M.F.Axundzadə—200

 

Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi

 

M.F.Axundzadə XIX əsr Azərbaycan ictimai, fəlsəfi və pedaqoji fikir tarixində bir hərəkat kimi başlayan maarifçiliyin başçısı, nəzəriyyəçisi və ən görkəmli yaradıcı siması olmuşdur. O, istedadlı realist sənətkar, materialist filosof, böyük maarifçi, alovlu vətənpərvər və demokrat idi.

M.F.Axundzadə hər şeydən əvvəl Azərbaycan məktəb və pedaqoji fikir tarixinə həm müəllim, həm də təlim və tərbiyə sahəsinə ilk orijinal fikirlər söyləyən pedaqoq kimi daxil olmuşdur. O, 1836–1840–cı illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləmişdir. Məlum olduğu kimi XIX əsr Azərbaycanda elmi–pedaqoji və ictimai fikrin inkişafında yeni mərhələ təşkil etdiyi kimi xalq maarifi, məktəb təhsili və pedaqoji fikrin inkişafı tarixində də ayrıca mərhələ təşkil edir.

Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra xalq maarifi və məktəb təhsili öz inkişafının yeni mərhələsinə qədəm qoydu. XIX əsrin 30–cu illərindən başlayaraq dövlət tərəfindən yeni tipli məktəblər təşkil edildi. Bu məktəblərin meydana gəlməsi ilə Azərbaycanda xalq maarifinin şəbəkəsi xeyli genişləndi, təkcə şəhərlərdə deyil, kəndlərdə də yeni məktəblər təsis edildi. Təhsilin rus dilində aparılmasına baxmayaraq bu məktəblərin meydana gəlməsi Azərbaycanda mühüm mədəni hadisə olub, əsrlərdən bəri mövcud olan köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, ana dili təlimi ideyasının və ana dilində yeni məktəblərin meydana gəlməsinə və inkişafına əlverişli zəmin hazırladı, ana dilində yeni dərslik və tədris vəsaitlərinin yaranmasına kömək etdi, ən başlıcası isə mütərəqqi pedaqoji nəzəriyyə ilə silahlanan yeni müəllimlər dəstəsi hazırlandı.

Azərbaycanın sonrakı inkişaf yolu əyani surətdə göstərirdi ki, bu hadisə Azərbaycanı feodal, geridə qalmış Şərq istibdadının əsarəti altına düşmək təhlükəsindən xilas etdi və onu iqtisadi, siyasi və mədəni tərəqqi yoluna yönəltdi. Məhz Rusiyanın tərkibinə daxil olduqdan sonra Azərbaycan geridə qalmış patriarxal–feodal quruluşdan xilas olub, Rusiya dövlətinin tərkibində yeni ictimai–iqtisadi inkişaf yoluna düşdü və bununla da Azərbaycanda ictimai–pedaqoji fikrin, məktəb və xalq maarifinin inkişafına istiqamətverici təkan verildi.

Mədəni inkişafa əngəl olan feodal pərakəndəliyi və daxili feodal müharibələri aradan qalxdıqdan sonra dinc şəraitdə ölkənin mədəni həyatı da tədricən canlandı. Azərbaycan mədəniyyətinin bir çox sahələrində ümumi tərəqqi dövrü başlandı. Bu vaxt yeni, görkəmli mədəniyyət xadimləri yetişdi, teatr və mətbuatın ilk rüşeymləri yarandı; dövlət tərəfindən açılan ilk məktəblər həyata bir yenilik gətirdi; yeni üsullu dərsliklər və tədris vəsaitləri yazıldı, rusca təhsil alan yeni ziyalılar dəstəsi yetişdi. Azərbaycanda maarifçilik hərəkatı özünü göstərməyə başladı. Mədəniyyətdə müasirlik meyilləri artdı. Azərbaycan alimləri mütərəqqi elmin inkişafında getdikcə daha artıq iş görməyə başladılar. Coğrafiya, ölkəşünaslıq, astronomiya, məntiq, pedaqogika və psixologiya, dilşünaslıq, tarix və s. elmlər sahəsində az–çox müasir məzmunda yeni əsərlər yaradıldı. Rus xalqının mütərəqqi mədəniyyəti, Azərbaycanda elmin bir çox sahəsinin meydana çıxması və inkişafı üçün şərait yaratdı. Rus mədəniyyəti, məktəbi və pedaqoji fikrinin qabaqcıl xadimləri vasitəsilə mütərəqqi ictimai və pedaqoji ideyalar Azərbaycana nüfuz edirdi.

XIX əsrin lap əvvəllərində (1801), Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra Tiflisdə ilk rus məktəbinin əsası qoyuldu. “Tiflis nücəbi məktəbi”adlanan bu tədris müəssisəsində əsasən Gürcüstan əsilzadələrinin və rus çinovniklərinin uşaqları oxuyurdu.

Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan dilinə, bu dili bilən tərcüməçilərə böyük ehtiyac hiss edilirdi.

Zaqafqaziyanın baş hakimi general A.P.Yermolov XMN–nə yazmışdı ki, Azərbaycan dili bu yerlərdə ayrıca əhəmiyyət kəsb edir, burada yaşayan xalqlarla, həmçinin qonşu hökumətlərlə saysız–hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, tərcüməçilər olmadan mümkün deyil.

Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi burada da təhsilin rus dilində verildiyi rus məktəbləri açmaq zərurətini meydana gətirdi.

Odur ki, çar hökumətinin Cənubi Qafqazdakı general və admiralları bu yerlərdə məktəb açmaq və yerli dillərin, ilk növbədə Azərbaycan dilinin tədrisini vacib bilirdilər.

Bu dövrdə həmçinin yerli əhali içərisində də təhsilə, rus dilini öyrənməyə meyil və həvəs oyanırdı.

Bütün bunlar onunla nəticələndi ki, mərkəzi hökumət 1829–cu il avqustun 2–də Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsini təsdiq etdi və XIX əsrin birinci yarısından etibarən Azərbaycanda qəza məktəbləri adlanan dövlət məktəblərinin bünövrəsi qoyuldu. Çarizmin müstəmləkəçilik siyasətinə, məktəblərin bir sıra qüsurlarına baxmayaraq dövlət məktəbləri Azərbaycanda rus dilinin, rus dilində dünyəvi təhsilin yayılmasında xüsusi əhəmiyyətə malik idi.

O zamanlar dövlət məktəblərinin təşkili və azərbaycanlıların bura cəlb edilməsi böyük mütərəqqi hadisə idi. Azərbaycanın görkəmli mütəfəkkirləri M.F.Axundov, H.Zərdabi və bir çox ziyalılar ilk təhsillərini məhz bu məktəblərdə almış, rus dilini burada öyrənmişlər.

Yeni yaradılan qəza məktəblərinin tədris planına Azərbaycan dili də daxil edilmişdi. Bu onunla bağlı idi ki, XIX əsrdə Azərbaycan dili təkcə Cənubi Qafqazda deyil, bütün yaxın Şərqdə böyük rol oynayırdı. “Fransız dili ilə Avropanı dolanmaq mümkün olduğu kimi bu dillə də Asiyanı başdan–başa dolanmaq olardı (Bestujev Marlinski). Cənubi Qafqazda olmuş səyyahlar, alim və yazıçılar bu dili öyrənməyə çalışır, ona böyük əhəmiyyət verirdilər. Bu dil ayrıca bir fənn kimi Qafqazın Tiflis, İrəvan, Dərbənd, Kutaisi, Stavropol, Qori və s. şəhərlərindəki dövlət məktəblərinin tədris planına daxil edilmişdi. Tiflis gimnaziyasında Azərbaycan dilini yaxşı öyrənən şagirdlərin, qızıl və gümüş medallarla mükafatlandırılması məktəblərin 1835–ci il nizamnaməsində ayrıca qeyd edilirdi.

Bütün bunlarla bərabər o vaxtlar müəllimlik işinə yararlı adamlar axtarıb tapmaq çətin idi. Zaqafqaziya məktəblər direktoru yazırdı: “Təcrübənin mənə sübut etdiyi kimi bu təhsil müəssisələrində ibtidai təhsil üçün müəllimlərin yerli tatar (Azərbaycan H.Ə.) dilini bilməsi zəruridir və mən yalnız çox böyük çətinlikdən sonra Bakı və Yelizavetpol (Gəncə – H.Ə.) məktəbləri üçün belə müəllimlər tapa bildim”.

Qəza məktəblərində Azərbaycan dilini tədris edən yerli ziyalılar içərisində M.Ş.Vazeh ilə M.F.Axundov xüsusilə fərqlənirdi. M.Ş.Vazeh Gəncə, M.F.Axundov isə Tiflis qəza məktəbində idi.

1836–1840–cı illərdə Tiflis qəza məktəbində müəllim vəzifəsində işləyən M.F.Axundzadə təlim və tərbiyə sahəsində bir çox maraqlı məsələlər qaldırması, mütərəqqi fikirləri yayması ilə dövrünün qabaqcıl adamları ilə bir sırada dururdu. O, xalq kütlələri arasında elmi və maarifi yaymağı başlıca vəzifə hesab edirdi.

M.F.Axundzadənin təlim və tərbiyə sahəsində bir çox maraqlı məsələlər qaldırması, mütərəqqi fikirləri yayması ilə dövrünün qabaqcıl adamları ilə bir sırada dururdu. O, xalq kütlələri arasında elmi və maarifi yaymağı başlıca vəzifə hesab edirdi.

M.F.Axundzadənin pedaqoji fikirlərinin mərkəzində xalq məktəblərinin zəruriliyi, müəllim kadrların hazırlığı, təlimin ana dilində aparılması, təlimin metodikası, qadın təhsili problemləri, məktəblərdə real və dünyəvi biliklərin öyrədilməsi məsələsi dururdu. O, dünyəvi təhsil uğrunda mübarizə aparır, təhsilin məzmununda təbiət elmlərinə üstünlük verir, eyni zamanda humanitar fənlərin, ilk növbədə ədəbiyyat, tarix, hüquq və fəlsəfənin öyrənilməsinin əhəmiyyətini yüksək qiymətləndirirdi. Ümumtəhsil işində o, musiqi, nəğmə, rəsm və oyunların rolunu ayrıca qeyd edirdi. O, gənclərin əmək və fiziki tərbiyəsinin pedaqoji əhəmiyyətinə dair diqqətəlayiq fikirlər söyləmişdir.

M.F.Axundzadənin fikirlərində başlıca məqsəd insanları tərbiyə etmək, onlara doğru yol göstərməkdir. Axundzadənin əsərlərində hökmdarlar, zülmkarlar, fırıldaqçı ruhanilər, hər cür istismarçılar, rüşvətxor çar məmurları ifşa edilir, zəhmətkeş xalqda mədəniyyətə və maarifə maraq aşılanırdı.

Ümumi savadın rolunu düzgün qiymətləndirən M.F.Axundzadə ümumi təhsil ideyasına gəlib çıxmış, dünyəvi məktəb, dünyəvi təhsil tərəfdarı olmuş, təhsilin ana dilində aparılması ideyasını irəli sürmüş, müəllim kadrları hazırlığının vacibliyini qeyd etmişdir. Qadın təhsilinə, gənclərin əmək və fiziki tərbiyəsinə yüksək qiymət vermişdir. O, vətənpərvərlik hissini bütün digər əxlaqi–mənəvi sifətlərdən daha üstün tuturdu.

M.F.Axundzadənin fikirlərində təlim və tərbiyənin bir sıra başlıca məsələləri öz əksini tapmış və özündən sonrakılara ciddi təsir göstərmişdir.

XIX əsrin 30–cu illərindən başlayaraq, təsis edilən dövlət məktəblərində Azərbaycan dilinin tədrisi nə qədər zəruri və həyati əhəmiyyət kəsb edirdisə, bir qədər də çətin idi. Bu çətinliklərin əsas səbəblərindən biri də münasib dərsliklərin, tədris vəsaitinin, ümumiyyətlə çap edilmiş kitabların yoxluğu idi. M.F.Axundzadə yazırdı: Azərbaycanın Rusiyaya birləşdirilməsinə qədər “İran şahları hakim olduqları zaman tatarların (azərbaycanlıların —H.Ə.) yazı işləri fars dilində, türklər hakim olduqları zamanlar isə Cənubi Qafqazda yaşayan tatarların dilindən kökündən fərqli olaraq türk dilində aparılırdı”.

Bütün bunların nəticəsində şagirdlər təmiz Azərbaycan dilində ədəbiyyatdan, demək olar ki, məhrum idilər və bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmirdi. M.F.Axundzadənin yazdığı kimi, əgər bu dildə bəzi əsərlər vardırsa da, onlar ya başqa dillərdən tərcümə edilmişdi, ya da fars, türk və ya ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışdı. Beləliklə, bu əsərlər, daha doğrusu, bu tərcümələr əsasında Azərbaycan dilinin ruhunu anlamaq və bu dili xalqın işlətdiyi vəziyyətdə məktəbdə tədris etmək mümkün deyildi.

Beləliklə, ilk qəza məktəbləri meydana gəldikdən sonra dərsliklər sahəsindəki acınacaqlı vəziyyət özünü daha qabarıq şəkildə göstərirdi. Sonralar, 1853–cü ildə bu məsələdən bəhs edən M.F.Axundzadə yazırdı: “Hər yerdə qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər bu məktəblərdə Azərbaycan dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı”.

Zaqafqaziya məktəblər direktoru 1833–cü il noyabrın 13–də Rusiya Xalq Maarifi Departamentinə yazırdı: “Keçmiş Tiflis əsilzadələr məktəbində olduğu kimi, indi də gimnaziyada tatar (Azərbaycan —H.Ə.) dilinin tədrisinə aid vəsait tamamilə çatmır. Halbuki, bu dil Cənubi Qafqaz əyalətindəki yerli dillərdən ən mühümüdür…”

Azərbaycanda və bütün Qafqazda dövlət məktəblərinin meydana gəlməsi və Azərbaycan dilinin bir fənn kimi tədris edilməsi Azərbaycan dilində müvafiq tədris vəsaitinin hazırlanmasına əlverişli şərait yaratdı.

Azərbaycan dilinin tədrisinə aid ilk dərsliklər hazırlamaq işində Tiflis qəza məktəbi və gimnaziyası müəllimlərinin rolu böyük olmuşdur. Məlum olduğu kimi, XIX əsrdə Tiflis Cənubi Qafqazın inzibati mərkəzi olmaqla, həm də elmi mərkəzi idi. Digər millətlərin qabaqcıl nümayəndələri kimi, Azərbaycanın da A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh kimi maarifpərvər oğulları burada fəaliyyət göstərirdilər. Onlar bir tərəfdən Tiflisdəki dövlət məktəblərində Azərbaycan dilindən dərs deyir, digər tərəfdən də dərslik tərtib edir, yeni dərsliklərə rəy verir və beləliklə də Azərbaycan dilinin tədrisini yaxşılaşdırmaq naminə əllərindən gələni əsirgəmirdilər.

Azərbaycan dilində yeni tipli dərslik tərtib etmək sahəsində ilk təşəbbüs M.F.Axundova aiddir. Onun Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işlərkən azərbaycanlı uşaqlar üçün yeni üsulla (sövti üsulla) bir dərslik tərtib etməyə başlaması məlumdur. Onun bu təşəbbüsünü təsdiq edən bir mötəbər sənəd vardır. Bunlardan biri X.Abovyanın 1839–cu ildə tərtib etdiyi “Naxaşaviq” adlı erməni dili dərsliyinə alman dilində yazdığı müqəddimədən ibarətdir. Orada deyilir: “Bizim qəza məktəbinin tatar (Azərbaycan —H.Ə.) dili müəllimi Mirzə Fətəli Axundov öz həmyerliləri üçün bu üsulla (sövti üsul nəzərdə tutulur —H.Ə.) bir dərslik tərtib etməyə başlamışdır”. Bu sənəd Yerevan şəhərində Y.Çarents adına ədəbiyyat və incəsənət muzeyində saxlanılır. Lakin təəssüf ki, son zamanlar apardığımız tədqiqatlar nəticəsində məlum olmuşdur ki, M.F.Axundzadə bu işi axıra çatdırmamış, həmin işi onun öz yerinə dəvət etdiyi keçmiş müəllimi M.Ş.Vazeh yerinə yetirmişdir.

Aparılan tədqiqatların nəticəsi belə bir fikir söyləməyə imkan verir ki, M.F.Axundovun səhhətinin pozulması və rəsmi qulluq vəzifəsinin çətinliyi ilə əlaqədar olaraq 1840–cı il martın 20–də öz ərizəsi ilə Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsindən azad olması, onu “Əlifba” adlı dərslik yazmaq niyyətindən çəkindirmişdir.

M.F.Axundov müəllimlikdən azad olarkən öz yerinə keçmiş müəllimi, Gəncədə müəllimlik və xəttatlıqla məşğul olan şair Mirzə Şəfi Vazehi məsləhət görmüşdür. 1840–cı il noyabrın 24–dən 1846–cı ilədək Tiflis qəza məktəbində, 1850–ci ilin yanvarından ömrünün sonunadək (16.XI.1852–ci ilə qədər) Tiflis gimnaziyasında Azərbaycan dili müəllimi vəzifəsində işləyən M.Ş.Vazeh, özünün keçmiş şagirdi M.F.Axundovun başladığı nəcib işi —ana dilində dərslik tərtib etmək işini davam etdirmişdir. M.Ş.Vazehin tərtib etdiyi “Kitabi–türki” adlı dərslik onun ölümündən sonra həmin gimnaziyanın Azərbaycan və fars dilləri üzrə baş müəllimi İ.Qriqoryevin səyi nəticəsində 1855–ci ildə Təbrizdə daş basmasında çap edilmişdir.

M.F.Axundzadə müəllimlik vəzifəsindən azad edildikdən sonra da digər müəlliflər tərəfindən tərtib edilən dərs vəsaitlərinin müzakirəsində fəal iştirak etmişdir.

Gürcüstan Respublikası MDA–da saxlanılan sənədlərdən məlum olur ki, Tiflis gimnaziyasının Azərbaycan dili müəllimi Hacı Yusif Şahnəzərov–Şapurovun Azərbaycan, ərəb, fars və türk dillərində tərtib etdiyi vəsaitlərin 1845–ci ildə Tiflis gimnaziyasında təşkil edilmiş müzakirəsində gimnaziyanın Azərbaycan və fars dilləri müəllimi İ.Qriqoryev, Tiflis qəza məktəbinin müəllimi M.Ş.Vazeh ilə bərabər canişin dəftərxanası Şərq dillərinin mütərcimi praporşik M.F.Axundzadə də yaxından iştirak etmiş və bu əsərlər barədə rəy söyləmişdir. M.F.Axundzadə onun “Nümunəvi yazı qaydaları” adlı əsərinə rəy vermişdir.

M.F.Axundzadə ömrünün son 20 ilini ərəb əlifbasında islahat aparmaq, onu dəyişdirmək uğrunda mübarizəyə həsr etmişdir.

Yeri gəlmişkən qeyd edək ki, M.F.Axundzadənin “Məhəmməd əlifbası”nı təkmilləşdirmək fikrinə düşməsinə, “yeni əlifba icad etməsinə” aid o dövrün mərkəzi rus mətbuatında, xüsusilə də “Sankt–Peterburqskie vedomosti” adlı qəzetin səhifələrində maraqlı yazılar, xəbərlər dərc edilmişdir. Qəzetin 16 mart 1860–cı il tarixli 59–cu sayında (səh.286) “N.N” imzası ilə çap edilən “Redaksiyaya məktub”, 1859–cu il 20 noyabr tarixli 253–cü sayında (səh.1124), “R” imzası ilə dərc edilən “Şərq, İran–Hindistan” adlı məqalə, həmçinin “Oteçestvennıe Zapiski” adlı məcmuənin 1860–cı ildəki 13 və 15–ci saylarında dərc edilən “Qərbi Zaqafqaziya oçerkləri” adlı məqalələr bu cəhətdən xarakterikdir.

M.F.Axundzadənin yeni əlifba uğrunda mübarizəsi milli maarifin və mədəniyyətin yüksəlişi uğrunda aparılan bir mübarizə idi.

M.F.Axundzadə geniş xalq kütlələrinin savadlandırılması işində ərəb əlifbasının böyük əngəl olduğunu görərək 1857–ci ildən bu əlifbanın dəyişdirilməsinə çalışmışdır. O belə hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar üçün, o cümlədən türkdilli xalqlar üçün əsla əlverişli deyil. O, əvvəlcə ərəb əlifbasının islahatına, sonra isə latın əlifbası əsasında yeni əlifbanın yaradılmasına dair layihələr tərtib etmişdir. Rusiya, İran, Türkiyə və avropalı müasirlərinə ərəb əlifbasının nöqsanlarını elmi dəlillərlə şərh edən məktublar yazmışdır.

M.F.Axundzadənin bu ideyası əvvəlcə keçən əsrin 20–30–cu illərində, zəmanəmizdə isə 90–cı illərdə həyata keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004–cü il tarixli sərəncamı ilə M.F.Axundzadənin əsərləri də üç cilddə nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

 

Hüseyn ƏHMƏDOV,

ADPU–nun kafedra müdiri, professor.

 

Respublika.- 2012.- 7 dekabr.- S. 7.