Zəngin xəzinə

 

Səməd Vurğun XX əsr Azərbaycan ictimaisiyasi və bədii fikrinin, nəzəri–estetik düşüncəsinin tarixində təkrarsız bir tarixi şəxsiyyət olmuşdur. Onun ədəbi irsi eyni zamanda ədəbi–bədii dilimizin inkişafı, zənginləşməsi və dil quruculuğu baxımından bu günson dərəcə dəyərlidir. Bütövlükdə hər bir söz sərrafının, söz korifeylərinin bədii əsərləri gələcək nəsillər üçün də qiymətli xəzinəyə çevrilir. Bu xəzinə lüğətləşdikdə isə onun həm belə sənətkarların yaşadıqları dövrün dil mənzərəsini tam dəqiqliyi ilə qoruyub saxlamaqda, həm də sonrakı nəsillərə bəhs olunan dövrün söz cövhərlərini çatdırmaqda, məna incəliklərinin əks etdirilməsində dəyərini, mövqeyini heç bir şeylə əvəz etmək olmaz. Səməd Vurğunun bədii yaradıcılığından danışarkən şairin xalqın həyatını nə dərəcədə dolğun, dürüst, sərrast təsvir etməsi, sənətkar məqsədinin bədii həlli, bugünkü dünyamızın işıqlı tərəflərinə, müasirlərimizə, zəmanəmizin müsbət enerjili adamlarına yönəldilən diqqət, qədim, yaşarı ənənələrimizin davamı və inkişafı kimi ciddi məsələlər təhlillərin əsasında dayanır.

Vaxtilə böyük rus alimi L.V.Şerba azman söz ustalarının ədəbi–bədii irsləri barədə demişdir: “Nəhəng sənətkarların hər bir sətri belə gələcək nəsillər üçün misilsiz dərəcədə qiymətlidir”.

Bu sözləri ölməz şairimiz Səməd Vurğuna da aid edə bilərik, çünki söz sərrafımız şeir sənəti tariximizdə təkrarsız bir qələm sahibi olduğu kimi, Azərbaycan ədəbi–bədii dilinin gözəl bilicisi, ona yeni çalarlıqlar, məna incəlikləri gətirən yenilikçi şair, Azərbaycan bədii–poetik üslubunun inkişafı tarixində özünəməxsus fərdi üslubu ilə seçilən bir ədəbiyyat xadimidir.

Səməd Vurğunun 6 cildliyinin (1960–1972–ci illər nəşri) 4 cildindəki şeirləri, poemaları və dram əsərləri əsasında tərtib olunan bu lüğət Azərbaycan lüğətçiliyi tarixində anadilli yazıçı və şairlərimizin bədii irslərini tam mənada özündə əks etdirən ilk məlumat kitabıdır, ilk təşəbbüsdür. Lüğətdə 6215 söz və 1753 ifadə vardır. Cəmi 7968 söz və ifadədir. Şairin dilinin lüğətinin hazırlanmasında əsas məqsəd ədibin bədii əsərlərində istifadə olunmuş leksik vahidlərin miqdarını göstərmək və mənalarını müəyyənləşdirmək olmuşdur. Lüğət eyni zamanda XX yüzilin I yarısı Azərbaycan ədəbi–bədii dili tarixinin dərindən öyrənilməsi üçün, habelə gələcəkdə hazırlanılacağı nəzərdə tutulmuş Azərbaycan dilinin böyük izahlı lüğəti üçün də gərəkli mənbə kimi dəyərlidir. Səməd Vurğunun dilinin lüğətini, sözün tam mənasında, dilin izahlı lüğəti (doğrudur, burada sözlərin izahlı lüğətə düşməyən mənaları da müşahidə olunur) hesab etmək olmaz. Ümumən şair və yazıçıların əsərləri əsasında hazırlanmış lüğətlər lüğətçilikdə məlumat xarakterli lüğətlər kimi qəbul olunur. Çünki belə lüğətlər ana dilinin izahlı lüğətinin bütün vəzifə və xüsusiyyətlərini yerinə yetirə bilmir. S.Vurğunun dilinin lüğəti şairin bədii əsərlərində işlənmiş sözfrazeoloji ifadələri əhatə etmək vəzifəsini yerinə yetirmişdir.

Lüğətdə verilən lüğət məqalələri buya digər sözün məna və işlənməsinin səciyyələndirilməsinə həsr olunmuşdur. Bu sözlərin hər birinin S.Vurğunun dilində kəsb etdiyi mənaların köməyi ilə oxucuda aydın təsəvvür hasil ola bilər.

Səməd Vurğunun dilinin lüğətini AMEA Nəsimi adına Dilçilik İnstitutu Lüğətçilik Şöbəsinin əməkdaşları — şöbə müdiri filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədli, baş elmi işçi filologiya elmləri doktoru, professor Aydın Qulam oğlu Ələkbərov, aparıcı elmi işçi filologiya elmləri namizədi mərhum Bəhruz Teymur oğlu Abdullayev, aparıcı elmi işçi, filologiya elmləri doktoru Nəriman Fərman oğlu Seyidəliyev, baş elmi işçi filologiya elmləri namizədi mərhum Nərgiz Rəsul qızı Rəhimzadə, böyük elmi işçi filologiya elmləri doktoru Mirvari Abbas qızı İsmayılova, böyük elmi işçi Nigar Əli qızı Xəlifəzadə tərtib etmişlər.

 

 

İsmayıl MƏMMƏDLİ,

filologiya elmləri doktoru,

professor

 

Respublika.- 2012.- 18 avqust.- S. 8.