| UNUDULMAZ
XATİRƏLƏR
… Qəribədir,
insan yaşa dolduqca, keçmişini daha tez–tez
xatırlayır, yaşadığı illəri
“saf–çürük” etməyə çalışır.
Görünür, avtobioqrafiyalar da bu ehtiyacdan
yaranmışdır.
Adətən
avtobioqrafiyalar nəşr etdirmək zərurəti
insanların ömürlərinin ikinci yarısına təsadüf
edir. İlahi bu yaş dövrünə çatmaq xoşbəxtliyini
mənə də nəsib etmişdir və mənim də
yaxın illərdə belə bir niyyətim vardır.
Ancaq
qarşıdan Abşeron rayonunun yarıməsrlik yubileyi gəldiyini
nəzərə alaraq burada işlədiyim illərin xatirəsini
elə indi qələmə almağı özümə borc
bildim …
Həyatımın
beş ilə qədəri Abşeron rayonu ilə
bağlıdır. 2013–cü il yanvarın 4–də rayonun
yaradılmasının 50 ili tamam olur. Rayon icra hakimiyyətinin
başçısı Zakir Fərəcovun sərəncamı
ilə yubileyin yüksək səviyyədə
hazırlanması və keçirilməsi qərara
alınmışdır.
1980–ci ilin yanvar ayında ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdim. İşlərimiz pis alınmamışdı. Etimadı doğrulda bilmişdim. Rayonun sosial–iqtisadi inkişafında sıçrayışa nail olmuşduq. Qubadlılılar onuncu beşilliyin bütün plan və tapşırıqlarını vaxtından xeyli əvvəl — üç il on ayda yerinə yetirmişdilər. Bu, böyük qələbə idi. Nəinki respublikada, İttifaqın özündə ikinci belə bir rayon yox idi.
Ovqatımızın belə bır vaxtında — yanvar ayının 4–də Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi İsa Məmmədovdan (işgüzar, prinsipial və ağıllı rəhbər işçiydi, respublika üçün çox iş görmüşdü … Ruhu şad olsun) zəng gəldi. Hal–əhval tutduqdan sonra bildirdi ki, büroda sənin Abşeron rayonuna göndərilməyin barədə qərara gəliblər.
Mənim mövqeyim isə dəyişilməz olaraq qalırdı. Dedim ki, burada görüləsi işim çoxdu, yarımçıq işlərimiz var (Bazarçay su anbarının tikilməsini, Həkəri–Qubadlı dəmiryolu ayırıcının çəkilməsini, Qaçaq Nəbi və Həcərin at üstündə heykəllərinin qoyulmasını nəzərdə tuturdum). Əlbəttə, o, mənimlə razılaşmadı və məsləhət gördü ki, tərsliyimdən əl cəkim…
İki gündən sonra məni MK–ya çağırdılar. Ən yuxarı səviyyədə yenə də razılıq vermədim. Amma biləndə ki, guya mən ümumi işə köməklik eləmək istəmirəm… Ona görə razılıq verməyə məcbur oldum. Beləliklə, 1985–ci il yanvar ayının 10–da Abşeron Rayon Partiya Komitəsinin birinci katibi seçildim.
Bura gələnə qədər rayona heç bir bələdçiliyim yox idi. Bircə onu bilirdim ki, Tamara Hümbətova və Qəşəm Aslanov kimi olduqca güclü birınci katiblərin rəhbərlik etdikləri rayonda son illərdə yüksək göstəricilər əldə edilmişdir, rayonun adı qabaqcıllar sırasında çəkilir. Vəzifə bu göstəriciləri saxlamaq yox, onu daha da artırmaqla rayonu daim bayraqdarlar sırasında saxlamaqdan ibarət idi.
Bütün bunlar məni qorxutmurdu. Çünki bu vəzifədə artıq beşillik Qubadlı təcrübəm vardı. Ucqar dağ rayonunun iqtisadiyyatının qaldırılmasında üzləşdiyim çətinliklər mənə həyatın bütün ağırlıqlarını dəf etməyi öyrətmişdi. Nədən başlamağı bilirdim. Rayonla qısa tanışlıqdan dərhal sonra ehtiyat mənbələrini tapıb üzə çıxarmaq üçün idarə, müəssisə və təsərrüfat rəhbərləri, mütəxəssislər, partiya fəalları, əmək veteranları ilə fərdi söhbətlər apardıq.
Perspektiv plan və kompleks tədbirlər planı bütün təsərrüfatları, idarə, müəssisə və təşkilatları, rayon mərkəzini, qəsəbə və kəndləri əhatə edirdi. Tədbirlər planına əsasən Sumqayıt çayının suyunu payız–qış fəslində yığmaq üçün çay boyunca dörd yerdə, ərazidə olan içməli su anbarları və su kəmərlərindən sızmaları yığmaqla üç yerdə süni göllər (anbarlar) yaradıldı, sub artezian quyuları istifadəyə verildi. Altmış min başlıq qoyun–kökəltmə müəssisəsi, səkkiz yüz başlıq düyəyetişdirmə, iki min başlıq südçülük kompleksləri istifadəyə verildi. Donuzçuluq kompleksinin, dörd quşçuluq fabrikinin gücü iki dəfədən çox artırıldı.
Üzümçülük, tərəvəzçilik və qoyunçuluqda əməyin təşkilinin və əməkhaqqının briqada–naryad formasından imtina edildi, birbaşa sovxoz–fəhlə müqavilə (kontrakt) formasına keçildi.
Əlbəttə ki, indi zaman tamamilə başqa zamandır. Nə sovet quruluşu var, nə sovxozlar. Onların hamısı arxivin bir küncünə atılmışdır. Amma bütövlükdə bunların hamısı o dövrdə yaşayıb–yaradan insanların həyatının ən qaynar, ən yaddaqalan anlarıdır. İndi o anları xatırlayarkən Mehdiabad kənd mədəniyyət evində hər üzümçünün beş–altı min manat pul (bu pulla o vaxt iki ev tikmək olardı) mükafat alması, Giləzidə keçirilən “Quzu bayramı”nda hər çobanın mükafat olaraq qırx–əlli quzunu evinə aparması göz önünə gəlir, sevinirsən, həmin günləri yenidən yaşayırsan…
Sosial sahədə rayonun tarixində ilk dəfə olaraq bağçılıq idarəsi yaratmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarının iki min nəfərdən çox işçisinə bağ sahəsi verildi, vətəndaşlar üçün hər il çoxmərtəbəli kommunal yaşayış binası tikildi. Raykomun aparat işçilərinin hamısının (ehtiyacı olanların) partiya büdcəsi hesabına mənzillə təmin olunması, yaşayış məntəqələrinə gedən yolların ayrı–ayrı nazirliklərin balansından alınaraq rayonun balansına keçirilməsi – bu hesaba yol idarələrinin açılması, Bakı şəhərinin rəhbərlərinin ayrı–ayrı nazirliklərə çoxmərtəbəli yaşayış binaları tikmək üçün Xırdalan qəsəbəsində yer verməsinə son qoyulması, həmin evlərin yaşayış fondundan rayon icraiyyə komitəsinə iyirmi faiz yerhaqqı ayrılması və onlarca görülən başqa tədbirlər həmin illərin məhsuludur.
İqtisadi sahədə təkcə yarış qalibi olmaqla kifayətlənmədik. Abşeronu beynəlxalq aləmdə zeytunçuluq diyarı kimi tanıtdırmaq haqqında çox düşündük–daşındıq və imkanlarımızı nəzərdən keçirərək iyirmi min hektar yeni bağ salmaqla 2000–ci ildə 100 min ton məhsul istehsal etməyi öhdəmizə götürdük.
Qazanılmış uğurlar, əldə etdiyimiz nailiyyətlər, hər şeydən əvvəl, rayonda olduqca işgüzar, səriştəli təsərrüfat rəhbərlərinin adı ilə bağlıdır. Hidayət Cəfərov, Fərman Ağabalayev, Əjdər Sarıyev, Müharib Əliyev, Əli Əliyev, Oruc Hətəmov, Adil Nağıyev, Yusif Nəsibov, Qəmərxanım Bağırova bütün həyatlarını Abşeronun yüksəlişinə sərf etmişlər.
Təəssüf ki, bizim bu planlarımız, Abşeronla bağlı bütün arzu və istəklərimiz Vəzirov – Polyaniçko cütlüyünün respublikamıza gəlməsi (MK–nın 1–ci və ikinci katibi təyin olunması) ilə yarımçıq qaldı. Əməlləri, gördükləri tədbirlər tezliklə sübut etdi ki, respublikanın inkişafı, heç bir iş–güc onları maraqlandırmır. Məqsədləri 1969–cu ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən bəri respublikanın əldə etdiyi nailiyyətlərə qara yaxmaqdı. Görünür, fəndgir Qorbaçov öz çirkin məqsədini həyata keçirmək üçün Vəzirovdan “yaxşısını” tapa bilməmişdi.
1988–ci il iyun ayının ortaları idi. Onun hakimiyyətinin ilk vaxtları idi. Əvvəlcə təklif və sonra tələb
etdilər ki, rayonu Naxçıvan və Qərbi Azərbaycan
əsilli kadrlardan təmizləmək lazımdır. Qəti
surətdə etiraz etdim: —Axı bu necə ola
bilər, kadrı haralı olduğuna görə işdən
azad etməlisən?! Həm də izah etdim ki,
onların, demək olar ki, hamısı məndən
çox–çox əvvəl burada işləyirlər, əksəriyyəti
əmək fəaliyyətinə burada başlamış,
sıravi işçidən müdirliyə qədər uzun
bir yol keçmişlər.
İki həftə idi ki, heç bir zəng,
tapşırıq gəlmirdi. Fikirləşirdim ki, yəqin
cavabım onları qane etmişdir… Ancaq
yanılmışdım, rayon partiya komitəsini yoxlamaq
üçün eyni vaxtda iki komissiya gəldi. Komissiyanın birinə partiyanın təftiş
komissiyasının sədrı Məmməd Qazıyev
(sosial–təminat naziri), digərinə respublika xalq nəzarəti
komitəsinin sədri Aydın Məmmədov sədrlik edirdi.
Aylar keçirdi, amma yoxlamalar qurtarmaq bilmirdi.
Rayon partiya komitəsinin, rayon icraiyyə komitəsinin
işi elə bil ki, dondurulmuşdu. Çünki
hamı komissiyaların suallarına cavab hazırlayır,
tapşırıqlarını yerinə yetirirdilər.
İşimizi bir tərəfdən də çətinləşdirən
hər gün qaniçən ermənilərin iti
caynağından didərgin düşən qaçqınlar
ordusunun qəbul edilməsi və yer tapıb yerləşdirilməsi
idi. Vəzirovun qorxusundan qaçqınları heç
bir rayon, heç bir təşkilat qəbul etmirdi. Bunu bizdən də tələb edirdilər. Biz isə, sadəcə olaraq, bu tələbi yerinə
yetirə bilməzdik. Çünki
qaçqınların axırıncı güman yeriydik.
Yeri gəlmişkən, Çaylı və Yeni
Yaşma kəndlərinin salınmasında məhz əsas məqsədimiz
qaçqınlar ordusunu yerləşdirmək idi.
Dekabr ayı idi. Partiya konfranslarının vaxtıydı.
Məni MK–ya çağırdılar. Cənub rayonlarından birinə dəyişilməyimi
təklif etdilər. Razılaşmadım, səbəbini
izah etdim ki, uşaqlarım iki il
Qubadlıda, dörd il Bakıda təhsil alır,
üçüncü məktəbə dəyişilməsi
uğurlu ola bilməz… Bir həftə sonra yenidən məni
çağırdılar və bu dəfə Dəvəçi
rayonunu təklif etdilər: —Uşaqların Bakıda oxuyar,
yaxındır, özün həftədə bir dəfə gəlib
ailənə baş çəkərsən. Dedim ki, mən
ailəsiz qala bilmərəm…
Bizim konfransın vaxtını iki dəfə idi geriyə
çəkirdilər. Bu dəfə məni Vəzirov özü qəbul etdi:
— Gəl səni göndərim Respublika Dövlət Aqrar– Sənaye
Komitəsinə (Kənd Təsərrüfatı Nazirliyi belə
adlanırdı) müavin. Səninlə birlikdə oranın
strukturunu hazırlayıb yeni bir çevik orqan yaradarıq, –
dedi.
Onun söhbətinin tonundan belə başa
düşülürdü ki, sonra mən orada rəhbərlik
edəcəyəm. Ancaq ani olaraq fikirləşdim ki, onun belə
fikri varsa, niyə elə indi birbaşa göndərmir? “Təsərrüfat orqanında işləməmişəm”
deyə razı olmadım. O, bir az ara
verib: —Bilirsən, sən yaxşı katibsən, səni itirmək
istəmirəm, – dedi və Naxçıvan və Qaxda
kütlənin birinci katiblərə qarşı
çıxmasını (əslində həmin hadisələr
şəxsən onun özünün
tapşırığı əsasında olmuşdu)
xatırlatdı. Mən dedim ki, bizdə vəziyyət tamam fərqlidir.
Camaat rayon partiya komitəsinə, katibə
böyük hörmət bəsləyir. Çox
sonralar, işdən gedəndən sonra MK–nın katiblərinin
birindən öyrəndim ki, Vəzirovun yaxın adamları məni
Abşerondan çıxarmaq üçün Vəzirovu
inandırmışlar ki, guya qaçqınları mən bura
toplayıram və nə qədər ki Abşerondayam,
qaçqınlar bir güc olaraq daim Bakıya narahatlıq,
MK–ya isə başağrısı yaradacaqlar.
Söhbətimizin
yekununda o dedi ki, yaxşı, gedin konfransınızı
keçirin. Bu haqda daxili telefonla təşkilat şöbəsinə
də tapşırıq verdi.
1989–cu il yanvar ayının 4–də konfransımız
çox yüksək səviyyədə keçdi. Nümayəndələrin təkidi və tələbi
ilə konfrans öz işini bütün gecə səhərə
qədər işləməklə iki gün əvəzinə
bir gündə (hamı ehtiyat edirdi ki, səhərə qalsa,
birdən Vəzirov fikrini dəyişə bilər)
qurtardı.
Rayonda hamı sevinirdi, bir–birlərini təbrik edirdi. Deyirdilər
ki, xətadan sovuşduq, haqq–ədalət öz yerini
tapdı. Ancaq belə olmadı.
İki gündən sonra hər iki komissiya yenidən rayona
qayıtdı və həm də daha çox adam
gətirmişdilər.
Fevral ayının 2–də Rayon XDS İK–nın sədri
Zeynalovu və məni saat 12–də MK–ya
çağırdılar. Yoxlamanın yekunu barədə
arayışı verdilər ki, oxuyub tanış
olaq. 23 səhifədən ibarət yalan, iftira və
böhtan dolu arayış daha çox ittihamnaməyə
oxşayırdı, rayon partiya komitəsinin və onun birinci
katibinin işində olan ciddi nöqsanlar kimi. Naxçıvan və Ermənistan əsilli təsərrüfat
rəhbərlərinin idarə və müəssisə
müdirlərinin bir–bir adları çəkilir, haralı
olduqları göstərilir, raykomun aparatında da vəziyyətin
bu cür olması — 21 işçidən 9–nun
naxçıvanlı və ermənistanlı olması qeyd
olunurdu.
Biz MK–nı (həm də iki saatdan sonra – saat 14–də
olacaq büro iclasını) tərk etdik. Mən
birbaşa evə getdim. Səhərisi
gün işə çıxmadım. Günün
ikinci yarısında Polyaniçkodan zəng gəldi.
Dedi ki, hamımız bilirik ki, sən yaxşı katibsən. Ancaq Vəzirov səninlə işləmək istəmir.
Mən cavabında dedim ki, mən də onunla işləmək
istəmirəm və əvvəlcədən
yazdığım ərizəni göndərəcəyimi
dedim. Ərizəmdə etimadı
doğrultmağıma və konfransda yenicə seçilməyimə
baxmayaraq, səhhətimə görə işdən azad
olunmağımı xahiş etdim.
Fevral ayının 4–də plenum çağrıldı
və ərizəmə görə işdən azad olundum. Lakin mənim
işdən azad olmağım onlara bəs etmədi. Mənimlə işləmiş bütün
kadrları — rayon XDS İK–nın sədri Y.Zeynalovu, raykomun
katibləri Ə.Baxşəliyev və
Ə.Nağıyevanı, şöbə müdirlərini,
aparatın başqa işçilərini, idarə, müəssisə
və təşkilat rəhbərlərini, partiya təşkilat
katiblərini və onlarla başqalarını ucdantutma işdən
azad etdilər.
Əlbəttə, biz bu nadanlıqla barışa bilməzdik. Mən Sov.İKP MK–da, MK
yanında Partiya Nəzarət Komitəsində qəbulda
oldum, mənim iş yoldaşlarım mütəşəkkil
surətdə baş vermiş haqsızlıqlar və
nadanlıq barədə İttifaq orqanlarına ərizə ilə
müraciət etdilər. Partiya nəzarəti
komitəsindən iki nəfər, bura ezam olundu və bir aya
yaxın bütün faktları aydınlaşdırdılar və
rəy verdilər ki, yoxlama arayışında göstərilən
faktlar həqiqətə uyğun deyildir. Beləliklə,
MK–nın yoxlama komissiyalarının arayışına qiymət
verilməsi rayon partiya komitəsinin ilk partiya təşkilatına
tapşırıldı.
İlk
partiya təşkilatının mənim də iştirak
etdiyim 11 mart 1990–cı il tarixli ümumi
yığıncağı Azərbaycan KP MK–nın və Azərbaycan
SSR Xalq Nəzarəti Komitəsinin yoxlama komissiyalarının
“Abşeron Rayon Partiya Komitəsinin və onun birinci katibi Z.Məmmədovun
işindəki ciddi nöqsanlar haqqında”kı
arayışlarında qərəzli, qeyri–obyektiv faktlar
olduğu və arayışın birtərəfli tərtib
olunduğu barədə qərar çıxardı.
Bundan sonra işdən azad olunmuş kadrların əksəriyyəti
öz işlərinə qaytarıldı. Yeri gəlmişkən ,
xatırlatmaq istəyirəm ki, hazırda həmin kadrlardan
Nizami Mustafayev Nazirlər Kabinetində, Yolçu Zeynalov Kənd
Təsərrüfatı Nazirliyində, Zaməddin Əkbərov
Xətai, Əli Baxşəliyev Abşeron, Xalid Kərimov Nəsimi
Rayon İcra Hakimiyyətlərində, Ədalət
Nağıyeva Abşeron Rayon Həmkarlar İttifaqı Təşkilatında,
Yaşar Hüseynov Milli Təhlükəsizlik Nazirliyi sistemində,
Dilşad Quliyeva Abşeron Rayon Seçki Komissiyasında,
onlarca başqaları müxtəlif iş yerlərində
vicdanla çalışır, müstəqil dövlətimizə
və dövlətçiliyimizə sədaqətlə xidmət
etmək nümunəsi göstərirlər.
Şükürlər olsun ki, o günlər çoxdan
arxada qalmışdır. Ulu öndərin ikinci
dəfə hakimiyyətə gəlməsi ilə 80–ci illərin
sonu və 90–cı illərin ilk illərində
respublikamızı ağuşuna almış hərc–mərcliklərə,
özbaşınalıqlara, hakimiyyət səriştəsizliyinə,
mənəm–mənəmliklərə, qarşıdurmalara birdəfəlik
son qoyuldu. Ən əsası, müstəqilliyimiz
möhkəmləndi, yenilməz və əbədi oldu.
İndi biz müstəqilik. Özümüz
özümüzün ağasıyıq, heç kimdən
asılılığımız yoxdur. Yeraltı
və yerüstü sərvətlərimiz özümüzə
məxsusdur. Bu sərvətlərdən
xalqımız bol–bol bəhrələnir, hər bir ailənin
rifahı yaxşılaşır. Nəhəng
quruculuq layihələri həyata keçirilir.
Bütün bunları özünün yarıməsrlik
yubileyinə hazırlaşan Abşeron rayonunun timsalında
daha aydın görmək olar. Mübaliğəsiz
demək olar ki, rayonun son onillikdəki tikinti və abadlıq
işlərinin həcmi bəlkə də üst–üstə
bütün əvvəlki onilliklərdə görülən
işlərdən çoxdur. Baxın, təkcə
rayon mərkəzi — Xırdalan şəhərində (şəhər
statusunu 2006–cı ildə alıb) 9–16 mərtəbəli
otuzdan çox göydələn, 22 bank binası, ofislər
tikilib istifadəyə verilmişdir. Bütün
köhnə binalara üzlük çəkilmiş, mərkəzi
küçələr və məhəllələrarası
yollar genişləndirilmiş və asfalt örtük və bəzəkli
daşlarla döşənmişdir. Əzəmətli
heykəllər ucaldılmış, fəvvarə və şəlalələr,
min bir ətir qoxulu, güllü–çiçəkli mədəniyyət
və istirahət parkı bura gələnləri valeh edir…
Kənd və qəsəbələrdə böyük
tikinti və abadlıq işləri aparılır. Ceyranbatan və
Saray qəsəbəsi, Novxanı, Mehdiabad kəndlərinin hərəsi
bir rayon mərkəzini xatırladır.
Masazır kəndi xeyli dəyişmişdir. Əvvəllər bir orta məktəb
və uşaq bağçasından başqa heç bir sosial
obyekti olmayan bu kənddə son 4–5 ildə bir–birinin ardınca
iki orta məktəb kompleksi, ikimərtəbəli, on altı
kabinetdən ibarət, tibbin ən yeni avadanlıqları ilə
təchiz olunmuş ikimərtəbəli poliklinika,
ağır atletika idman bazası, yaşıl
örtüklü əl oyunları meydançası və
beş min yerlik stadion istifadəyə verilmiş, təhsil
ocaqlarının bir istilik sistemləri qaydaya
salınmış, kəndin elektrik enerjisi, qaz və su şəbəkələri
əsaslı surətdə yenidən qurulmuşdur. Uzunluğu
dörd kilometr olan kəndin mərkəzi küçəsi
Əliağa Vahidin adını daşıyır və burada
onun adına layiq xiyaban salınmış,
əzəmətli heykəli ucaldılmışdır.
Ölkə
başçısı möhtərəm cənab İlham
Əliyevin Abşeron rayonunda irimiqyaslı sosial şəbəkələrin
yaradılmasına dair bir–birinin ardınca imzaladığı
sərəncamlara əsasən Xırdalan şəhərində
200 çarpayılıq ən müasir xəstəxana
binası, Olimpiya İdman Kompleksi, yetmiş üç min nəfər
əhalinin yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən Saray–Novxanı–Mehdiabad–Fatmayı–Goradil
avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu
hesabına inşa edilir.
Son illər
rayonun coğrafi xəritəsinə yaşamaq, işləmək
və istirahət etmək üçün hər cür
şəraiti olan “Yeni Bakı”, “Gənclik”, “Qurtuluş–
93″ və s. on iki yeni yaşayış massivinin adı
daxil edilmişdir.
Etiraf etmək lazımdır ki, vaxt etibarı ilə çox da uzun olmayan zaman kəsiyində Abşeron rayonunun sosial və iqtisadi inkişaf sahəsində bu qədər irimiqyaslı, nəhəng layihələrin həyata vəsiqə alması rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun, onun formalaşdırdığı icra strukturlarının işgüzar, səriştəli və səmərəli fəaliyyətlərinin nəticəsidir.
Yubiley arzu və təkliflərimi də çatdırmaq istəyirəm. Arzum budur ki, rayonda nəhəng infrastruktur layihələri ilə yanaşı, abşeronluların tarixi məşğulluq ənənəsi olan kənd təsərrüfatını, xüsusilə zeytunçuluq və zəfərançılığı inkişaf etdirsinlər. Unutmamalıyıq ki, Abşeron rayonu deyəndə, birinci növbədə, zeytun və zəfəran yada düşür.
Təklifimə gəlincə, bu, Abşeronun uzun illərdən bəri qardaşlaşdığı, dostluq etdiyi Bolqarıstan Respublikasının Razqrad vilayəti ilə bağlıdır. Son illər Abşeron rayonu ilə Misir Ərəb Respublikasının Qəlyubiyyə vilayəti arasında yaranmış qardaşlıq və tərəfdaşlığı alqışlamaq lazımdır. Amma nəzərə almaq lazımdır ki, Razqradla dostluğun, qardaşlığın Abşeronun özü qədər yaşı vardır. Bəlkə bu əlaqələrin təzələnməsi, köhnə dostların da bayram təntənəsinə dəvət olunması barədə fikirləşmək olardı (maraq xatirinə Razqradın nümayəndə heyətinin Abşeronda olmasının bir şəklini yazıma əlavə edirəm).
Bayram təntənəsinə çox az vaxt
qalır. İndi rayonun hər tərəfində,
bütün şəhər, qəsəbə və kəndlərdə
bayram ovqatı hökm sürür. Bu ovqata qoşularaq əziz
abşeronlular, Sizi, 50 il ərzində rayonun inkişafında əməyi
olanların hamısını yubiley münasibətilə
ürəkdən təbrik edirəm, cansağlığı
və firavan həyat arzulayıram.
Hacı Zöhrab
MƏMMƏDOV,
1985–1989–cu illərdə
keçmiş
Abşeron Rayon
Partiya Komitəsinin
birinci katibi.
Respublika.- 2012.- 6 dekabr.- S. 6.