Azərbaycan sənətkarının
əsərləri Türkiyə
tamaşaçısını heyran qoydu…
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun laboratoriya müdiri, ağac üzərində oyma sənətkarı Seyfəddin Mənsimoğlu Türkiyədən—yaradıcılıq ezamiyyətindən qayıtmışdır.
İstedadlı sənətkarla görüşüb, Türkiyəyə budəfəki
səfərinin məqsədi ilə maraqlandıq. Öyrəndik
ki, Seyfəddin müəllim Türkiyənin
Qara dəniz sahilində yerləşən
Pentik şəhərində düzənlənən
“Uluslararası Sanat—Geleneksel
Sanatçılar Buluşması” adlı sərgidə
ölkəmizi daha iki
nəfər sənətkarla birlikdə təmsil
etmişdir. 7 xarici
ölkədən 65 sənət adamının iştirak etdiyi sərgi 9 gün ərzində fəaliyyət göstərmiş,
sənətkarlar öz əsərlərini
Türkiyə sənətsevərləri, eləcə də
ölkəyə gələn turistlər
qarşısında nümayiş
etdirmişlər.
Seyfəddin Mənsimoğu bunu da vurğuladı ki, ölkəmizi təmsil edən səfər yoldaşı Vüqar Məmmədova ağac üzərində oyma sənətini özü öyrədib və bu gün öz yetirməsi və onun həyat yoldaşı Aliyə xanımla birgə bu möhtəşəm sərgidə iştirak etmələri onun qəlbini qürur hissilə doldurur. Müsahibimiz haqlı olaraq düşünür ki, deməli, illər uzunu çəkdiyi zəhmət hədər getməyib: artıq yetirməsi də əsl sənətkar kimi püxtələşib.
—Sərgidə mənim 7, Vüqarla Aliyə xanımın 8 əsəri nümayiş olunurdu. Onların əsərlərinin hamısı Quran ayələrindən ibarət idi. Mən isə sərgiyə Azərbaycan klassiklərindən Nizami, Məhsəti, Füzuli, Hüseyn Cavid, eləcə də Dədə Qorqud və Mövlana Cəlaləddin Rumiyə həsr etdiyim əsərləri və bir dini kəlamın həkk olunduğu işimi aparmışdım. Qeyd etməliyəm ki, sərgi olduqca səliqəli təşkil olunmuş, bütün iştirakçılara ayrıca çadır təyin olunmuşdu. Burada 7 xarici ölkə — Azərbaycan, Yaponiya, Tunis, Kipr, Macarıstan, Gürcüstan, Ukrayna nümayəndələri ilə yanaşı, yerli sənətkarların əsərləri də sərgilənirdi. Bütün çadırların üstündə Türkiyənin bayrağı dalğalanırdı. Sərgiyə hər gün saysız–hesabsız insan axını olurdu. Yerlilər də, əcnəbilər də əsərlərə böyük maraqla tamaşa edir, hətta işin prosesi ilə də tanış olmaqdan özlərini saxlaya bilmirdilər. Pentik şəhərinin bələdiyyə başkanı Kənan Şahin və müavinləri gələrək, sərginin açılışında iştirak etdilər. Sərgilə tanışlıq zamanı bizim işlər çox xoşlarına gəldi. Xüsusən də Füzulilə bağlı əsər onları heyran qoydu. Bələdiyyə başkanı Kənan bəy hətta iki gündən sonra həyat yoldaşı ilə gələrək, Füzuli ilə bağlı əsərin məziyyətlərini ona da açıqlamağımı xahiş etdi…
Seyfəddin müəllim danışdıqca, hiss olunur ki, bu vaxtacan dəfələrlə xarici ölkələrdə və respublikamızda sərgilərdə uğurla iştirak etməsinə baxmayaraq, budəfəki sərgidən də böyük razılıqla qayıdıb. Oxucuların nəzərinə çatdıraq ki, Almaniyanın Berlin şəhərində İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində Seyfəddin Mənsimoğlunun iki əsəri saxlanılır. Bunlardan biri XVI əsr miniatürçü rəssamı Soltan Məhəmmədə həsr olunmuş iş, digəri isə nəfis şəkildə hazırlanmış rəhildir. Türkiyə muzeylərindən birində də əsərinin saxlanıldığını öyrənirik. “Daha hansı ölkələrdə keçirilən sərgilərdə iştirak etmisiniz?”—sualıma S.Mənsimoğlunun cavabı belə oldu:
—Fransada Yunesko xətti ilə təşkil olunmuş Məhəmməd Füzulinin yubileyi ilə bağlı sərgidə “Məhəmməd Füzuli” əsərim nümayiş olunub. 2007–ci ildə Mədəniyyət Nazirliyi xəttiylə Səudiyyə Ərəbistanına getmiş, orada təşkil olunan sərgidə iştirak etmişəm. 2008–ci ildə Tunisdə şəkili şəbəkə ustası Tofiqlə birgə ölkəmizi təmsil etmişik. 2009–da Həcc ziyarətində olmuşam. 2010–cu ildə Türkiyənin Şanlıurfa vilayətində keçirilən sərgidə iştirakım indi də yadımdan çıxmır. Əl işlərimlə tanış olan tamaşaçılar öz heyrətlərini gizlədə bilmirdilər. Deyirdilər ki, bunlar əl işinə oxşamır, əsərlər elə bil dəzgahdan çıxıb. İndi də bu sərginin təəssüratı…
Bizim işlərimizin nümayiş olunduğu çadırın sağ tərəfində “Mövlana Cəlaləddin Rumi” əsərimin böyüdülmüş şəkli, sol tərəfdə də Azərbaycan bayrağı asılmışdı. Bayrağımızı görən Türkiyədə yaşayan soydaşlarımız ailələri ilə birlikdə yaxınlaşır, sevgilərini, sayğılarını bildirirdilər. Mən onlara əsərlərimin şəkillərini verirdim. Onlar şəklin üstünü yazmağı xahiş edirdilər. İstəyirdilər ki, oraya bütün övladlarının adlarını yazım ki, onlar böyüyəndə də bu anları xatırlasınlar.
Türkiyədə türklər çox istiqanlı, sənətkarlara, onların əsərlərinə yüksək dəyər verməyi bacaran insanlardır. “Qurdlar vadisi” serialındakı Ömər baba rolunun ifaçısı da öz yoldaşıyla sərgiyə gəlmişdi. Mən onunla görüşdüm. Azərbaycanda onu çox sevdiklərini bildirdim. O, əsərlərimlə tanış olduqdan sonra əlimi öpmək istədi, qoymadım. Yaradıcılığım haqqında işıq üzü görmüş “Metafora” kitabını ona verdim, öpüb gözü üstünə qaldırdı.
Bələdiyyə başçısının I müavini Atilla İpək açılışdan qabaq bizimlə görüşə gələndə, “Metafora” kitabının birini də ona verdim. Dostlaşdıq.
Sərginin təşkil olunduğu ərazidə kitabların satıldığı köşk qoyulmuşdu. Mən oradan xəttatlıqla bağlı bir kitab aldım. Başqa gün yenə kitablara baxmaq üçün köşkə yaxınlaşanda, Atilla İpəyin də ora gəldiyini gördüm. Əlini uzatdı bir kitaba ki, o kitabı Seyfəddin xocaya verin. Sonra satıcıya daha bir kitabı mənə verməsini tapşırdı. Birinci kitab Mövlana Cəlaləddin Rumidən bəhs edən, digəri isə Türkiyə ərazisindəki tarixi abidələrlə bağlı albom–kitab idi. Bunları bələdiyyə hesabına mənə verdilər.
Bir maraqlı hadisə də baş verdi orda: Atilla bəy bir gün mənə dedi ki, sizin mənə hədiyyə etdiyiniz “Metafora”nı stolumun üstündən götürüblər. Mən təbəssümlə: “Bizdə kitab oğrusu oğru sayılmaz”,—deyərək, ona yenisini verdim.
Sərginin son günü—ziyafət məclisi öncəsi kiçik bir toplantı oldu. Yaponiyadan, Türkiyədən olan iştirakçıların çıxışından sonra söz mənə verildi. Mən belə möhtəşəm sərgiyə dəvət olunduğumuza görə, təşəkkürümü bildirdim. Qısa çıxışımda türk dünyasını nəhəng, köklü ağaca, Azərbaycanı isə həmin ağacın ən barlı budaqlarından birinə bənzətdiyimi söylədim.
Sərgi başa çatan günün səhərisi bizi İstanbula apardılar. Biz bu füsunkar şəhəri heyranlıqla gəzdik, Ayasofiya məbədini, Sultan Əhməd Camisini ziyarət etdik.
Sərgi keçirilən günlər ərzində burada iştirak edən sənətkarlarla yaxından tanış olduq, dostlaşdıq. Bir–birimizə əsərlərimizin fotolarını verdik. Gələcək sərgilərdə görüşmək ümidilə ayrıldıq.
—Bakı necə qarşıladı sizi?
—Çox isti. Bakıya qayıdanda aeroportda əşyalarımızı yoxlayan şəxs məndən çamadanlarımızda nə olduğunu soruşdu. Dedim, əl işlərimdir. Ona ən üstdəki əsərimin–”Dədə Qorqud”un şəklini göstərdim. O, şəklə heyrətlə baxa–baxa aparıb digər aparat arxasında əyləşən qıza göstərdi. Mən onların bu marağının müqabilində dedim ki, şəkli qıza verirəm. Qız xeyli sevindi. Yoxlamadan əvvəl qorxduğum bu idi ki, əşyalarımın çəkisi sənəddə göstəriləndən xeyli artıq idi. Çünki əsərlərimin üstünə Türkiyədən aldığım və hədiyyə olunan kitab və albomlar, digər hədiyyələr də əlavə olunmuşdu. Və bunun qanunsuz olduğunu bildiyim üçün, həyəcan keçirsəm də, sənətkarlığım burda da hayıma çatdı…
SÖZ ardı: … Seyfəddin müəllim yenə iş başındadır. Yeni bir əsər üzərində işləməyə başlayıb. Görkəmli oyma sənətkarından bu dəfə hansı əsəri yaradacağını sual edəndə bildirdi ki, göyərçin formasında olacaq bu işdə Peyğəmbər əfəndimizin “Elm öyrənmək ən böyük savabdır” kəlamı öz əksini tapacaq.
Göyərçin sülh
rəmzidir. Seyfəddin müəllimə dinclik,
əmin–amanlıq şəraitində və bu
müqəddəs istəklə yaşayıb–yaratmaqda böyük uğurlar,
möhkəm cansağlığı arzulayırıq.
Qiymət Məhərrəmli
Respublika.- 2012.- 9 dekabr.- S. 6.