| AZƏRBAYCAN
MÜASİR ORDUYA VƏ GÜCLÜ MÜDAFİƏ
SƏNAYESİNƏ MALİKDİR
Müstəqil
Azərbaycan dövlətinin hərtərəfli və sürətli
inkişafını müəyyən edən amillər
içərisində möhkəm iqtisadi
potensialın, güclü ordunun
və müdafiə sənayesinin mövcudluğu
prioritet məsələlərdir. Müasir milli ordu və
güclü müdafiə sənayemiz həm
də müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində,
ölkəmizin bölgədə geopolitik
güc mərkəzi kimi
özünü təsdiqləməsində
önəmli rol oynayır. Ölkəmizin
hərtərəfli inkişafı naminə həyata keçirilən
konkret dövlət proqramları,
irimiqyaslı infrastruktur layihələri
sayəsində Azərbaycan öz iqtisadi gücünü böyük dərəcədə artıra bilib və bu proses həyatımızın bütün
sahələrini əhatə etməkdədir. Daim
artan iqtisadi qüdrətimiz
indiki halda ölkəmiz
üçün çox
vacib olan milli ordu və hərbi sənayemizin
inkişafına da güclü
təkan verib.
Müharibə şəraitində yaşamağa məcbur olan Azərbaycanda milli ordu quruculuğu və müdafiə sənayesinin formalaşdırılması sahəsində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu öndərimizin hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970–1980–ci illərdə bu sahədə çox böyük işlər görülmüş, müstəqillik illərində isə, sözün həqiqi mənasında, ölkəmizdə güclü milli ordu formalaşdırılmışdır. Xatırladaq ki, milli ordumuzun hərbi–texniki bazasının gücləndirilməsi məqsədilə 2003–cü ildə ümummilli liderimiz Heydər Əliyevin sərancamı ilə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003–2005–ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib və bu proqram hərbi müdafiə sahəsində yeni mərhələnin əsasını qoyub. Hazırda ulu öndərimizin siyasi kursu onun ən layiqli siyasi varisi, Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Azərbaycanın hərbi qüdrətinin və müdafiə qabiliyyətinin gücləndirilməsi dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub. 2005–ci ildə dövlətimizin başçısının sərancamı ilə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Nazirliyin tabeliyinə verilmiş istehsal müəssisələrinin yenidən qurularaq istifadəyə verilməsi üçün geniş proqramlar işlənib və təxirəsalınmadan icrasına başlanılıb. Qısa müddətdə ölkəmizdə müdafiə sənayesinin inkişafında ciddi dönüş yaranıb. Hazırda Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üzrə cari və perspektiv proqnozların hazırlanması, tətbiqi işi uğurla davam etdirilir və Azərbaycanın hərbi və müdafiə qüdrəti daim yüksəlir. Prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğu və müdafiə sənayesi sahəsində işlərin uğurla davam etdirildiyini önə çəkərək deyib: “Biz öz müdafiə potensialımızı gücləndiririk… Bu, bizim məqsədyönlü siyasətimizin bir hissəsidir. Çünkü biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik”.
Regionun lider dövlətinə çevrilən Azərbaycanın qarşısında duran yeganə problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub və uzun illərdir ki, danışıqlar prosesinə sadiqiq. Bunun əksinə olaraq, Ermənistan öz təcavüzkar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri–konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Təcavüzkar Ermənistan BMT–nin məlum qətnamələrini, beynəlxalq təşkilatların təkliflərini də qulaqardına vurur və bununla da bütün dünyaya meydan oxuyur.. Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki nitqində bu məsələləri xüsusi vurğulayıb: “Əgər müstəqillik dövrünə nəzər salsaq, görərik ki, bu 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni uçurum daha da böyük olmuşdur. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcəkdir. Diplomatik səylər davam etdirilir. Səfirliklərin bu istiqamətdə fəaliyyəti məqsədyönlüdür. Dünyadakı dostlarımızın, dost ölkələrin sayı artmaqdadır. Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinə dair ədalətli, yəni maraqlarımızı təmin edən qətnamələr kifayət qədər qəbul edilmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT–in qərarları, digər beynəlxalq təşkilatların – İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının qətnamələri, NATO–nun qərarları, yəni hüquqi baza kifayət qədər genişdir, möhkəmdir və sarsılmazdır. Münaqişənin həlli üçün, ilk növbədə hüquqi baza möhkəm olmalıdır. Bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəifdir, bizim mövqelərimiz isə çox güclüdür”.
Dövlətimizin başçısı həmin müşavirədə məsələnin tarixi aspektlərinə də çox böyük önəm verib. Bu da təbiidir. Çünki uzun illər ərzində ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Azərbaycan məsələnin tarixi aspektinə dair tutarlı arqumentlərlə bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndirir.
Diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki nitqində Prezident İlham Əliyev münaqişənin həllində iqtisadi məsələlərin böyük əhəmiyyətini də nəzərə çatdırıb: “Bu gün Ermənistan ilə Azərbaycan arasında fərq kifayət qədər böyükdür. Bizim iqtisadiyyat müqayisəedilməz dərəcədə irəliyə gedibdir. Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir. İqtisadi tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır. İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır…Yəni biz istədiyimizə nail ola bilmişik. Enerji resurslarımızdan səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı şaxələndirmişik və bu gün qeyri–neft iqtisadiyyatı uğurla inkişaf edir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə, Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı… Yəni bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyildir, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcəkdir”.
Azərbaycanda bu gün ən müasir silahlar, düyüş sursatları və hərbi texnika istehsal olunur və proses daim təkmilləşdirilməkdədir. Beynəlxalq müdafiə sənayesi sərgilərində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar, xüsusən də “İstiqlal” tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin hərbi mütəxəssislərində belə xüsusi maraq doğurmuşdur. Təsadüfi deyil ki, ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların satışı ilə bağlı bir sıra xarici dövlətlərlə danışıqlar aparılır.
Hazırda Azərbaycanda çox güclü ordu yaradılmışdır və bu ordu qarşıda duran bütün məsələləri həll etməyə qadirdir. Ordumuzun maddi–texniki bazası möhkəmlənmiş, əsgər və zabitlərin peşəkarlığı artmışdır. Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğu prosesinə daim böyük diqqət yetirildiyini önə çəkərək deyib: “Çünkü ordunun möhkəmləndirilməsi hər bir vətəndaşın işidir, hər bir vətandaşın borcudur. İlk növbədə, dövlət öz diqqətini əsirgəməməlidir. Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi–texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik”.
Xəlil CABBAROV,
Respublika.- 2012.- 7 dekabr.- S. 1.