| ERMƏNİ
MƏSƏLƏSİNƏ DAİR TARİXİ
HƏQİQƏTLƏR
Dünyanın bir çox tarixçi alimlərinin yazdıqları əsərlərə və tarixi mənbələrə əsaslanan tanınmış tarixşünas alim Ataxan Paşayev erməni tarixçilərinin öz kitablarında etdikləri saxtakarlıqlarla nəinki öz tarixlərini, eləcə də Cənubi Qafqazın keçmişini, onun ərazilərinin bölgü prinsiplərini hiyləgərcəsinə alt–üst etmələrini dəlil və sübutlarla qələmə almışdır.
Rəsmi sənədlərə və yazışmalara dayanaraq çox ciddi araşdırmalar nəticəsində ortaya çıxarılmış bu kitabı oxuduqca, türklərlə böyük–kiçik demədən düşməncəsinə rəftar edən bu şovinist ermənilərin törətdiklərini görəcəksiniz. Bu kitabın yazılmasında istifadə olunan rəsmi sənədlər və yazışmalar ermənilərin tarix boyu, eləcə də günümüzdə ortaya atdıqları uydurma problemlərinə qarşı qoymaq baxımından əvəzsizdir.
İndi isə tədqiqatçı Ataxan Paşayevin bəzi qeydlərini nəzərinizə çatdırmaq istərdik: “Sovet hakimiyyətinin qurulması erməniləri əsrlərlə arzusunda olduqları məqsədlərinə çatdırdı. V.İ.Lenin başda olmaqla Sovet Rusiyası və ermənilərin çoxluq təşkil etdikləri SSRİ rəhbərliyi tamamilə ermənilərin tərəfində idi. 1920–ci ilin axırlarında indiki Ermənistanda Sovet hakimiyyətinin elanından sonra ermənilər Zəngəzur, Dərələyəz, Göyçə və b. əraziləri çox asanlıqla ələ keçirdilər. Onlar imkan varkən Naxçıvan və Qarabağı da Azərbaycandan qoparmağa çalışırdılar. Naxçxvanda istədiklərinə nail ola bilməsələr də, ermənilər öz havadarlarının köməyi ilə 1923–cü ildə Dağlıq Qarabağa muxtariyyət statusu verdirə bildilər.
Sovet hakimiyyətinin 70 ili ərzində ermənilər bir tərəfdən Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirir, digər tərəfdən də Ermənistan SSR ərazisində yaşayan etnik azərbaycanlıları müxtəlif yollarla həmin ərazilərdən sıxışdırıb çıxarırdılar.
1991–ci ildə SSRİ dağıldıqdan sonra öz dövlət müstəqilliyini əldə edən Azərbaycan tariximizin bir çox dövr və mərhələlərində olduğu kimi, sovet hakimiyyəti illərində xalqdan daha çox gizlədilmiş, bilərəkdən təhrif olunmuş və ört–basdır edilmiş digər problemlərlə yanaşı, ermənilərlə ilgili problemlərin də öyrənilməsinə maraq kəskin surətdə artmışdı.
1988–ci ilin fevralında ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı əvvəlcədən düşünülmüş, SSRİ rəhbərliyinin gizli razılığı ilə Dağlıq Qarabağda Muxtar Vilayət yaradılmasına nail oldular. Ermənilərin bu həyasız hərəkətlərinin yaranmasının tarixi kökləri və səbəblərinin araşdırılması məsələsi günün ən vacib probleminə çevrildi. Əlbəttə, Sovet hakimiyyətinin 70 ili ərzində sovet təbliğat maşını azərbaycanlılara ermənilərlə dostluq və qardaşlıq ideyalarını “sırıdığı” bir vaxtda, ermənilər həm Ermənistanda, həm də ittifaq və dünya miqyasında Türkiyəyə və Azərbaycan Respublikasına qarşı həyasızcasına ərazi iddiaları irəli sürür, təbliğat aparır, zaman–zaman Sovet İttifaqı rəhbərlərinin köməyi ilə bu ideyaları reallaşdıra bilirdilər. Respublikamız da susur, onların bu açıq təcavüzünə qarşı hər hansı bir qanuni tələb qaldırmağı ağıla gətirmək istəmirdilər.
Bütün bunların nəticəsi idi ki, SSRİ Nazirlər Sovetinin İ.Stalin tərəfindən imzalanmış 1947–ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948–ci il 10 mart tarixli 754 nömrəli “Ermənistan SSR–dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında”kı qərarı Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi növbəti cinayət aktı idi. Təəssüflər olsun ki, 1991–ci ildə dövlət müstəqilliyi əldə etdikdən sonra da ermənilərin xalqımıza qarşı ərazi iddiaları ilə apardığı açıq müharibə, ölkəmizin ərazisində kütləvi terror əməliyyatları həyata keçirildiyi bir vaxtda belə respublikamızda buna qarşı mübarizə ümumxalq, ümumdövlət siyasəti səviyyəsinə qaldırılmamışdı.
Yalnız 1997–ci il mayın 27–də —Respublika Günü münasibəti ilə keçirilən təntənəli yığıncaqda çıxış edən ümummilli liderimiz Heydər Əliyev bu problemə çox kəskin və doğru–düzgün qiymət verdikdən sonra həmin məsələyə ümumdövlət siyasəti səviyyəsində ciddi surətdə fikir verilməyə başlandı. Ulu öndərimiz yığıncaqdakı nitqində demişdi: “Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947–1948–ci illərdə Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da, indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə etdikdən sonra da doğru–düzgün qiymət verə bilməmişik”. Heydər Əliyev öz nitqində 80–ci illərdə erməni–daşnak hakimiyyətinin qudurğanlığını xatırlayaraq demişdir: “Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988–ci ildə Ermənistan Azərbaycana artıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar.”
Ümummilli liderimizin bu iradından sonra göstərilən məsələyə münasibət kökündən dəyişmiş, ona böyük diqqət yetirilmiş və o, 1997–ci il dekabrın 18–də “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdı. Fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ–mərhələ gerçəkləşdirilən belə qeyri–insani siyasət nəticəsində doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi–mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir… “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.”
Ermənilərin çar Rusiyasına və ruslara qarşı yeritdiyi ikiüzlü siyasəti barəsində ikinci Rusiya–İran müharibəsi zamanı Rusiyanın İrandakı səfiri və ermənilərin Güney Qafqaza köçürülməsində xüsusi rolu olmuş A.Qriboyedov öz məktublarında məlumat verirdi. O, hətta ermənilərin Qafqaza köçürülərək burada yerli müsəlmanların malikanələrində yerləşdirildiklərinə yerli əhaliyə şübhə ilə yanaşaraq, gələcəkdə onlarla müsəlmanlar arasında münaqişələrin yaranacağından ehtiyatlandığını bildirirdi. (Qriboyedov A.S.Soçineniya, t.II, M., 1971). A.Qriboyedov yazırdı: “Erməniləri burada müvəqqəti yerləşdirdiyimizə inanmayan müsəlmanlar eytiyat edirlər ki, ermənilər ilk dəfə buraxıldıqları yerlərə sonralar həmişəlik sahib olurlar.” (Qriboyedov A.S.Soçineniya, t.II, M., 1971 Azerbaydjanskaya Demokratiçeskaya Respublika zakonadatelnıye Aktı. (1918–1920). B.Azerbaydjan. 1998. S. 560).
İlk dəfə olaraq ermənilərin İrandan köçürülərək Güney Qafqazda yerləşdirilməsi məsələlərindən geniş surətdə bəhs edən S.N.Qlinka isə göstərirdi ki, rus ordusunun komandanı qraf.İ.Paskeviç tərəfindən Təbrizə komendant təyin edilmiş erməni mənşəli Q.Lazarevin dəvəti ilə hər tərəfdən buraya axışan ermənilər sonuncudan xahiş edirdilər Rusiya imperatoruna yetirsin ki, onlar “çar həzrətlərinin dövri–səltənətində yaşamağa və ölməyə çox sevinərlər!” Xoy erməniləri isə bildirirdilər ki, “Biz İranın çörəyini yeməkdənsə, Rusiyanın ot–ələfini yeməyi üstün tuturuq.” (Azərbaycan tarixi (XIX əsr) IV cild. Bakı “Elm” 2000, s.458).
Artıq XIX əsrin axırlarında Güney Qafqazda ermənilər özlərinin həqiqi sifətlərini göstərməyə başladılar. Təsadüfi deyildir ki, məhz bu vaxtlarda V.L.Veliçko, İ.Çavçavadze, N.Şavrov və başqa müəlliflər öz əsərlərində erməni rəzaləti, ikiüzlülüyü, satqınlığı haqqında açıq–aşkar yazmağa başladılar. N.Şavrov öz əsərində ermənilərin ruslar tərəfindən xristian dininə mənsub bir xalq kimi buraya köçürülərək yerləşdirildikləri barədə geniş məlumat verərək göstərmişdi ki, XX əsrin əvvəllərində “Güney Qafqazda olan bir milyon 300 min erməninin bir milyonundan çoxu yerli əhali olmamış və Rusiya hökuməti zamanında bu yerlərdə məskunlaşdırılmışdır.” (Şavrov N.İ.Novaya uqroza russkomu delu v Zakavkaze. S.P., 1911)
Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə XIX əsrin ortalarından hər il nəşr olunan Qafqaz təqvimi məlumat kitablarında Ermənistan ərazisində türk–müsəlmanların yenə də bu ərazidə əhalinin əsas hissəsini təşkil etdiyi göstərilir. Yəni statistik məlumatlar əyani şəkildə sübut edir ki, XX əsrin əvvəllərində indiki Ermənistanda yaşayan əhalinin əksəriyyəti öz doğma ata–baba yurdunda yaşayan azərbaycanlılar olmuşlar. Bax o vaxtlar təcavüzkar daşnaklar “böyük Ermənistan” yaratmaq kimi sərsəm planlarını həyata keçirmək üçün azəri türklərini qırmağa, onları əsrlərlə yaşadıqları torpaqlardan qovmağa başlamışlar.
Bu da bir həqiqətdir ki, arxiv sənədləri 1918–1920–ci illərdə daşnak–quldur dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri təkzib edilməz faktlarla sübut edir. İrəvan quberniyası müsəlman yerliləri idarəsinin sədri T.Makinskinin 1919–cu il 4 yanvar tarixli məlumatında deyilirdi: “1917–ci ilin dekabrından 1918–ci ilin iyununa qədər İrəvan quberniyasında erməni qoşun hissələri tərəfindən 200–dən çox müsəlman kəndi dağıdılmış, yandırılmış, əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi isə dağlara qaçaraq oralarda aclıqdan və soyuqdan məhv olmuşdur. Hazırda ermənilər müsəlmanların yaşadıqları Sürməli qəzasını tamamilə, İrəvan, Eçmiədzin və Şərur qəzalarının isə bir hissəsini tutaraq Naxçıvana doğru hərəkət edirlər. Günahsız müsəlman əhalisi ya qılıncdan keçirilir, ya da öz kəndlərindən qovularaq, dağlardan keçib İrana qaçırlar ki, bu da onları labüd ölümlə hədələyir. Zorla boşaldılmış ərazilərə isə Türkiyədən gəlmiş ermənilər yerləşdirilir.”
İstedadlı tədqiqatçı alim Ataxan Paşayevin əsərindəki tutarlı rəsmi sənədlərdən göründüyü kimi, Ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, həm də Azərbaycana gəldikləri və həmişə azlıq təşkil etdikləri ərazilərdə də xalqımıza qarşı vaxtaşırı qırğınlar və talanlar törətmişlər. Bu ərazilər Bakı quberniyasının Bakı, Quba, Şamaxı, Göyçay qəzalarının kəndləri idi. 1917–1920–ci illərdə ermənilər Azərbaycanın demək olar ki, bütün ərazisində azərbaycanlılara qarşı çox qəddarlıqla qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Bu hadisələr kütləvi şəkildə Şamaxı, Quba, Göyçay və Azərbaycanın digər qəzalarında davam etdirilərək Qarabağ, Zəngəzur, Naxçıvan, xüsusilə indiki Ermənistan ərazisində qeyri–adi bir qəddarlıqla davam etdirilmişdir. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, onların yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın minlərlə milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Ermənilərin bu dövrdə xalqımıza qarşı törətdikləri qırğınların və soyqırımların mahiyyəti ondan ibarət idi ki, onun “bolşevik” S.Şaumyan, vəhşi Andranik, Daşnaksütyunun şovinist rəhbərləri tərəfindən törədilməsindən asılı olmayaraq bu qırğın bir məqsədə —əzəli Azərbaycan torpaqlarının etnik cəhətdən azərbaycanlılardan təmizlənməsi və erməniləşdirilməsinə, ermənilərin Azərbaycanda iqtisadi və siyasi ağalığının təmin edilməsinə, azərbaycanlılara qarşı əsl soyqırım siyasətinin həyata keçirilməsinə xidmət etmişdir. Bu işə əvvəlcə S.Şaumyana təqdim edilən xüsusi mandatla Sovet Rusiyası xeyir–dua vermişdir. Şaumyan isə Bakıda azərbaycanlılara qarşı başlatdığı soyqırım siyasətini Şamaxı, Quba və Göyçayda davam etdirərək estafeti Zəngəzurda cəllad Andranikə vermiş, onun işini isə əvvəlcə şovinist daşnakların yaratdıqları Ararat Respublikası, sonra isə Sovet Ermənistanının daşnak xislətli kommunist rəhbərləri davam etdirmişlər.
Böyük həyacanla oxunan bu kitab ermənilərin törətdikləri dəhşətverici hadisələri və uydurduqları iftiraları rəsmi sənədlərlə ortaya qoyur, tarixdə baş vermiş acı səhifələri açıqlayır, hər cür milli qərəzdən uzaq olaraq baş vermiş hadisələri olduğu kimi oxucularına təqdim edir.
Tarix boyu təcavüzkar və hiyləgər olan ermənilər özlərini məzlum bir xalq kimi qələmə verərək dünyanın diqqətini çəkmək istəyiblər və bunu bacarıblar. Lakin həqiqəti gizlətmək, pərdələmək o qədər də asan deyildir. Əslində erməni iddialarının əsasında uydurulmuş bir tarix yatır. Bu iddiaların əsassız olduğu Ataxan Paşayevin “XIX–XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar” adlı kitabında açıq–aydın isbat edilir, dinc əhaliyə qarşı qətliam törədənlərin türklər deyil, əsassız soyqırım iddiası ilə bütün dünyanı ayağa qaldıran ermənilər olduğunu rəsmi sənədlər işığında ortaya qoyulur və ermənilərin uydurduqları yalanlar tarixin qarşısında çürüdülür.
Bu kitab məkrli siyasətlərini həyata keçirməyə çalışan ermənilərin əsl simalarını oxuculara göstərən, erməni təbliğatının təsiri altında qalan Avropa, Amerika və Rusiya ziyalılarının tarixi həqiqətləri görmələri baxımından önəmli bir əsərdir. Bu kitabda istifadə edilən mənbələr, əsərdə tədqiq edilən mövzuya aid fakt və hadisələrin baş verdiyi dövrə qədər və həmin dövrə aid nəşr olunmuş və ya əlyazma şəklində olan rəsmi sənəd və materiallardan ibarətdir. Mövzu ilə əlaqədar olaraq Türkiyədə buraxılmış mənbələrə xüsusilə diqqət yetirilmişdir. Özlərinin ərazi iddialarını Türkiyəyə və Azərbaycana qarşı yönəltmiş ermənilərə Türkiyə tərəfindən uzun illər etinasızlıq göstərilmiş və lazımi cavab verilməmişdir. Bundan istifadə edən ermənilər Türkiyə və türklər əleyhinə bütün dünyada onlara qarşı geniş surətdə təbliğat aparmışlar. C.Makkarti özünün “Anadolu erməniləri, 1912–1922–ci illərdə” tədqiqatında (Lee, Ki Yoinq Ermeni sorumunun doğuşu. Ankara, “Filiz” 1998, s.103) yazırdı: “İndi biz etibarlı statistik mənbələrdən öyrənirik ki, 1912–1922–ci illər müharibəsi zamanı 1,5 və 2 milyon deyil, cəmi 600 mindən bir qədər az Anadolu ermənisi ölmüşdür. Əlbəttə 600 min də az deyil. Ancaq ölmüş erməniləri nəzərə aldıqda, ölmüş müsəlmanları da nəzərə almaq lazımdır. Statistika göstərir ki, ermənilərlə yanaşı Anadolu müsəlmanı da məhv olmuşdur ki, onların da əksəriyyəti türklər idi. Ermənilərin “vətəni” olan “altı vilayətdə” 1 milyondan artıq müsəlman məhv edilmişdir. Müsəlmanlar ermənilərdən az itki verməmişdir.” (Armənskiy qenosid mif i realnost. B. “Azərnəşr” 1992, s.340).
Tanınmış elm xadimi Ataxan Paşayev, respublikamızın dövlət arxivlərində saxlanılan minlərlə sənədlər, xüsusilə 1918–ci il iyulun 15–dən 1920–ci ilin aprelinə—yəni Azərbaycan XI Ordu tərəfindən işğal edilənə qədər fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, əvvəlcə Xarici İşlər Nazirliyi yanında yaradılmış, sonra isə Ədliyyə Nazirliyinə tabe edilmiş Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında Bakı, Şamaxı, Quba, Zəngəzur, Şuşa və Azərbaycanın digər qəzalarında ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri tedqiq edib xalqımıza və dünya ictimaiyyətinə çatdırmaqla bir daha onları kimin–kim olduğu haqqında dərindən düşünməyə və erməniləri olduqları kimi tanımağa çağırır.
Problem üzərində işləyərkən müəllif konkret tarixi təhlillər əsasında bütün mənbə və məlumatların kompleks şəkildə və tənqidi surətdə öyrənilməsi əsasında sistemləşdirilməsi, fakt və hadisələrin ümumiləşdirilməsi ilə mövzunun ümumi mənzərəsini yaratmağa səy göstərmişdir. Bugünkü elmi səviyyə, aşkarlıq və demokratiya mühiti milli tariximizə aid çox mühüm bir məsələnin obyektiv şəkildə öyrənilməsinə şərait yaradır. Mövzu tədqiq edilərkən başlıca meyar olaraq tarixilik, elmilik, tarixi fakt və hadisələrə obyektiv və tənqidi münasibət, müqayisəli təhlil əsas tədqiqat prinsipi və üsulları kimi seçilmişdir. Problemlə bağlı çox mürəkkəb məsələlərin hərtərəfli nəzərdən keçirilməsi, hər bir fikir, fakt və hadisənin təhlilinə yeni meyardan yanaşılmaqla, obyektiv təhlil nəticəsində əsər yeni faktlarla zənginləşdirilmişdir. Müqayisə və təhlilə cəlb edilmiş tədqiqat əsərləri, görkəmli dövlət xadimləri və tarixçi alimlərin mülahizə və elmi ideyaları işin elmi nəzəri bazasını müəyyənləşdirir. Tədqiqatda azərbaycançılıq qayəsinin əsaslandırılmasına prioritet əhəmiyyət verilmişdir.
Mövzunun xronoloji çərçivəsi XIX əsrin əvvəllərindən XX əsrin sonlarınadək —SSRİ–nin dağılmasından məharətlə istifadə edən ermənilərin ərazi iddiaları ilə Azərbaycana qarşı açıq hərbi təcavüzü nəticəsində yaranan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə qədərki dövrü əhatə edir.
Son zamanlar Azərbaycan tarixinin müxtəlif sahələri üzrə elmi araşdırmalar aparılmış, siyasi, iqtisadi, etnik problemlərin tədqiqində müəyyən nailiyyətlər əldə edilmişdir. Fəqət yazılı qaynaqların kifayət qədər olmaması, xüsusilə Azərbaycan tarixinin son iki yüz ildə baş verən hadisələrin lazımi səviyyədə tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan vermir. Çünki bir tərəfdən xalqımızın etnik tarixini subyektiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamış və təəssüflər olsun ki, indi də saxlamaqdadır. Lakin elm bir yerdə dayanmır, inkişaf edir, buna görə də Azərbaycan xalqının vacib tarixi problemlərinin yeni istiqamətdə qoyuluşunu və həllini zəruri hesab etməklə də münasibəti ancaq alqışlamaq olar. Şübhəsiz, tarixşünaslığımızda təhlil edilmiş faktlarla yanaşı, kifayət qədər araşdırılmamış, mübahisəli və bəzən də ziddiyyətli mülahizələr də vardır. Aydındır ki, mübahisələr obyektiv və elmi mübadilə səpkisində aparılmalıdır.
Erməni məsələsinə dair ərsəyə gətirilən bu kitab erməni probleminin ortaya qoyuluşu, onun təhlili və elmi nəticələri ilə Azərbaycan tarix elmində XIX–XX əsrlərdə ermənilərin ərazi iddiaları ilə xalqımıza qarşı törətdikləri soyqırımı və deportasiyaların tarixini arxiv sənədləri və materialları əsasında obyektiv və kompleks şəkildə ətraflı araşdıran bir tədqiqat işidir.
Uzun ilər boyu bu mövzu ilə məşğul olan müəllif geniş surətdə tədqiqata cəlb etdiyi arxiv sənədləri və materialları, habelə həmin hadisələrin bilavasitə müasiri, iştirakçısı və şahidləri olmuş şəxslərin —A.Qriboyedovun, S.Qlinkanın, İ.Şopenin, İ.Çavçavadzenin, V.Veliçkonun, N.Şavrovun, V.Mayevskinin, T.Geğemyansın, S.Liddellin, M.Ordubadinin, M.Nəvvabın və başqalarının ermənilər barəsində yazdıqlarından və dediklərindən, həmçinin həm ölkəmizdə, həm də xaricdə bu məsələlər barədə yazılmış tədqiqat əsərlərindən geniş istifadə etmiş, ümumiləşdirmə və tənqidi təhlillər əsasında gəldiyi nəticələri ortaya qoymuşdur.
Tarixi sənəd və materiallar əsasında müəllif Birinci Dünya müharibəsi başlandıqdan sonra ermənilərin azərbaycanlılara qarşı keçirdikləri zorakılıq faktları, 1918–ci il iyulun 15–də Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı və uzun illər xalqdan gizli saxlanılmış sənəd və materiallar ilk dəfə olaraq bu kitabın müəllifi tərəfindən açıqlanaraq oradakı tarixi həqiqətlər geniş ictimaiyyətə çatdırılmışdır. Bu illər ərzində 1905–1920–ci illərdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətləri özündə əks etdirən sənəd və materialların tədqiqata cəlb edilməsi, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması işinə də müəllif tərəfindən xüsusi fikir verilmişdir. Azərbaycan Cümhuriyyəti hökumətinin bu məqsəd üçün yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının, habelə Əksinqilab ilə Mübarizə Təşkilatının, Azərbaycan Cümhuriyyəti Parlamenti və hökumətinin, ayrı–ayrı nazirliklərin fəaliyyətləri nəticəsində bu məsələlərlə bağlı yaranmış sənəd və materialların aşkarlanmasının ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin obyektiv şəkildə üzə çıxarılmasında və ifşasında əvəzsiz rolu vardır.
Uydurulmuş “erməni məsələsi” qarşısında, başda türk ictimaiyyəti olmaqla, mövzu ilə maraqlananları, idarəçiləri və dünya ictimaiyyətini həqiqətlərlə aydınlatmağa və illərcə davam etdirilən erməni terrorunu bütün açıqlığı ilə ortaya qoymağa ehtiyac və zərurət vardır. Uzun illər boyunca türkün əleyhinə aparılan müxtəlif təbliğatlara o qədər də cavab verilməmiş, buna müqabil tarixi sənədlərdəki türk–erməni münasibətlərinin yalnız bir tərəfi üzərində duran və bunu davamlı olaraq əleyhimizə istifadə edən bir zümrə, dəhşətverici fəaliyyətlərini artırmışdır.
Bu da bir həqiqətdir ki, insan haqlarının dünya ictimaiyyətinin gündəmində ilk sırada yer aldığı bir dövrdə Azərbaycan türkünə qarşı törədilən erməni vəhşiliyi dünən olduğu kimi bugün də özünə arxa çıxanları insanlıq tarixi qarşısında əfv edilməyəcək bir şəkildə məhkum etmişdir.
Atılacaq hər bir addım, deyiləcək hər bir söz tarixin həqiqi məlumatları olmaqla, tarixi mənbələrə, yəni, arxiv sənədlərinə dayanmalıdır. Sənədsiz tarix yazılmaz və hadisələrin həqiqi yönləri gün işığına çıxarıla bilməz. Arxiv sənədləri olmadan tarix yazmaq, müəyyən bir dövr haqqında hökm vermək, bir dövrü və ya hadisələri dəyərləndirmək tarix elminin lazım bildiyi tərəfsizliyə və elmi həqiqətlərə sığmaz.
Dünya kitabxanalarında erməni və erməniliklə əlaqəli yayımların sayı çox qabarıqdır. Xüsusilə XX əsrdə Birinci Dünya müharibəsindən sonra erməni uydurmalarına inanaraq xarici tarixçilər tərəfindən yazılan kitablarda, yazıçıların mənsub olduqları ölkələrin siyasi mənfəətləri öndə tutulmuşdur. Beləcə, dünya ictimaiyyətində birtərəfli siyasi təbliğat mətnli, qətliam hekayələri ilə bəzəkli, həqiqətlər ilə heç bir əlaqəsi olmayan, erməni təəssübkeşliyi ilə, xristian təəssübkeşliyi ilə qələmə alınmış, aldadıcı “elmi əsərlər” ortaya çıxarılmışdır. Heç şübhəsiz, uydurulmuş bu “elmi əsərlərdə” ermənilərin kin və intiqamalma duyğularına geniş yer verilməklə dünya ictimaiyyəti Türkiyə və Azərbaycana qarşı yönləndirilmək istənir, tanınmış mətbu əməkdaşları dünyada bir erməni davasının varlığına inandırılmağa çalışılır…
Onlar dünya ictimaiyyətinin diqqətini uydurulmuş “erməni problemi”nə çəkərək, keçmişdə türklərin özlərilə qeyri–insani davrandıqlarını ortaya atıb işğal etdikləri bölgələrdə çoxluq əldə etmək üçün insanlarımızı qətl etdilər. Onların bütün dünyanın gözü qabağında Xocalıda törətdikləri soyqırımın sadəcə Azərbaycan türklərinə qarşı deyil, bütün insanlığa qarşı işlənmiş bir cinayət olduğu ortadadır: uşaq, qadın, qoca, cavan demədən, meşədə vəhşi heyvanların belə törətmədikləri işgəncələrlə insanları öldürmüş, cəsədləri yandırmış, bütün qəsəbəni yer üzündən silmişlər. Bu erməni şovinistlərin törətdiklərinin isbatı üçün rəsmi sənədlərə ehtiyac yoxdur. Çünki bu soyqırım günümüzdə bütün dünya ictimaiyyətinin gözü qabağında törədilmişdir. Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda… tarixi abidələrimizi, qəbiristanlıqlarımızı yerlə yeksan etdiklərini unutdurmaqmı istəyirlər?.. Bu da bir həqiqətdir ki, qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı!..
Biz dünya ictimaiyyətini əmələ gətirən informasiya vasitələrini, gənc nəsilləri, bu mövzularla əlaqəli təşkilatları və ya şəxsiyyətləri tamamilə uydurma, həqiqətlərdən uzaq və müəyyən məqsədlər üçün hazırlanmış əsərlərlə baş–başa buraxmamalıyıq. Həqiqətləri onlara anlatmağa məcburuq. Qoy onlar müzakirə və mübahisə etsinlər, həqiqətləri araşdırsınlar, sonra vicdanla qərar versinlər.
Arxiv sənədlərinin tədqiqatı nəticəsində
ortaya çıxarılan bu əsər erməni tarixinin
bilinməyən səhifələrini geniş oxucu kütləsinə
təqdim edir. Heç şübhəsiz, bu kitab
torpaqlarımıza qarşı irəli sürülən
iddialara tutarlı bir cavab olacaqdır!
Fazil QARAOĞLU,
professor.
Respublika.- 2012.- 4 dekabr.- S. 6.