İstiqlal şairi

 

Xəlil Rza Ulutürk XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas–alim, ictimai–siyasi xadim, milli–demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır. Xəlil Rza Ulutürk həm də ədəbiyyatımızda istiqlalçılıq, türkçülük, vətənçilik, azərbaycançılıq məfkurəsinin davamçısıdır. Onun poeziyası milli ideallarla aşılanmış, xalq məfkurəsi və taleyini daha canlı əks etdirmişdir.

XX əsrin 50–80–ci illər əsərlərində şairin milli məfkurəsinin doğuşu və inkişafını aydın müşahidə edirik. İstiqlal məfkurəsi Xəlil Rza Ulutürk özünüdərkinin mənbələrindən biridir. “Afrikanın səsi” (1960), “Gözün aydın, Azərbaycan” (1968), “Yetkinləş, Xəlil” (1968) və başqa əsərlərdə Xəlil Rzanın həm milli, həm də bəşəri fikir və düşüncələri, habelə, Quzeylə Güneyin birləşdirilməsi— bütöv Azərbaycan ideyası əksini tapıb. “Quzeylə Güneyi birləşdirməyə fəxr elə, ey Vətən, Şəhriyar gəlir”, —deyən şair ayrılıq sədlərinin lay–lay söküldüyündən sevinir, yurdunun yarısının ona dar gəldiyindən darılır, kədərlənir.

Xəlil Rzanın 50–60–cı illərdən başlanğıc götürən istiqlal fikir və düşüncələri həm də Azərbaycanın ərazi–mənəvi bütövlüyü ideyasıdır. Şair 60–cı illər şeirlərindən Cənuba üz tutub. “Qatar gedər” və “Gedər” şeirlərində “Araz”, “Təbriz” obrazları çox şairlərdə olduğu kimi Xəlil Rza kədərinin də ideya daşıyıcısı olub:

 

Kirpiyimi uzadıb göz qoyaram Araza

Azərbaycanı görər, kim gözümü arasa

İçim deyə bir ovuc ləpələnən axından,

Əyilərəm, Araza baxaram lap yaxından…

(“Qatar gedər”)

 

Hələ yer görməyib mənim dizlərim

Əsrlər dalından gəlir izlərim.

—Təbriz, Təbriz! —deyə gülsə gözlərim,

Göy–göl gözlərimin yaşında gedər.

(“Gedər”)

 

70–ci illərdə yazdığı şeirlərində Xəlil Rza Ulutürkün istiqlal motivləri güclənib. “Səməndər quşu kimi” (1970), “And içirəm” (1974), “Millət mücahidləri”, “Dincəl, əllərim, dincəl” (1974), “Səlahiyyət istəyirəm” (1979), “Məsləklə yaşayanda” (1979), “Saçlara dən düşür” (1979), “Mən Azərbaycanam” (1979), “Heç ola bilməz ki” (1979) və başqa şeirlərdə milli istiqlalı bəsləyən şair siyasi məfkurə duyğusunun doğurduğu ehtizazları, mübarizlik ruhunu qabarıq əks etdirib.

Xəlil Rzanın “Kəşf”, “Gözəl yaşamaq”, “Hər şeyin yaxşısı” (1970) kimi şeirlərində istiqlal məfkurəsi insanın gözəllik idealından doğulur:

 

Görünür yaşamaq qanunları var,

Beşikdən qəbrəcən yol gedirik biz.

Dünyada ən böyük gözəllikləri

Ömür bahasına kəşf edirik biz.

(“Kəşf”)

 

“Bağda xəzan düşüncələri” (1959), “Sonsuz qüvvət” (1962), “Göyçayda payız səhəri” (1963), “Dağlara qalxıram” (1965), “Aç qoynunu, ana torpaq” (1968), “Hər şeyin yaxşısı” şeirlərində təlqin olunan ideya mənəvi gözəlliyə yetmək, onun naminə fəaliyyət göstərmək və mübarizə aparmaqdır.

Şairin mənlik şüurunda ülviyyəti dərk etmək idraka doğru gedilən yoldur, seyrçi təfəkkür deyildir. Şairə görə gözəllik idealını dəyərləndirmək yalnız sevinc emosiyasına görə yox, həm də müqəddəs Vətən, millət kədərinə yiyələnmək, onun məna və mahiyyətini dərk etmək, Vətən ruhunda tərbiyə olunmaqdır.

Haqsızlıq və ədalətsizliklər güc–qü

drət kimi Xəlil Rzanın damarlarına sıxılmış, onun ruhunu, emosiyasını gərgin saxlamış və mübarizələrə hazırlamışdır.

Xəlil Rzanın azadlıq haqqında fikirləri yalnız müasirlik mənasında aydınlıq tapmayıb qədim, tarixi, əfsanəvi hadisələrdə belə təcəssüm etdirilib. Spartak, Babək, Koroğlu cəngisi, Nəbi nərəsi, Misri qılınc şair idealının hərəkətverici qüvvəsi olub. “Babək”, “Gedər”, “Əbədi məşəl” (1963–64) “Məşəl silahlar” (1977) və başqa şeirlərdə azadlıq ideyası tarixi motivlər əsasında ümumiləşdirilib. Həmin şeirlərdə milli şüur və mənəvi məfkurəni oyadan rəmzlər Cavanşir, Babək, Misri qılınc, Nəsimi, Sabir, Od, Təbriz xalısı, Dədə Qorquddur.

Xəlil Rzada istiqlal məfkurəsi 50–70–ci illərin şeirlərində, əsasən, mücərrəd məna daşıyıb, həyat hadisəsindən gəlməyib, faktlaşmayıb; sadəcə, təfəkkür məzmunu daşıyıb kişiləri məsləkə, əqidəyə hazırlayıb. “Əbədi məşəl”, “Kişilər” şeirlərində olduğu kimi:

 

Kişilər başını əyməmiş yada,

Xosrova göstərmiş fərhadlığını.

Qolları zəncirli dustaq olsa da,

Qorumuş təfəkkür azadlığını.

(“Kişilər”)

 

Sənətkar milli azadlıq, əsarətdən qurtuluş düşüncələrini 70–ci illərin şeirlərində milli hüdudlarda ifadə etməyib; o, beynəlxalq, qlobal mövzuda yazdığı şeirlərində belə özünün milli ruhunu əks etdirib; bəşəridə milli, millidə bəşəri ideal axtarıb.

Xəlil Rzanın milli istiqlal məfkurəsinin daxili tutumu, onun hüdudları genişdir. Hər bir xalqın təcrübəsi, azadlıq idealı onun üçün sadəcə şüar, anlayış deyildir, mənəvi zənginlik, ləyaqət və bəşəri dəyərdir; düzlük, mərdlik, həqiqət, cəsarət, cəsurluq onun daxili təkanları, hərəkətverici qüvvələri, milli xarakterin davamlı mənəvi keyfiyyətlərindəndir. Qətiyyət, dözüm, mərdlik, barışmazlıq və mübarizlik pafosu şairin “Əyilmə” (1962), “Şəlalə kimi” (1962), “Təmizlik uğrunda” (1970), “Sarsılma” (1970), “Kəsə yol” (1982), “Min bir dərdin dərmanı” (1982), “Düzlük” kimi şeirlərində mənəvi–əxlaqi düşüncələrdən ayrılmazdır.

60–70–ci illərin şeirlərində milli istiqlal məfkurəsi ilə bağlı düşüncələr, ideyalar candan sızmalar şəklində özünü göstəribsə, 70–ci illərin axırları, 80–ci illərin əvvəllərindəki şeirlərdə etirafa, elana çevrilib. Şair “Mən”i milli məramından söz açıb; milli məram fərd, sonra isə məmləkət və millət hüdudlarına qədər genişlənib.

“Oğlum Təbrizə” (1964), “Təbrizli şairin düşüncələri” (1970), “Xiyabani yurdunda” (1975) “Mən Azərbaycanam” (1979) və başqa əsərlərində istiqlal məfkurəsi Güney və ya Quzey azadlığı demək deyildir; şair Azərbaycanı bütöv dərk edir, onun təqdimatı belədir:

 

Ey bala Təbrizim, gün o gün olsun,

Ana Təbrizimə mən azad deyim.

Baban Şəhriyara kürəkən ol sən,

Qovuşsun Təbrizə Şəhrizad deyim.

(“Oğlum Təbrizə”)

 

80–ci illərdə Xəlil Rza Ulutürk bir ideoloq, azadlıq mücahidi, istiqlal məfkurəsinin əzabkeşi olaraq poetik proqramını elan edib. Şair milli ideallarında mübarizəni, əqidə və məsləki əsas götürüb, milli bütövlüyü təcəssüm etdirib. 60–70–ci illərin əsərlərində milli mənlik şüur və məfkurəsinin təzahürü sətiraltı fikir qatlarında ifadə olunubsa, 80–90–cı illərin şeirlərində milli şüur birbaşa özünü göstərib. Həmin məfkurənin təcəssümü, əsasən, imperiyanın kəskin ifşası, —yəni mübarizə ideologiyası, Azərbaycan xalqının müstəqilliyi, suverenliyi, —yəni milli istiqlaliyyəti ilə bağlı olub.

80–ci illərin şeirlərində qüdrətli çağırış ruhu fərdi xüsusiyyətdir. Bu bədii keyfiyyət 40–50–ci illər poeziyasının poetik ruhu deyildi. Bu dövrün çağırış ruhu milli qayə, məram və ideallarla aşılanmış qətiyyətli sənətkar mövqeyi idi:

 

İlk Allahım, son Allahım —Mübarizə! Mənə bənzə!

Doğransam da xıncım–xıncım, zərrə–zərrə, rizə–rizə,

Məramımdır Mübarizə! Mənə bənzə!

(“Mənə bənzə”)

 

Mübarizə şairin həyat idealı olub. Həmin məqsəd və məram birdən–birə hasil olmayıb, milli “Mən” bunun üçün gərgin hazırlıq illəri keçib. Xəlil Rzanı mübarizəyə qaldıran mənəvi–daxili təkan geniş mənada müqəddəs milli kədərdir.

İstiqlal yolunda tərəddüdlər, büdrəmələr də şair varlığına yad olmayıb. Onun millilik uğrunda mübarizəsi əvvəl özündən, “Bir mən vardır məndə məndən içəri” deyən təsəvvüf şairi Yunus İmrə kimi iç “Mən”indən başlayıb. “Əyilmək qorxusu” (1973), “Gücüm, gücsüzlüyüm” (1978), “Çılğınlıqdan dözümə keçid” (1984), “Dözümlü ol, dəli könül” (1984) şeirlərində olduğu kimi:

 

Döyüş amansızdır, yoxdur orta yol:

Ya cəsur olmalı, ya da ağciyər

Ya mərd yaşamalı, ya da birtəhər.

Ya baş girləməli, ya baş olmalı!

Cahana arkadaş, qardaş olmalı!

 

Şairin milli istiqlal məfkurəsində hələ qorxu ilə qorxusuzluq məsafəsi vardır. Milli “Mən” həmin qorxu məsafəsini qət etmək, qorxusuzluq mövqeyində dayanmaq istəyir:

 

Mən qorxuyla qorxusuzluq arasında yaşayıram,

Sanki bəbir bəbəyində, şir ağzında yaşayıram.

 

Mövcud “Mən”in qorxuları “Azərbaycan çörəyinə, onun dadına, duzuna layiq ola bilməmək qorxusudur”. Belə təzaddan sənətkar fikrinin, idealının psixoloji, hissi–məntiqi halları başlayır. Şair oxucusuna, vətəndaşlara ibrət dərsləri verir.

Qorxaqlıq, gözüqıpıqlıq şair nəzərində qarasudur, traxomadır. Nə qədər ki, milli heysiyyətimizdə, canımızda qorxu yaşayır, o qədər özümüzdən əvvəl mənliyimizi, mərdliyimizi, insanlığımızı öldürürük. Nə qədər ki, qəzəbimizi, qeyzimizi uduruq, bir o qədər nifrətimizi öldürürük; biganələşirik, arxayınlaşırıq, adiləşirik. Sənətkar həqiqət sərvətini oxucusuna təzad şəklində təqdim edir. Bu təzad əslində şərəfli həyatla şərəfsizliyin barışmazlığıdır.

Şairin milli “Mən”i ideal yolunda ölümdən qorxmayıb. Buna görə də məfkurə mövqeyi onda obyektiv həsəd qayğısı doğurub: “Müşfiqdənmi artığam, ya Şandor Petefidən?!”. Əlbəttə, onu ölüm yox, ideal təşnəsi düşündürüb.

80–ci illərin ədəbi məhsulu olan “Məndən başlanır Vətən” şeirlər kitabının səhifələri həyat eşqi, vətənpərvərlik və mübarizlik, vətəndaşlıq və ziyalılıq baxışları ilə zəngindir. Həyat eşqi, vətənpərvərlik elə bir qüvvədir ki, insan təbiətindəki qorxu hissi onu nə qədər izləsə də, həmin səddi keçə bilmir; şair “Mən”i inkarı inkar etmək əzmində, qətiyyətində qalır. “Məndən başlanır Vətən” (1983), “Gözəl yaşamaqdan əl çəkmək olmaz” (1984) şeirlərində məhz belədir.

80–ci illərin şeirlərində şair “Mən”nin mənəvi–psixoloji məqamları ilk əvvəl daxilə, mövcud mühitə tənqidi, ifşaçı baxışdan müəyyənlik alıbsa, həmin tənqid və ifşa bir çox hallarda həcvləşib, daha nifrətli şair mövqeyi ilə reallaşıbsa (“Bilmirsən, deyim öyrən” (1980), “Açıq konuşma” (1984), “Barı tanıya bil” (1984), “Bədxaha açıq məktub” (1984), “Mənim işim səndən keçir” (1984), “Sənin ölümünü gözləyənlər var” (1986), “Toxunmadım ilana” (1986), “Sən inanma məddahlara” (1986), “Türk sözündən qorxan gəda” (1986), “Lənət” (1986), “Hər şey gəldi–gedərdi”, “Təslimçi” (1986), “Bəs niyə susdun” (1986), “Yunsaqqal” (1986), “Sən alçaqsan”, “Sağlıq dilərəm sənə” (1987), “Mən sənə güvənirdim” (1987), “Məddah” (1987), “Başkəsən” (1987), “Haçan, hansı yerdə?” (1987) və s.), 80–ci illərin axırlarına doğru Azərbaycanın milli həyatında mürəkkəb ictimai–siyasi hadisələrin baş verməsi ilə əlaqədar olaraq milli “Mən” bilavasitə, istiqlalçı, yəni sovet imperiyasına qarşı mübariz kimi konkretlik alıb. Bu illərin poeziyasında şairin “Mən”i təlatümlü, qaynar lirik polifoniyadan çıxaraq, onlarla birlikdə üsyankar, patetik–publisistik özünəməxsusluğu doğurub. Sənətkarın milli “Mən”i sərt, ağır günlərdə Ali Baş Komandan olsa da, olmasa da, Azərbaycan adından əmr edib: Silahlan! Fərsiz rəhbərliklərin göstərişləri nəticəsində ov tüfəngləri belə əllərindən alınmış xalqına qərar verib: “Topdan, tüfəngdən üstün, tankdan, raketdən güclü qeyrətinlə silahlan!”.

Qərar verib ki, “Xiyabani ruhunu nəfəsinlə alışdıran cürətinlə, düşmənə nifrətinlə silahlan! Çünki o, “36–da batmış, 46–da vurulmuş nəsillərdən güclüdür!”. İstiqlalçı şair bu səbəbdən dünyaya məhəbbəti ilə silahlanan xalqını “hayqıra–hayqıra” səsləyib. Səsləyib ki, “sən tək deyilsən, yer də, göy də sənindir. Bayraq elə özünsən. Qalx döyüşə, silahlan! Sən qalib gələcəksən!” Beləliklə, Xəlil Rza Ulutürkün, qəhrəmanın idealından, kişi bağrından Vətənin mənəvi övladları doğulub. Şairdən Vətən, Azərbaycan başlayıb!

Xəlil Rza Ulutürk qələmi və qanı ilə mücadilə etmiş üç istiqlal şairindən: M.Hadi, Ə.Cavad və M.Biriyadan biridir. Bu il görkəmli sənətkarın 80 yaşı tamam olur.

Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında şairin yubileyi dövlət səviyyəsində keçiriləcək. Azadlıq mücahidinin 80–illik yubileyi günlərində xalqımız, Xəlil Rza poeziyasevərlərini təbrik edir, onlara böyük uğurlar arzulayır.

 

 

Əlizadə Əsgərli,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun baş elmi işçisi,

filologiya elmləri doktoru,

professor

 

Respublika.- 2012.- 23 avqust.- S. 6.