| Görkəmli bəstəkar və pedaqoq

 

Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov—bu ad musiqisevərlərə yaxşı tanışdır. O, musiqi bəstələməyə hələ Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuduğu illərdə başlamışdır. Texnikumu tar sinfi üzrə bitirən Sərdar Fərəcov 1977–ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olmuş və tələbəlik illərində bəstələdiyi əsərlərlə musiqi ictimaiyyətində gənc bəstəkar kimi tanınmağa başlamışdır. Tələbə Sərdarın birbirinin ardınca bəstələdiyi piano üçünVariasiyalar”, simli kvartet, klarnet, violinopiano üçünTrio”, Böyük Simfonik Orkestr üçün bəstələdiyi üçhissəli “Birinci Simfoniyaonun gələcəkdə istedadlı bəstəkar olacağına ümid verirdi. Beləliklə, ilk uğur özünü çox gözlətmədi. Onun Birinci Simfoniyası 1983– ildə Moskvada gənc bəstəkarların Ümumittifaq müsabiqəsində diploma layiq görüldü, digər əsərləri isə dəfələrlə Azərbaycan bəstəkarlarının plenumunda və konsertlərində səsləndirilməyə başlanıldı. 2007–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında səsləndirilən “Şah Xətai” adlı İkinci Simfoniyası isə müəllifinə böyük uğur qazandırdı.

Sərdar Fərəcovun əsərləri Azərbaycanla yanaşı, Rusiya, Bolqarıstan, Almaniya, Türkiyə, Kanada və ABŞ musiqisevərlərinə də yaxşı tanışdır. Yaradıcılıq vurğunu olan bəstəkar öz bacarığını teatr musiqisi sahəsində də sınamışdır. Onun Musiqili Komediya Teatrı üçün yazdığı “Səhnədə məhəbbət”, “Birgünlük siğə”, “Şəhərdə manyak var” operettaları, Şəki Teatrı üçünBankir adaxlı”, Gənclər Teatrı üçün “Şəngülüm, Məngülüm”, “Tədbirə qarşı tədbir”, “Varlı qadın” əsərlərinə yazdığı musiqi bu gün də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bunlardan başqa, Sərdar Fərəcov Gənc Tamaşaçılar Teatrı, Lənkəran, Mingəçevir teatrları, Tiflis Dövlət Azərbaycan Teatrı, İrəvan Azərbaycan Teatrı ilə də uğurlu əməkdaşlıq etmişdir. Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan “Ölüləri qəbiristanda basdırın”, “Yaşlı qadının qayıdışı” əsərlərinə bəstələdiyi musiqi opera səviyyəsi təəssüratı yaradır. Ümumiyyətlə, 50–dən artıq teatr tamaşasına musiqi bəstələyən Sərdar Fərəcovun “Azərbaycanfilm”in “Koroğlu” serialına və Bakı kinostudiyasının “Cavad xan” filminə bəstələdiyi musiqi onu tamaşaçılara kino musiqisi ustası kimi də tanıtmışdır.

Bəstəkarın mahnı janrında fəaliyyəti də uğurlu hesab oluna bilər. Flora Kərimova, Elxan Əhədzadə, Xanım Qafarova və başqalarının ifasında səslənən həmin mahnılar Azərbaycan Televiziyası və Radiosunun fonotekasında qorunub saxlanılmaqdadır.

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Sərdar Fərəcov ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin evmuzeyinin direktorudur. Bu müqəddəs ocağa ləyaqətlə rəhbərlik edən Sərdar müəllim Üzeyir bəy musiqisi irsinin yorulmaz tədqiqatçısıdır desək, yanılmarıq. O, dahi bəstəkarımızın yarımçıq qalmış əsərlərini, arzularını doğma övlad qeyrəti ilə tamamlayaraq səhnəyə qoyulmasında böyük rol oynamışdır. Sərdar Fərəcov dahi bəstəkarımız Üzeyir Hacıbəylinin iyirmiillik əməyinin bəhrəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental monoqrafiyanın türk musiqi nəzəriyyəçisi Şənel Önaldı tərəfindən mənimsənildiyini respublika mətbuatında kəskin tənqid etmiş, Üzeyir bəyin müəlliflik hüququnu böyük məhəbbətlə bir daha sübuta yetirmişdir. Bundan başqa, Üzeyir Hacıbəylinin “Milli marş”ı, “Azərbaycan marşı” (Azərbaycan Respublikasının Himni), “İki rəqs”, “Simli kvartet üçün miniatürlər”i, “Səni gözləyir”, “Bahar nəğməsi”, “Çırpınırdı Qara dəniz” mahnıları Sərdar Fərəcov tərəfindən tədqiq edilmiş, partituraya klavir halında işlənilib ictimaiyyətin diqqətinə verilmişdir. Həmin əsərlər konsert salonlarında bu gün də səslənir, lentə yazılıb saxlanılır, not kitablarında çap olunur. Sərdar Fərəcov Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad” operettaları üzərində redaktə işi aparmış, onları nəşrə hazırlamışdır. Çapa hazırlanan “Əsli və Kərəm” operasının, “Arşın mal alan” operettasının partiturasının ərsəyə gəlməsində də Sərdar Fərəcovun əməyi var. 2008–ci ildə Şərqin ilk operası olanLeyli və Məcnun”un 100 illiyi münasibətilə bu möhtəşəm musiqi abidəsinin yubiley nəşri işıq üzü görmüşdü. Bu nəşrin də təşəbbüskarı, redaktoruona yazılmış on sözün müəllifi Sərdar Fərəcovdur.

O, 2009–cu ildə “Şeyx Sənan” operasının 100 illiyi münasibətilə böyük tədqiqat işi aparmış, əlyazması, demək olar ki, itib–batmış əsərin bir neçə musiqisini bərpa etmişdir. Onun Üzeyir bəyin xatirəsinə yazdığı “Qu nəğməsi” radiopyesi isə Dövlət Radiosunda səsləndirilmiş, az sonra isə nəşr olunmuşdur.

Sərdar Fərəcov çoxcəhətli yaradıcılığı ilə həmkarları arasında seçilir. Musiqişünaslığa aid məqalələri və tərcümələri onun nəzəri fikirləri haqqında aydın təsəvvür yaradır. Bu cəhətdən müəllifin “Üzeyir işığında” məqalələr toplusu diqqəti cəlb edir. Sərdar Fərəcovun poeziya, nəsr və dram yaradıcılığı onu istedadlı, bədii təfəkkürə malik qərəm sahibi kimi səciyyələndirir. O, bu gün müəllimi Üzeyir Hacıbəylinin evmuzeyinin daha da zənginləşməsi istiqamətində var qüvvəsi ilə çalışmaqla yanaşı, dahi bəstəkarın irsinin tədqiqi ilə də ciddi məşğul olur. Milli musiqi mədəniyyətimizin öyrənilməsində və inkişafında, ədəbi yaradıcılıqda ona yeniyeni uğurlar arzulayırıq.

 

Gülnarə Ələsgərova,

Üzeyir Hacıbəylinin ev–muzeyinin ekspozisiya şöbəsinin müdiri.

 

Respublika.- 2012.- 8 dekabr.- S. 7.