| QEYRİ–NEFT
SEKTORU DAVAMLI İNKİŞAF MƏRHƏLƏSİNDƏ
Azərbaycanın
hərtərəfli inkişafında
iqtisadiyyatımızın şaxələndirilməsi, ümumi daxili məhsul
istehsalında qeyri–neft
sektorunun çəkisinin daim
artırılması strateji məqsəd
daşıyır və son illər bu sahədə böyük
nailiyyətlər əldə olunub. Bu ilin 9 ayında Azərbaycanın qeyri–neft iqtisadiyyatı
10,3 faiz artıb ki, bu da çox
yüksək göstəricidir. Qeyri–neft iqtisadiyyatının davamlı
inkişafı isə gələcəkdə ölkəmizin neft–qaz amilindən
asılılığını böyük
dərəcədə aradan
qaldıracaqdır.
Prezident İlham Əliyev neft faktorunun insan kapitalına çevrilməsi tezisini irəli sürərək onu uğurla reallaşdırır. Bu istiqamətdə ölkəmizdə informasiya–kommunikasiya texnologiyalarının inkişafı mühüm rol oynayır. Proqnozlara əsasən, 2023–cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Artıq bu sahədə böyük canlanma müşahidə olunur. Təsadüfi deyil ki, son bir neçə il ərzində Azərbaycanda İKT sektorundan qazanılan gəlirlərin artımı dünyada bu sahədə olan artımdan 2,5–3 dəfə çoxdur. Bu nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, İKT məsələlərinə böyük diqqət və qayğısının, məsələyə müasir baxımdan yanaşılmasının nəticəsidir.
Prezident İlham Əliyevin paytaxtımızda keçirilən “BakuTel” və VII İnternet İdarəçilik Forumunun əhəmiyyəti barədə beynəlxalq jurnalist Bencamin Rahra müsahibəsi bu məsələlərə konseptual baxış kimi dəyərləndirilə bilər. Dövlətimizin başçısı Avropanın enerji təchizatında ölkəmizin mühüm rolunu önə çəkməklə yanaşı, Azərbaycanın gələcəkdə yüksək texnologiyalar mərkəzinə çevriləcəyini də xüsusi vurğulayıb: “Biz bunları planlaşdırırıq. Belə ki, bizim son illərdə əldə etdiyimiz uğurlar, iqtisadi yüksəliş göstərir ki, ölkəmizdə qeyri–energetika sektoru sürətlə inkişaf edir. Bu il enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri–energetika sektorunun inkişaf göstəricisi 10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə olunması özünü doğruldur. Əlbəttə ki, informasiya–kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf–biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir. Mən çox məmnunam ki, hər il ölkəmizdə “BakuTel” sərgisi və eyni zamanda, bu gün Bakıda VII İnternet İdarəçilik Forumu keçirilir ki, bütün bunlar da Azərbaycanda bu sahədə görülmüş işləri əks etdirir”.
İnformasiya–kommunikasiya texnologiyaları sahəsi, həqiqətən də, böyük potensiala, qloballaşan dünyada mühüm təsir gücünə malikdir. Hazırda Azərbaycanda bu sahəyə dəstək göstərilməsi ilə bağlı mükəmməl dövlət siyasəti vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Məhz bunun sayəsində Azərbaycan informasiya–kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilib və gələcəkdə də İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindədir.
Azərbaycan bu böyük və qlobal yeniliklərə doğru çoxdandır ki, qətiyyətlə addımlayır və hazırda ölkədə yüksəktexnoloji İT–sənayesinin formalaşdırılması üçün bütün şərait yaradılıb. Əgər 2003–cü ildə respublikamızda fərdi kompyuterlərin sayı 123 minə yaxın, İnternet şəbəkəsinə sərbəst çıxışı olan ailələrin xüsusi çəkisi isə cəmi 8 faiz təşkil edirdisə, hazırda fərdi kompyuterlərin sayı 2003–cü illə müqayisədə 7 dəfə artaraq, İnternetdən istifadə edən ailələrin xüsusi çəkisi 65 faizə çatıb. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ölkəmizdə 2013–cü ilə qədər iqtisadi inkişafın nəticələri və perspektivlərinə dair hesabatlara əsasən, artıq 2013–cü ildə ölkədə fərdi kompyuterlərin sayının 906 min olacağı gözlənilir. Hazırda respublikamızda İT–xidmətlərin bazarı formalaşdırılıb, bu sahədə ən yeni xidmətlər tətbiq edilir (onlayn təhsil, İP–telefoniya, rəqəmsal televiziya və sair). İKT sənayesinin əsas kapitala investisiya qoyuluşu 2003–cü ildən bu günə kimi 2,9 dəfə, avadanlıqların idxalı 3,4 dəfə, İKT–xidmət və məhsulların istehalı isə 3,5 dəfə artmışdır.
Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə də ən yüksək göstəricilərdən birinə malikdir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda internetdən istifadənin tam azad olduğunu önə çəkərək deyib ki, indi biz Azərbaycanın hər bir kəndinin belə genişzolaqlı internet xidməti ilə təmin edilməsi üçün yeni sistem yaradırıq: “Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir. Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi məsələlərin tənzimlənməsi bizim gündəliyimizdədir. Bakıdakı İnternet Forumunun müzakirə mövzularından biri də məhz azadlıqlar – ifadə azadlığı, informasiya azadlığı, insanların şəxsi azadlıqları, eyni zamanda, təhlükəsizlik və hüquqi baza arasında balansı müəyyən etmək olacaqdır. Düşünürəm ki, bu forumdakı müzakirələr bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni ideyalardan faydalanacağıq. Həmçinin biz dünyadakı aparıcı ölkələrin bununla bağlı təcrübəsini də öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın aparıcı demokratik dövlətləri bu məsələləri necə həll edəcəklər? Bütün bunlar bizim üçün çox önəmlidir”. Xatırladaq ki, dünya siyasətçiləri BMT–nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi və faydalılıq əmsalı çox yüksək olan VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkəmizdə informasiya–kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi qiymətləndiriblər.
Azərbaycan İKT–nin tətbiqində əldə edilmiş nailiyyətlərin və qazanılmış təcrübənin qonşu ölkələrlə mübadiləsinə də xüsusi diqqət yetirir. Ümumiyyətlə, ölkəmiz regional əməkdaşlıq çərçivəsində Avrasiya məkanı dövlətlərinin İKT sahəsində mövcud potensialının birgə istifadə edilməsini olduqca vacib sayır. Azərbaycan Transavrasiya Super İnformasiya Magistralının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu magistral iki nəhəng regionu – Qərbi Avropanı və Sakit okean hövzəsində yerləşən Şərqi Asiyanı birləşdirərək, təqribən 20 ölkəni əhatə edəcəkdir.
Dünya iqtisadi
məkanının bir parçası olan Azərbaycan Qərbə inteqrasiya
prosesinin sürətləndirilməsi
istiqamətində ardıcıl addımlar atır. Qlobal regional layihələrin həyata keçirilməsi,
iqtisadiyyatımızın şaxələndirilməsi və
sahibkarlığa dövlət dəstəyi yolu
ilə qeyri–neft sektorunun davamlı inkişafı ölkəmizin
hərtərəfli tərəqqisini, iqtisadi
müstəqilliyini tam şəkildə təmin
edir. Prezident İlham Əliyev həyata keçirilən
genişmiqyaslı işlərin konseptual xarakter daşıdığını önə
çəkərək deyib: “Biz çox ciddi proqram üzərində
işləyirik. Proqram çoxşaxəlidir.
Proqramın əsas vəzifəsi Azərbaycan
iqtisadiyyatını gücləndirmək, şaxələndirmək,
Azərbaycanın bütün problemlərini
həll etmək, insanların sosial problemlərinin
həlli üçün vacib
addımlar atmaq və beləliklə,
ölkəmizin müstəqilliyini, iqtisadi
azadlığını, iqtisadi müstəqilliyini
gücləndirməkdir. Azərbaycanda
sahibkarlığın inkişafı üçün
çox gözəl şəraitin yaradılması,
əlbəttə, həmişə olduğu
kimi, prioritet məsələlərdən
biridir”.
Xəlil CABBAROV,
Respublika.- 2012.- 2 dekabr.- S. 1.