| PEŞƏ
TƏHSİLİNİN İSTEHSALATLA ƏLAQƏSİ
MÖHKƏMLƏNDİRİLİR
Müstəqil
respublikamızda texniki peşə təhsilinin
müasir tələblər səviyyəsində
yüksəldilməsi üçün
dövlətin və onun rəhbərliyinin
qayğı və diqqəti getdikcə daha
yaxşı bəhrələr verir. Bu cəhətdən bölgələrdə fəaliyyət
göstərən texniki peşə liseylərinin
fəaliyyəti təqdirəlayiqdir. Belə məktəblərdən
biri də Beyləqan rayonunda
fəaliyyət göstərir. Bölgə müxbirimiz
həmin texniki peşə məktəbinin
direktoru Nizami Məmmədovla
görüşərək görülən işlər barəsində
məlumat verməyi xahiş etmişdir. N.Məmmədov demişdir:
—Son illər ölkədə yeni peşə tədrisi ocaqları açılır, müasir peşələrə marağı artırmaqdan ötrü məqsədyönlü tədbirlər həyata keçirilir, peşə təhsilinin maddi–texniki və təlim bazası getdikcə möhkəmləndirilir, dövlət vəsaiti hesabına peşə məktəbləri, liseyləri və emalatxanaları yeni tələblərə uyğunlaşdırılır. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2007–ci ildə təsdiq edilmiş “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində peşə təhsilinin yenidən qurulması sahəsində əhəmiyyətli işlər görülmüşdür.
Bizim texniki peşə məktəbi 1983–cü ildən fəaliyyət göstərir. Bu illər ərzində xeyli təcrübə toplanılmış, məktəbin maddi–texniki bazası möhkəmləndirilmiş, 1986–cı ildə isə məktəbimiz üçün yeni bina tikilmişdir. Peşə təhsili məktəbi xeyli uğurlar əldə etmiş, rayonun istehsal və xidmət müəssisələrinin bilikli, bacarıqlı və işgüzar peşə kadrları ilə təmin olunmasında böyük iş görmüşdür. Məktəb 1991–ci ildə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür.
Hazırda məktəbimiz bölgədə tanınmış peşə təhsili ocaqlarından biri kimi seçilir, yüzlərlə yüksək ixtisaslı usta istehsalata və xidmət obyektlərinə göndərilmişdir.
Peşə məktəbində gənclər və yeniyetmələr 6 ixtisas üzrə məşğul olurlar. Məktəbdə geniş profilli traktorçu–maşinistlər, qaz avadanlıqlarının istismarı üzrə çilingər, avtomobil təmiri çilingəri, kimyəvi–bakterioloji təhlillər üzrə loborantlar, tikişçi–dərzilər, əməliyyatçı–mühasiblər hazırlanır. Şagirdlər məktəbdə həm 9–cu, həm də 11–ci sinif bazasından qəbul olunmuşlar. Hazırda qruplarda 260 şagird oxuyur, təlim–tərbiyə ilə 15 müəllim və 13 usta məşğul olur. Ümumiyyətlə kollektivimizdə 50–dən çox işçi çalışır. Bu il məktəbimizə 160 şagird qəbul olunmuşdur. Məktəbimizdə dərslər fənn kabinetlərində keçirilir.
Məktəbdə gənc nəslin müxtəlif peşələrə sahib olması sahəsində ciddi fəaliyyəti hamının gözü qarşısındadır. Gənclərin peşə yönümünün və texniki–peşə təhsilinin səviyyəsini yüksəltmək haqqında strateji məqsədləri nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq məktəbdə səmərəli fəaliyyəti təmin etmək, təlim prosesindəki problemləri aradan qaldırmaq üçün səmərəli tədbir görülür. Şagirdlərin təlim və məişət şəraiti davamlı surətdə yaxşılaşdırılır, onların keyfiyyətli təhsil almalarına lazimi şərait yaradılır. Müasir mövzularda tərtib edilmiş stendlər və guşələr şagirdlərin ümumi dünyagörüşlərinin genişlənməsində, onların seçdikləri peşələrin sirlərinə yiyələnmələrində mühüm rol oynayır.
Bu cəhətdən ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, Respublikamızın Prezidenti cənab İlham Əliyevin sosial–iqtisadi sahələrin ikişaf etdirilməsinə yönəlmiş tədbirləri, Qarabağ müharibəsi və onun fəsadları, 20 Yanvar həqiqətləri, Azərbaycanlıların soyqırımı, Dövlət Himni, ölkəmizin neft strategiyası, müxtəlif peşələrin özəllikləri, görkəmli əmək adamları haqqında tərtib olunmuş stendlər daha maraqlıdır.
Xüsusilə təcrübi məşğələlərin təsirinin artırılması, şagirdlərin təcrübi və tətbiqi bacarıqlarının formalaşdırılması üçün istehsalat və xidmət obyektlərindən təcrübə baza kimi istifadə edilməsi diqqət mərkəzində saxlanılır. Özümüzün 10 hektar əkin–təcrübə sahəmiz, kifayət qədər maşın və mexanizmlərimiz, texniki vəsaitlərimiz, müxtəlif tədris avadanlıqlarımız vardır. Rayonda ad–san sahibi olan ustaları və sənət adamlarını vaxtaşırı görüşlərə dəvət edirik, onlar tez–tez məktəbə gəlirlər, öz təcrübələrini şagirdlərə öyrətməklə müəllimlərimizə yaxından kömək göstərirlər.
Kollektivimizin hər bir üzvü yaxşı başa düşür ki, rayonun getdikcə daha sürətlə inkişaf edən sosial–iqtisadi həyatını, sahibkarlıq müəssisələrini, istehsal və xidmət obyektlərini ixtisaslı peşə ustaları ilə təmin etmək əsasən bu məktəbin bazasında həyata keçirilir. Ona görə də istehsalata yaxşı və əla qiymətlərlə oxumuş, mükəmməl peşə təhsili almış, bu sahəyə yaxşı bələd olan, peşə vərdişlərini mənimsəmiş yüksək dünyagörüşlü gənclər göndərmək zəruridir. Bu gənclər hökmən istehsal müəssisələrinə göndərilməli, peşəsinin sirlərini tapşırılan sahələrdə uğurla tətbiq etməli, özlərini doğrultmalıdırlar. Bu sahələrdə əldə etdiyimiz göstəriciləri daha da artırmaq və möhkəmləndirməkdən ötrü bundan sonra da bütün imkanlardan səmərəli istifadə edəcəyik.
Söhbəti yazdı:
Sabir MUSTAFAYEV,
Respublika.- 2012.- 2 dekabr.- S. 3.