Paytaxtda baytarlıq nəzarəti
gücləndirilir
Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidmətinin ən mühüm qurumlarından olan
Bakı Şəhər Baytarlıq İdarəsi paytaxtda və
onun inzibati rayonlarında, şəhərətrafı qəsəbələrində
baytarlıq nəzarətini həyata keçirir. 11 inzibati
rayonda 8 sahə məntəqəsinə, 27 laboratoriya, 1
Bakı şəhər müalicəxanasına, 1 dezinfeksiya dəstəsinə,
heyvan mənşəli məhsulların keyfiyyətinə nəzarət
laboratoriyasına və digər strukturlara malik Bakı Şəhər
Baytarlıq İdarəsi öz fəaliyyətində Azərbaycan
Respublikası Konstitusiyasını, qanunlarını, dövlət
başçısının qəbul etdiyi fərman və sərəncamları,
Kənd Təsərrüfat Nazirliyinin və Dövlət
Baytarlıq Xidmətinin sərəncam və
tapşırıqlarını əsas götürür və
icra edir.
Həmişə
olduğu kimi, ötən ildə də Bakı Şəhər
Baytarlıq İdarəsi yuxarıda göstərilənləri
əsas götürərək uğurlu fəaliyyət
göstərmişdir. Belə ki, iri və xırdabuynuzlu
heyvanlardan, donuzlardan, atlardan qan nümunələri
götürülərək Respublika Baytarlıq
Laboratoriyasında seraloji müayinələrdən
keçirilmişdir. 14 baş xırda və 11 baş
iribuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar edilmişdir.
Bir baş atda, üç baş sahibsiz itdə quduzluq xəstəliyi
müəyyən edilmiş və təlimata uyğun
müvafiq tədbirlər görülmüşdür.
Epizootik tədbirlər planına əsasən, təchizata
uyğun kənd təsərrüfatı və ev
heyvanlarında infeksion xəstəliklərə qarşı
profilaktik peyvəndləmələr yerinə yetirilmişdir.
Hüquqi və yaxud fiziki şəxslərə məxsus ticarət obyektlərində, bazarlarda və yarmarkalarda fəaliyyət göstərən baytarlıq–sanitariya ekspertiza laboratoriyası tərəfindən 142890 ekspertiza aparılmış, 105 kiloqram iribuynuzlu heyvan əti Bakı Heyvanat Parkına təhvil verilmiş, vəhşi heyvanların yemləndirilməsinə yönəldilmişdir. Heyvan kəsimi və ət satışı aparılan obyektlərdə fəaliyyət göstərən baytarlıq–sanitariya ekspertiza laboratoriyası tərəfindən 13920 ekspertiza aparılmışdır. Ümumilikdə ötən il baytarlıq–sanitariya ekspertiza laboratoriyaları tərəfindən cəmi 156810 ekspertiza aparılmışdır. O cümlədən 946.5 kiloqram iribuynuzlu, 187 kiloqram xırdabuynuzlu heyvan əti, 105 kiloqram donuz əti, 740 kiloqram süd və süd məhsulları, kəsim məntəqələrində isə 4826 kiloqram iribuynuzlu, 236 kiloqram xırdabuynuzlu heyvan əti zərərsizləşdirilmişdir. 1557 kiloqram iribuynuzlu, 799 kiloqram xırdabuynuzlu heyvan əti, 167 kiloqram quş əti, 970 ədəd yumurta, 173 kiloqram digər məhsullar, kəsim məntəqələrində isə 2360 kiloqram iribuynuzlu və 38 kiloqram xırdabuynuzlu heyvan əti utilə göndərilmişdir.
Bakı şəhərinin Dövlət Baytarlıq Müfəttişi tərəfindən hüquqi və yaxud fiziki şəxslərə yerinə yetirilməsi vacib olan göstərişlər verilmişdir. Yerlərdə baytarlıq–sanitariya qaydalarına əməl olunması ilə əlaqədar aidiyyəti təşkilatlara göstərişlər verilməsinə görə rayon icra hakimiyyətlərinə, Gigiyena və Epidemiologiya Mərkəzinə müraciətlər edilmişdir.
Bakı şəhərinin Dövlət Baytarlıq Müfəttişi tərəfindən baytarlıq nəzarəti obyektlərində müvafiq fəaliyyətlərin qadağan edilməsi haqda 5 qərar verilmişdir. Kolbasa məmulatları istehsalı sahələrinə Bakı şəhərinin Dövlət Baytarlıq Müfəttişinin 18 fevral 2011–ci il tarixli 02 ¹–li qərarına uyğun nəzarət gücləndirilmişdir. Ayrı–ayrı yerlərdə baytarlıq nəzarətindən kənar heyvan kəsiminin, ət satışının və mənşəyi məlum olmayan ətlərin kolbasa məmulatları istehsalı obyektlərinə verilməsinin qarşısını almaq məqsədilə tədbirlər görülmüşdür.
Respublikanın şəhər və rayonlarında it dişləməsindən quduzluq xəstəliyinin artması təhlükəsini nəzərə alaraq idarənin 11 mart 2011–ci il tarixli 4 ¹–li əmrinə əsasən yerlərdə rayon gigiyena və epidemiologiya mərkəzləri ilə sıx əməkdaşlıq təşkil edilmişdir.
Respublikanın rayon və şəhərlərində, o cümlədən Bakı şəhərində it dişləməsi hallarının çoxaldığı və quduzluq xəstəliyi ilə əlaqədar yaranmış gərginliyi nəzərə alaraq Bakı Şəhər Baytarlıq İdarəsi 11 mart 2011–ci il tarixli 65/076–06 saylı məktubu ilə şəhərin 11 rayonunun icra hakimiyyəti başçılarına müraciət etmiş, müvafiq tədbirlərin görülməsi təşkil olunmuşdur. Nazirlər Kabinetinin 09.03.2011–ci il tarixli 38 ¹–li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” rayon icra hakimiyyətlərinə çatdırılmışdır və bununla əlaqədar yerlərdə müvafiq işlər görülür.
İdarənin 11.09.2011–ci il tarixli əmri ilə təsdiq olunmuş “Təsərrüfata kömək” işçi qrupunun iştirakı ilə şəhərin Qaradağ və Sabunçu rayonlarında 13700 baş xırdabuynuzlu heyvanlarda “göz damla” üsulu ilə brusellyoza qarşı profilaktik peyvəndləmə aparılmışdır.
Bakı şəhərinin ayrı–ayrı rayonları, kənd və qəsəbələrinin inkişaf etdirilməsi ilə əlaqədar həmin ərazilərdə dövlət baytarlıq xidmətinin lazımi səviyyədə təşkili üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Xidmətinə müvafiq təkliflərlə müraciət etmişik. “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nın müvafiq maddələrində şəhər Dövlət Baytarlıq Xidmətinin sosial–iqtisadi inkişafı da öz əksini tapmışdır.
İl ərzində 76639,1 manat pullu xidmət göstərilmişdir. Baytarlıq nəzarəti obyekti olan heyvandarlıq təsərrüfatı, istehsal müəssisələri, ticarət obyektlərində (ümumilikdə 335 obyektdə) 75280 kvadratmetr profilaktik, 11600 kvadratmetr sahə məcburi dezinfeksiya edilmişdir. İnzibati xəta törədən 31 şəxs haqqında qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
Bakı şəhərindən kənara aparılan baytarlıq nəzarəti yüklərinə ümumilikdə 364 baytarlıq şəhadətnaməsi və sertifikatı, it və pişiklər üçün 575 pasport, respublikadan aparılan it, pişik və digər diri heyvanlara 656 baytarlıq şəhadətnaməsi (forma 1 və 5) tərtib olunmuşdur. 142 baytarlıq nəzarəti obyekti identifikasiya olunmuşdur. Əhalinin maarifləndirilməsi məqsədilə idarənin mütəxəssislərinin televiziya kanallarında (o cümlədən 2 dəfə birbaşa canlı yayımda) müsahibələri, mətbuatda (xəbər saytlarında və qəzetlərdə) idarənin fəaliyyəti haqqında informasiyalar verilmişdir.
Baytarlıq–sanitariya qaydalarının pozulmasına görə 152 nəfər hüquqi, yaxud fiziki şəxs ümumilikdə 3862 manat cərimə edilmişdir. Dövlət baytarlıq nəzarətinin təmin olunması ilə əlaqədar 788 akt tərtib olunmuşdur.
2012–ci ilin 6 ayı ərzində epizootiya əleyhinə tədbirlər planına uyğun aşağıdakı işlər görülmüşdür:
İri və xırdabuynuzlu heyvanlardan, atlardan qan nümunələri götürülərək Respublika Baytarlıq Laboratoriyasında diaqnostik müayinədən keçirilmişdir. 12 baş xırda və 20 baş iribuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar edilmiş və təlimata uyğun müvafiq tədbirlər görülmüşdür. Epizootik tədbirlər planına əsasən təkdırnaqlılarda manqo, iribuynuzlu heyvanlarda vərəm, xırdabuynuzlu heyvanlarda epididimit xəstəliyinə qarşı diaqnostik müayinələr aparılmış, təchizata uyğun kənd təsərrüfatı və ev heyvanlarında infeksion xəstəliklərə görə profilaktik peyvəndləmələr yerinə yetirilmişdir.
Hüquqi, yaxud fiziki şəxslərə məxsus ticarət obyektlərində, bazarlarda və yarmarkalarda fəaliyyət göstərən baytarlıq–sanitariya ekspertiza laboratoriyaları tərəfindən 80715 ekspertiza, heyvan kəsimi və ət satışı aparılan obyektlərdə fəaliyyət göstərən baytarlıq–sanitariya ekspertiza laboratoriyaları tərəfindən 4621 ekspertiza aparılmışdır. O cümlədən 3810.5 kiloqram iribuynuzlu, 913.2 kiloqram xırdabuynuzlu, 732 kiloqram quş əti, 76 kiloqram süd və süd məhsulları, 43 kiloqram balıq, 76 kiloqram digər məhsullar və 167 ədəd yumurta utilə göndərilmiş, 2880 kiloqram iribuynuzlu heyvan əti, 35 kiloqram xırdabuynuzlu heyvan əti, 10 kiloqram süd və süd məhsulları, 100 ədəd yumurta və 88 kiloqram digər məhsullar zərərsizləşdirilmişdir. Kəsim məntəqələrində isə 2854 kiloqram iribuynuzlu, 25 kiloqram donuz əti zərərsizləşdirilmiş, 2677 kiloqram iribuynuzlu, 25 kiloqram donuz əti utilə göndərilmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, ADBPENİ–nin və idarənin mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri ərazisində fəaliyyət göstərən baytarlıq apteklərindən götürülmüş, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməyən, yararlılıq müddəti qurtarmış baytarlıq təyinatlı preparatlar satışdan kənarlaşdırılaraq məhv edilmişdir. “Bakı Humana” firması tərəfindən respublikaya idxal edilmiş 5435 kiloqram uşaq qidasının yararlılıq müddəti keçdiyi üçün Dövlət Baytarlıq Xidmətinin və idarənin mütəxəssislərinin iştirakı ilə zərərsizləşdirilmişdir.
Bakı Şəhər Baş Dövlət Baytar Müfəttişi tərəfindən 02 ¹–li 06.02.2012–ci tarixli qərara əsasən hüquqi, yaxud fiziki şəxslərə yerinə yetirilməsi vacib olan göstərişlər verilmişdir. Baytarlıq müayinəsindən keçməyən heyvan mənşəli məhsulların (ət, süd və s.), nərə cinsli balıq və balıq məhsullarının, eləcə də müxtəlif növ dəniz və çay balıqlarının ticarətinin aparılması qadağan edilmiş, yerlərdə baytarlıq nəzarətinin gücləndirilməsi tapşırılmışdır.
İdarənin müvafiq əmrləri ilə quduzluq xəstəliyinin yayılmasının qarşısını almaq, vətəndaşlara məxsus məhsuldar olmayan ev heyvanlarında profilaktik vaksinasiya tədbirlərini təşkil etmək, baytarlıq nəzarəti obyektlərinin identikləşdirməsi və işçi qrupunun yaradılması haqqında müvafiq göstərişlər verilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrindən çıxarışa əsasən xidməti ərazidə kolbasa məmulatları istehsalı sexlərində, baytarlıq kabinetlərində və zoomağazalarda dövlət baytarlıq nəzarəti həyata keçirilmişdir. Sahibkarlara icrası vacib olan göstərişlər verilmiş və fəaliyyətləri dövründə baytarlıq–sanitariya qaydalarına riayət etmələri bildirilmişdir.
Hesabat dövrü ərzində 37081,74 manat pullu xidmət göstərilmişdir. Dövlət baytarlıq nəzarəti obyektlərində (ümumilikdə 94 obyektdə) 21696 kvadratmetr sahədə profilaktik dezinfeksiya edilmişdir. Baytarlıq–sanitariya qaydalarını pozduğuna görə 46 nəfər fiziki şəxs 1014,00 manat məbləğində cərimə edilmişdir.
Bakı şəhərindən kənara aparılan baytarlıq nəzarəti yüklərinə ümumilikdə 197 baytarlıq şəhadətnaməsi (forma 2, 3) və sertifikatı, it və pişiklər üçün 250 pasport, respublikadan aparılan it, pişik və digər diri heyvanlara 325 baytarlıq şəhadətnaməsi (forma 1 və 5) tərtib olunmuşdur. Cari ilin 6 ayı ərzində 124 baytarlıq nəzarəti obyekti qeydiyyata alınmışdır.
“2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun idarə üçün inzibati binanın və digər baytarlıq məntəqələrinin tikintisi ilə əlaqədar işlər davam etdirilir.
Rəşid Abbasov,
Bakı Şəhər
Baytarlıq
İdarəsinin rəisi
Respublika.- 2012.- 23 avqust.- S. 5.