| Ulu öndərin ideyaları yaşayır və qalib gəlir

 

Daha bir ili Heydər Əliyevsiz yola salırıq…

Ulu öndərimizin vəfatından—o məşum və kədərli hadisədən bizi düz doqquz il ayırır…

Lakin bu ötən illərin bizim üçün—müstəqil Azərbaycanın vətəndaşları üçün şərəfli bir dövr olduğunu da qürur hissi ilə söyləyirik.

Çünki bu dövrdə gənc dövlətimiz məhz ulu öndərin yaratdığı möhkəm bünövrə, monolit özül üzərində dinamik inkişaf etmiş, öz siyasi və iqtisadi qüdrətini sürətlə artırmış, dünya birliyinə inteqrasiyada yeni uğurlar qazanmış, regiondakı liderliyini möhkəmlətməklə beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmişdir.

Həm də bütün bu nailiyyətlər Heydər Əliyev yolunun layiqli davamçısı, onun ən istedadlı yetirməsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin özünəməxsus çevik və praqmatik siyasi rəhbərliyi sayəsində əldə edilmişdir.

Ulu öndərimiz deyirdi: “Nə qədər müstəqil Azərbaycan var, mən də olacağam!”. Müdrik və uzaqgörən rəhbərin, dahi şəxsiyyətin bu sözlərində qurub–yaratdığı, gələcək inkişafı üçün mükəmməl strategiya müəyyənləşdirdiyi dövlətə, onun sabahına dərin inam, əminlik ifadə edilmişdir. “Müstəqil, müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir”—fikri bu gün təkcə gerçəkliyin milli şüurumuza əbədi həkk olunmuş təsdiqi deyil, həm də Heydər Əliyevin qurduğu dövlətin güçünə və gələcəyinə böyük inamla baxan dünya siyasətçilərinin, çoxsaylı düha adamlarının səmimi etirafıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin təbirincə desək, ulu öndər Heydər Əliyev bu dünyaya qalib gəldi, qalib getdi. Ona fitrətən xas olan liderlik, qalib olmaq və öndə getmək bacarığı hər zaman özünü bariz şəkildə göstərmişdir. Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən az sonra nəinki təkcə Azərbaycanda, eləcə də Sovet dövlətinin rəhbərliyində, o dövrün hakim siyasi qüvvəsi olan Kommunist Partiyasının Siyasi Bürosunda əsl lider səviyyəsinə yüksələ bilmişdi. Keçmiş İttifaq dövlətinin imperiya təfəkkürlü başçıları məhz bu keyfiyyətinə görə ulu öndərimizə həsəd aparır, onun ölkədə qazandığı ümumxalq məhəbbətindən qorxuya düşürdülər. Çox sağlam və enerjili bir vaxtında Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması, ciddi mənəvi təqiblərə və təzyiqlərə məruz qalması Mixail Qorbaçovda və onun ətrafındakılarda yaranmış paxıllıq və qorxu hissinin nəticəsi idi.

Möhtərəm Prezidentimiz İlham Əliyev həmin dövr barədə danışarkən demişdir: “Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət göstərir. 1987–ci ildə Heydər Əliyev Sovet İttifaqının siyasi rəhbərliyindən uzaqlaşdırılandan sonra Azərbaycanın problemləri başlamışdır. Ondan iki həftə sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya qoyulmuşdur. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçı siyasətini başlamışdır. Heydər Əliyev amili, onun gücü imkan vermirdi ki, belə iddialar ortaya qoyulsun”.

Bəli, bu, tarixi gerçəklikdir. 1988–ci ildə Azərbaycana qarşı növbəti təxribat olan Sumqayıt hadisəsi, 1990–cı ildə xalqımızın başına gətirilən Qanlı Yanvar faciəsi, 1992–ci ildə törədilən Xocalı soyqırımı, həmin ilin mayında Şuşa və Laçın rayonlarının, 1993–cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrün bu gün də sağalmayan ağrıları, itkiləridir.

Bütün bu faciə və itkiləri yaşayan xalqımız müdriklik göstərərək 1993–cü ildə vətəndaş müharibəsi gedə–gedə ulu öndərə müraciət edərək, onu təkidlə respublikanın siyasi rəhbərliyinə çağırdı ki, Azərbaycanı bu ağır, çətin vəziyyətdən çıxarsın. Yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, cəsarəti, xalqa olan münasibəti və xalq tərəfindən ona olan inamı gənc, müstəqil dövlətimizi böhranlı vəziyyətdən xilas etdi. Qanunsuz silahlı birləşmələr tərk–silah edildi, sabitlik yarandı, asayiş bərpa edildi, vətəndaş qarşıdurmasına son qoyuldu, milli inkişafımız üçün imkanlar açıldı.

Müstəqil Azərbaycanın şanlı tarixinin məhz həmin dövrdən – 1993–cü ildən başlaması tarixi gerçəklikdir. Həmin dövrdən 2003–cü ilədək ulu öndərimizin rəhbərliyi ilə Azərbaycan böyük və uğurlu yol keçdi, dövlətçiliyimizin sarsılmız əsasları qoyuldu. Ölkəmizin Əsas Qanunu – Konstitusiyası qəbul edildi, demokratik dövlət quruculuğu prosesi başlandı, əsaslı siyasi və iqtisadi islahatlar həyata keçirildi, Azərbaycan dünya miqyasında özünü tanıtdırdı, beynəlxalq təşkilatlara üzv qəbul olundu.

Altıillik siyasi və mənəvi təqiblərdən sonra ulu öndərimizin yenidən hakimiyyət zirvəsinə qayıtması, bu dəfə müstəqil Azərbaycanın rəhbəri kimi öz liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirməsi haqqın–ədalətin möhtəşəm zəfəri idi.

Ulu öndər Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmiş, onun rifah halının yaxşılaşdırılmasına, respublikamızın hərtərəfli inkişafına misilsiz töhfələr vermişdir. Onun rəhbərliyi ilə 1970–1980–ci illərdə Azərbaycanda yaradılmış güclü sənaye potensialı və infrastruktur bu gün də müasir və müstəqil dövlətimizə, onun vətəndaşlarına xidmət göstərir.

Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdır. O deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.

Bu gün Azərbaycanın qazandığı misilsiz nailiyyətlər bir daha sübut edir ki, ulu öndərin onillik prezidentliyi dövründə müstəqil dövlətimiz zaman baxımından bir neçə onilliyə sığa biləcək inkişaf, tərəqqi, yüksəliş yolu keçmişdir. Ölkəmiz bir ictimai–siyasi quruluşdan başqa ictimai–siyasi quruluşa çox böyük sürətlə və uğurla keçə bilmişdir. Azərbaycan indi keçid dövrünü yaşayan ölkələrdən deyildir və bu, milli dövlətçiliyimizin, xalqımızın çox böyük uğuru, Heydər Əliyev ideyalarının möhtəşəm təntənəsi kimi qiymətləndirilir. Ulu öndərin neft strategiyasının həyata keçirilməsinin nəticəsi olaraq ölkəmizin güclənən iqtisadi potensialı bütün sahələrdə müstəqqilliyimizi möhkəmləndirən çox mühüm amildir.

“Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz—ulu öndərin davamçıları elə etməliyik ki, onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm. Son doqquz ilin təcrübəsi göstərir ki, biz bu siyasətə sadiqik. Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqik”—möhtərəm Prezident İlham Əliyevin bu sözləri Heydər Əliyev ideyalarının Azərbaycanda necə qətiyyətlə, ardıcıllıqla gerçəkləşdiyini bir daha təsdiqləyir. Ulu öndərimizin başladığı işlər onun davamçıları tərəfindən uğurla yekunlaşdırılır. Qlobal əhəmiyyət daşıyan Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin inşa edilməsi və istismara verilməsi, tikintisi tezliklə başa çatdırılacaq Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi maraqlarına xidmət edir.

Son doqquz il ərzində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər çox möhtəşəmdir. Bu müddətdə ölkə iqtisadiyyatı üç dəfə artmışdır. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,1 faizə düşmüş, bir milyondan artıq yeni iş yeri açılması nəticəsində işsizlik kəskin şəkildə azalmışdır. Hazırda Azərbaycanda işsizlik səviyyəsi cəmi 5,3 faizdir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Avropada böhranlı vəziyyətin hökm sürdüyü bir vaxtda Azərbaycanın qazandığı iqtisadi uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir.

Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixindəki rolundan danışarkən onun yaratdığı və uzunmüddətli fəaliyyət strategiyasını müəyyənləşdirdiyi güclü və nüfuzlu siyasi təşkilatın—Yeni Azərbaycan Partiyasının bugünkü nailiyyətləri də göz önündə canlanır. Bu il biz partiyamızın 20 illik yubileyini böyük təntənə ilə qeyd etdik. Öz böyük öndəri ilə qurtuluş hərəkatına başlayan və onu zəfərlə başa çatdıran bu partiyanın müstəqil dövlətimizin ictimai–siyasi, sosial–iqtisadi inkişafında xidmətləri əvəzsizdir.

Yeni Azərbaycan Partiyasının 20 il əvvəl Naxçıvanda keçirilmiş təsis konfransında 500 nəfər iştirak etmişdisə, bu gün partiyamızın sıralarında 600 minə yaxın insan birləşmişdir. Müqayisə üçün deyim ki, 70 il ərzində sovetlərin birpartiyalı sistemində Azərbaycan Kommunist Partiyasının cəmi 370 min üzvü var idi. Bu gün Azərbaycanda YAP–a rəqib ola biləcək partiya yoxdur və inanmıram ki, gələcəkdə də olsun. YAP Heydər Əliyevin dövlətçilik ideyalarının gerçəkləşməsi üçün bütün qüvvəsini səfərbər etmişdir.

Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın 20 illik yubiley mərasimindəki geniş nitqində demişdir: “Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks–səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq”.

Dahi şəxsiyyət Heydər Əliyevlə bir zəmanədə yaşamaq böyük xoşbəxtlik idi ki, bizim nəslə qismət olmuşdur. Mən ulu öndərimizlə şəxsi görüşlərimin unudulmaz təəssüratını bu gün də qürur hissi ilə qəlbimdə və yaddaşımda daşıyıram.

İlk görüşümüz 27 iyun 1998–ci ildə olmuşdur. Həmin vaxt metropolitenə rəis təyin olunmağımla əlaqədar məni Prezident Aparatına dəvət etmişdilər. Orada dedilər ki, təyinatdan əvvəl Prezident Heydər Əliyev məni qəbul edəcəkdir.

Ulu öndərin geniş kabinetinə böyük həyəcanla daxil oldum. Özümü görüşə hazır hesab etsəm də, dahi şəxsiyyətin hüzurunda olmağın yaratdığı psixoloji gərginlik özünü büruzə verirdi. Prezidentin iş stoluna yaxınlaşıb salam verdim. Əyləşməyimi işarə etdi. Onun suallarını cavablandırmaq üçün ayağa qalxmaq istəyəndə dedi ki, “durma, burada biz ikimizik və ayağa qalxmağa da ehtiac yoxdur”. Ulu öndərin metropolitenlə bağlı suallarına cavab vermək üçün ciddi hazırlığım vardı. Çünki 30 ilə yaxın idi ki, metropolitendə işləyirdim.

Ulu öndər Heydər Əliyevlə təmasda olan hər bir adam yaxşı bilir ki, güclü hafizəsi, fenomenal yaddaşı vardı. O, Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Bakı Metropoliteninin o vaxtkı rəhbərinin onun yanına gəlib tikinti materiallarının çatışmadığından şikayətləndiyini xatırladı. “Mən nəqliyyat tikintisi naziri Sosnovu çağırdım, dedim ki, gör Bakı Metropolitenin rəisi nə istəyir?” Sonra mənə müraciətlə dedi: “Sən bunun nə olduğunu bilirsənmi?” Dedim: “Bilirəm, cənab Prezident, mən o vaxtlar metroda işləyirdim, o vaxt Siz tapşırıq verəndə ki, tikinti materialları Bakıya göndərilsin, metrotikintidən Sosnova zəng vurdular ki, çuqun tyubinqləri qoymağa artıq yer yoxdur, xahiş edirik, göndərməyin. Sosnov isə cavab yazmışdı ki, kabinetlərinizdən çıxın, tyubinqləri oraya yığın, siz istəyirsiz ki, Heydər Əliyev məni işdən çıxarsın?..”. Mən bu sözləri deyən məqamda ulu öndərimiz özünəməxsus tərzdə gülümsədi.

Söhbət zamanı məndən Şahbuzun hansı kəndindən olduğumla maraqlandı. Dedim ki, Siz bizim kənddən Müşkünaz xanımı, Hüseyn Cavidin həyat yoldaşını tanıyarsınız, atamın bibisidir.

Söhbətimiz zamanı sərbəst bir mühit yaranmışdı və birdən soruşdu ki, metropolitenə haradan pul əldə etmək olar? Mən də dərhal cavab verdim. 1996–cı ildən metro keçidlərində xırda ticarətin aparılmasına qadağa qoyulub, amma bu ticarət gedir və pullar da başqaların ciblərinə axır. Əgər bu pulları metropolitenə yönəltsək, onda dövlətin ayırdığı dotasiyanı azaltmaq olar. Həmin vaxtlarda metropolitenə 1 milyard, indiki pulla 200 milyon dotasiya verilmişdi. Soruşdu ki, ayda nə qədər pul yığmaq mümkündür? Dedim ki, ayda 500 milyon, yəni 100 min manat yığmaq mümkündür. Bir şərtlə, metropolitenin keçidlərindən və metrostansiyaların ətrafındakı tikinti normalarına uyğun olaraq bizə aid olan 40 metrlik mühafizə zolağından istifadə edə bilsək.

Ulu öndər dərhal telefonu götürüb Artur Rasizadəyə zəng edərək dedi ki, burada bir nəfəri metropolitenə rəis təyin edirəm, metropolitenin işlərini bilir və yaxşı təklifləri var… Mən oradan çıxandan sonra Artur Rasizadə ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı ilə görüşdüm.

Həmin ilin avqust ayında biz keçidlərdəki ticarətdən köhnə pulla 134 milyon manat kassa mədaxili əldə edə bildik. Sonra bu məbləğ hər ay artdı. İndi neçə illərdir ki, metropolitenin büdcəsinə hər ay bu sahədən 100 min—köhnə pula 500 milyon manat vəsait daxil olur. Bu vəsaitin həcminin daha da artacağını gözləyirik. Həm ölkəmizin iqtisadiyyatının inkişafı, həm metropolitenin inkişafı indi yüksək vüsət almışdır.

2002–ci ilin mayında bir möcüzə idi bu. Mən Heydər Əliyevin qəbulunda olanda dedi ki, mənə metropolitenin 30 illiyini deməyiblər, amma sən get hazırlaş, biz gec də olsa, yubileyi qeyd edək. Mən də gəldim, hazırlıq gördüm, lakin artıq gec idi. Oktyabr ayında (6–da) metropolitenin 35 yaşı tamam olurdu. Mən Moskva ilə, Mıtışşi zavodunun direktoru Qulko Yuri Aleksandroviçlə danışdım. Soruşdu ki, sən, Heydər Əliyevə dedin ki, 35 illikdir? Dedim, Yuri Aleksandroviç, sənə asanmı gəlir Heydər Əliyevlə danışmaq? Dedi, sən Heydər Əliyevi məndən yaxşı tanıya bilməzsən, götür telefonu, ona zəng elə. Bilirəm, dedi, Heydər Əliyevin sənə münasibəti çox yaxşıdır.

2001–ci ilin 9 yanvarında Rusiya prezidenti V.V.Putin birinci dəfə Bakıya gəldi və nümayəndə heyətinə Y.A.Qulko da daxil idi. Yolasalma mərasimində mən də bir tərəfdaş kimi Yuri Aleksandroviçlə yanaşı dayanmışdım. Bu zaman Heydər Əliyev ona yaxınlaşdı və hal–əhval tutub soruşdu ki, zavod necədir, necə işləyir? Yuri Aleksandroviç üçün gözlənilməz idi ki, bütün nümayəndə heyətinin gözü qarşısında Heydər Əliyev onunla ayrıca görüşdü. Görüşdən dərhal sonra o mənə müraciətlə dedi ki, siz vaqonları pulsuz da gəlib apara bilərsiniz, Heydər Əliyeviçin sözü mənə bəsdir!..

Bunlar hamısı tarixdir. O vaxtlar biz həmin zavoddan vaqonlar aldıq, əlbəttə, pulunu da ödədik. Ancaq digər ölkələrlə müqayisədə bizə qiymətdə xeyli güzəşt etdilər. Bu da Yuri Aleksandroviçin Heydər Əliyevə olan böyük hörmətinin nəticəsi idi.

2002–ci ilin 27 oktyabrında mən birbaşa Prezidentə zəng etdim və köməkçisinə dedim ki, metropolitenin 35 illiyidir, mən Heydər Əliyevi bu yubileyə dəvət etmək istəyirəm. Bundan az sonra Prezident Aparatından zəng etdilər ki, təcili sərəncam hazırlamaq lazımdır. Sərəncam çox geniş, əhatəli olmalı, metropolitenin tarixini əks etdirməli idi. Bu tarixin bütün təfərrüatları da verilməklə sərəncam hazırlandı və imzalandı.

Noyabrın 6–da biz artıq yubileyi keçirməyə hazır idik. Mən hətta çıxışımın mətnini belə əzbərləmişdim. Bircə məsələ vardı ki, mən səhnə arxasındaydım, həyəcanlı idim. Heydər Əliyev mənimlə salamlaşıb hal–əhval tutandan sonra bu həyəcan birdən–birə yox oldu. Mən çıxışa zaldan çıxmalıydım, lakin burada söhbət etdiyimizə görə zala düşə bilməmişdim və aparıcının mənə söz verilməsi barədə elanı səslənən kimi elə oradanca tribunaya tərəf getdim, 17 dəqiqəlik çıxış etdim. Və sonra düşdüm… Sonra qonaqlar çıxış etdilər. “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti Direktorlar Şurasının sədri Yuri Soldatovun çıxışı indi də yadımdadır. O dedi: “Mən Bakı Metropoliteni rəisinin sözləri ilə o qədər də razı deyiləm ki, Heydər Əlirza oğlu Əliyev Bakı Metropoliteninə lazımi diqqət göstərmişdir. Mən deyərdim ki, əksinə, Heydər Əliyev bizim dövlətlərimizin metro tikintisinə və vaqonqayırma sahəsinin inkişafına misilsiz töhfə vermişdir. Mən bunu Prezidentinizin, təntənəli mərasim iştirakçılarının xoşuna gəlmək üçün demirəm.

Əlimdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev yoldaşın yanında 1983–cü il dekabrın 23–də keçirilmiş iclasın protokolu var. Protokol 16 bənddən ibarətdir. Birinci bənddə hamımız ciddi töhmətləndirilirik. Həmin iclasda Nazirlər Soveti sədrinin müavini Antonov, Dövlət Plan Komitəsi sədrinin müavini Voronin, yollar naziri Konorev, nazirlər Afanasyev, Polyakov, Kazanets və digər rəhbərlər, o cümlədən bizim maşınqayırma zavodunun direktoru da iştirak edirdilər. Qalan 15 bənd isə tapşırıqlardan ibarət idi. Burada vaqon istehsalını artırmaqdan, onların texniki səviyyəsini yüksəltməkdən, bu sahədə çalışan elmi–tədqiqat institutlarını yeni vaqon layihələrinin hazırlanması ilə məşğul olmağa məcbur etməkdən bəhs olunurdu.

Hörmətli cənab Prezident, bu sənəddə daha bir mühüm məqam var—Mıtışşi maşınqayırma zavodunda yeni vaqonların istehsalı üçün təzə korpusun tikintisi. Biz digər təşkilatlarla əməkdaşlıq şəraitində həmin korpusu tikdik və vaqonların yeni nəslinin istehsalını təşkil etdik. İlk 35 vaqonu istismara vermişik”.

Həmin vaxt Heydər Əliyevin necə qürur hissi keçirdiyini gördüm.

Sonra ulu öndərimiz özü 1 saat 7 dəqiqə çıxış etdi. Metronun əhəmiyyəti barədə söylədiyi sözlər yaddaşımıza əbədi həkk olunmuşdur: “Vətəndaşlarımız, ümumiyyətlə xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”.

Metropolitenin yeni stansiyalarının inşasının davam etdirilməsi də ulu öndərimizin arzusu idi və o, hətta bu işi ondan sonra gələnlərin mütləq həyata keçirəcəyinə inamını da bildirmişdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev metropolitenin inkişafına, metro işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hərtərəfli diqqət və qayğı göstərməklə müdrik və unudulmaz rəhbərimizin bu inamını doğruldur. Möhtərəm Prezidentimizin təsdiq etdiyi Bakı Metropoliteninin inkişaf planının reallaşması istiqamətində məqsədyönlü addımlar atılır.

Bu gün cismən aramızda olmasa da, ruhən bizimlə olan, inkişaf və tərəqqi yolunu bizimlə bir addımlayan ulu öndərimizin adı və əməlləri tarix durduqca yaşayacaq, xalqımız üçün həmişə fəxarət mənbəyi olacaqdır. Heydər Əliyev ideyaları Azərbaycanda yaşayır və qalib gəlir.

 

Tağı ƏHMƏDOV,

Bakı Metropoliteninin rəisi.

 

Respublika.- 2012.- 11 dekabr.- S. 3.