EKOLOJİ
PROBLEMLƏRİN HƏLLİ YOLLARININ BƏZİ
ASPEKTLƏRİ
Müasir dünya
ictimaiyyətini narahat edən və Yer üzündə sülhü
qoruyub saxlamaq qədər
zəruri olan problemlərdən biri də ekoloji problemdir. Belə ki, ekoloji tarazlığın pozulması Yer kürəsində bütün
canlıların məhvinə səbəb ola
bilər. Dünya bankının hesablamalarına
əsasən XX əsr ərzində dünyada
sənaye istehsalının həcmi 50 dəfə
artmışdır, 2030–cu ilə qədər
daha 3,5 dəfə artması gözlənilir.
Yer
kürəsi əhalisinin sayı da daim yüksələn templə artır və
hazırda planetdə 7 milyarddan çox insan
yaşayır. Əgər sənaye və əhali
artımının hazırkı artım tempi
dəyişməzsə, bu halda yaxın gələcəkdə planetin təminetmə imkanları məhdudlaşacaq.
Proqnozlara görə, XXI əsrin
ortalarına planetin əhalisi təqribən
10 milyard nəfər olacaq.
Buna görə də müasir
şəraitdə cəmiyyətin inkişafının təmin
edilməsı Yer kürəsində insanlar üçün əlverişli
təbii şəraitin yaradılması və qorunub
saxlanması ilə bağlıdır. Başqa
sözlə, cəmiyyət və təbiətin
inkişafının hormonizasiyası zəruridir.
İnsanın təbiətə lokal təsirinin biosferin bütün elementlərinə və resurslarına qlobal təsiri səviyyəsinə yüksəlməsi sivilizasiyanın bütün əsaslarına toxunur. Təbii resurslar tükənir, ətraf mühitin kəskin çirklənməsi baş verir ki, bu da ekoloji problem yaradır.
Ekoloji problemin kəmiyyətcə dəyişməsi onun sosial əhəmiyyətinin artmasına səbəb olur. Əgər insanın ətraf mühitə mənfi təsiri əvvəllər təbiətin ayrı–ayrı obyektlərinə təsir göstərirdisə, müasir şəraitdə insan özü bu mənfi təsirləri hiss edir, onun sağlamlığı və həyatı təhlükəyə məruz qalır. Hazırda biosferin özünübərpaetmə mexanizmi öz imkanlarının maksimal həddində işləyir. Biosferin genefondu kasıblaşır ki, bu da gələcəkdə müəyyən olunmayan təkamül nəticələrinin baş verməsi təhlükəsini yaradır. Ekoloji uyğunsuzluqların bu halı elə bir vəziyyətə gətirib çıxarmışdır ki, onlar qlobal xarakter almış və insan cəmiyyəti qarşısında qlobal problemlər yaratmışdır. Qlobal problemlərin xarakteri onların bütün dünya ictimayyətinin birlikdə həlli zəruriliyindən ibarətdir. Təbii mühitin çirklənməsi və dağıdılması dövlət sərhədi ilə məhdudlaşmır. Bu qlobal problemlərin həlli və aradan qaldırılması bütün dünya ölkələrinin mütəxəssislərinin və ictimayyətinin birgə səyi ilə mümkündür.
Heç bir ölkə ayrılıqda yaranmış qlobal problemi həll edə bilməz. Ona görə də bu problemin həlli məqsədilə dövlətlər öz səylərini birləşdirərək beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər və bu sahədə təbii resurslardan səmərəli istifadə normalarını, qaydalarını və qanunlarını müəyyənləşdirirlər. Bir çox beynəlxalq ekoloji təşkilatlar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində fəaliyyət göstərir və BMT–nin xüsusi təşkilatlarıdır.
Müasir cəmiyyətin qlobal ekoloji problemlərinə “istixana effekti”, Dünya okeanının səviyyəsinin qalxması, Yer kürəsinin ozon təbəqəsinin dağılması, turşu yağmurları, radioaktiv çirklənmə və planetin bioloji müxtəlifliyinin azalması aiddir.
Dünyada ekoloji problemin kəskinləşməsinin əsas səbəbləri nəqliyyat, energetika, neft istehsalı və emalı sənayesi, metallurgiya, maşınqayırma, qaz sənayesidir və ətraf mühitin çirkləndirilməsidir. Göstərilən səbəblərdən ən başlıcası nəqliyyatdır.
Nəqliyyat—material texniki bazanın əsas elementlərindən biri olaraq ictimai istehsalın fəaliyyəti üçün vacib şəraiti təmin edir. Nəqliyyatın inkişaf səviyyəsi yüksəldikcə, əməyin ictimai bölgüsü daha geniş olur, ölkənin təbii sərvətləri xalq üçün daha əlçatan olur, əhalinin istehsalat fəaliyyəti daha asan kooperasiya olunur, mədəniyyət daha zəngin və çoxtərəfli olur. Lakin nəqliyyatın fəaliyyəti təbiətə güclü neqativ təsir göstərir. Nəqliyyatın əsas mənfi təsirlərindən biri ətraf mühiti çirkləndirməsidir. Nəqliyyatın ekosistemə təsiri nəticəsində atmosfer, su hövzələri və torpaq çirklənir, təbii resurslar intensiv istifadə olunur, yüksək səviyyəli səs–küy və titrəyişlər yaranır, xoşagəlməyən təbii proseslər sürətlənir, insanlar və heyvanlar xəsarət alır və ölür, qəzalar nəticəsində böyük maddi ziyan dəyir, istehsal tullantıları yaranır.
Ətraf mühitin çirkləndirilməsi nəqliyyat növləri üzrə aşağıdakı kimi paylanılır: avtomobil nəqliyyatı 87 faiz, dəmiryolu nəqliyyatı 8 faiz, su (dəniz və çay) nəqliyyatı 2 faiz, yol kompleksi 2 faiz, hava nəqliyyatı 1 faiz. Göründüyü kimi, tullantı çirkləndirici maddələrin böyük hissəsi avtomobil nəqliyyatının payına düşür.
Hazırda insan cəmiyyəti qarşısında duran əhəmiyyətli ekoloji problemlərdən biri atmosfer havasının sənaye müəssisələri və avtomobil nəqliyyatından atılan zəhərli maddələrlə çirklənməsinin azaldılmasıdır.
Son onillikdə insan cəmiyyəti tamamilə əmin olub ki, planetdə atmosfer havasını çirkləndirən əsas mənbələrdən biri avtomobil nəqliyyatıdır. Dünyanın inkişaf etmiş ölkələrində avtomobil nəqliyyatı tərəfindən atmosferin çirklənməsi 45–50 faiz təşkil edir, bu da digər sənaye növlərinin hər birindən daha çoxdur.
Avtomobil həyat üçün əhəmiyyətli olan oksigen qazını yandırır və bununla yanaşı, hava mühitini zəhərli komponentlərlə intensiv çirkləndirir ki, bu da bütün canlı və canlı olmayan aləmə nəzərəçarpacaq dərəcədə ziyan vurur. Avtomobillərdən atmosferə atılan maddələrin tərkibində 200–dən çox zəhərli komponentlər, o cümlədən bioloji aktiv olan maddələr var.
Atmosferə atılan maddələrin orqanizmə və ya kimyəvi struktura təsir xarakterinə və xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünür:
– zəhərli olmayan maddələr: adi şəraitdə atmosferdə mövcud olan və insan üçün ziyanlı olmayan – azot, oksigen, hidrogen və su buxarı;
– benzin mühərriklərinin xaric qazları üçün xarakterik olan karbon oksidi;
– atmosferə atıldıqdan sonra oksigenlə birləşən azot oksidləri;
– karbohidrogenlər (alkain, alkenlər, alkadienlər, siklanlar, aromatik birləşmələr);
– aldehidlər; qurum; qurğuşun birləşmələri; kükürd angidridlər.
İnsanların atmosferin çirklənməsinə həssaslığı yaşdan, cinsdən, sağlamlığın ümumi vəziyyətindən, qidalanmadan, temperaturdan, rütubətdən və başqa amillərdən asılıdır. Yaşlı insanlar, uşaqlar, xəstələr, xroniki bronxit xəstələri, ürək çatışmazlığı olanlar, astma xəstələri bu baxımdan daha zəifdirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən orqanizmin ətraf mühitin çirklənməsinə təsir reaksiyasının ümumi sxemi aşağıdakı kimidir: ölüm halları, xəstələnmə, xəstələnmənin fizioloji əlamətləri, orqanizmin həyat fəaliyyətinin qeyri–müəyyən dəyişməsi, çirklənmənin orqanlarda və dəridə yığılması.
Orqanizmə birbaşa təsir amilləri içərisində birinci yerdə, şübhəsiz ki, havadır, çünki hava orqanizmin fasiləsiz qəbul etdiyi məhsuldur. Havanın tərkibindəki kiçik zərərli hissəciklər sağlamlıq üçün çox təhlükəlidir. Bu hissəciklər nəfəs kanalının qoruyucu sistemindən birbaşa ağ ciyərlərə keçə bilir. Ozonla nəfəs alma öskürəyə, boğulmalara, ağ ciyər toxumalarının zədələnməsinə və immun sisteminin zəifləməsinə səbəb olur.
Beynəlxalq təcrübələr göstərir ki, şəhər mühiti çirklənmələrindən insanların sağlamlığı üçün ən təhlükəli olanı qurğuşun və kiçikdispers aerozollardır. Bu çirkləndiricilər etilli benzin işlədildikdə yaranır.
Avropada 1 kiloqram ot üzərində qurğuşunun norması 10 mq–dır. Avtomobil nəqliyyatının qurğuşun tullantıları ilə mübarizənin radikal metodu etilli benzindən imtina etməkdir. Bununla əlaqədar 1997–ci ildən Azərbaycanda yalnız etilsiz benzindən istifadə olunur ki, bu da xüsusilə Bakı şəhərinin atmosfer havasında qurğuşun və kiçikdispers aerozolların kəskin azalmasına səbəb olmuşdur.
Təbii resursların əsas işlədicisi və ətraf mühiti yüksək dərəcədə çirkləndirən avtomobil nəqliyyatıdır. Məsələn, illik yürüşü 15 min kilometr olan bir yük avtomobili 1,8 ton benzin yandırır ki, bu miqdarın da alınmasına 3 ton neft tələb olunur. Mühərrikdə normal yanıcı qarışığın alınması üçün 1 kiloqram benzinə 15 kiloqram hava lazımdır. Bu nisbəti və havada oksigenin faiz nisbətini nəzərə almaqla müəyyən etmək olar ki, əvvəlki misalda avtomobilin sərf etdiyi havanın miqdarı 27 ton, o cümlədən 5,6 ton oksigen tələb olunur. İllik yürüşü 15 min km olan minik avtomobili isə il ərzində 4,35 ton oksigen işlədir, ətraf mühitə 3,25 tona yaxın karbon qazı, 530 kq–a qədər dəm qazı, 93 kq–a qədər başqa qazlar (azot qazları, doymamış karbohidrogenlər və s.) və 10 kq–a qədər rezin tozu xaric edir.
Əgər istifadə olunan resursları dünya avtomobil parkına (hazırda 1 milyarddan çoxdur) aid etsək, məlum olar ki, avtomobil nəqliyyatı üçün illik yanacaq tələbatı 2,1 milyard tona yaxın, 25 milyard tondan çox isə hava lazımdır.
Statistik məlumatlara əsasən, bir avtomobildən il ərzində ətraf mühitə atılan zərərli maddələrin miqdarının 1,3 ton olduğunu nəzərə alsaq, məlum olar ki, il ərzində bütün dünyada avtomobillərdən atmosferə 1 milyard tona yaxın zərərli maddə atılır. Bunların arasında zəhərli hesab edilən dəm qazı (CO) 600 mln. ton, 240 mln. ton karbohidrogenlər (CnHm), 60 mln. ton azot oksidləri (NOx), 24 mln. ton his, 12 mln. tondan çox toz və s. təşkil edir. Avtomobil mühərrikində 1 kq yanacağın yanması zamanı orta hesabla 2,7 kq karbon qazı əmələ gəlir ki, bu da atmosferin yuxarı təbəqələrində yığılaraq “istixana effekti”nin əmələ gəlməsinə səbəb olur.
Avtomobil nəqliyyatının digər mənfi təsiri kimi böyük şəhərlərdə səs–küyün əmələ gəlməsini qeyd etmək olar, belə ki, ayrı–ayrı nəqliyyat vasitələrinin yaratdığı səs–küy 75–95 dB–yə çatır. Böyük şəhərlərdə səs–küyün yaranmasının 60–80%–i avtomobil nəqliyyatının payına düşür.
Avtomobil nəqliyyatının intensiv artımı, eyni zamanda avtomobil yollarının, avtonəqliyyat müəssisələrinin, texniki xidmət, yanacaqdoldurma stansiyalarının və dayanacaqların tikintisi üçün ayrılan torpaq sahələrinin artmasına səbəb olur.
Nəqliyyat qəzaları və hərəkət təhlükəsizliyi müasir insan cəmiyyətinin ən vacib sosial–iqtisadi problemlərindən biri sayılır. Statistik araşdırmalar sübut edir ki, yalnız üç gündə avtomobil qəzaları nəticəsində ölənlərin sayı bütün digər nəqliyyat növlərində (hava, dəmiryolu, çay, dəniz nəqliyyatı) bir il ərzində ölənlərin sayından daha çoxdur. Hər il dünyanın avtomobil yollarında yol–nəqliyyat hadisələri (YNH) nəticəsində 1,2 milyondan çox insan həlak olur, 50 milyon nəfərə qədər insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır. Yol–nəqliyyat hadisələri 10–24 yaşlı gənc insanların ölümünün birinci səbəbi hesab olunur. Nəticədə milli gəlirin itirilməsi və xəsarət alanların müalicəsi, nəqliyyat vasitələrinin yüklərinin və yol qurğularının zədələnməsi və məhv olması hesabına cəmiyyətə böyük maddi ziyan dəyir. Yol–nəqliyyat hadisələrindən yaranan maddi itkilərin məbləği təqribən Avropa ölkələrinin ümumi daxili məhsulunun 3 faizini təşkil edir.
Azərbaycan Respublikasında avtomobil nəqliyyatı parkı son illərdə intensiv artır (hazırda respublikanın ümumi avtomobil parkı 1,13 milyondan çoxdur və son 10 ildə ümumi avtomobil parkı 2 dəfədən çox artmışdır) və orta illik artım 7–8 faiz təşkil edir. Bununla yanaşı, həm də qeyd etmək lazımdır ki, respublikanın ümumi avtomobil parkının 50 faizdən çoxunun istismar müddəti 10 ildən artıq, 24,5 faizinin istismar müddəti 5–10 il intervalında, istismar müddəti 5 ildən az olan avtomobillər isə 25,5 faizə yaxındır.
Bir faktı da nəzərə almaq lazımdır ki, respublikanın bütün avtomobil parkının 65 faizə yaxını Bakı şəhərində cəmlənmişdir. Bu isə öz növbəsində Bakı şəhərində atmosferin çirklənməsinin (xüsusilə mərkəzi hissəsində) 70–80 faizə qədərinin avtomobil nəqliyyatı tərəfindən baş verməsinə səbəb olur. Statistik məlumatlara və hesablamalara əsasən respublikanın avtomobil parkından il ərzində atmosferə atılan zərərli maddələrin ümumi miqdarı 800,0 min tona yaxındır. Bu zəhərli maddələrdən 480 min tona yaxınını dəm qazı (CO) təşkil edir. Bütün bu qeyd olunanlar respublikada avtomobil nəqliyyatının başlıca problemlərindən olan ekoloji təhlükəsizlik problemini daha da kəskinləşdirir.
Son onillikdə respublikada avtomobillərin ümumi sayının iki dəfədən çox artmasına baxmayaraq, ölkədə nəqliyyat sahəsində aparılan tədbirlər nəticəsində il ərzində yol–nəqliyyat hadisələrində ölənlərin sayı, praktiki olaraq, stabil olaraq qalır və orta hesabla 1000–1100, xəsarət alanların sayı isə 2500–3500 arasında dəyişir.
Hazırda əksər ölkələrdə şəhərlər sosial və ekoloji problemlərin həlli zərurəti ilə qarşılaşırlar. İri şəhərlər iqtisadiyyatın inkişafı üçün əhalinin yüksək konsentrasiyası, əmək bazarında təkliflərin müxtəlifliyinin genişliyi, iqtisadi situasiyanın stabilliyinin nisbətən yüksək olması səbəbindən üstünlüklərə malikdir. Lakin bununla yanaşı, eyni zamanda bu şəhərlərdə çox hallarda həyat üçün təhlükəli olan xüsusi texnogen mühit formalaşır. Şəhərlərin ekoloji problemlərinin səbəbləri həm həddən artıq antropogen yüklənmə, həm də sənayeləşmə dövründən formalaşıb miras qalmış ərazi–planlaşdırma strukturunun qüsurlu olmasıdır.
Son onilliklərdə dünyada iri şəhərlərdə atmosfer havasının avtomobil nəqliyyatı tullantıları ilə çirklənməsi çox böyük aktual problemə çevrilmişdir. Nəzərə almaq lazımdır ki, şəhərlərdə atmosfer havasının avtomobil nəqliyyatı ilə çirklənmə faizi 50–60 faiz, böyük şəhərlərdə (meqapolislərdə) isə 70–80 faizə çatır. Bununla yanaşı, müasir insan həyatını avtomobilsiz təsəvvür etmək mümkün deyil. Ona görə də burada ən önəmli məsələ avtomobilləşmə prosesinin tempi nəzərə alınmaqla (avtomobillərin ümumi sayının artması) bütövlükdə avtomobil nəqliyyatının fəaliyyətinin və xüsusilə ekoloji göstəricilərinin optimal idarə olunmasıdır. Bu halda iri şəhərlərin mühit keyfiyyətini idarə etməklə atmosfer havasının çirklənməsini azaltmaq olar. Bunu Bakı şəhərinin misalında nəzərdən keçirək. Belə ki, 1982–ci ildə şəhərin atmosferinin ümumi çirklənməsində avtomobil nəqliyyatının xüsusi çəkisi 49 faiz idisə, 1990–cı ildə 64,6 faiz, 2000–ci ildə 75,6 faiz, 2010–cu ildə 77,5 faiz və nəhayət, 2011–ci ildə isə 77,6 faiz olmuşdur. Statistik məlumatların dinamikasını nəzərdən keçirdikdə görmək olur ki, son 10 ildə Bakı şəhərində atmosfer havasının avtomobil nəqliyyatı ilə çirklənmə səviyyəsinin tempi kəskin azalmış və demək olar ki, sabit qalmışdır. Nəzərə almaq lazımdır ki, həmin dövr ərzində respublikada avtomobilləşmə həddən artıq böyük templə getmiş, yəni bu dövrdə ölkədə avtomobillərin ümumi sayı 2 dəfədən çox, Bakı şəhəri üzrə isə 3 dəfədən çox artmışdır. Respublikada avtomobillərin ümumi sayının belə artımına baxmayaraq, atmosfer havasının avtomobil nəqliyyatı ilə çirklənmə səviyyəsinin sabit qalması Azərbaycan dövləti və hökumətinin ətraf mühitin mühafizəsi sahəsində apardığı sistemli və məqsədyönlü işlərin nəticəsində əldə olunmuşdur.
Avtomobil nəqliyyatının mənfi nəticələrini tamamilə aradan qaldırmaq mümkün deyildir. Ona gorə də onların ciddi məhdudlaşdırılması və nizamlanması zəruridir. Avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirlərinin məhdudlaşdırılmasının həlli yolları əsasən aşağıdakı kimi qruplaşdırıla bilər:
– təşkilati–hüquqi tədbirlər;
– memarlıq–planlaşdırma tədbirləri;
– konstruktor–texniki tədbirlər;
– ekotexnoloji tədbirlər;
– istismar tədbirləri.
Təşkilati–hüquqi tədbirlər nəqliyyatda təbiəti mühafizə münasibətlərinin nizamlanmasının hüquqi bazasını təkmilləşdirməyi və bu sahədə ölkələrin qanunvericiliyini beynəlxalq tələblərlə uyğunlaşdırmağı nəzərdə tutur.
Memarlıq planlaşdırma tədbirləri şəhərlərin və yaşayış məntəqələrinin nəqliyyat sistemlərinin yaradılması və inkişafı zamanı nəqliyyatın ətraf mühitə mənfi təsirini azaltmağa imkan verən rasional planlaşdırmaya böyük diqqət yetirilməsini tələb edir.
Konstruktor–texniki tədbirlər nəqliyyat vasitələrinin təkmilləşdirilməsini nəzərdə tutur və istiqamətlər üzrə qruplaşdırılır: mühərrikin yanacaq qənaətliliyinin artırılması, işlənmiş qazların zəhərliliyinin azaldılması və ekoloji cəhətdən daha təmiz yanacağın və elektrik enerjisinin istifadəsi.
Ekotexnoloji tədbirlər yolətrafı ərazilərə və su hövzələrinə texnogen təsirin azaldılmasını təmin edən müasir mühəndis sistemlərinin layihələndirilməsini və tətbiqini nəzərdə tutur. Stasionar mənbələrdən çirkləndirici maddələrin xaric olunmasının azaldılması müasir ekoloji təhlükəsiz texnologiyaların tətbiqi ilə əldə edilir.
İstismar tədbirləri nəqliyyat vasitələrinin istismarı prosesində texniki vəziyyəti normativ sənədlərlə müəyyən olunmuş səviyyədə təmin etməklə ətraf mühitə atılan zərərli tullantıların miqdarını istehsalçı zavodun müəyyən etdiyi normalarda saxlamağı nəzərdə tutur.
Respublikamızda avtomobil nəqliyyatının ekologiyaya mənfi təsirinin azaldılmasında istismar tədbirləri böyük əhəmiyyət kəsb edir. Yerinə yetirilmə səviyyəsi nəzərə alınmaqla istismar tədbirlərini iki qrupa ayırmaq olar:
– icra orqanları (dövlət, bölgə, şəhər) tərəfindən yerinə yetirilən və idarə olunan tədbirlər;
– avtomobil nəqliyyatı vasitələri sahibləri və avtonəqliyyat müəssisəsi səviyyəsində yerinə yetirilən və idarə olunan tədbirlər.
Problemin həlli sadalanan tədbirlərin kompleks
şəkildə yerinə yetirilməsilə mümkündür.
Bu istiqamətdə bütövlükdə
respublikamızda və xüsusilə də Bakı şəhərində
kompleks texniki, təşkilati,
iqtisadi və idarəetmə tədbirləri
ardıcıl olaraq yerinə yetirilir.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru, professor.
Sülhəddin GÖZƏLOV,
Avtomobil nəqliyyatı vasitələri
kafedrasının müdiri, dosent.
Respublika.- 2012.- 6 dekabr.- S. 5.