Kəndin toxum, gübrə və damazlıq heyvanları ilə təminatı dövlətin diqqət mərkəzindədir

 

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yarandıqdan sonra onun fəaliyyətini genişləndirmək və dolğunlaşdırmaq məqsədi ilə mütəmadi olaraq bir sıra sərəncamlar qəbul edilmişdir ki, bunların içərisində “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Sərəncam müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 21 avqust 2008–ci ildə imzalanmış bu “Sərəncamdan ötən 4 il ərzində Azərbaycanın kənd təsərrüfatının toxum, gübrə və damazlıq heyvanları ilə təminatı sahəsində olduqca böyük nailiyyətlər əldə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004–cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı” (2004–2008–ci illər) qəbul edilmişdir.

Proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, bu sahədə sahibkarlığın inkişafına maddi–texniki köməkliklərin göstərilməsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004–cü il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

“Aqrolizinq” ASC yarandığı ilk günlərdən etibarən fəaliyyət dairəsini genişləndirməyə başlamış, kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi–texniki bazasının möhkəmləndirilməsində, onlara aqrotexniki xidmətlər göstərilməsində, xüsusən kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, ehtiyat hissələri, mineral gübrələrlə təmin olunmasında əsaslı dönüş yaranmışdır.

Cəmiyyətin yarandığı ilk gündən indiyə qədər dövlət büdcəsindən ayrılmış vəsait hesabına 349,47 min ton, o cümlədən 285,8 min ton ammonium nitrat, 54,2 min ton superfosfat, 2,04 min ton ammofos, 7,1 min ton nitroammofoska və 0,33 min ton kalium gübrəsi alınmış və məhsul istehsalçılarına güzəştli şərtlərlə satılmışdır. Eyni zamanda kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə məqsədilə 10 adda 301,7 ton pestisid alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2008–ci il tarixli 226 nömrəli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərarına əsasən alınmış mineral gübrələrin ölkə daxilində paylanması mexanizminin təkmilləşdirilməsi üçün ayrı–ayrı bölgələri əhatə etməklə regional–logistik bazaların yaradılmasının layihələşdirilməsi və tikintisinin 2008–2010–cu illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə “Aqrolizinq” ASC tərəfindən tədbirlər planı hazırlanmış 2009–cu ildən etibarən qərarın icrasına başlanmış (bazaların yerləşdiyi bölgələr müəyyənləşdirilmişdir.

Şəki, Sabirabad, Cəlilabad, Bərdə rayonlarında hər birinin tutumu 12 min ton, Xaçmaz və Şəmkir rayonlarında isə hər birinin tutumu 10 min ton olan regional–logistik gübrə bazaları tikilərək istifadəyə verilmişdir. Eyni vaxtda istifadəyə verilmiş logistik gübrə bazalarında 68 min ton gübrə yerləşdirmək mümkündür.

Tikintisinə 15294.4 min manat vəsait sərf olunmaqla, tikilmiş logistik bazalar gübrələrin və pestisidlərin saxlanması, daşınması, paylanması sahəsində qəbul olunmuş texniki standartlara tam cavab verir. “Aqrolizinq” ASC–nin bölgüsü əsasında regional–logistik gübrə bazalarına daxil olmuş gübrələr tələbata uyğun məhsul istehsalçılarına verilir. Rayon Aqroservis filiallarına verilmiş gübrələri müvəqqəti saxlamaq üçün onların istifadəsində olan anbarlardan istifadə edilir.

“Aqrolizinq” ASC tərəfindən aqroservislərin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər hazırda da davam etdirilir. Bu və digər vacib işlərin həyata keçirilməsi üçün dövlətin dəstəyi əsas şərtlərdən hesab olunur. Bu dəstəyin nəticəsində “Aqrolizinq” ASC–yə dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Goranboy, Tərtər, Yevlax, Cəlilabad, İmişli, Şəki, Sabirabad, Zaqatala, Ağdaş, İsmayıllı, Xaçmaz, Saatlı, Neftçala, Biləsuvar, Qusar və Ağcabədi rayonlarında müasir tələblərə cavab verən, hər cür avadanlıqla təchiz olunmuş aqroservis filialları üçün binalar tikilib istifadəyə verilmişdir. Hazırda digər rayonlarda servislərin tikintisi davam etdirilir.

Kənd təsərrüfatı sahəsində aparılan əsaslı islahatlar nəticəsində kənd təsərrüfatı iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin kənd təsərrüfatı məhsullarına (ət və süd) olan tələbatının ödənilməsi üçün son dövrlər ərzində respublikaya yüksək məhsuldar cins– damazlıq heyvanların gətirilməsi zərurəti yaranmışdır. Cins–damazlıq heyvanların respublikaya gətirilməsində əsas məqsəd respublikada məhsuldar cins–damazlıq heyvanların bazasını yaratmaq və həmin damazlıq heyvanların hesabına ölkədə mövcud olan az məhsuldar yerli (aborigen) heyvanların cins tərkibinin yaxşılaşdırılmasından və nəticədə ölkədə ət və süd məhsulu istehsalının artırılmasından ibarətdir.

Yaranmış zərurətin həyata keçirilməsi üçün Respublika Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanlarla təmin edilməsi məqsədilə 2008–ci ilin 21 avqust, 2009–cu ilin 28 dekabr, 2011–ci ilin 28 fevral, 2012–ci ilin 24 fevral tarixli sərəncamları olmuşdur. Respublika Prezidentinin tam zamanında verdiyi bu sərəncamların kənd təsərrüfatının inkişaf etdirilməsində, yerli mal–qaranın cins tərkibinin yaxşılaşdırılmasında əhalinin və kənd təsərrüfatı məhsulları istehsalçılarının güzaranının yaxşılaşdırılmasında əlavə iş yerlərinin yaranmasında və sonda əhalinin kənd təsərrüfatı məhsullarına (ət və süd) olan tələbatının ödənilməsində çox böyük əhəmiyyəti vardır. Verilmiş sərəncamların icra olunması üçün respublikaya cins–damazlıq heyvanların alınmasına dövlət dəstəyi olaraq “Aqrolizinq” ASC–yə 2008–ci ildə 3.5 milyon manat, 2009–cu ildə 3.0 milyon manat, 2011–ci ildə 5 milyon və 2012–ci ildə isə 10 milyon manat vəsait ayrılmışdır.

Respublikaya idxal olunan damazlıq heyvanların damazlıq göstəricisinə görə qiymətləndirilməsi və yerində seçilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qrumlarının mütəxəssisləri damazlıq heyvanları ixracedən ölkələrə ezam olunurlar. Dövlət vəsaiti hesabına respublikaya cins–damazlıq heyvanların gətirilməsi və həmin heyvanların kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli qaydalar əsasında satılması haqqında Nazirlər Kabinetinin 2008–ci il 22 sentyabr tarixli qərarı var. Qərara əsasən cins–damazlıq heyvan almaq istəyən kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanların saxlanılması üçün tövlə şəraitinin olmasını, yem bazası yaradılmasını və sahibkarın heyvandarlıqda olan təcrübəsini müəyyən edən rayon və şəhər icra hakimiyyətlərində komissiya yaradılmışdır. Cins–damazlıq heyvan almaq istəyən sahibkarlar yaradılmış rayon və şəhər komissiyasına müraciət edir. Komissiya tərəfindən həmin sahibkarın təsərrüfatına baxış keçirilərək, sahibkarın təsərrüfatında yem bazası yaradılmasını və tövlə şəraitinin olmasını müəyyən edərək rəy verilir. “Aqrolizinq” ASC həmin rəy əsasında damazlıq heyvanları sahibkara dəyərinin 50 faizini dövlət güzəşti olmaq şərti ilə yerdə qalan dəyərinin 50 faizini əvvəlcədən ilkin ödəniş olmaqla, qalan hissəsini isə üç il müddətinə lizinqə verir. Sahibkarlar tərəfindən lizinq ödənişləri ilin rübləri üzrə aparılır. 2009–2012–ci illər ərzində respublikaya Almaniya Federativ Respublikasından və Avstriya Respublikasından 4350 baş cins–damazlıq heyvan gətirilmişdir, 2 min başa yaxın damazlıq heyvan isə bu ilin sonuna kimi gətiriləcəkdir. Üç il ərzində gətirilmiş cins–damazlıq heyvanların hamısı kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılmışdır.

Respublikaya gətirilmiş cins–damazlıq heyvanlar Naxçıvan MR da daxil olmaqla respublikanın 200–dən artıq kənd təsərrüfatı məhsulları istehsalçısına lizinqə verilmişdir. Lizinqə verilmiş cins–damazlıq heyvanlar respublika şəraitinə asan adaptasiya olunmaqla doğulmuş buzovların hesabına baş sayı artmışdır. Belə ki, respublikaya gətirilmiş cins–damazlıq heyvanlardan 3150 baş bala alınmışdır ki, nəticədə respublikada cins–damazlıq heyvanların baş sayı 6625–yə çatdırılmışdır. Gətirilmiş cins–damazlıq heyvanların hər birinin məhsuldarlığı haqqında nəsil şəcərəsi (pasportu) vardır. Sahibkarlara lizinqə verilmiş damazlıq heyvanlardan gün ərzində 25–30 kiloqram süd məhsulu alınır ki, bu da sahibkarları tam qane edir. Süd məhsulu ilə yanaşı, sahibkarlar damazlıq heyvanlardan alınmış erkək balaların yetişdirilməsi nəticəsində gündəlik 1,1–1,2 kiloqram diri çəki artımı əldə edirlər.

Belə sahibkarlardan və təsərrüfatlardan Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən “Atropatena” QSC–nin təsərrüfatını, Qusar rayonundan “Şahdağ” fermer təsərrüfatını, Beyləqan rayonunda fəaliyyət göstərən Aslanov Elşən Bərşad oğlu, Samux rayonundan Yusifova Tərbiyə Murad qızı, Tərtər rayonundan Məmmədov Elxan Rəfi oğlu, Qax rayonundan Babacanaşvili Varabion Qeorqeviç və Quba rayonundan Məmmədova Ziyafət Tağı qızına məxsus təsərrüfatları göstərmək olar. Onlar lizinqə götürdükləri damazlıq heyvanlardan hər başdan 1 baş bala almış və gündəlik 25–30 kiloqram süd istehsal etmişlər. Xarici ölkələrdən respublikamıza gətirilən cins–damazlıq heyvanlara bölgələrin kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən böyük maraq göstərilir. Cəmiyyətimizə çoxlu sayda müraciətlər daxil olur. Bu günə daxil olan müraciətlərə əsasən sahibkarların 4 min başdan çox damazlıq heyvana tələbatı vardır.

Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi əsasında bölgələrdə iritutumlu (200, 400, 500, və 1000 başlıq, heyvandarlıq kompleksləri inşa olunub və olunmaqdadır. Bu il Ağcabədi rayonu ərazisində inşa olunan 3 min başlıq “Atropatena” QSC–yə məxsus təsərrüfata “Aqrolizinq” ASC tərəfindən 1300 baş Holland frizi damazlıq heyvan lizinqə verilmişdir. Bizdə olan məlumata görə, Sahibkarlığa Kömək Milli Fondunun köməyi ilə Ağdaş, Bərdə, Qəbələ və s. rayonlarda iritutumlu heyvandarlıq komplekslərinin inşası başa çatmaq üzrədir. Həmin heyvandarlıq komplekslərini damazlıq heyvanlarla təmin edilməsi mühüm və çox əhəmiyyətli bir məsələdir.

Respublikamıza idxal olunan cins–damazlıq heyvanların sağlam və gumrah saxlanılması üçün dövlət qurumlarının, başda Kənd Təsərrüfatı Nazirliyi olmaqla Dövlət Baytarlıq Xidmətinin, “Aqrolizinq” ASC–nin, rayon və şəhər icra hakimiyyəti mutəxəssislərinin ciddi nəzarəti vardır. Cins–damazlıq heyvanlara zoobaytar qulluq və xidmət qaydaları haqqında həmin qurumların mütəxəssisləri tərəfindən sahibkarlara daimi tövsiyə və məsləhətlər verilir. Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən cins–damazlıq heyvanlar arasında infeksion, invazion və terapevtik xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərinin aparılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Respublikamıza idxal olunan cins–damazlıq heyvanların hamısı 3 il müddətinə sığorta olunur. Məqsəd ondan ibarətdir ki, əgər sahibkarın təsərrüfatında damazlıq heyvan müqəssirlik səbəbi olmadan hər hansı bir təbii fəlakət və müalicəsi mümkün olmayan xəstəlikdən tələf olarsa, həmin heyvanın dəyəri sığorta təşkilatı tərəfindən geri qaytarılır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar 2008–ci ildə Rusiya Federasiyasının Krasnodar diyarından 7 min ton birinci reproduksiyalı Batko (1386 ton), Nota (1350 ton), Tanya (1197 ton), Pamyat (760 ton), Moskviç (1071 ton), Kroşka (189 ton), Krasnodarskaya–99 (1047 ton) buğda və (189 ton) Elit buğda toxumları gətirilərək Nazirlər Kabinetinin təstiq etdiyi “Qaydalar”a uyğun buğda toxumu istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dəyərinin 50 faizi dövlət hesabına olmaqla güzəştli şərtlərlə satılmışdır.

Dövlətimiz “Aqrolizinq” ASC–nin fəaliyyətinin daha da dolğunlaşdırılmasını və bununla da kəndin müasir texnika, gübrə, toxum və damazlıq heyvanları ilə təminatını daim diqqət mərkəzində saxlayır. Biz bunu cənab İlham Əliyevin qəbul etdiyi sərəncamlarda, ölkənin sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş Nazirlər Kabinetinin mütəmadi keçirilən iclaslarında, regionlara səfərləri zamanı etdiyi çıxışlarda aydın şəkildə görürük.

Regionların 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı cənab İlham Əliyev kənd təsərrüfatının qarşısında duran vəzifələrdən danışarkən demişdir: “Heyvandarlığın inkişafı ilə bağlı böyük addımlar atılır. Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat vəsait ayrılmışdır ki, yenidən o cins mal–qaranın gətirilməsinə nail olsun. Artıq bir neçə ildir ki, bu proses başlamışdır. Beləliklə, biz böyük dərəcədə mal–qaranın cinsini yaxşılaşdıracağıq”.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin birinci yarısının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demidir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Kənd təsərrüfatı 10 faizdən çox artmışdır. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq”.

Dövlətimizin ardıcıl dəstəyinə və Kənd Təsərrüfatı Nazirliyinin köməyinə arxalanaraq “Aqrolizinq” ASC Azərbaycan kəndinin müasir texnika, toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsi işini bundan sonra da diqqət mərkəzində saxlayacaqdır.

 

 

Əli BAYRAMOV,

“Aqrolizinq” ASC idarə

heyətinin sədri

 

Respublika.- 2012.- 24 avqust.- S. 5.