Tanınmış
alimin ömür səhifələri
İnsan ömrü də
sanki səhifələrdən ibarətdir
və yaxınları, dostları onu vərəqləyərək
nəzərdən keçirirlər. Bu həyat
illərində onun necə
yaşadığı, yazıb–yaratdığı, xeyirxah əməlləri yaddaşlarda
həkk olunur. Belə insanlar
yalnız yaşadıb–yaradır və xeyriyyəçilik fəaliyyəti
ilə digərlərinə sevinc bəxş
edir. Bu insanlardan biri də Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar elm
xadimi, iqtisad elmləri
doktoru, professor Aqil Əlirza oğlu
Əliyevdir.
Aqil Əlirza oğlu
Əliyev 10 dekabr 1926–cı ildə
Naxçıvan şəhərində anadan
olmuşdur. 1944–cü
ildə Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra
Bakıya gəlmiş və burada o, 1946–1951–ci illərdə
Azərbaycan Dövlət Universitetində təhsil
almışdır. A.Əliyev 1953–cü
ildən başlayaraq ta
ömrünün sonuna
qədər elmi və pedaqoji
fəaliyyətinin əksər hissəsini Azərbaycan Tibb İnstitutunda davam etdirmiş, müəllim,
professor olmuş və
kafedra müdiri vəzifəsinə
qədər yüksəlmişdir.
1964–1983–cü illərdə elmi və pedaqoji fəaliyyətində bir sıra nailiyyətlər əldə etmişdir: iqtisad elmləri namizədi, doktorluq işini müdafiə etmiş, professor elmi adı almış, əməkdar elm xadimi adına layiq görülmüşdür.
1988–1992–ci illərdə Azərbaycan öz ağır və çətin günlərini yaşamağa başladı. Bütün respublikada olduğu kimi, Tibb Universitetində də təqib və repressiyalar gücləndi. Aqil müəllim bütün şüurlu həyatını sərf etdiyi Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsindən çıxarıldı, kafedrası isə ləğv edildi. Öz doğma kollektivindən ayrı düşən Aqil müəllim bu illər ərzində işsiz qalıb repressiyanın qurbanı olmuşdur. Lakin bütün təqiblərə baxmayaraq, Aqil Əliyev həyatın bu çətin anlarında da qürurlu, alnıaçıq, möhkəm iradə sahibi olmasını nümayiş etdirə bildi.
Tezliklə çətin günlər geridə qaldı və Azərbaycanda uğurlu günlərin başlanğıcı qoyuldu. 1992–1998–ci illərdə o, iqtisadi nəzəriyyə və tarix kafedrasında professor vəzifəsində çalışdı.
1996–cı ildə Beynəlxalq Enerji–İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü—akademik seçildi.
Professor A.Əliyev öz elmi yaradıcılıq və pedaqoji fəaliyyətini artırmağa səy göstərən bir alim kimi daim yorulmaq bilmədən çalışmışdır. Bunun nəticəsidir ki, o, 2001–ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Ömrünün son illərində o, Azərbaycan Tibb Universitetinin iqtisadi nəzəriyyə və hüququn əsasları və Azərbaycan Beynəlxalq Universietinin iqtisadi nəzəriyyə kafedralarının müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Aqil Əliyev yaşadığı dövrdə fədakar əməyinə, elmi və pedaqoji fəaliyyətinə görə bir sıra medal, orden və nişanlarla təltif edilmişdir. “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri, “Sovet İttifaqı Marşalı Jukov” medalı, Vətən müharibəsinin “Fədakar əməyə görə”, “Böyük Vətən müharibəsinin qələbə çalmasının 30–cu ildönümü ilə əlaqədar”, “Səhiyyənin əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Ömrünün ən məhsuldar illərini məhz Tibb Universiteti ilə bağlamış Aqil Əliyev burada Azərbaycanın həkimlər ordusunun yetişdirilməsində yaxından iştirak etmişdir. Sağlam düşüncəyə, dövrün tələblərinə uyğun tibbi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Aqil müəllim nəcib, alicənab və xeyirxah insan olaraq bu təhsil ocağının professor–müəllim və tələbə heyətinin rəğbətini qazanaraq sevimlisinə çevrilmişdir.
Onun 200–ə qədər elmi əsəri, o cümlədən 30–dan artıq monoqrafiya və dərsliyi işıq üzü görmüşdür. Qələminin məhsulu olan irihəcmli kitabları və monoqrafiyaları, elmi–tədqiqat işlərinin nəticələri elmə bir sıra yeniliklər gətirmişdi. Əsasən istehlak problemlərinin həllinə və aqrar münasibətlərinin tədqiqinə yönəldilən araşdırmalardır. O, şəxsi istehlak problemlərini tədqiq edərək göstərir ki, cəmiyyət inkişaf etdikdə onun strukturu və həcmi dəyişilir, istehsalın və şəxsi istehlakın inkişafı arasında qarşılıqlı əlaqə yaranır.
A.Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, onun elmi yaradıcılığında əsas yeri iqtisadi nəzəriyyənin bir sıra aktual problemləri, o cümlədən sosial–iqtisadi məsələlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və təchizat problemləri, səhiyyənin iqtisadiyyatı və s. mühüm yer tutur. Belə ki, “Səhiyyənin iqtisadiyyatı” dərsliyində o, səhiyyə problemlərini araşdırır və konkret olaraq səhiyyənin inkişafı ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqənin olmasını əsaslandırır. Burada səhiyyənin planlaşdırma, maliyyə sistemində ciddi dəyişikliklərin aparılması zəruriyyəti qeyd olunur.
“Azərbaycanın sosial inkişafında islahatların rolu”, “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Sosial sferanın iqtisadi və metodoloji əsasları” əsərlərində o, iqtisadi inkişaf və əhalinin gəlirləri arasında əlaqələri təhlil edərək elmi–praktiki əhəmiyyətə malik nəticələr əldə etmişdir ki, bunlar da müasir dövrdə sosial sahələrin inkişafı və istehlakın artırılması istiqamətində istifadə oluna bilər.
Aqil Əliyev elmi fəaliyyətini genişləndirərək bazar iqtisadiyyatının mürəkkəb problemlərinə həsr edilmiş əsərlər yazmışdır ki, onlardan “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” (1–ci və 2–ci hissə), “Azərbaycan gömrüyü iqtisadi inkişaf yollarında”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və s. göstərmək olar.
Onun apardığı tədqiqatlar respublikamızdan uzaqlarda, xüsusi olaraq MDB məkanında tanınır və yüksək dəyərləndirilir. Belə ki, Çexiya, Slovakiya və Rusiya alimləri öz əsərlərində əksər hallarda məhz A.Əliyevə istinad edirlər.
O, həm ölkəmizdə, həm də xaricdə bir çox elmi simpoziumlarda və elmi–nəzəri konfranslarda dəyərli məruzələrlə çıxış etmişdir.
“Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində əhalinin müdafiəsi problemləri”, “Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarında” kimi əsərləri Almaniyada və İngiltərədə nəşr edilmişdir.
A.Əliyev yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi hazırlanmışdır. Hazırda onların əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrində rəhbər və pedaqoji işdə çalışırlar.
Aqil Əliyevin yetişdirmələri sırasına daxil olmaq xoşbəxtliyi mənə də nəsib olmuşdur. Bu görkəmli və müdrik alimin rəhbərliyi altında doktorluq dissertasiya işini müdafiə etmiş, onun dəyərli elmi məsləhətlərini eşitmişəm.
O, böyük iqtisadçı alim, savadlı pedaqoq olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi. Təvazökar, mərhəmətli, sadə bir insan olaraq, o, yaxşılıq etməkdən usanmırdı. İnsanlara əl uzatmaq, çətin məqamlarda onlara dayaq duraraq köməklik göstərmək onun əsas məqsədlərindən biri idi.
Hazırda elmin müəyyən
zirvəsinə çatmış bir alim kimi, onun
yetirməsi olaraq, üzərimdə həmişə
bu fədakar insanın böyük
əməyini hiss edirəm. Aqil Əliyev xatirələrdə əbədi
yaşayacaq qüdrətli şəxsiyyətlərdəndir.
Rəna SULTANOVA,
iqtisad elmləri doktoru.
Respublika.- 2012.- 9 dekabr.- S. 7.