| Heydər
Əliyev xalqımızın qəlbində daim
yaşayacaqdır
Xalqı vahid milli ideya
ətrafında birləşdirməyi bacaran
lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir.
Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət və alternativsiz
milli lider kimi XX əsrin sonlarında Azərbaycanı bəlalardan
qorudu, onun suverenliyini qoruyub saxlaya bildi. Azərbaycanın
son otuz ildən
artıq bir dövrü
Heydər Əliyevin adı ilə qırılmaz tellərlə
bağlıdır. Bu illər ərzində
ictimai–siyasi, iqtisadi və mədəni həyatımızın
bütün sahələrində
dirçəliş əldə olunub. Heydər Əliyev rəhbərlik etdiyi
bu dövr ərzində
daim tərəqqisi üçün
çalışdığı, zəngin mədəniyyəti,
böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək
nəsillərin taleyi üçün
düşündüyü doğma yurdu Azərbaycanı
bir dövlət kimi
zamanın ağır və sərt sınaqlarından
çıxarıb.
1993–cü ilin may–iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.
Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993–cü il iyunun 15–də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24–də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, 1993–cü il oktyabrın 3–də Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi–iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar oldu.
Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Bu da öz növbəsində dövlət institutunu möhkəmləndirdi. Ölkə iqtisadiyyatının dirçəlişi yönümündə də çoxsaylı vacib müqavilə və proqramlar imzalandı, təsərrüfatın ayrı–ayrı sahələrində perspektiv layihələr, islahatlar həyata keçirildi. Odur ki, 1995–ci ildən iqtisadiyyatda inkişaf açıq–aydın gözə çarpmağa başladı.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Heydər Əliyevin əvəzsiz xidmətidir. 1994–cü ildə çoxlarına əfsanə kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.
Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA–nın reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Heydər Əliyev deyirdi: “Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz… Tarixi Böyük İpək Yolunun bərpası, milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir”.
Ümummilli liderimizin gərgin əməyi sayəsində 1994–cü ilədək davam edən iqtisadi tənəzzülə son qoyuldu. Makroiqtisadi göstəricilər ilbəil yüksəldi. Dinamik inkişaf dövrü başlandı. 1996–cı ildə “Torpaq islahatı haqqında” qanun qüvvəyə mindi. Torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları bərqərar oldu.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995–ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.
Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.
Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub.
Vaxt ötəcək, nəsillər bir–birini əvəz edəcək, onda hamı bir daha keçmişimizi araşdıranda görəcək ki, Heydər Əliyev böyük və tükənməz düha sahibi kimi ölkəmizin bugünü və gələcəyi üçün nələr etmişdir, necə əzəmətli tədbirlər həyata keçirmişdir. O, Azərbaycanın salnaməsində təkrarolunmaz rəhbər, unudulmaz el oğlu, fədakar insan kimi qalmışdır.
Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması, Azərbaycan həqiqətlərini mötəbər tribunalarda bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyevin dövlətçilik ideyalarının, Heydər Əliyev yolunun alternativi yoxdur və bu yol xalqımızı yeni–yeni uğurlara, zəfərlərə aparır.
Fikrət
MƏMMƏDOV,
“Gilanlift”
MMC–nin baş direktoru.
Respublika.- 2012.- 7 dekabr.- S. 4.