Gənclər
İKT–nin tətbiqində xüsusi
rol oynayırlar
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günündə “Aztelekom” İstehsalat Birliyində “İnformasiya texnologiyalarının tətbiqində gənclərin rolu” mövzusunda “Dəyirmi masa” təşkil olunmuşdur.
Tədbirdə birliyin baş direktoru Məhəmməd Məmmədov çıxış edərək müasir dövrdə ən sürətli inkişaf tempinə malik olan informasiya texnologiyalarının öyrənilməsi və ölkəmizdə tətbiq olunması istiqamətində həyata keçirilən tədbirlərdə gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edərək Azərbaycanda bütün sahələr üzrə müşahidə edilən dinamik inkişafda gənclərin fəal iştirak etdiklərini vurğuladı.
Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq gənclərin yüksək ixtisaslı kadr kimi yetişməsi, onların biliklərinin artırılması, ən bacarıqlı gənclərin məsul vəzifələrə təyin edilməsi və digər məsələlərin birlik rəhbərliyi tərəfindən daim diqqətdə saxlandığını bildirən M.Məmmədov “Aztelekom” İstehsalat Birliyində istedadlı gənclərin çox olduğunu, onların həm texniki biliklər, həm də peşə hazırlığı və idman sahələrindəki nailiyyətlərini də məmnunluqla qeyd etdi.
Baş direktor bildirdi ki, “Aztelekom” İstehsalat Birliyinin gəncləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunmuş “Sağlamlıq–2012″ spartakiadasında 7 idman növü üzrə keçirilən yarışlarda komanda hesabında birinci olmuş, “Ən peşəkar rabitəçi” müsabiqəsində “Ən yaxşı xətt montyoru”, “Ən yaxşı kross işçisi”, “Ən yaxşı kabel calayıcısı” nominasiyalarında birinci yeri tutmuş, nazirliyin “Birlik və müəssisələri arasında ən yaxşı internet resursu” müsabiqəsinin qalibi olmuş və beləliklə öz liderliyini qoruyub saxlamışdır. Bütün nailiyyətlərdə isə birliyin gənc əməkdaşlarının fəal iştirakı xüsusi qeyd olunmalıdır.
“Dəyirmi masa”da İstehsalat Birliyinin aparatında çalışan gənclər geniş müzakirələr aparmış, müasir dünyada informasiya texnologiyaları sahəsində baş verən yeniliklər, ən son texnologiyaların Azərbaycanda tətbiqi üçün görülən işlər, “BakuTel–2012″ telekommunikasiya sərgisinin əhəmiyyəti, qarşıda duran vəzifələr, bu istiqamətdə “Aztelekom” İB–də çalışan gənclərin fəallığının daha da artırılması yolları və digər məsələlər ətrafında çıxışlar dinlənilmiş, fikir mübadiləsi edilmişdir.
Bölgələrdən video–konfrans vasitəsilə tədbirə qatılmış gənc rabitəçilər də müzakirələrdə yaxından iştirak etmiş və təkliflər irəli sürmüşlər.
“Dəyirmi masa”da Yeni Azərbaycan
Partiyası Gənclər Təşkilatının nümayəndələri
də iştirak etmişlər.
Camaləddin
DOSTƏLİ,
Respublika.- 2012.- 9 dekabr.- S. 6.