Göyçay: iqtisadiyyatın bütün
sahələrində nəticələr uğurludur
Əzəmətli
çinarları və özünəməxsus dada malik olan
narı ilə ölkəmizdə və xaricdə tanınan Göyçay rayonu
iqtisadiyyatın bütün sahələrində
ilbəil uğurlu nəticələr
qazanır. Cari ilin doqquz
ayında görülmüş işlər
və qarşıda duran məsələlər
barədə hesabat verən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı
Mənsur Məmmədov rayon
iqtisadiyyatının inkişaf tempindən
geniş söhbət
açmışdır.
RİH
başçısı bu münasibətlə
keçirilən yığıncaqda xüsusi
vurğulamışdır ki, rayonda Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi
sürətlə davam etdirilmişdir.
Respublikanın digər bölgələri kimi, Göyçay rayonu da 2012–ci ilin ötən 9 ayı ərzində dinamik inkişaf etmiş, iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə edilmişdir.
Yanvar–sentyabr ayları ərzində ümumi məhsul istehsalı 2011–ci ilin müvafiq dövrünə nisbətən 6,6 faiz və ya 9,4 manat artaraq 16 milyon manata çatmışdır. Hesabat dövründə rayon üzrə 12,7 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Rayon iqtisadiyyatının digər sahələri kimi tikinti sahəsində də müəyyən uğurlar əldə edilmiş iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 25,2 milyon manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 26,7 faiz çox investisiya yönəldilmişdir. Tikinti–quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi həmin müddət ərzində 28,3 faiz artaraq 23,5 milyon manat olmuşdur. İnvestisiyaların 90,6 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə edilmişdir. 2012–ci ilin yanvar–sentyabr aylarında tikinti təşkilatları tərəfindən 8.3 milyon manatlıq inşaat işləri görülmüşdür ki, bu da 2011–ci ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Rayon iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyan Yuxarı Şirvan kanalının Bığır kəndinin ərazisindən keçən hissəsində inşa edilən 3 mva gücündə su elektrik stansiyasının tikintisində işlər davam etdirilir. Obyektdə beton su ötürücülərin istehsal olunan enerjinin ötürülməsi üçün transformator yarımstansiyasının tikintisi başa çatdırılmış, su elektrik stansiyasından Bığır yarımstansiyasına qədər elektrik xətti çəkilmiş, turbinlərin quraşdırılması işləri davam etdirilir.
Yalman kəndində ümumi smeta dəyəri 3,1 milyon manat olan üzüm qəbulu müəssisəsinin və sutkada 8 ton spirt istehsal edən qurğu kompleksi inşa edilir.
Region əhalisinin quş əti ilə təminatının yaxşılaşdırılması üçün 528 min başlıq broyler quşçuluq fabrikində yeni istehsal sexləri tikilir və müəssisə sahibləri tərəfindən bu məqsədlə müəssisəyə 1,5 milyon manat investisiya yönəldilmişdir.
Cari ilin fevral ayından şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsinin icrasına başlanılmışdır. Tikinti işləri bu sahə üzrə ixtisaslaşmış Türkiyənin “Atinak” şirkəti tərəfindən aparılır. Ötən müddət ərzində şəhərin şimal hissəsində ümumi tutumu 2 min ton olan iki su anbarı inşa edilmiş, buradan M.Ə.Rəsulzadə küçəsindən keçməklə ötürücü boruların quraşdırılması işləri başa çatdırılmışdır. Bu günə qədər müxtəlif diametrli ümumi uzunluğu 28,7 kilometr olan su kəmərləri, 27,1 kilometr kanalizasiya xətləri çəkilmişdir.
Ötən müddət ərzində Heydər Əliyev prospektindən cənub istiqamətində yerləşən, demək olar ki, bütün küçələrdə layihənin icrasına başlanılsa da yalnız Əli Kərim küçəsində layihədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi əsasən təmin olunmuşdur. Podratçı təşkilat tərəfindən işlər lazımi səviyyədə təşkil edilmədiyindən son nəticənin əldə edilməsi yubadılır, bir neçə küçədə tikinti işləri başa çatdırdıqdan sonra digər küçələrə keçirilməsi praktikasından istifadə edilməsinin nəticəsində küçələrdə qazıntı işləri uzun müddət davam edir, bu isə əhalinin narahatlığına səbəb olur. Tikinti aparılan ərazilərdə toza qarşı lazımi tədbirlər görülmür, ayrı–ayrı yerlərdə baxış quyuları vaxtında quraşdırılmadığından nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə təhlükə yaranır. Yeraltı su mənbəyi olmayan kəndlərin içməli su ilə təminatında problemlər vardır.
Bu kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması işlərinin sürəti olduqca aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013–cü ilə qədər içməli su mənbəyi olmayan bütün kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəzərdə tutulduğu halda, yalnız iki kənddə əhali bu qurğuların xidmətlərindən istifadə edir.
Hesabat dövründə aqrar sahənin inkişafı, əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması və torpaqların münbitliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir.
Rayonda 2012–ci ilin məhsulu üçün 21450,1 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, bu da ötən illə müqayisədə 504,5 hektar və ya 2,4 faiz çoxdur. Bu il rayonda 14381 hektar sahədə taxıl biçilmiş, taxıl istehsalı 35668 ton, hər hektardan məhsuldarlıq 24,8 sentner olmuşdur ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 1504 ton və 0,3 sentner çoxdur.
Heyvandarlıq sahəsində məhsul istehsalında, həmçinin mal–qaranın baş sayında dinamik artım vardır. 2012–ci ilin yanvar–sentyabr aylarında ət istehsalı 0,5 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 6,1 faiz, yun istehsalı 2,3 faiz artmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə mal–qaranın baş sayı 419 baş artaraq 47296 başa, qoyunların baş sayı 385 baş artaraq 64846 başa çatmışdır. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2011–ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artmışdır.
Bütövlükdə cari ilin yanvar–sentyabr ayları ərzində kənd təsərrüfatında ümumi məhsul istehsalı 62,8 min manat olmuş, ümumi məhsul istehsalında onun xüsusi çəkisi 41,2 faizə çatmışdır.
Rayonda kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artımına “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007–ci il 23 yanvar tarixli sərəncamı böyük təkan vermişdir. 2012–ci ildə rayon üzrə istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6777 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 826,3 min manat yardım verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirmişdir ki, hesabat dövründə əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor–drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində də xeyli işlər görülmüşdür.
Yanvar–iyun aylarında rayonun kollektor–drenaj şəbəkələrinin 33,9 km–lik hissəsində 78,9 min kubmetr həcmində lil və çöküntülərdən təmizlənmə işləri aparılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 188 km. uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş, arxların su ötürmə qabiliyyəti artırılmışdır. İkinci kənd investisiya layihələri çərçivəsində İncə, Qaraxıdır, Mırtı, Şəkər, Yeniarx, Ləkçıplaq, Məlikkənd kəndlərində kənddaxili şirə kanallarının təmizlənməsi işləri aparılmışdır.
Bütün bunlarla yanaşı, aqrar sahədə mövcud imkanlardan heç də səmərəli istifadə edilmir. Kənd təsərrüfatının bəzi sahələrində, xüsusən taxılçılıqda məhsuldarlıq aşağıdır. Əkinə yararlı torpaqların heç də hamısından istifadə edilmir. Kənd əməkçiləri “Aqroservis” müəssisəsinin istifadəsində olan kənd təsərrüfatı texnikalarından lazımınca yararlana bilmirlər.
Yanvar–sentyabr aylarında rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 13,9 faiz artmışdır.
Ötən 9 ay ərzində işləyənlərin orta aylıq əmək haqqı 225,3 manat olmuşdur ki, bu da 2011–ci ilin ötən dövrü ilə müqayisədə 11,2 faiz çoxdur.
Hesabat dövründə rabitə sisteminin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Rayonda ilk dəfə tətbiq olunan müasir rabitə texnologiyaları əhalinin beynəlxalq standartlara cavab verən informasiya–telekommunikasiya xidmətlərindən səmərəli istifadəsinə şərait yaratmış, abonentlərin beynəlxalq rabitə xəttinə çıxışını tam təmin etmişdir.
Mirzəhüseynli kəndində 128 yerlik elektron ATS istifadəyə verilmiş, Bığır, Məlikkənd, Qaraman və Qarabaqqal kəndlərində mövcud ATS–lərin gücünün artırılması üçün kabelləşdirilmə işləri tam başa çatdırılmışdır.
Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və digər yanacaq növləri ilə təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.
Potu kəndini təbii qazla təmin edən xətlərin bir çox yerlərdə istismara yararsız olması nəticəsində mövcud olan qaz itgisinin qarşısını almaq məqsədi ilə kəndi təbii qazla təchiz edən şəbəkənin yenidən qurulması işlərinə başlanılmışdır. Hazırda Bığır, Cəyirli, Qubadlı–Şıxlı, Türkmən və Kürdəmiş kəndlərinin təbii qazla təminatının bərpa edilməsi ilə əlaqədar işlər aparılır.
Bütün bunlarla yanaşı, əhalinin elektrik enerjisi və təbii qazla təminatında, istifadə edilmiş elektrik enerjisinin və təbii qazın dəyərinin toplanmasında nöqsan və çatışmazlıqlar vardır.
Rayonun elektrik təsərrüfatı müasir tələbata cavab vermir. Hava veriliş xətlərinin və elektrik dayaqlarının xeyli hissəsi istismar müddətini başa çatdırmışdır, yaşıl budama işlərinin vaxtında aparılması təmin edilmir.
İstifadə edilmiş təbii qazın və elektrik enerjisinin dəyərinin toplanması sahəsində də gerilik mövcuddur. Təkcə sentyabr ayında elektrik enerjisindən istifadə edən abonentlərin 44,3 faizi, təbii qazdan istifadə edən abonentlərin 30,7 faizi ödənişlərə cəlb edilməmiş, əhali tərəfindən istehlak edilmiş təbii qazın dəyərinin yalnız 83,1 faizinin toplanması təmin edilmişdir.
2012–ci ilin yanvar–sentyabr aylarında rayon büdcəsinin mədaxil hissəsinə 104,2 faiz, məxaric hissəsinə 97,3 faiz əməl edilmiş, əmək haqlarının və digər zəruri xərclərin vaxtında maliyyələşdirilməsi təmin olunmuşdur. Yerli gəlirlər üzrə proqnoza da 128,2 faiz əməl edilmiş, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait vaxtında köçürülmüşdür.
Hesabat dövründə abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində xeyli işlər görülmüşdür. Şəhərin mərkəzində inşa edilən Bayraq meydanının abadlaşdırılması işləri davam etdirilir. M.Ə.Rəsulzadə küçəsində çoxmənzilli yaşayış binasının fasad hissəsinin müasir tələblər səviyyəsində üzlənməsi işləri başa çatdırılmış, hazırda Heydər Əliyev prospektində binaların fasad hissələri qaydaya salınır. Şəhərin mərkəzi meydanında Gənclər evinin, Şahmat məktəbinin tikintisinə başlanılmışdır. Rayon Statistika və Maliyyə idarələri üçün inşa edilən inzibati binalarda son tamamlama işləri aparılır.
Cari ilin ötən dövrü ərzində rayon ərazisində 30 mindən artıq ağac və bəzək kolları əkilmişdir.
Kəndarası yolların qaydaya salınması istiqamətində işlər davam etdirilir. İkinci kənd investisiya layihəsi çərçivəsində rayonun Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində ümumi uzunluğu 15,3 kilometr olan kəndarası yollar çınqılla təmir olunmuş, 6 yerdə su keçidləri bərpa edilmiş və ya yeni su keçidləri inşa edilmişdir. 13 saylı yol istismar idarəsi tərəfindən Hacalıkənd–Qaraman–Ləkçıplaq kəndlərarası avtomobil yolunun bir hissəsinə yeni asfalt örtüyü döşənmişdir.
Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyən tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən rayona iki ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsinin ayrılması məişət tullantılarının vaxtında daşınmasını xeyli asanlaşdırmışdır. Şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində rayonun idarə, müəssisə və təşkilatları, yerli icra və bələdiyyə orqanları yüksək mütəşəkkillik göstərmişlər.
2012–ci ilin yanvar–sentyabr aylarında fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 535 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003–2012–ci illərdə rayonda 9154 yeni iş yeri açılmışdır ki, bunun da 7742–si daimidir.
Hesabat dövründə rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Göyçay şəhər 12 nömrəli uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin fevral 2012–ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının 2012–ci ildə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına Çərəkə kənd 2 saylı, Dövlət Proqramına müvafiq Ləkçılpaq kəndində 2 saylı tam orta məktəblər üçün inşa edilən 360 şagird yerlik məktəb binaları yeni dərs ilində istifadəyə verilmişdir. Hazırda Ulaşlı–Şıxlı kənd 220 şagird yerlik tam orta, Şəkili kənd 80 şagird yerlik ümumi orta məktəblərin, Göyçay şəhər 1 saylı 40 yerlik uşaq bağçasının tikintisi aparılır. Rayonda ilk özəl səhiyyə müəssisəsi olan Bioloji Təbabət Klinikasının Göyçay filialı açılmış, mərkəzi rayon xəstəxanasının əsaslı təmiri və yenidən qurulmasına başlanılmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əhalinin sosial problemlərinin həlli strategiyası hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsas sosial problemlərdən olan əmək pensiyalarının artırılması, əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi, ailə başçısını itirmiş şəxslərin maddi vəziyyətlərinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, bu sahədə işləri təkmilləşdirmək üçün fərman və sərəncamlar verilmiş, qanunlar qəbul edilmişdir.
Hesabat dövründə sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, bu yardımla bağlı rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinə müraciət etmiş 1707 nəfərə ünvanlı sosial yardım təyin olunmuşdur. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün əməli tədbirlər görülmüşdür. Hazırda bu kateqoriyadan olan 3900 nəfər müxtəlif sosial müavinətlər alırlar.
320 nəfərə yaxın ahıl, tək və kimsəsiz yaşayan vətəndaşlar mərkəzin sosial məişət xidmətindən istifadə edirlər.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əmək qabiliyyətini və ailə başçısını itirməyə və əlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardan istifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış və baza məlumat sistemi yaradılmışdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 20 minə yaxın hüquqi və fiziki şəxs mülkiyyətindəki, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslər fərdi qaydada uçota alınmış və onlara sosial sığorta şəhadətnamələrinin verilməsi təmin edilmişdir. 1 oktyabr 2012–ci il tarixə rayon üzrə 9088 nəfər qocalığa, 1296 nəfər ailə başçısını itirməyə və 3852 nəfər əlilliyə görə pensiya və müavinət alan şəxs vardır.
Göyçayda həyata keçirilən tədbirlərin miqyası getdikcə genişlənir, dinamik inkişaf xarakteri alır. Bu, həm rayonun sosial mənzərəsində, həm də sakinlərin yaşam tərzində özünü daha yaxşı göstərir.
Vəli
İLYASOV,
Respublika.- 2012.- 11 dekabr.- S. 6.