| Xaçmazda
quruculuq işləri yüksək
zövqlə, sürətlə aparılır
Potensial iqtisadi imkanlara,
əlverişli torpaq–iqlim
şəraitinə, yüksək inkişaf
tempinə malik Xaçmaz
gündən–günə dəyişir, daha
da gözəlləşir. “Şimal mirvarisi”nin hər guşəsində gedən geniş tikinti, abadlıq,
quruculuq işləri həm sakinləri, həm
də hər gün buraya
üz tutan yüzlərlə turisti, qonaqları qəlbən razı
salır. Son vaxtlar burada
görülən işlər bütün
sahələrdə ürəkaçandır. Ötən 9 ay ərzində rayonda çox iş görülüb. 2012–ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına həsr
olunmuş yığıncaqda hesabat məruzəsi ilə
çıxış edən rayon icra hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayev
demişdir: “Ölkə
başçısının daimi
qayğı və diqqəti sayəsində Xaçmaz
özünün inkişaf
və yüksəliş dövrünü
yaşayır. 2009–2013–cü illəri əhatə
edən ikinci Dövlət Proqramı uğurla icra olunur. Proqramda rayonda müxtəlif sahələri
əhatə etməklə 17 bənd üzrə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ötən müddət ərzində görülən tədbirlər
nəticəsində rayonda 5790 yeni iş yeri
açılmışdır ki, bunun da 3229–u
daimidir. Təkcə 2012–ci ilin 9 ayında rayonda 1035 iş yeri açılmışdır”.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ümümi məhsul buraxılışı 2,5 faiz, sənaye məhsulu 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 14,5 faiz, adambaşına düşən pul gəlirləri 1,4 faiz, orta aylıq əmək haqqı 21,4 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 21,3 milyon manat təşkil etmişdir. 9 ay ərzində ümumi sahəsi 26700 kvadratmetr mənzil tikilib istifadəyə verilmişdir. Rayonun büdcə gəlirləri bu dövrdə 8,7 milyon manat, büdcə xərcləri isə 18,4 milyon manat təşkil etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ötən il sentyabr ayının 23–də Xaçmaza səfərindən sonra rayonumuzda abadlıq–quruculuq, tikinti sahəsində görülən işlər daha böyük vüsət almışdır. Şəhərin giriş hissəsində, 7 hektardan artıq bir ərazidə abadlıq işləri aparılmış və burada tərəfimizdən “Çənlibel” parkı yaradılmış, parkın mərkəzində xalq qəhrəmanı Koroğlunun 15 metr hündürlüyündə yeni abidəsi ucaldılmış, 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə açılışı həyata keçirilərək sakinlərin istifadəsinə verilmişdir. Bu ərazidə yerləşən şəhər qəbiristanlığının divarları milli üslubda yenidən tikilmiş, divar boyu 4 ədəd günbəz və 1 bulaq kompleksi inşa edilmişdir. Şəhərin bu guşəsi də digər istirahət yerlərimiz kimi xaçmazlıların və şəhərin çoxsaylı qonaqlarının sevimli məkanlarından birinə çevrilmişdir. Hazırda parkın qarşı hissəsi genişləndirilərək milli üslubda divarlar çəkilir və abadlıq işləri aparılır. N.Nərimanov küçəsinin başlanğıcındakı dairədə yenidənqurma işləri aparılmış, burada sütunlar üzərində unikal “Saat–Şəlalə” kompleksi yaradılmışdır. Hazırda küçənin abadlaşdırılması davam edir. Şəhərimizin Heydər Əliyev prospektində və Zərifə Əliyeva adına küçədə tikinti və abadlıq işləri sürətlə gedir. 2800 metr uzunluğu olan Heydər Əliyev prospekti boyu bütün istinad divarları üzlük daşla hörülür, şəkillər yenidən qurulur, fərdi və çoxmənzilli yaşayış evləri prospektdə gedən işlərə uyğunlaşdırılır. Şəhərin şimal istiqamətdən girişində, Qudyalçayın sahilində giriş istinad divarının tikintisi də başa çatdırılmış, “Heydər Əliyev Seyrangahı”nın 2 hektar genişləndirilməsinə başlanılmışdır.
Möhtərəm Prezidentimizin təhsilə olan qayğısı nəticəsində son illər rayonda çoxlu sayda yeni, müasir tələblərə uyğun məkrəb binaları inşa olunmuşdur. Bu il rayon ərazisində Köhnə Xaçmaz kəndində 640 şagird yerlik, Uzunoba kəndində 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmiş və Müzəffəroba kəndində 180 şagird yerlik yeni məktəb binasının, Hacı Zeynalabdin Tağıyev küçəsində rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir. Prospektdə Ədliyyə Nazirliyi regional idarəsi üçün inzibati binanın tikintisinə başlanmışdır. Xaçmaz şəhər 1 nömrəli uşaq bağçasının, Heydər Əliyev prospektində təhsil şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Həmçinin Xudat şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Hazırda Xaçmaz şəhərində yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin işi davam etdirilir.
Həmçinin rayon ərazisində dövlətin investisiyası hesabına iki böyük obyektin; respublika regionlarında ilk olaraq sahibkarlığın inkişaına xidmət edəcək Regional Biznes Mərkəzinin və Olimpiya İdman Kompleksinin tikintiləri də davam etdirilir. Tikilən Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi rayonda idmanın inkişafına xüsusi təkan verəcəkdir.
Xidmət sahələrində müəyyən işlər görülmüşdür. Novruz Bayramı günlərində rayonun ən böyük kəndlərindən olan Çarxı kəndinin bir hissəsinə təbii qazın çəkilişi başa çatdırılmış, 450 abonentin evinə yeni qaz xətti çəkilmişdir. Qaz istismar idarəsinin rəhbərliyi başlanan və növbəti mərhələlərdə nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Təbii qazın dəyərinin toplanmasının 9 ayda 106,4 faiz təşkil etməsi bu sahədə işin düzgün təşkil olunmasının göstəricisidir.
Əhalinin elelktrik enerjisi ilə təchizatı, ümumən rayonun elektrik təsərrüfatı sahəsində bu dövr ərzində müəyyən işlər görülmüşdür.
Xaçmaz şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasının təməli qoyulmuş, bu istiqamətdə tikinti işlərinə başlanılmışdır. İnanırıq ki, Azərbaycan hökumətinin Yaponiyanın maliyyə dəstəyi ilə həyata keçirdiyi bu layihə Xaçmazda çox keyfiyyətlə və uğurla həyata keçiriləcəkdir. 9 ayda rayonun rabitə sahəsində də müəyyən işlər görülmüşdür. Hesabat dövründə 316 abonentə telefon xətti çəkilmiş, 815 nəfərə yüksək sürətli internet verilmişdir. Rayonun Aşağı Zeyid, Hacəlibəy, Kənd Xudat, Yalama, Ləcət, Nabran, Pirquluoba və Armudpadar kəndlərinə yüksək sürətli internet xidmətinin verilməsi üçün avadanlıqlar quraşdırılaraq istismara verilmiş, 115 kilometr fibrooptik kabel çəkilmişdir. 2012–ci ilin məhsulu üçün rayonun bütün təsərrüfat qurumlarında 35.765,0 hektar sahədə payızlıq bitkiləri əkilmişdir ki, bunun 29634,0 hektarı ərzaqlıq buğda, 6131,0 hektarı arpa bitkisidir. Əkilmiş taxıl sahələri əvvəlki ildən 4195,7 hektar çox olmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007–ci il tarixli sərəncamına uyğun olaraq, 2012–ci ilin 1–ci rübündə rayon üzrə istehsalçılara buğda əkininə görə 7709 nəfərə, 28334 hektar üçün 1,13 milyon manat yardım verilmişdir. 3–cü rübdə isə 13728 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 45098,73 torpaq sahəsinə görə əlavə olaraq 1.803,949.2 manat məbləğində yardım verilməsi həyata keçirilmişdir.
Aqrar sahəyə yüksək dövlət qayğısı nəticəsində kənd təsərrüfatının maddi–texniki bazasının gücləndirilməsi istiqamətində rayonumuzda da kifayət qədər işlər görülmüşdür.
Rayonda meşə təsərrüfatının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu günə qədər 40 hektar meşə salınmış, burada 150 mindən çox ağac əkilmişdir.
Hesabat dövründə səhiyyənin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Hazırda mərkəzi rayon xəstəxanasında istismar müddətini başa çatdırmış, infeksion xəstəliklər şöbəsi, mətbəx, camaşırxana, qazanxana yenidən tikilmişdir. Bu binalarda son tamamlama işləri aparılır. Ağ ciyər xəstəlikləri şöbəsi, təcili yardım stansiyası və qadın məsləhətxanası əsaslı surətdə yenidən qurulur. Tikinti və təmirdən sonra bütün şöbələr ən müasir tibbi avadanlıqlar və lazımi inventarlarla təchiz ediləcəkdir.
2012–ci il möhtərəm Prezidentimizin sərəncamı ilə “İdman ili” elan edilmişdir. Cari ildə ümumən respublika üzrə 10 Olimpiya idman kompleksinin tikilməsi nəzərdə tutulmuşdur ki, bunun da biri bizim rayonda inşa edilir. Rayonumuzda idmanın maddi–texnki bazasının zəif olmasına baxmayaraq, müxtəlif beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının qalibləri və mükafatlarını qazanan idmançılarımız olmuşdur. Əminəm ki, rayon gənclər və idman idarəsi və rayonun idman ictimaiyyəti “İdman ili” şərəfinə yeni ildə daha yüksək nailiyyətlər uğrunda mübarizəni əzmlə davam etdirəcəklər.
Respublika Prezidenti cənab İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu əsas vəzifələrdən biri də vətəndaş müraciətlərinə, qaldırılan problemlərə diqqətlə yanaşılması, operativ surətdə həlli məsələsidir ki, bu istiqamətdə rayon icra hakimiyyəti başçısının aparatı tərəfindən ardıcıl, müvafiq işlər görülür.
9 ay ərzində rayon icra hakimiyyəti başçısının ərazilərdə 39 səyyar qəbulu keçirilmiş, qəbullarda 732 nəfər vətəndaş iştirak etmişdir. Eləcə də RİH–də keçirilən qəbullarda 552 nəfər vətəndaş qəbul edilmişdir. RİH başçısı yanında Şuranın 12 iclası keçirilmiş, 22 məsələ müzakirə edilmişdir. İlin əvvəlində İƏV–lərdə 2011–ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmiş, qaldırılmış bütün məsələlər ümumiləşdirilmiş, mövcud problemlər araşdırılmış və həlli mümkün olanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.
İnanırıq ki, qarşımızda qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizin inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Xaçmazlılar, hər zaman olduğu kimi, Azərbaycanın inkişafı, tərəqqisi, ərazi bütövlüyünün bərpası naminə qüvvə və bacarıqlarını əsirgəməyəcək, ölkə rəhbərliyinin qərar və tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirəcəklər”.
Ziyafəddin Bayramov,
Respublika.- 2012.- 8 dekabr.- S. 5.