Sağlam həyat
tərzi
Professor Maqsud Qasımovun “Sağlam həyat tərzi uğrunda” kitabının hamı üçün gərəkli və faydalı ola biləcəyini nəzərə alıb, onun ayrı–ayrı fəsillərini qəzetimizin iyul–avqust 2012–ci il iarixli müxtəlif nömrələrində dərc etmişik.
İndi isə kitabın daha bir hissəsini — “Qidalanma haqqında əsas məlumat” fəslini qısa ixtisarla dərc edirik. İnanırıq ki, geniş oxucu kütləsi düzgün qidalanmaq üçün bu fəsildə irəli sürülmüş faydalı məsləhətlərdən bəhrələnə biləcəkdir.
(əvvəli 16, 18 və 23 avqust tarixli
saylarımızda)
Şəkər, şirniyyat və qənnadı məmulatı. Adi şəkər, demək olar ki, saf karbohidratdan—saxarozadan ibarətdir. Onunla birlikdə orqanizmə heç bir əvəz oluna bilməyən qida maddəsi daxil olmur. Şirniyyat və ya şəkər məmulatı (konfetlərin bütün növləri, şokolad, marmelad, pastilə və s.) yüksək kaloriliyi ilə səciyyələnir. Şəkərli məmulatlar arasında halva xüsusi yer tutur. Onun tərkibində şəkərdən başqa 30 faiz yağ və 13 faiz zülal vardır, həm də əvəz oluna bilməyən amin turşularının miqdarına görə halvanın zülalı ət və süd zülalına yaxındır. Bütün qənnadı məmulatları, bir qayda olaraq, əvəz oluna bilməyən qida maddələrinin az olması və ya heç olmaması ilə fərqlənir.
Şəkərli məhsullar arasında bal müəyyən üstünlüklərə malikdir. Onun tərkibinə daxil olan şəkərlərin yarısını adi şəkərdən daha şirin olan fruktoza təşkil edir. Odur ki, şirinə (məsələn, çayı adi səviyyəyədək şirinləşdirmək üçün) olan tələbatı ödəmək üçün “şəkər” kalorisinə nisbətən daha az “bal” kalorisi, yəni daha az bal tələb olunur.
Tamlı maddələr. Bunlara enerji dəyəri olmayan və adətən əvəz oluna bilməyən qida maddələrinin mənbəyi olmayan, ancaq qidanın dadını, bəzən isə həm də qoxusunu yaxşılaşdıran maddələr aiddir. Bir qayda olaraq, bunlar bitkilərdən alınır. Onların arasında ədviyyat (istiot, xardal, dəfnə yarpağı və s.), ədviyyəli bitkilər (soğan, sarımsaq, şüyüd, cəfəri, göyərtinin başqa növləri), süni tamlı maddələr (vanilin, limon turşusu və s.) ayırd edilir. Tamlı maddələrin, xüsusən ədviyyatın və ədviyyə bitkilərinin işlədilməsi həzmi yaxşılaşdırır. Lakin həddən artıq tünd, kəskin xörəklər mədənin selikli qişasını qıcıqlandırdığı üçün belə ədviyyatdan sui–istifadə etmək olmaz.
Qida konsentratları. Son 20–30 ildə milli mətbəxdə
qida konsentratları isti xörək hazırlamaq
üçün geniş yayılmışdı. Bunlar briket
şəklində ikiqat sarğıda və ya plyonkalı
materiallardan hazırlanmış paketlərə
tökülmüş halda istifadə olunmur. Onlardan
hazırlanan xörəklər öz tərkibinə və
kaloriliyinə görə təzə məhsullardan
hazırlanmış xörəklərə müvafiq gəlir.
Təkcə
C vitamini konsentratlar hazırlayarkən, demək olar ki, tamamilə
parçalanır. Uşaq və pəhriz qidaları
üçün olan konsentratlar bəzən vitaminlərlə
zənginləşdirilir.
Ərzaq
məhsullarını şərti olaraq iki qrupa bölmək
olar: a) enerji dəyərinə malik olanlar; b) əvəz oluna
bilməyən qida maddələrinin mühüm mənbəyi
olanlar. İkinci qrupa daxil olan yeyinti məhsullarında qida dəyəri
həm çox, həm də az olur.
Birinci qrupa heyvan mənşəli yağları (kərə
və balıq yağından başqa), şəkər,
narın üyüdülmüş undan bişirilən
(birinci və əla növ) çörək və
çörək məmulatı, qənnadı məmulatının
çoxu aiddir. Məhsulların bu qrupunu çox vaxt
“boş kalorilər” adlandırırlar. İkinci
qrupa əvəz oluna bilməyən amin turşularının
və bir sıra vitaminlərin mənbəyi olan bütün
heyvani mənşəli məhsullar daxildir. Süd və süd məhsulları kalsium mənbəyi
kimi də qiymətlidir. Sonra bu qrupa kəpəkli undan
bişirilən çörək (B1, B2 və PP) vitaminlərin,
mineral maddələrin və sellülozun mənbəyi kimi
yarmalar, yarımdoymamış yağ
turşuları mənbəyi kimi bitki yağları, nəhayət,
vitaminlərin (ilk növbədə C vitamini), mineral maddələrin
və sellülozun mənbəyi kimi tərəvəz və
meyvələr aiddir.
Qida rasionunu tərtib edərkən ikinci qrup məhsullardan
mümkün qədər geniş istifadə etmək
lazımdır. Lakin birinci qrup məhsullardan istifadə
etməkdən də çəkinmək olmaz. Onlarsız bitki zülallarının, heyvan
yağları və karbohidratların lazımi miqdarını
toplamaq, qidalanmanın tələb olunan müxtəlifliyini təmin
etmək mümkün deyildir. Həm də
onlar, bir qayda olaraq, xoş dada malikdir, bu da mədə şirəsinin
yaxşı ifraz olunmasını təmin edir. Lakin onlardan sui–istifadə etmək də olmaz.
İkinci
qayda—qədərincə
yeməkdir
Hələ
qədimlərdə babalarımız demişlər: “Süfrədən
elə dur ki, gözün yeməyin dalınca qalsın”. Onlar dünyagörmüş adamlar idilər, bilirdilər
ki, “çox yemək adamı az yeməkdən də saxlaya bilər”.
Yeyin, için, lakin israfçılığa
yol verməyin. Allah–Taala israf edənləri
sevmir” (Qurani–Kərim). “Zərərli
şeydən az yemək, faydalı şeydən çox yeməkdən
daha yaxşıdır” (Hippokrat). “Yediyinizi
həzm etmədən, təkrar yeməkdən çəkinin”
(İbn Sina). “Bütün xəstəliklərin
səbəbi çox yeməkdir” (Sültanül Ənbiya).
Odur ki, biz qidalanmanın orta dərəcədə
olmasını onun ikinci qaydası (“qanunu”) adlandırdıq.
Bir çox ərzaq məhsullarını bütün əhalinin
əldə edə biləcəyi, yalnız kütləvi hadisə
kimi deyil, maddi imkanı az olan
ayrı–ayrı şəxslərin qisməti kimi də doyunca
yeməməyin aradan qalxdığı son on ildə bu qayda
xüsusi əhəmiyyət kəsb etmişdir. Əksinə, həddən artıq yemək çox
yayılmışdır. Respublika əhalisinin
kütləvi müayinəsinin nəticələrinə
görə, cavanların 15 və yaşlıların 50
faizinin çəkisi normadan artıqdır. Belə vəziyyət, demək olar ki, əksər
ölkələrin əhalisi arasında qeydə alınır.
Çəkisi
həddən artıq olan şəxslər çox vaxt deyirlər
ki, heç də başqalarından çox yemirlər, az yeyirlər, çəkilərinin artıq
olması maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.
Onlar səbəblə nəticəni səhv
salırlar. Dəqiq müşahidələrin
göstərdiyi kimi, çəkisi artıq olan və maddələr
mübadiləsi pozulmuş şəxslərin 98 faizində
maddələr mübadiləsi artıq çəki
yarandıqdan sonra pozulmuşdur. Xəstələrin cəmi
iki faizində maddələr mübadiləsinin pozulması
artıq çəkinin yaranmasına səbəb ola bilər.
Son vaxtlaradək məzuniyyətdən qayıdan
soydaşlarımızdan soruşanda—”Nə qədər
kökəlmisən?”… Elə indi də çox vaxt eşidirsən ki, kökəlmiş
şəxs haqqında deyirlər: “Görün o necə
kökəlib!” Hazırda da bəziləri belə
fikirləşirlər ki,
köklük—sağlamlığın göstəricisidir.
Yox, bir daha yox! İndi həm vətən, həm
də xarici ölkə alimlərinin müşahidələrindən
məlumdur ki, həddən artıq çəki nəinki
xeyirli deyil, əksinə, sanki xəstəliklərə
doğru yol açır.
Qeyd edirik ki, özlüyündə artıq çəki
(piylənməyə keçməyən) adları çəkilən
xəstəliklərin yeganə səbəbi hesab edilə bilməz. Arıq, bədən
çəkisinin artıq kiloqramlarını toplamamış
şəxslər də bəzən həmin xəstəliklərə
tutulurlar. Lakin çəkinin həddən
artıq olması və bununla əlaqədar maddələr
mübadiləsinin pozulması bir çox xəstəliklərin
inkişafını asanlaşdırır, orqanizmin onların
inkişaf etməsinə qarşı müqavimət göstərmək
qabiliyyətini azaldır və gedişini
ağırlaşdırır. Cavan yaşda
yaranmış və ömür boyu saxlanan artıq çəki
ömrü orta hesabla 7–8 il qısaldır.
Bədən kütləsinin normadan artıq
olmasının sağlamlığa mənfi təsiri bu
artım 15 faizdən çox olduqda xüsusilə nəzərə
çarpır. Bu halda söhbət “piylənmədən”
gedir; həmin termin maddələr mübadiləsinin kəskin
nəzərə çarpan pozulması ilə səciyyələnən
müstəqil xəstəliyi göstərir. Tez yorulma və zəiflik, təngnəfəslik və
yuxusuzluq, iştahanın artması və şiddətli
susuzluq, sümük–oynaq aparatının kəskin
ağrıları–ödem–piylənmənin ən tez–tez
müşahidə olunan yol yoldaşları bunlardır.
Həddən artıq çəki, normal çəki nədir? Bunu bir–iki rəqəmlə
göstərmək olarmı? Yox, bu o qədər
də sadə deyildir. Bəziləri üçün
normal bədən kütləsi başqaları
üçün həddən artıq,
üçüncülər üçün isə az ola bilər. Normal bədən
kütləsi boydan, yaşdan (yaşla əlaqədar olaraq
artır), cinsiyyətdən (əzələlərin bir qədər
inkişaf etməsi ilə əlaqədar olaraq qadınlar
üçün normal bədən kütləsinin daha
kiçik göstəriciləri qəbul edilmişdir), nəhayət,
orqanizmin quruluş xüsusiyyətlərindən (deyildiyi kimi,
konstitusiyasından) asılı olaraq dəyişilir. Kitabda əlavələrin birində boydan, cinsiyyətdən
və bədənin quruluşundan asılı olaraq
yaşlı şəxslər üçün məsləhət
görülən (normal) bədən kütləsinin cədvəli
verilir. Cədvələ aid qeydlərdə
konstitusiyanın üç tipindən hər birinin
xüsusiyyətləri qısa təsvir edilir. Bədənin çəkisi normadan 5 faiz və daha
artıq çoxdursa, onu artıq bədən çəkisi
hesab etmək olar.
Belə bir fikir mövcuddur ki, yağlı yeməkləri
sevən şəxslər daha çox kökəlirlər. Demək olmaz
ki, bu düzdür. Artıq bədən
kütləsinin səbəbi kimi yağlardan yox, şəkərin
və şirniyyatın əhəmiyyəti daha çoxdur.
Bunlar ucuzdur, həmişə müxtəlif
çeşidlərdə satışda olur, insanların əksəriyyəti
şirniyyata ehtiyac duyur və onları xoşlayırlar.
Nəticəsi də budur: statistik məlumatlara görə,
keçmiş sovet ölkəsində şəkərin
bütün şəkillərdə (mürəbbənin,
peçenyenin, bütün qənnadı məmulatı
növlərinin tərkibinə daxil olanları da hesablamaqla) sərf
edilməsi bir nəfərə ildə 44 kiloqrama və ya
gündə 130 qrama çatmışdı. Yaşlı
adamın şəkərə olan orta tələbatı isə
alimlərin təsdiq etdiyi kimi, gündə 60–80 qramdır.
Göründüyü kimi, şəkərin faktiki işlədilməsi
ona olan tələbatdan 1,5–2 dəfə
çoxdur.
Artıq bədən kütləsinin əmələ gəlməsi
səbəbi kimi yağların əhəmiyyəti daha
azdır. Buna təəccüblənmək lazım deyil.
Həm karbohidratlar (şəkər və
nişasta), həm də yağlar mədə–bağırsaq
yolunda parçalanıb sadə maddələr şəklində
qana sorulur ki, bunların da artığından orqanizmin öz
yağını qurmaq üçün istifadə edilir.
Bu zaman qida yağlarının parçalanması məhsullarına
nisbətən karbohidratlar parçalanarkən yaranan maddələrdən
yağ daha asan əmələ gəlir.
Azərbaycanda Bakı ailələrinin böyük bir
qrupunun qidalanmasını öyrənərkən
müşahidə etmişik ki, ölkədəki orta səviyyəyə
nisbətən bu ailələrdə yağlar daha çox
işlədilir. Məhz ona görə də Azərbaycanda artıq bədən
kütləsi yaranmasının səbəbi kimi
yağların oynadığı rol heç də şəkərdən,
şirniyyatdan və taxıl məhsullarından az deyildir.
Ət və ət məhsulları, balıq, süd məhsulları,
yumurta, bir qayda olaraq, artıq bədən kütləsinin
yaranmasına səbəb olan faktorlardan olsa da, bunlar çox
miqdarda işlədilmir. Xüsusən qida rasionunda tərəvəz
və meyvələr artıq deyildir. Bizdə
bunların işlədilməsi hələ də məsləhət
görülən normalardan geri qalır və təsadüfi
deyildir ki, ölkədə regionların inkişafı
proqramında onların istehsalının xeyli
artırılması nəzərdə tutulur.
Beləliklə, orta dərəcədə
qidalanmağı artıq bədən kütləsinin və
onun bütün mənfi nəticələrinin
qarşısını almağın əsas yolu hesab etmək
lazımdır. Lakin bunu bütün günü ac gəzmək
kimi başa düşmək lazım deyildir. Orta dərəcədə
qidalanmaq—aclıq hissi yox olanadək yemək, sonra stol arxasından qalxıb bir işlə məşğul
olmaq deməkdir. Lakin az olmur ki, stol
arxasında aclığı dəf etdikdən sonra da yeməyi
davam etdirir, bəzən özlərini o dərəcədə
doydururlar ki, nəfəs almağa belə çətinlik
çəkirlər. Bax belə tam doyanadək
yemək üsulu, hər dəfə, hətta hər gün
olmasa da, artıq bədən kütləsinin artmasına səbəb
olur.
Lakin az hərəkətli həyat şəraitində
hətta orta dərəcədə qidalanmaq da artıq ola bilər.
Yalnız hərəkətli həyat tərzi,
müntəzəm əzələ işi vasitəsilə
artıq bədən kütləsi yaranmasının qarşısını
almaq olar.
Artıq bədən kütləsinə dözmək
olmaz. Bundan xilas olmağın yolu qidanın enerji dəyərini
azaltmaqdan və əlavə fiziki yük hesabına enerji
itkisini artırmaqdan ibarətdir.
Qida
rasionunun enerji dəyərini azaltmaq üçün onu əsasən
həcmi böyük, kalorililiyi az olan məhsullardan
komplektləşdirmək lazımdır. Eyni
zamanda iştaha törədən və aclıq hissini kəskinləşdirən
maddə və məhsullar istisna edilməlidir.
Şəkərin və şirniyyatın—mürəbbənin,
balın, konfetlərin, hər növ məmulatının
işlədilməsini məhdudlaşdırmaq lazımdır. Sonra
yağların, xüsusən əla növ undan hazırlanan
çörəyin, kartofun işlədilməsi
azaldılmalıdır. Piylənmə
çox olduqda rasiondan şəkəri və
şirniyyatı, eləcə də makaron və yarma məmulatını
tamamilə çıxarmaq, bu qida məhsullarından istisna
etmək məqsədəuyğundur.
Yavan ət və balıq, başlıcası isə
süd məhsulları (yağsız kəsmik, qatıq, kefir
və s.) rasionda qalmalıdır. İştahanı
artıran ədviyyatdan (bibər, xardal, sarımsaq və s.)
çəkinmək lazımdır. Alkoqol
(hətta bayram günləri də!) tamamilə istisna edilməlidir.
Spirtli içkinin bir qədəhi insanın qida
rejiminə nəzarət etməsinə mane olub, arıqlamaq
üçün etdiyi bütün səylərini qiymətdən
sala bilər.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2012.- 24 avqust.- S. 6.