| Gündən–günə yeniləşən Sumqayıt

 

Ötən əsrin 90–cı illərinin ortalarında Azərbaycanda siyasi sabitliyə nail olmuş ümummilli liderimiz Heydər Əliyev ölkənin dirçəlişi və inkişafı naminə seçdiyi strategiyanın ən optimal variant olduğunu bugünkü sürətlə yüksələn həyat səviyyəsi əyani şəkildə sübuta yetirir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosial–iqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeni–yeni nailiyyətlərə yol açır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmişdir.

 

Əbəs deyil ki, son illər ölkədə qəbul olunan dövlət proqramları, imzalanan qanun və fərmanlar əsasən sosial yönümlü olmuş və onlar sadəcə kağız üzərində qalmayaraq öz əksini dəfələrlə artmış təqaüd və maaşlarda, salınan transmilli magistrallarda, yol keçidi və körpülərdə, tikilən təhsil və səhiyyə ocaqlarında, ticarət və istirahət mərkəzlərində tapmışdır. Və bu proses durmadan, daim öz axarı ilə davam etdirilir. Bakı şəhərində inşa edilən müasir layihəli binalar, modern üslublu parklar, funksional yol qovşaqları buna bariz sübutdur. Lakin bu cür layihələrin paytaxtdan savayı ölkəmizin digər şəhər və rayon mərkəzlərində tətbiqi indi bölgədə ümdə şərtdir. Məhz ona görə də dövlət başçısı cari ildə respublikamızın bir neçə iri şəhər və rayon mərkəzlərində daha praktik və keyfiyyətli abadlıq–quruculuq işlərinin aparılması məqsədilə öz ehtiyat fondundan əlavə maliyyə vəsaiti ayrılması haqqında sərəncamlar imzalamışdır. Təkcə respublikamızda deyil, onun hüdudlarından çox uzaqlarda iri sənaye mərkəzi kimi tanınan Sumqayıt da bu ilin mart ayında Prezident sərəncamı ilə yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün əlavə vəsait alan şəhərlərdən biri oldu.

Yaranma tarixi 1949–cu ildən götürülən Sumqayıtın bu gün 310 minə yaxın sakini var. Statistik rəqəmlərdən də görünür ki, Sumqayıt çox da böyük olmayan gənc bir şəhərdir. Ancaq mənimçün Sumqayıt dünyada ən möhtəşəm, gözəl və əziz şəhərdir. Çünki bütün həyatım bu şəhərlə bağlıdır. Burada doğulub boya–başa çatmışam, ailə qurub kök salmışam. Hazırda da Sumqayıtda yaşayır, respublikamızın sayılıb–seçilən təhsil ocaqlarından olan Sumqayıt Dövlət Universitetində prorektor vəzifəsində çalışıram. Ona görə də Sumqayıtın sakini və bir ziyalısı kimi burada nə baş verirsə, mənimçün maraqlı və önəmlidir. Onun hər zaman dərdinə şərik çıxıb sidq–ürəkdən qəmlənmiş, sevincinə isə sevinmişəm. Xoşbəxtlikdən, son dövrlər Sumqayıtda nə baş verirsə, hər kəsdə ancaq sevinc hissi oyadır.

Bəli, bu gün Sumqayıt yeni inkişaf mərhələsinə qədəm qoyub və sözün əsl mənasında, intibah dövrünü yaşayır. “Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır”. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2011–ci il iyulun 7–də Sumqayıta səfəri zamanı söylədiyi bu arzuları sumqayıtlılar şəhərin icra başçısı Eldar Əzizovun rəhbərliyi altında hazırlanmış inkişaf proqramı əsasında hər gün gerçəyə çevirirlər.

Müasirliyin öz tələbləri, öz yanaşmaları var. Onlardan ən əsası memarlıqda yeknəsəqliyə yolverilməzlikdir. Razılaşaq ki, Sovetlər durumunda salınan Sumqayıtın memarlıq üslubunda bu amil çox böyük yer tuturdu. Eyni yaşayış massivləri, küçə və prospektlər, oxşar mikrorayon və binalar. Park və xiyabanlarda sadə landşaft, ucuz materiallardan düzəldilmiş fəvvarələr, köhnəlmiş işıqlanma sistemləri heç bir vəchlə müasir insanın zövqünə uyğun gəlmirdi. Bir sözlə, Sumqayıta çoxdan təzə bir nəfəs, ruh tələb olunurdu ki, belə dəyişikliklər də 2011–ci ilin əvvəlindən şəhərdə başlanılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərində öz əksini tapdı.

Ötən il fevral ayının 18–də Prezidentin sərəncamı ilə Sumqayıta icra başçısı təyin olunmuş Eldar Əzizov zəhmətkeş, işgüzar, prinsipial və müasir bir təsərrüfatçı kimi tanınan şəxsdir. O, Sumqayıta başçı kimi gəldiyi tarixdən, hər gün şəhəri gəzir, mikrorayon və məhəllələrə baş çəkir, park və bağların vəziyyəti ilə tanış olur, sakinlərlə söhbətləşir. Bu prosesin nəticəsi olaraq iyirmidən çox tanınmış memar, mühəndis, dizayner və digər şəhərsalma ilə bağlı mütəxəssis Sumqayıta dəvət olundu. Bu işçi qrup şəhərə baxış keçirəndən sonra öz məsləhət və təklifləri ilə çıxış etdi.

Təkliflər kollegial şəkildə müzakirə olundu və ancaq bundan sonra qəbul edilən eskizlər layihələndirildi.

Sumqayıt şəhərinin baş girişi Sülh küçəsi sayılır. Bakı–Quba yolundan başlayaraq düz dəniz kənarınacan davam edən bu küçə şəhərin ən uzun küçələrindən biridir. Sumqayıtda ilk abadlıq–quruculuq və yaşıllaşdırma işlərinin də elə bu küçədən başlandığını desək heç yanılmarıq. Əvvəlcə yolun hər iki tərəfində bitən möhtəşəm qarağac ağacları budanılmış və onların ətrafında xüsusi ot örtüyü əkilərək qazon sahələri salınmışdır. Yeri gəlmişkən deyək ki, bu gün Sumqayıtın bütün park və xiyabanlarında, səki və yol kənarlarında bu cür qazonlar salınır.

Sülh küçəsinin həm yol kənarı, həm

küçənin ortası ilə keçən yaşıllıq sahəsinin ətrafındakı köhnə və yöndəmsiz bordürlər yeni və bahalı materiallardan hazırlanmış səki daşları ilə əvəz olunmuşdur. Küçənin piyada yollarına qara və rəngli xüsusi möhkəm materiallardan hazırlanan kvadrat və düzbucaq konfiqurasiyalı, kiçik ölçülü metlax örtüklər vurulmuşdur.

Sülh küçəsinin Heydər Əliyev prospekti ilə kəsişdiyi yerdə və burada yerləşən ulu öndərimizin abidəsi ətrafındakı ərazidə, ümumi şəhər estetikasına xələl gətirən, zövqsüz köşk və iaşə obyektləri sökülərək yığışdırılmışdır. Burada yerləşən bütün beşmərtəbəli binaların fasadları ən müasir üslubda yenidən qurulmuşdur.

Ən iri həcmli işlər sumqayıtlıların iftixarı olan “Nəsimi” adına dənizkənarı istirahət parkında aparılır. Parkın sahəsi 57 hektar olduğundan burada işlərin mərhələ–mərhələ aparılması qərara alınıb. Ancaq bir çox işlər artıq başa çatdırılıb. Məsələn, parkın Nəsimi abidəsinin olduğu hissəsində yenidənqurma işlərinin bir qismi yekunlaşıb. Oxuculara aydın olsun deyə burada aparılan işlərdən daha təfsilatlı danışmaq istərdim. Belə ki, 2005–ci ildə parkda xalqımızın böyük şairi İmadəddin Nəsimiyə abidə qoyulmuşdur. Nəfis hazırlanan heykəlin postamenti balaca olduğundan burada memarlıq qaydalarına uyğun gəlməyən disproporsiya elementləri yer almış və abidə öz gözəgəlimlilik, möhtəşəmlik funksiyalarını itirmişdir. Bütün bu problemləri nəzərə alıb abidənin yerinin dəyişdirilməsinə qərar verildi. Və abidə qısa zamanda köhnə yeri ilə tam üzbəüz nöqtəyə, yəni Azadlıq küçəsinin S.Vurğun küçəsi ilə birləşdiyi yerdəki dairədə quraşdırılan 3 metrlik postamentin üzərinə köçürüldü. Abidənin ətrafındakı sahəyə qranit bordürlar düzüldü və buranın landşaftı tamamilə yeniləndi. Bu gün buradan həm piyada, həm avtomobildə keçən şəhər sakinləri və qonaqlar təkrarsız söz ustadı Nəsiminin adına layiq möhtəşəm görkəmli abidəni seyr edə bilirlər.

Dənizkənarı parkda da xeyli iş görülüb. Parkın giriş hissəsindən başlayaraq dəniz sahilinə qədər yerə vurulmuş köhnə daş örtüklər sökülmüşdür. Həmin sahə başdan–başa betonlaşdırıldıqdan sonra, burada mərmər və daş üzlüklərin vurulması prosesi yekunlaşmışdır. Nəsimi parkının dənizə düşən pilləkənlərinin orta hissəsində şəlalə tipli fəvvarə inşa edilmişdir. Tezliklə dənizə yaxın hissədə iri musiqili fəvvarənin tikintisinə başlanılacaq. Ətrafdakı landşaftda da böyük dəyişikliklər edilmişdir.

Heydər Əliyev prospektində yerləşən 18 binada aparılan yenidənqurma işləri də artıq yekunlaşıb. Əvvəllər yöndəmsiz görkəmi olan bu binalar müasir və yüksək zövqlü fasad sistemi vurulduğundan hazırda Sumqayıtın yaraşığına çevriliblər. Burada səkilər boyu bordürlər dəyişdirilmiş və piyada yollarına daş üzlüklər də döşənmişdir.

Uzun illər təmirsiz qalan Sumqayıtın Cümə məscidində də yenidənqurma işləri aparılıb. Yeni layihə üzrə məscidin fasadı tam bərpa olunub və ən əssası burada heç vaxt olmayan Azan minarəsi inşa edilib.

Bu arada ulu öndərimizin adını daşıyan, Sumqayıtın “Heydər parkı”nda da iri həcmli abadlıq, tikinti, yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu park üçün ən qabaqcıl düşüncəli, kreativ bir proje seçilmişdir. Parkın ərazisi 7 hektardan çox olduğu üçün işlərin həcmi də böyükdür. Bunlar nəzərə alındığından parkda abadlıq–quruculuq tədbirləri mərhələli şəkildə həyata keçirilir. Öncə parkda söküntü işləri aparılmışdır. Söküntü prosesindən sonra parkın döşəməsinə hamarlayıcı beton qatı tökülmüşdür. Bu işlər onun üstünə vurulacaq metlağın kip oturub, sınmamağından ötrü görülür. Parkın artıq böyük hissəsinə bu cür hamarlayıcı beton qatı tökülüb və bura yüksək keyfiyyətli metlax da döşənib. Parkda qranit və mərmərin ən bahalı növlərindən hazırlanan, biri musiqili olmaqla çox müasir formalı 3 fəvvarənin tikintisi planlaşdırıldı ki, onlardan biri artıq hazırdır. Hazırda bu istirahət ocağının düz mərkəzində 500 kvadratmetrlik sahəsi olan Heydər Əliyev mərkəzi inşa edilir. Parkda 4 uşaq əyləncə meydançası fəaliyyət göstərəcək. Bundan əlavə, burada hər biri 40 kvadratmetr olan 4 sanitar qovşağı da inaş edilir. Parkın görünən yerində gözəl formalı saat quraşdırılıb.

Sevindirici haldır ki, öz 50 illik yubileyinə hazırlaşan Sumqayıt Dövlət Universitetində də son dövrlərdə böyük abadlıq–quruculuq işləri həyata keçirilib. Universitetin yerləşdiyi sahə başdan–başa hasarlanmış, təhsil ocağının həyətinin girişində möhtəşəm arka inşa edilmiş, darvaza quraşdırılmışdır. Universitetin həyətində ən keyfiyyətli metlax örtük döşənmiş və yeni işıqlanma sistemi quraşdırılmışdır. Burada müəllim və tələbələrin rahat istirahəti üçün oturacaqlar qoyulmuşdur. Universitetin tədris binası da əsaslı təmir olunmuşdur. Qeyd edim ki, bütün bu işlər ən müasir memarlıq üslubunda görülmüşdür.

Bəli, bu gün Sumqayıtda irimiqyaslı abadlıq, quruculuq işləri gedir. Mahiyyət və kəmiyyəti o qədər böyükdür ki, bu işlərin hamısını bir məqaləyə yerləşdirmək çox çətindir. Bu gün Sumqayıt sürətlə yeniləşir, müasirləşir və ölkəmizin ən gəzməli–görməli yerinə çevrilir.

 

Respublika.- 2012.- 1 dekabr.- S. 6.