| Qabaqcıl məktəblər

 

2011–2013– illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011–ci il 4 may tarixli sərəncamına əsasən Bakı şəhəri, onun ətraf qəsəbə və kəndlərində geniş yenidənqurma, sosialiqtisadi inkişaf özünü aydın şəkildə göstərir. İndi paytaxt, o cümlədən paytaxtətrafı yaşayış məntəqələrində sürətli tikinti–abadlıq işləri aparılır ki, bu da hər hansı bir sahədə dönüşə səbəb olur. Bu baxımdan Bakıətrafı qəsəbələrdə son illər görülən işlər daha çox diqqət çəkir.

 

Bu müddət ərzində hər bir sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də qlobal işlər görülmüşdür.

Respublikamızın bir çox teatrları, kinoteatrları, mədəniyyət sarayları, evləri, klub–müəssisələri, mədəniyyət və istirahət parkları, ələlxüsus uşaq incəsənət və musiqi məktəbləri əsaslı və cari təmir olunub, xalqın istifadəsinə verilmişdir. Bu baxımdan Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində təqdirəlayiq işlər aparılmışdır. Qəsəbədə fəaliyyət göstərən bir çox mədəni–maarif müəssisələri öz işlərini günün tələbləri səviyyəsində qurmaq üçün bütün real imkanlardan istifadə edir. Qəsəbənin qabaqcıl mədəniyyət ocaqlarından biriburada fəaliyyət göstərən 28 saylı uşaq musiqi məktəbi və 5 saylı uşaq incəsənət məktəbidir. Hər iki məktəbin binasında məlum sərəncamdan sonra daha yaxşı şərait yaradılmış, məktəblər nəinki uşaqların, eyni zamanda, qəsəbə sakinlərinin əsl mədəni istirahət ocağına çevrilmişdir. İstər 28 saylı uşaq musiqi məktəbi, istərsə də 5 saylı uşaq incəsənət məktəbi təkcə bu məktəblərdə oxuyan uşaqların musiqi və incəsənət tədrisi, təlim–tərbiyəsi ilə deyil, eyni zamanda, həm də qəsəbə sakinlərinin estetik tərbiyəsində aparıcı rol oynayır. Hər iki məktəbin yaradıcı kollektivi respublika əhəmiyyətli tədbirlərdə də yaxından iştirak edir.

28 saylı musiqi məktəbinin direktoru Mehman Əzimovla söhbət edərkən o bildirdi ki, məktəb qəsəbədə yaşayan valideyn və uşaqların xahişi ilə 1979–cu ildə açılmışdır. Məktəb yarandığı gündən dövlət qayğısı ilə əhatə olunmuş, müxtəlif əyani vəsaitlər, musiqi alətləri ilə təmin edilmişdir. İndi məktəbdə fortepiano, skripka, klarnet, tar, kamança, kanon, qarmon, xanəndə, saz, nağara, balaban, turbavokal ixtisasları üzrə 293 nəfər şagird təhsil alır ki, onların əsl musiqiçi kimi yetişməsində vaxtilə bu məktəbin məzunları olmuş onlarca müəllim məşğul olur.

Məktəbi bitirmiş 1383 şagirdin əksəriyyəti təmayül üzrə təhsillərini davam etdirməyə meyil göstərmişlər. Təkcə onu qeyd etmək lazımdır ki, son illərdə məzunların bir çoxu Musiqi Akademiyası, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmuş, 63 nəfər məzun isə Milli Konservatoriyanın nəzdindəki musiqi gimnaziyası, A.Zeynallı adına Bakı Musiqi, Bakı və Şuşa Humanitar kolleclərinə daxil olmuşdur.

5 saylı qəsəbə uşaq incəsənət məktəbi də bu illər ərzində böyük müvəffəqiyyətlər əldə etmişdir. Bununla əlaqədar məktəbin direktoru Emin Nağıyev nailiyyətlərdən danışarkən qeyd etdi ki, məktəb 1980–ci ildə təşkil olunmuşdur.

Məktəbdə hazırda fortepiano, kamança, kanon, qarmon, nağara, klarnet, skripka, xanəndə, vokal, saz, rəsm və rəqs ixtisasları üzrə 250 şagird oxuyur. Burada aparılan əsaslı təmirdən sonra uşaqlara gözəl şərait yaradılmış, məktəb, eyni zamanda texniki vəsait və musiqi alətləri ilə təmin edilmişdir.

Hər iki məktəbin kollektivi təkcə rayon və qəsəbə tədbirlərində deyil, həmçinin respublika tədbirlərində, festivallarda, olimpiada və müsabiqələrdə də yaxından iştirak edir. Paris şəhərində “Site De Ls Muzik” zalında keçirilən tədbirdə 28 saylı məktəbin “Azəri” qrupu gözəl çıxışı ilə hamını heyran etmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə, Neftçilər Günündə, Lökbatan qəsəbəsində Milli Olimpiya Kompleksinin açılış mərasimində, Gül Bayramında hər iki məktəbin kollektivi, o cümlədən “Nağaraçalanlar qrupu”, “Azəri” kollektivi daha fəal iştirak etmişlər.

Bütün buya digər nailiyyətlər onu göstərir ki, Sahil qəsəbəsində fəaliyyət göstərən hər iki (uşaq musiqi və incəsənət) məktəb uşaqların estetik tərbiyəsinin formalaşmasında, onların asudə vaxtının təşkili və peşəyönümünün istiqamətləndirilməsində mühüm rol oynayır.

 

Zabit CAVADOV,

 

Respublika.- 2012.- 4 dekabr.- S. 5.