəsmxət müəllimləri kimi. Böyük oğlumuz da otuz il işlədiyim bu məktəbin məzunu oldu. Çox qəribədir. Bu təsadüfdür, yoxsa həyatın qanunauyğunluğu? Bu gün burada —hərbi liseydə on ilə yaxındır ki, gəlinim tarix müəllimi kimi çalışır, beş il əvvəl buradan məzun olan nəvəm isə hazırda Silahlı Qüvvələrimizin zabiti kimi Vətənə xidmət etməkdədir.

Hərbi liseyin həyətində gəzişən kursantlara baxarkən düşündüm: bu gün muxtar respublikamız, xüsusən də onun paytaxtının hər bir guşəsi aybaay, günbəgün yeni libasa bürünür, inkişaf edir, çiçəklənir. Hər bir sahəyə böyük diqqət, qayğı addımbaşı hiss olunur. Bu tərəqqini, bu gözəlliyi yaradan insanlar kimi onu göz bəbəyi kimi qoruyacaq igid oğullarımız da var.

Dərindən nəfəs alaraq yavaş–yavaş gəlib Heydər Əliyev prospektinə, şəhərin “Dördyol” adlanan hissəsinə çatdım. Buradan yurdumun gözəlliklərini gözlərimə yığaraq, hafizəmə həkk edərək bir daha seyr etdim. Qəlbimdən bu misralar keçdi:

 

Gözümü qoynunda açdım dünyaya,

Ey əziz, mehriban, doğma diyarım.

Oldum söz aşiqi, düşdüm sevdaya,

Sən oldun sevgilim, sən oldun yarım.

 

Sənin vəsfin üçün borcluyam hələ,

Bu eşqin önündə acizdir qələm.

Gərəkdir Tanrıdan bir ilham gələ,

Yazıla hüsnündə olan bu aləm…

 

Doğma Naxçıvanımızı abadlaşdıran, gözəlləşdirən, çiçəkləndirən, tərəqqisi uğrunda yorulmadan, böyük vətənpərvərliklə, qeyrətlə, hünərlə, çalışan, qədim Nuh yurdunu gəncləşdirən, onu sabahlara doğru ilhamla, inamla irəli aparan fədakar insanlara eşq olsun! Ulu Tanrım onlara yar olsun!

 

 

KƏMALƏ,

şair–dramaturq,

Azərbaycan Respublikasının

Əməkdar incəsənət xadimi,

Prezident təqaüdçüsü

 

Respublika.- 2012.- 18 avqust.- S. 6.