Füzuli
döyüşür, dəyişir və gözəlləşir
Son vaxtlar cəbhə xəttində atəşkəsin tez–tez pozulması və dinc insanların atəşə tutulması bir daha Ermənistanın təsavüzkarlıq və işğalçılıq niyyətindən xəbər verir. İşğal etdiyi Azərbaycan torpaqlarında yurd yerlərimizi xarabalığa çevirən düşmən öz havadarlarının köməyinə arxalanaraq atəşkəsi pozmaqla əhalini qorxu və vahimə altında saxlamağa cəhd göstərir. Hər dəfə də Azərbaycan ordusu düşmənə layiqli cavab verir və onları susmağa məcbur edir. İyirmi ilə yaxındır ki, Ermənistanın işğal altında saxladığı torpaqlardan qeyd–şərtsiz öz qoşunlarını çıxarması BMT–nin dörd qətnaməsində öz əksini tapıb. Acınacaqlı haldır ki, Ermənistan həmin qətnamələrə məhəl qoymur və bu özbaşınalığa görə heç bir sanksiyaya və cəzaya layiq görülmür. Dağlıq Qarabağ və onun ətrafındakı rayonların Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinin səbəbləri haqqında kifayət qədər danışılıb, bu barədə bir çox araşdırmalar aparılıb, uğursuzluğun acı nəticələri dönə–dönə təhlil edilib. Yaxın keçmişə—1992–93–cü illərə nəzər salanda bir daha aydın olur ki, Ermənistanın hərbi təcavüzü ilə bərabər, AXC–Müsavat hakimiyyətinin səriştəsizliyi nəticəsində torpaqların işğalına şərait yaradılıb, başıpozuqluq, dərəbəylik və hakimiyyətsizlik dinc insanların taleyinə ağır zərbələr vurub.
Öz təbii mənzərəsi, gözəlliyi ilə seçilən, qədim tarixi və mədəniyyəti olan Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin əsası da məhz 1992–ci ilə təsadüf edir. Müharibənin boz və murdar sifəti həmin vaxt daha çox özünü büruzə vermiş, doğma yurd yerlərimiz, kəndlərimiz erməni işğalına məruz qalmışdır. Yaxın keçmişə nəzər salaq. Füzuli rayonunun Yuxarı Divanlılar kəndi dekabrın 7–də (1991–ci il) erməni–rus ordusu tərəfindən işğal edildi. Hərbi texnika ilə hücuma keçən basqınçılar kəndin bütün evlərini yandırmışlar. 12 nəfər kənd sakini isə əsir götürülmüşdür. Başqa bir fakta diqqət yetirək. Fevralın 21–dən 22–nə keçən gecə (1992) ermənilər rusların zirehli texnikası və piyada dəstələrinin köməyi ilə Füzuli rayonunun Yuxarı Veysəlli kəndini gecə saat 3–də mühasirəyə almışlar. Kəndin 100–dən artıq evi yandırılmışdır. 1000 nəfərdən artıq adam evsiz–eşiksiz qalaraq kəndi tərk etmişdir. Döyüş zamanı kənd sakinlərindən və onun müdafiəçilərindən 5 nəfər həlak olmuş, 20 nəfər yaralanmış, 16 yaşlı oğlan uşağı itkin düşmüşdür. Adamlar öz doğma ocaqlarını, evlərini tərk etmişlər. 1993–cü il avqustun 23–də isə Ermənistan silahlı qüvvələri Füzuli şəhərini və ətraf kəndləri işğal edərək Arazboyu kəndlərə doğru irəliləyirdi. Düşmənə müqavimət göstərilsə də, cəbhədə əsaslı dönüş əldə olunmurdu. İnsanların ümidi, inamı tükənmişdi, onlar cavabsız sualların əlində qalmışdılar. İtkilər isə gündən–günə çoxalırdı.
Bu barədə danışmaq üçün Alı Alıyevdən yaxşı bələdçi tapmaq mümkün deyil. Onun ürəyi həmişə doğma torpaqla birgə döyünüb. Ən ağır vaxtlarda onu həmyerlilərinin yanında görüblər. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev deyir:
—Sevinc və kədərimizin şahidi olmuş doğma Füzulini itirmək, həmyerlilərim kimi, məni də çox sarsıtmışdır. Adamlar ümidsizliyə qapılmış, cansıxıcı suallar qəlbimizi didirdi. Görəsən bu məğlubiyyətlərin qarşısı alınacaqmı? Erməni hücumlarının qarşısına sipər çəkiləcəkmi? Xalqımızın haqlı tələbi və təkidi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev insanları düşündürən və narahat edən bütün suallara cavab tapdı. Hamının yaxşı yadındadır ki, belə ağır və təzadlı bir vəziyyətdə bütün baxışlar yalnız bir insana—ümummilli liderimiz Heydər Əliyevə dikilmişdi. Hamı bu dahi insandan imdad gözləyirdi. Ulu öndər xalqımızı bütün bəlalardan xilas etdi, onun fədakar xidməti sayəsində erməni silahlı qüvvələrinin hücumlarının qarşısına sipər çəkildi. İnsanların qəlbində inam baş qaldırdı. Öləzimiş ümidlər dirçəlməyə başladı. 1993–cü il dekabr ayının əvvəllərində Heydər Əliyevin bölgəyə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. 1994–cü ilin yanvar ayında Milli Ordumuz əks–hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu. 22 kənd və Horadiz qəsəbəsi işğaldan azad olundu. İşğaldan azad edilmiş və zərər çəkmiş ərazilərdə vəziyyət olduqca ağır və dəhşətli idi. Buna baxmayaraq, xalqımızın dahi oğlu Füzuli rayonunun dirçəlişi üçün çox böyük diqqət və qayğı göstərdi. Neft Fondundan ilk vəsaiti məcburi köçkünlər üçün qəsəbələrin salınmasına ayıran ulu öndər Heydər Əliyev həmin insanların qəlbində özünə əbədi bir abidə qurmuşdur.
Həmin günləri həyəcansız xatırlamaq mümkün deyil. Şəhərə girmək olmurdu. Ermənilər artıq Füzulini işğal etmişdilər. AXC–Müsavat hakimiyyətindən miras qalmış boşluğu, sahibsizliyi bərpa etmək çox çətin idi. Bir tərəfdən də on minlərlə məcburi köçkünün yerləşdirilməsi, qıtlıq, ruh düşkünlüyü vəziyyətin çox ağır olduğunu göstərirdi. Digər tərəfdən, belə bir vəziyyətdə əhalinin inamını bərpa etmək, hər şeyin yaxşı olacağına onları inandırmaq çox çətin idi. Adamlar gərginlikdən, vahimədən, nigaranlıqdan qurtula bilmirdilər.
İndi toxunacağım məsələ barəsində çox danışılıb, əsaslı fikirlər söylənsə də, bir daha demək lazımdır ki, rəhbərə inam olmayanda, hakimiyyət səriştəli, təcrübəli lider əlində olmayanda insanlarda birinci ümid ölür, inamsızlıq baş qaldırır və ölkə dağılmağa doğru gedir. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi əhalidə yaranmış vahiməyə, inamsızlığa və ruh düşkünlüyünə birdəfəlik son qoydu.
İndi yadıma salanda düşünürəm ki, o ağır, çətin və təhlükəli günləri biz necə yaşamışıq?! Həmin ilin payızı və qışı ağır keçdi. Elə bil təbiət də insanları sınağa çəkmişdi. Yerli icra orqanları gecə–gündüz işləyir, əhalinin məskunlaşması üçün var qüvvəsini sərf edirdi. Respublikanın 50–dən artıq rayon və şəhərinə, 1500 kənd və qəsəbəsinə səpələnmiş həmyerlilərimizin adi şəraitdə yaşamaları üçün səy göstərir, onlara kömək edirdik. Hər cür çətinliyə sinə gərən əhalinin nikbinliyi daha çox diqqəti cəlb edirdi. Bu isə təsadüfi deyildi. Xalq öz taleyini möhtərəm Heydər Əliyevə etibar etmişdi. Onlar çox yaxşı bilirdilər ki, xalqımızı bu çətinliklərdən məhz ulu öndər Heydər Əliyev qurtaracaqdır. Məhz belə də oldu, cəbhədə atəşkəs elan olundu, dağılmış iqtisadiyyatın bərpasına başlanıldı.
Rayonumuzun həm iqtisadiyyatı, həm kənd təsərrüfatı, həm də xidmət sahələri indi öz inkişaf dövrünü yaşayır. İnsanların qəlbində gələcəyə böyük bir ümid yaranıb. Dövlətimizin başçısı cənab İlham Əliyevin Füzuli rayonuna səfəri, burada bir sıra obyektlərin açılışında iştirak etməsi, füzulililərlə səmimi və yaddaqalan görüş keçirməsi hamımızın qəlbində dərin iz buraxmışdır. Dövlət başçısı məcburi köçkünlərin yaşadıqları ərazilərə sevinc gətirmişdir. Zobucuq qəsəbəsində orta məktəb binasının açılış mərasimində möhtərəm Prezidentimiz demişdir: “Yeni salınan qəsəbələr, səkilər, yollar, yaradılan infrastruktur Azərbaycan xalqının xidmətindədir. Biz bu siyasətə sadiqik və onu bundan sonra davam etdirəcəyik. Çünki bizim üçün, ölkəmiz üçün sosial məsələlər, ilk növbədə ən ağır vəziyyətdə yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması birinci dərəcəli məsələdir. Xüsusilə biz işğaldan əziyyət çəkən, ermənilər tərəfindən etnik təmizləmə siyasətinin qurbanları olan insanların bütün problemlərini həll etməliyik”.
Adamlar indi daha çox həvəslə çalışırlar. Bu da səbəbsiz deyil. Cəbhə xəttində yerləşən bölgəyə dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğı, doğma münasibət adamların həm həyat şəraitinə, həm yeni iş yerlərinin yaradılmasına, həm də bölgələrin, o cümlədən Füzulinin inkişafına müsbət təsir göstərib. Dövlətimizin siyasətində insanların məşğulluğunun təmin edilməsi, hər bir kəndin, rayon mərkəzinin infrastrukturunun yeniləşməsi, rayonlararası və kəndarası yolların əsaslı təmir edilməsi mühüm yerlərdən birini tutur.
Elə götürək Horadiz şəhərini. Bu qədim yaşayış məskəni indi öz tarixinin yeni mərhələsini yaşayır. Məlum olduğu kimi, Horadiz Ermənistanın hərbi birləşmələrinin işğalı altında qaldığı üçün dağıdılmış və yandırılmışdır. 1996–cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş və müharibədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu iş bu gün də uğurla davam etdirilir. Horadiz şəhəri, demək olar ki, başdan–başa dəyişir. Şəhərin giriş hissəsindən tutmuş ən ucqar küçələrə qədər abadlıq və quruculuq işləri aparılır. Son bir neçə ay ərzində Horadiz müharibədən zərər çəkmiş şəhərdən, mübaliğəsiz demək olar ki, yeni və müasir bir şəhərə çevrilib. Horadiz həm də böyük tikinti meydançasını xatırladır. Diqqəti ən çox cəlb edən də elə bu yeni tikintilərdir. Sakinlərin dediyi kimi, indi Horadizin gecələri daha gözəl və füsunkar görünür. Əlbəttə, bu yeniləşmə, quruculuq, yaşıllıqların salınması, yolların, küçələrin təmir edilməsi, insanların rahatlığı üçün görülən bütün işlər dərin razılıqla qarşılanır.
İcra başçısı söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məşhur bir kəlamını diqqətə çatdırdı: “Uğurlarımızın təməlində, bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai–siyasi sabitlik, icra strukturlarındakı güclü nizam–intizam dayanır. Nizam–intizam olmadan, biz uğurlara nail ola bilməzdik”.
Göründüyü kimi, bütün uğurların təməlində nizam–intizam dayanır. Məhz buna görə də rayonda son vaxtlar diqqətəlayiq nəticələr, uğurlar əldə olunub. Həm işgüzarlıq, təşəbbüskarlıq, həm də adamlar arasında sağlam münasibətlərin yaranması, həmrəylik, yeni və müasir iş üslubu, idarəetmə bu müvəffəqiyyətin əldə olunmasına səbəb olub.
Regionların 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramında Füzuli rayonunda bir sıra tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuş, bu istiqamətdə işlər davam etdirilir. Dövlət Proqramının qəbul olunduğu vaxtdan keçən dövr ərzində rayonda nəzərdə tutulmuş tədbirlərin əksəriyyətinin icrasına başlanmışdır. Dövlət Proqramına uyğun olaraq Aqroservis xidmətinin yaxşılaşdırılması məqsədilə Horadizdə yeni Aqroservis filialı tikilmişdir ki, burada əlavə olaraq 60–70 nəfər işlə təmin olunmuşdur.
Bu mühüm dövlət sənədində nəzərdə tutulmuş kəndarası yolların əsaslı təmir edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Keçən il iyulun 13–də ölkə başçısının sərəncamı ilə Əhmədbəyli–Yuxarı Kürdmahmudlu–Aşağı Kürdmahmudlu–Alıxanlı–Beşinci Zobucuq yaşayış məntəqələrini əhatə edən 21,8 km yol yenidən qurulmuşdur. Bundan başqa, Bala Bəhmənli–Səngər–Araz Dilağarda–Araz Zərgar kəndlərini birləşdirən 7,1 km uzunluğunda yol əsaslı bərpa olunmuşdur. Həmin yollardan rayonun 25 min nəfər əhalisi istifadə edir. Təbii ki, bu da həmin əhalinin dərin razılığına səbəb olub.
Dövlət Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsinə təbii qaz çəkilişi müvəffəqiyyətlə davam etdirilir. İndiyədək Horadiz şəhəri Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli kəndinin bir hissəsinə, Əhmədalılar kəndlərinə qaz xətti çəkilmişdir. İndi evlərdə mavi alov şölələnir. Vaxtilə əzab–əziyyət çəkmiş insanlar indi rahat və asudə nəfəs alırlar. Hazırda Böyük Bəhmənli, Alıxanlı, Qazaxlar, Mirzənağalı kəndlərinə qaz xətlərinin çəkilişi davam etdirilir.
Dövlət Proqramında rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur və bu istiqamətdə əsaslı işlər həyata keçirilmişdir. Belə ki, “Azərsu” ASC tərəfindən Horadiz şəhərində, Araz Dilağarda, Aşağı Yağlıvənd və Arayatılı kəndlərinin əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 10 ədəd artezian quyusu qazılmış və istifadəyə verilmişdir. Bundan başqa, respublika Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Dövlət Proqramına uyğun olaraq 8 yaşayış məntəqəsində 20 ədəd suvarma məqsədilə artezian quyusu qazılıb istifadəyə verilmişdir.
Dövlət başçısının diqqət və qağısı sayəsində Horadiz şəhərində ölkəmizdə analoqu olmayan, milli memarlıq ənənələrini özündə yaşadan mədəniyyət sarayı tikilmiş və istifadəyə verilmişdir. Cəbhə xəttində belə bir mədəniyyət ocağının istifadəyə verilməsi insanların inamını qat–qat artırmışdır. Onlar ümid edirlər ki, lap yaxın zamanlarda işğal altında qalan torpaqlarımız azad olunacaq, insanlar öz doğma yurd yerlərinə qayıdacaq, həmin yerlərdə bərpa və yenidənqurma işləri başlanacaqdır.
Şəhər statusu almasının dörd yaşı tamam olan Horadizdə iki hektar ərazini əhatə edən Heydər parkı yenidən qurulmuş və bura adamların sevimli istirahət guşəsinə çevrilmişdir. Qısa müddət ərzində şəhərdə Heydər Əliyev mərkəzi, Şahmat məktəbi, Mədəniyyət sarayı tikilmişdir.
Heydər Əliyev Fondunun köməyi ilə şəhərdə üçüncü orta məktəb, Gənclər evi tikilir. Şəhər əhalisi diqqət və qayğısına görə Azərbaycanın birinci xanımı, nəcib və xeyirxah əməlləri ilə dünyada tanınan Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirir və bu xeyirxah əməlləri razılıqla qarşılayırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Horadiz şəhəri başdan–başa dəyişmişdir. Küçələr, səkilər, xidmət obyektləri, işıqlandırma sistemi, park və xiyabanlar, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ümumiyyətlə, gözə görünən hər şey dəyişmiş, gözəlləşmişdir. Horadizlilər haqlı olaraq indi öz şəhərləri ilə fəxr edirlər.
Bir daha qeyd etmək lazımdır ki, rayonda aparılan tikinti–quruculuq işlərinin miqyası geniş və əhatəlidir. Rayonun Kərimbəyli kəndində iş adamı Nəriman Əliyevin şəxsi vəsaiti ilə tikdirdiyi “Qarabağ” ailəvi istirahət mərkəzi rayona gələn hər bir qonağı heyran qoyur.
Qısa müddətdə Gecəgözlü yatağında yeni məktəb, Kərimbəyli kəndində uşaq bağçası inşa olunmuş və istifadəyə verilmişdir. Birinci Mahmudlu kəndi yaxınlığında 5 min ton tutumu olan soyuducu anbar, Bala Bəhmənli kəndi ərazisində 25 meqavatlıq su elektrik stansiyası tikilir. Dövlət başçısının göstərişi ilə inşa olunan su elektrik stansiyası bölgənin enerji ilə təchizatını yüz faiz təmin edəcəkdir. Keçmiş Qarabağ heyvandarlıq kompleksinin yerində respublikada ən iri broyler fabriki tikilir və həmin müəssisədə yüzlərlə adam işlə təmin olunacaqdır. 2012–ci ildə Horadiz şəhərində 50 çarpayılıq uşaq xəstəxanası, Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış evi, əksər idarə və müəssisələr üçün inzibati bina, 2 ədəd 5 mərtəbəli yaşayış binası, rayonda 5 yerdə uşaq bağçası, Yuxarı Mollaməhərrəmli kəndində orta məktəb binası, işğal dövrü yandırılmış 2 minə yaxın yaşayış evlərinin bərpası, bir neçə yerdə mini sexlər, Fin şəhərciyinin yaxınlığında 1340 ailəlik yaşayış evlərinin tikintisi və başqa işlərin görülməsi nəzərdə tutulur. Ötən müddət ərzində həmin işlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Füzuli aqrar rayondur. İqtisadiyyatın əsasını kənd təsərüffatı təşkil edir və bu sahədə yüksək nəticələr əldə olunub. Heyvandarlıq, taxılçılıq, pambıqçılıq və tərəvəzçiliyin inkişafının dəstəklənməsinin davam etdirilməsi: Aqroservis xidmətlərinin yaxşılaşdırılması; rayonda tikinti materialları (gil, qum, mişar daşı və s.) yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması; rayon ərazisində kəndlərarası yolların əsaslı təmiri; rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması; yaşayış məntəqələrinin qazlaşdırılması və telefonlaşdırılması; kəndlərin su təchizatının yaxşılaşdırılması; subartezian quyularının qazılması, içməli su xətlərinin çəkilməsi; Horadiz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması; əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması; Araz çayında sahilbərkitmə işlərinin davam etdirilməsi; işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi; kəndlərdə tarix–mədəniyyət abidələrinin bərpası; idman sağlamlıq obyektlərinin və orta məktəblər üçün əlavə sinif otaqların tikintisi. Dövlət Proqramında bütün bu problemlərin ardıcıllıqla həyata keçirilməsi üçün icra müddəti nəzərdə tutulub.
Rayonda əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü iş aparılır. Kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Horadiz şəhərində kreditlərin verilməsinə müvəkkil edilmiş bank əməkdaşları ilə yerli sahibkarların görüşü səmərəli olmuşdur. Altmış nəfərdən artıq kiçik sahibkara kredit verilmişdir. Bu tədbir daha da genişlənəcəkdir. Kreditlərin verilməsi genişləndikcə, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına geniş zəmin yaranır, yeni iş sahələri açılır.
Zobucuq qəsəbələrində məskunlaşmış 2104 ailənin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə hər bir ailəyə bir hektar torpaq sahəsi verilmiş, Məcburi Köçkünlərin Sosial İnkişaf fondu 2500 hektar torpaq sahəsinə suvarma suyu çəkdirmişdir. Qəsəbəyə içməli suyun verilişində elə bir problem yoxdur. Əhalinin elektrik enerjisi ilə təchizat məsələləri diqqət mərkəzində saxlanılmışdır. Ərazidəki 39 yaşayış məntəqəsi, 10 yataq tipli yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunmuş, sıradan çıxmış transformatorlar yeniləri ilə əvəz olunmuşdur. İl ərzində yaşayış məntəqələrinin elektrik sayğaclaşması işi davam etdirilmişdir. Hazırda 12 min evdə sayğaclaşma işi başa çatdırılmışdır. Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə Horadiz şəhərində 250 kva və Kərimbəyli kəndində 160 kva transformator məntəqəsi quraşdırılmışdır. Rayon ərazisində su elektrik stansiyasının tikintisi ilə əlaqədar həmin yerə ikitərəfli 10 kv–lıq xətt çəkilmiş, 40 kva və 250 kva gücündə transformator məntəqəsi quraşdırılmışdır. Ərazidə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir. Rayon ərazisində meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilib. Əkin sahələrinin suvarılması üçün suvarma kanalları və arxları təmizlənib stansiyalar vaxtlı–vaxtında təmir edildiyindən suvarma dövründə elə bir ciddi problemlər yaranmamışdır. Arayatılı, Babı kəndlərində 6 ədəd, Yuxarı və Aşağı Kurdmahmudlu kəndində 5 ədəd, Mahmudlu kəndində 3 ədəd, Zobucuq qəsəbəsində 5 ədəd, Böyük Bəhmənli kəndində 7 ədəd, Şükürbəyli kəndi ərazisindəki qaldırıcı nasos stansiyasında 8 ədəd su nasosu təmir edilib istifadəyə verilmişdir. Rayon ərazisində bir sıra meliorativ tədbirlər də davam etdirilib. Belə ki, suvarmanın mütəşəkkil keçirilməsi üçün Füzuli Melioservis İdarəsi 104 km suvarma kanallarını lildən təmizləmişdir. Rayon Suvarma Sistemləri idarəsi Böyük Bəhmənli kəndində şirə kanallarının təmizlənməsi işini müvəffəqiyyətlə davam etdirir.
“Qayıdış” qəsəbələrində 1100 ha sahəni suvarma suyu ilə təmin etmək üçün 5 saylı qəsəbənin ərazisində nasos stansiyasının tikintisi başa çatmışdır. Örənqala qəsəbəsində əlavə olaraq 600 ha sahəni suvarma suyu ilə təmin etmək üçün yeni nasos stansiyasının tikintisi başa çatmışdır.
Rayon iqtisadiyyatının başlıca sahələrindən olan kənd təsərrüfatının inkişaf etdirilməsi Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq taxıl, şəkər çuğunduru, pambıq, bostan–tərəvəz, meyvə, qarğıdalı, heyvandarlıq məhsulları istehsalı və emalının artırılması diqqət mərkəzində saxlanılır. Üzümçülüyün inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Respublika hökumətinin qərarı ilə Haramı adlanan ərazidə üzüm bağları salmaq üçün 11789 hektar sahə ayrılmışdır.
Əhaliyə göstərilən rabitə xidməti də get–gedə yaxşılaşdırılır. Horadiz şəhərində müasir standartlara cavab verən rabitə xidmətinin təşkili məqsədilə EATS–in rekonstruksiya işləri başa çatdırılıb. Rayonun 22 yaşayış məntəqəsi “Delta Telekom” şirkətinin peyk avadanlığı ilə təmin olunmuş, ATS–lərə birləşdirilərək əhalinin istifadəsinə verilmişdir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan proqramın tələblərinə uyğun tədbirlərin həyata keçirilməsi davam etdirilir. Rayonda ən vacib sahələr olan təhsil, mədəniyyət və səhiyyə işinin təşkilində məqsədyönlü tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, respublikada idmanın inkişafı böyük vüsət almışdır. Rayonda da bu sahədə müəyyən işlər görülmüşdür. Xüsusilə futbol, voleybol, sərbəst və klassik güləş sahəsində bir sıra beynəlxalq və respublika yarışlarında uğurlu nəticələr əldə olunub. Yerli icra hakimiyyəti işğaldan sonrakı illərdə bir qayda olaraq şəhid ailələrinə, Qarabağ əlillərinə, ərazidə fəaliyyət göstərən hərbi hissələrin əsgər və zabitlərinə qayğı və diqqətlə yanaşır, əlaqələri daha da möhkəmləndirir.
Füzulililər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini və qəti mövqeyini ürəkdən bəyənir və yekdilliklə müdafiə edirlər. Xalqın iradəsindən kənar heç bir qərar qəbul edilməyəcəyini dəfələrlə bəyan etmiş dövlət başçısı demişdir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaqdır. Məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır və Azərbaycan bu mövqedən bir addım da geri çəkilməyəcəkdir”. Biz öz yurdumuza, doğulub boya–başa çatdığımız yerlərə qayıtmaq istəyirik. Bir milyondan çox məcburi köçkünün ən müqəddəs arzusu və istəyi budur. Beynəlxalq təşkilatlar və dünya birliyi bu işə biganə qalmamalıdır.
Füzulinin Ermənistan tərəfindən işğal edilməsinin 19 ili tamam olur. Ötən bu illər ərzində füzulililər özlərini tək və köməksiz hiss etməyiblər. Onlar ən ağır dəqiqələrdə belə dövlətin gücünü, qayğı və diqqətini hiss ediblər. Elə sabaha olan ümidlər də məhz bu duyğular üstündə köklənib.
Kiminlə həmsöhbət olduqsa, hamının mövqeyi birmənalı oldu. Torpaqlarımız nəyin bahasına olursa–olsun işğalçılardan azad olunacaqdır. Dövlətimiz öz gücünü və iqtisadi qüdrətini günbəgün artırır. Ordu quruculuğu uğurla davam etdirilir. İndi Azərbaycanın müasir silahlara malik güclü, çevik və peşəkar ordusu vardır. Xalqla ordunun birliyi möhkəm xarakter daşıyır. Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasəti ümid verir ki, işğalçılar torpaqlarımızdan çıxarılacaqdır.
Axşamüstü Horadizdən ayrıldıq. Vaxtilə silahların danışdığı bu yerlərdə indi adamlar ev tikir, yeni həyata başlayırlar.
Salman ALIOĞLU
Respublika.- 2012.- 23 avqust.- S. 4.