| Aqrar siyasət və inkişaf strategiyası

 

Azərbaycanın dövlət müstəqilliyinin ötən 20 ili ərzində ölkəmizdə görülmüş işlərin müsbət nəticələri dövlətçiliyimizi möhkəmləndirmiş, respublikamızı dünyanın inkişaf etmiş ölkələri sırasına yaxınlaşdırmışdır.

Müstəqil dövlət ideyası respublikamızın ən yeni tarixində məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Keçmiş SSRİ dövlət təhlükəsizliyi sistemində sıravi işdən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı kimi o, sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanda milli kadrların qorunub saxlanılması, milli ideyanın formalaşdırılması və respublikanın iqtisadi qüdrətinin artırılması uğrunda inamlı, cəsarətli tədbirlərin reallaşdırılmasına nail olmuşdur. Qeyd olunanlar və çoxsaylı digər işlər Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi–mədəni inkişafa, müstəqil düşüncəyə yol açırdı. Onun Azərbaycana rəhbərliyinin ilk 13 ili ərzində Azərbaycan İttifaq tərkibində müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Beləliklə, XX əsrin 70–80–ci illərində elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində indiki müstəqil Azərbaycanın qurulması mümkün oldu.

O illərdə Heydər Əliyevin qətiyyəti sayəsində keçmiş İttifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, energetika və nəqliyyat kompleksi inkişaf etdirilmişdir. Bu illərdə respublikada 125, o cümlədən 1970–1975–ci illərdə 64, 1976–1980–ci illərdə isə 61 sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Məlum olduğu kimi, həmin dövrdə ittifaqdaxili ixtisaslaşma səbəbindən müttəfiq respublikaların ərzaq müstəqilliyi təmin olunmurdu. Həmin ziddiyyəti aradan qaldırmaq və keçmiş İttifaqda əmək bölgüsünü dəyişdirmək barədə təkliflərlə çıxış etmək respublika rəhbərliyindən böyük siyasi qətiyyət tələb edirdi. Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatında ixtisaslaşmanın ərzaq təhlükəsizliyi meyarına uyğun yenidən qurulmasına istiqamətlənmiş tədbirlər həyata keçirdi. Kənd təsərrüfatının prioritet sahələri kimi müəyyənləşirilən pambıqçılıq və üzümçülük sahələrində mühüm uğurlar qazanan (1015 min ton pambıq, 2100 min ton üzüm istehsalı) respublikada kənd ərazilərinin inkişafı, sosialistehsal infrastrukturunun gücləndirilməsi və ən nəhayət, əhali gəlirlərinin artırılmasında misli görünməmiş nəticələrin əldə olunmasına səbəb oldu.

Dahi şəxsiyyətin respublikaya rəhbərliyinin həmin dövrdə Azərbaycanda ümumi istehsalın həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə İttifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə yüksəlmişdir.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başının üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyini möhkəmləndirmək kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə yalnız xalqın məhəbbətini qazanmış Heydər Əliyev idi. Bu baxımdan 1988– 1993– illərdə, dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosialiqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz–üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycanın bir dövlət kimi parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc–mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, qardaş qırğınının, qanunsuz silahlı dəstələrin paytaxta yürüşünü yalnız o böyük şəxsiyyət aradan qaldıra bilərdi.

Heydər Əliyev sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993– ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət eldilər”.

1993– il iyunun 15–də yekdilliklə Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev elə həmin gün parlamentin iclasında çıxış edərək Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursaolsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Heydər Əliyev özünün yorulmaz fəaliyyəti, tarixin gedişinə güclü təsir göstərən əzəməti, qüdrəti və vüqarı ilə 1993– ilin iyununda bir daha sübuta yetirdi ki, dövründən asılı olmayaraq tarixin həqiqi yaradıcısı məhz nəhəng şəxsiyyətlər olur. Onun bu tarixi qayıdışı obyektiv zərurət, sosial sifariş, xalqın istək və arzularının ifadəsi idi. Ötən bu illər yalnız sözügedən qayıdışa bəslənən ümidlərin təkcə özünü doğrultması ilə yadda qalmadı, həm də bu qayıdışla Azərbaycanın gələcək inkişafının etibarlı bünövrəsinin təməli qoyuldu.

O, dəyişən dünyada əvvəlki iqtisadi siyasətin aparılmasının perspektivsiz olduğunu qəti surətdə ortaya qoydu və 1991–ci ildə Naxçıvan MR–da başlanan özəlləşdirmə təcrübəsi əsasında 1995–ci ildən etibarən respublikanın aqrar sahəsini bütövlükdə əhatə edən aqrar islahat kursuna start verildi. Aqrar islahatlara start verilməsi torpaq islahatı ilə başlandı və nəticədə bu sahədə xüsusi mülkiyyətçiliyə əsaslanan yeni istehsal münasibətləri, kəndlinin torpağa sahiblik və ən nəhayət, müasir biznes münasibətlərinin formalaşdırılması və real kooperasiyalaşma üçün zəruri mühit yaratdı.

İslahatların ilkin olaraq aqrar sahədən başlanması heç də təsadüfi deyildi. Çünki beynəlxalq təcrübəyə əsasən aqrar sahənin və onun tərkib hissəsi olan kənd təsərrüfatının inkişaf səviyyəsi ölkənin ümummilli iqtisadi inkişaf səviyyəsini xarakterizə edən əsas amil sayılır. Əkinçilik mədəniyyəti isə ölkə mədəniyyətinin təyinedici bir amili kimi çıxış edir.

Ulu öndər həmin illərdə çoxsaylı çıxışlarında dəfələrlə vurğulayırdı ki, aqrar islahatların həyata keçirilməsi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə keçmiş təsərrüfatçılıq sistemi yeni istehsal münasibətlərilə əvəz olunmalı, kənd təsərrüfatının idarə edilməsi, bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırılmalıdır. Köklü struktur dəyişiklikləri aparılmalı, dövlət mülkiyyəti özəlləşdirilməli, yeni mülkiyyət münasibətləri inkişaf etdirilməli, sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilati və texniki şərait yaradılmalı, müəssisələrarası, sahələrarası və dövlətlərarası yeni istehsaliqtisadi əlaqələr qurulmaqla kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əsl rəqabət mühiti formalaşdırılmalıdır.

Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüskarlığı və təşkilatçılığı ilə 1995–ci ildə “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların islahatı haqqında”, 1996–cı ildə isə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunları qəbul edilmiş və bütövlükdə götürüldükdə aqrar sahədə bazar münasibətlərinə keçidi reallaşdırmaq məqsədilə çoxsaylı hüquqinormativ aktlar qəbul edilmişdir. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə və yekdil rəyinə görə bu illərdə Azərbaycanda MDB respublikalarında analoqu olmayan radikal islahatlar kursu seçilmiş və cəsarətlə reallaşdırılmışdır.

Məlumdur ki, kənd təsərrüfatının özünəməxsus spesfik xüsusiyyətləri mövcuddur. Bunlara, sahənin riskli olmasını, xalis rəqabət mühtində olmasını, sinergetik sistemyaradıcı xüsusiyyətlərini və aşağı gəlirliyini, lakin mültiplikativ effektivliyini aid etmək olar.

Müstəqilliyin ilk illərində respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyrimümkünlüyünü nəzərə alan, sosialiqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu önə çəkən Heydər Əliyev transmilli korporasiyalarla Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına ən ümdə məqsəd kimi yanaşıldı. İqtisadi inkişafın, səmərəli sosialiqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin əsas şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir.

Bunun ən bariz nümunəsi, ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında bağlanan “Əsrin müqaviləsi” qədim neft diyarı kimi Azərbaycanın keçmiş şöhrətini özünə qaytardı, neftqaz sənayesinin dinamik inkişafının təməlini qoydu, respublikada karbohidrogen hasilatının səviyyəsini yüksəltməyə imkan yaratdı. Bütün bunların sayəsində neft hasilatı 1997–ci ildəki 9 milyon tondan 2010– ildə 50.7 milyon tona, qaz hasilatı isə sovetlər dövründəki, 3–5 milyard kubmetrdən 2010– ildə 20 milyard kubmetrə çatdırıldı.

Artıq 12–ci ildir ki, “Azəri”–”Çıraq”–”Günəşli” yatağı layihəsinin iştirakçıları və Azərbaycan Respublikası “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999–cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə dolu tankerlər xarici bazarlara yol alır. 2011–ci il avqust ayının sonunadək dünya bazarlarında 115 milyon tona qədər “mənfəət nefti” satılmış və əldə olunan gəlirlər milli gəlirin artmasına, dövlət büdcəsinin formalaşmasına sanballı təsir göstərmişdir.

Respublikada kənd təsərrüfatında tənəzzülün qarşısı alındıqdan sonra 2005–2010–cu illərdə və 2011–ci ilin 9 ayı ərzində dövlət büdcəsi vəsaitləri hesabına qəbul edilmiş qaydalara uyğun lizinqə 12 min 357 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 komplekt texniki avadanlıq və soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istilik avadanlıqları və digər avadanlıqlar, 300 min mineral gübrə, 300 ton pestisid alınmış və satılmışdır.

Ölkə Prezidentinin 23 yanvar 2007–ci il tarixdə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” qanunun həyata keçirilməsi ilə əlaqədar olaraq 2007–ci ildən bu günə qədər istehsalçılara enerjimotor yağları almaq üçün 360 milyon 300 min manat ayrılmışdır. Həmçinin toxumçuluqtoxum yetişdirilməsi üzrə təsərrüfatlar 1–ci və 2–ci reproduksiyalı toxumşitil (ting) istehsalına 2007–2010–cu illərdə dövlət büdcəsi vəsaiti hesabına təsərrüfatlara 15 milyon 100 min məbləğində subsidiya ödənilmişdir.

Aqrar sahənin ümumi daxili məhsulda payı 5,4 faiz (2010–cu il) təşkil edir. Əvvəlki illərlə müqayisədə bu kəmiyyət qismən az olsa da, qeyrineft sektoru çərçivəsində (12 faiz) qənaətbəxş sayıla bilər. Buna baxmayaraq, ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının 4,4 faizinin, kreditin 4,8 faizinin, əsas fondların 7,9 faizinin, məşğul əhalinin 38 faizinin bu sahənin payına düşməsi inkişaf gösləricisi kimi qiymətləndirilir. Əldə olunan bu nəticələr ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına imkanlar açır.

Dövlət proqramlarının icrası ilə bağlı aparılan məqsədyönlü işlər artıq öz bəhrəsini verməkdədir. Aparılan təhlillər göstərir ki, ölkədə istehsal həcmləri əhalinin ərzaq ehtiyaclarını kifayət səviyyədə ödəməyə imkan verir. 2000–ci illə müqayisədə 2010–cu ildə taxıl istehsalı 30 faiz, kartof 103 faiz, tərəvəz 52 faiz, meyvə 53 faiz, şəkər çuğunduru 5,3 faiz, ət məhsulları 33 faiz, süd 49 faiz, yumurta istehsalı 117 faiz artmışdır.

Qeyd etmək lazımdır ki, son illərdə ərzaq məhsulları istehsalı bütün növlər üzrə, qismən də olsa məhsuldarlığın artımı hesabına baş vermişdir. Lakin məhsuldarlığın artım templəri istehsal həcmlərinin artımı ilə müqayisədə hələlik aşağıdır. Bu fakt hazırda aqrar sahənin əsas problemlərindən biri hesab olunur. Dünya ölkələri üzrə taxılın məhsuldarlığının yüksək göstəricisi 80 sentner, orta göstəricisi isə 30 sentner olduğu halda ölkəmizdə taxılın ən yüksək göstəricisi 27 sentner (2009–cu il) olmuşdur. Digər bitkiçilik və heyvandarlıq məhsulları üzrə də vəziyyət belədir.

İslahatlarla bağlı özəl sektorda həyata keçirilən təsirli tədbirlər bütövlükdə aqrar sahədə irəliləyişin əldə olunmasına imkan vermişdir. Hazırda ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulunun 95 faizə qədəri özəl sektorun payına düşür.

Ölkə üzrə əsas növ ərzaq məhsullarının adambaşına istehlak səviyyəsinə nəzər saldıqda, bir sıra özəlliklər nəzərə çarpır. Görünür ki, ölkə üzrə adambaşına taxıl istehlakı (215 kq) həm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istehlak normalarından (154 kq), həm də ölkədaxili istehlak normalarından (171 kq) yüksəkdir. Taxıldan başqa bu fikirləri yalnız tərəvəz məhsulları barədə demək olar.

Ölkəmizdə aparılan aqrar islahatlar nəticəsində əlverişli sahibkarlıq mühiti formalaşmışdır. İndi ölkə fermerləri məhsul istehsalını artırmaqla bərabər, emal müəssisələri ilə əlaqələrin qurulması, istehsal olunan məhsulun satışının səmərəli təşkili, rəqabətədavamlı məhsul istehsalı üçün yeni texnologiyaların əldə olunması istiqamətində işlər görürlər. Bu mərhələnin əsas hədəfi aqrar sahədə əmək məhsuldarlığını artırmaq, məhsulların ucuz başa gəlməsinə nail olmaq, daxili bazarda rəqabətə tab gətirməklə yanaşı xarici bazarlara çıxarıla bilən keyfiyyətli məhsul istehsal etməkdən ibarətdir.

Aqrar sahədə istehsalın səmərəliliyinin yüksəldilməsi və rəqabətədavamlı istehsalın qurulmasının, son məqsədi ölkənin iqtisadi suverenliyini təmin etməklə, suveren dövlətin qısa bir zamanda inkişaf etmiş ölkələr sırasına çıxmasını şərtləndirir. Bu məqsədlə qarşıda duran vəzifələrin ümumiləşdirilmiş konturları aşağıdakılar hesab olunur:

* Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi kursun davam etdirilməsi;

* milli iqtisadi konsepsiya çərçivəsində aqrar sahənin 15–20 illik inkişaf strategiyasının işlənib hazırlanması;

* aqrar sahənin dayanıqlı inkişafının hərtərəfli dəstəklənməsi;

* sahənin kreditləşdirilməsi və investisiyalaşdırılmasının gücləndirilməsi; lokalregional layihələrə üstünlük verilməsi, yerli investorların istehsala marağının artırılması;

* aqrar sahənin ixracyönümlülüyünün dəstəklənməsi;

* aqrar sahədə kooperasiyainteqrasiya proseslərinin gücləndirilməsi;

* beynəlxalq qurumlara inteqrasiya şəraitində yerli istehsalın rəqabətədavamlılığının artırılması məqsədilə aqrar sahəyə davamlı dövlət dəstəyinin intensivləşdirilməsi;

* xarici bazara çıxış imkanlarının artırılması.

Beləliklə, ötən 20 ildə keçirilən yolun mürəkkəbliyinə və ağırlığına baxmayaraq, Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətlənə bildi, dünya iqtisadiyyatına və siyasi həyatına inteqrasiya etdi, dünyəvi sivil bir dövlətə çevrildi. İqtisadiyyatın bütün sahələrində əldə olunan müsbət dəyişikliklər aqrar sahə timsalında da özünü daha aydın şəkildə göstərməklə, sahənin rəqabətədavamlılığının artırılması istiqamətində yaxın və uzaq perspektivə hesablanmış proqramlar uğurla həyata keçirilməkdədir.

 

Sadıq SALAHOV,

Az. ETKTİ və Tİ–nin direktoru,

iqtisad elmləri doktoru, professor.

 

Respublika.- 2012.- 6 dekabr.- S. 5.