NƏQLİYYAT–YOL
KOMPLEKSİ TƏKMİLLƏŞİR, İRİ
REGİONAL LAYİHƏLƏR HƏYATA
KEÇİRİLİR
Ölkə
iqtisadiyyatı cari ilin altı ayında da inkişaf etmiş və
qarşıda duran bütün vəzifələr uğurla
icra olunmuşdur. Digər sahələrdə olduğu kimi nəqliyyat
sektorunda da böyük irəliləyişlər nəzərə
çarpmışdır. Belə ki, Nəqliyyat Nazirliyinin Mətbuat
Xidmətindən aldığımız məlumata görə,
2012–ci ilin 6 ayı ərzində nəqliyyat sektorunda
bütün növ nəqliyyat vasitələri ilə 103,3
milyon ton, əvvəlki ilə nisbətən 3,7 faiz çox
yük daşınmışdır. Sərnişin
daşınması 7,5 faiz artaraq 1491,9 milyon nəfər təşkil
etmişdir. Yüklərin 11,0 milyon tonu dəmir yolu, 6,5 milyon
tonu su, 55,9 milyon tonu avtomobil nəqliyyatı ilə
daşınmış, 29,9 milyon tonu isə boru kəmərləri
vasitəsilə nəql edilmişdir. Limanlarda 6,2 milyon ton
yükləmə–boşaltma əməliyyatları yerinə
yetirilmişdir. Sərnişinlərin 659,3 milyon nəfəri
avtomobil, 1,4 milyon nəfəri dəmir yolu, 0,7 milyon nəfəri
hava nəqliyyatı, 99,9 milyon nəfəri isə metro vasitəsilə
daşınmışdır.
Avropa–Qafqaz–Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə 2012–ci ilin 5 ayı ərzində 23,4 milyon ton yük daşınmışdır. Yüklərin 8,5 milyon tonu dəmir yolu, 4,5 milyon tonu su, 10,3 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Dəhliz vasitəsilə daşınan tranzit yüklərin həcmi 6,8 milyon ton təşkil etmişdir. Tranzit yüklərin 3,2 milyon tonu dəmir yolu, 3,6 milyon tonu isə su nəqliyyatı ilə daşınmışdır. Sərnişin daşınması 7,7 faiz artaraq 107,8 milyon nəfər təşkil etmişdir.
Azərbaycan Respublikasının nəqliyyat–yol kompleksinin inkişafı, təkmilləşdirilməsi və həmçinin saxlanması üçün Nəqliyyat Nazirliyinə 2012–ci ilin dövlət büdcəsindən və beynəlxalq maliyyə institutları tərəfindən nəzərdə tutulmuş 1448,1 milyon manat vəsaitdən cari ilin I yarımilliyində 900,83 milyon manat vəsait xərclənmişdir.
2012–ci ilin I yarımilliyində “Avtomobil yolları” Məqsədli Büdcə Fondundan yolların əsaslı təmirinə nəzərdə tutulmuş 180,0 milyon manat büdcə vəsaitindən hesabat dövründə 111,2 milyon manat xərclənmişdir.
2012–ci ilin dövlət büdcəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Bakı Sərnişin Nəqliyyatı MMC–nin və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saxlanması üçün dövlət büdcəsindən nəzərdə tutulmuş 5,8 milyon manat vəsaitdən hesabat dövrü ərzində 2,5 milyon manat “Bakı–Tbilisi–Qars dəmir yolu tikintisi” layihəsinin həyata keçirilməsi üçün dövlətlərarası sazişə əsasən ayrılmış 775,0 milyon manat vəsaitdən 2007–2012–ci ilin I yarımilliyini əhatə edən dövrdə 326,9 milyon manat bundan 2012–ci ilin I yarımilliyində 47,1 milyon manat vəsait xərclənmişdir.
2012–ci ilin 6 ayı ərzində bütün növ nəqliyyat infrastrukturlarının davamlı və səmərəli istismar edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Həmin dövr dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi 11,0 milyon ton təşkil etmiş və əvvəlki ilə nisbətən 4,9 faiz artmışdır. Bu nəqliyyat vasitəsilə 1,4 milyon sərnişin daşınmışdır. Sərnişin və yük dövriyyəsi müvafiq olaraq 287,8 milyon sərnişin.km və 4004,4 milyon ton.km təşkil etmişdir.
Dəmir yollarının inkişafına 38,0 milyon manat investisiya yönəldilmiş, 53,7 km yol əsaslı təmir edilmiş, 7 ədəd elektrik və 4 dizel lokomotivləri, 408 ədəd sərnişin vaqonu, 8634 ədəd müxtəlif çeşidli yük təmirdən keçmiş, 25 ədəd yol təmiri maşınları və texnikası alınaraq istismara verilmişdir.
“Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi” üzrə hazırda yolun Axalkələk–Kartsaxi (Türkiyə sərhədi) hissəsində torpaq yatağının hazırlanması, yolun üst quruluşu elementlərinin qoyulması üzrə hazırlıq işləri başa çatdırılır. Kartsaxidə stansiya binasının, yolun 101–103 km–lik ərazisində yerləşən, uzunluğu 150 metr olan körpünün tikintisi həyata keçirilir. Türkiyə–Gürcüstan sərhədində 4,35 km uzunluğunda tunelin və Axalkələk stansiyasının layihələndirilməsi işləri başa çatdırılmışdır. Yolun Marabda–Axalkələk sahəsində rekonstruksiyası işləri sürətlə davam etdirilir.
Təməli 2010–cu il noyabr ayının 3–də qoyulmuş “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi” üzrə hazırda “Azərkörpü” ASC tərəfindən limanın quru hissəsində liman kompleksi ərazisinin tikintiyə hazırlanması və magistral yolla liman ərazisini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi, dəniz hissəsində isə Hollandiyanın “Van Oorde Dredging and Marine Contractors B.V.” şirkəti tərəfindən giriş kanalı və dönmə akvatoriyasında dibdərinləşdirmə işləri yerinə yetirilir.
2012–ci ilin 6 ayı ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 855,4 milyon manat vəsait sərf olunmuşdur. Hesabat dövründə 225,2 km, o cümlədən 58,5 km respublika əhəmiyyətli, 166,7 km yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 6 ədəd körpü tikilmişdir. Daxili investisiyalar hesabına Gəndov–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun, Bakı–Ələt avtomobil yolunun 2–4 km hissəsi (bayraq meydanına gedən yol) və bu yol üzərində 3 piyada keçidi tikilərək istismara verilmiş, bu yolun 50–69 km hissəsinin, Qəbələ–Ağdaş, Ağstafa–Poylu–Gürcüstan sərhədi (59 km) avtomobil yollarının yenidən qurulması, Ələt–Hacıqabul, Qəbələ–Oğuz, Goran–Naftalan, M–2 (336 km)–Gəncə, Kürdəmir–İmişli, Bəhramtəpə–Biləsuvar avtomobil yollarının əsaslı təmiri işləri davam etdirilmişdir.
Yerli əhəmiyyətli Xocahəsən–Lökbatan, Cəlilabad–Yardımlı, Qusar–Əniğ–Ləzə avtomobil yollarının tikintisi, Qəbələ–Küsnət–Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı–Lahıc, Şamaxı–Göylər–Çöl–Padar, M–2 ( 482 km)–Salahlı–Aslanbəyli–Kəmərli, Quba–Qəçrəş, Şəki–Qax yolunun əsaslı təmiri üzrə tikinti işləri aparılır.
Gədəbəy–Qızıl Torpaq–Qonaqlı yolunda Fındıxlı çayı üzərində körpünün yenidən qurulması, Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89–cu km–də yol ötürücüsünün tikintisi və Şəki–Kiş avtomobil yolunda Kiş çayı üzərində qəza vəziyyətində olan mövcud körpünün aşırım qurğusunun bərpası layihələri başa çatdırılmış, Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89–cu km–də yol ötürücüsünün, Fındıxlı çayı üzərində körpünün açılışı olmuşdur. Şəki–Qax–Zaqatala yolunun Şəki–Qax sahəsində körpülərin tikintisi, Saatlı–Musalı–Məzrəli avtomobil yolunda Araz çayı üzərində olan qəzalı vəziyyətə düşmüş körpünün bərpası layihələri davam etdirilmişdir.
Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına Ələt–Astara avtomobil yolunun Yenikənd–Salyan (31–54,04 km), Salyan–Şorsulu (55,8–80,6 km) və Kür çayı üzərində körpü keçidinin (54,4–55,8 km) tikintisi, Muğanlı–Yevlax və Hacı Zeynalabdin Tağıyev–Sahil, Yevlax–Gəncə avtomobil yollarının tikintisi, Hacıqabul–Bəhramtəpə avtomobil yolunun yenidən qurulması, Hacıqabul–Kürdəmir və Bakı–Şamaxı–Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013–cü illər üçün əlavə Tədbirlər Planı”nda, “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda, “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş Bakı şəhərində yol şəbəkələri və küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan respublika əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması, hər bir rayon ərazisində yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, əsaslı təmiri və asfaltlaşdırılması, yeni körpülərin tikintisi üzrə işlər davam etdirilir.
Afət Sadıqoğlu
Respublika.- 2012.- 24 avqust.- S. 4.